Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurası növbəti iclasını keçirib

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurası növbəti iclasını keçirib

Martın 11-də ARNK yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurası növbəti iclasını keçirib. İclasda nəşrə hazırlanan "Azərbaycan ədəbiyyatı antologiyası"nın mündəricatı və "İşlək orfoqrafiya lüğəti" üzərində aparılan işlər müzakirə edilib.

Mərkəzin direktoru Afaq Məsud: - Bilirsiniz ki, Mərkəz Azərbaycan ədəbiyyatının dünyada tanıdılması məqsədi ilə "Müasir Azərbaycan ədəbiyyatı" antologiyasının müxtəlif dillərdə və formatlarda nəşrini və təbliğini həyata keçirir. Antologiyanın rus dilində Moskvada nəşri artıq baş tutdu, Moskva Yazıçılar Birliyinin iştirakı ilə geniş təqdimat mərasimi keçirildi və kitablar ölkənin aparıcı kitabxanalarına və təhsil ocaqlarına yerləşdirildi. Hazırda kitab ərəb dilində Misirdə, türk dilində Ankarada, Belarus dilində Minskdə nəşrə hazırlanır, ingilis, alman, fransız və ispan dillərinə tərcümə edilir və həmin ölkələrdə nəşrinə dair danışıqlar aparılır. Nəzərinizə təqdim olunan bu siyahı antologiyanın Azərbaycan versiyasının mündəricatıdır və göründüyü kimi, xarici ölkələr üçün nəzərdə tutulan formatdan daha geniş və əhatəlidir. Məsələ burasındadır ki, milli ədəbiyyatımızı dünyaya tanıtdırmaq məqsədi ilə müxtəlif dillərə tərcüməsinə başlayarkən, belə məlum oldu ki, bu işi həyata keçirmək üçün istifadə olunacaq, bəhrələnəcək mənbənin özü, yəni hər bir ölkənin ədəbiyyatının vizit vərəqəsi olan belə bir nəşr Azərbaycanda da yoxdur və nə qədər qəribə də olsa, heç olmayıb da. Odur ki, bu nəşrin Azərbaycan dilində də hazırlanmasının vacibliyi gündəmə gəldi. 

Sonra söz Şura üzvlərinə verilib. Akademik Nizami Cəfərov, filoloji elmlər doktoru, professor Cəlil Nağıyev, filoloji elmlər doktoru, professor Vilayət Hacıyev, filoloji elmlər doktoru, professor Paşa Kərimli, şair Ramiz Rövşən kitaba daxil edilməsi qərara alınan ədiblərin və əsərlərin seçimi ilə bağlı öz fikirlərini söylədilər, təklif və tövsiyyələrini bildirdilər. Sonda antologiyanın, qədim dövrlərdən başlayaraq, müasir ədəbiyyatı əhatə edəcək, daha geniş formatda - 3 cilddə tərtib edilməsi, tanınmış Cənubi Azərbaycan şair və yazıçılarına, həmçinin rusdilli yazıçı və şairlərə də yer verilməsi qərara alında.        

Daha sonra ARNK yanında Tərcümə Mərkəzinin nəşrə hazırladığı "İşlək orfoqrafiya lüğəti" və hazırda istifadədə olan "Azərbaycan dilinin orfoqrafiya lüğəti" ndə çıxarılan sözlərin təsnifatı müzakirə olundu.

Akademik Nizami Cəfərov:

- Mən artıq dəfələrlə demişəm, televiziyalarda da bildirmişəm, bu görülən iş çox mühüm işdir və mütləq şəkildə həyata keçirilməliydi. Prinsiplər də dəqiq müəyyənləşdirilib. Yəni burda həm bir dilçilik, həm intellekt göstərici var, "Orfoqrafiya lüğəti" nədir - bu məsələ var. Bu, müzakirə olunmalı və müəyyənləşdirilməlidi. Həm də burada, heç də az əhəmiyyət kəsb etməyən vətənpərvərlik məsələsi, bir ictimai şüur faktoru var. Yəni, sənin orfoqrafiya lüğətin "ab" sözüylə başlaya bilməz. Ardınca "aba", "abadan" gələ bilməz. Başlaya bilər, əgər o "ab" sözü sənin dilində varsa.

İkincisi, burada baxırsan ki, lüğət "Orfoqrafiya lüğəti" prinsiplərinə uyğun tərtib olunmayıb. Bununla bağlı keçən dəfə Dilçilik institutunda da  müzakirə aparıldı, mən də öz fikrimi bildirdim. Bizdə belə bir şey var, nəyisə müzakirə edəndə, biz mətləbi qoyuruq bir kənara, başlayırıq ki, mən ömrümü bu işi tədqiq etməyə həsr eləmişəm. Yaxşı eləmisən, çox sağ ol, amma hər bir işin öz qanunauyğunluqları, öz prinsipləri var. 

Bizdə orfoqrafiya qaydaları əllinci illərdən müzakirə olunmağa başlandı. 1958-ci ildə ilk "Orfoqrafiya lüğəti"miz çıxdı. Bu lüğət öz dövrü üçün müasir bir kitab idi. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında tərtib edilmiş o lüğətdə 40 min söz var idi. Sonra 60 min, daha sonra 80 min sözdən ibarət lüğətlər tərtib edildi. Sonra bu sözlərin sayı gəlib çıxdı 100 mindən çox sözə. Mən inanmıram ki, o sözlərin hamısı dilin özünün yaratdığı yeni sözlərdir. Burda prinsip nə oldu: bir az qondarma sözlər artırdılar, bir az dialekt sözlər, bir az hallanma artırıldı. Hallanma, ümumiyyətlə, orfoqrafiya lüğəti deyilən bir kitabda olmamalıdır. Dünyanın hansı lüğətini açırsınız-açın, orda belə şey yoxdu. "Abad", "abadlaşmaq", "abadanlaşmaq", "abadanlaşdırmaq" və sair və ilaxır. Əgər bütün sözləri hallandırsaq, onda 100 000 yox, bir milyon söz əmələ gələcək. Sizinlə tam razıyam. Lüğətdən çıxarılması vacib bilinən bu sözlərin hamısı ordan çıxarılmalıdır. Digər vacib məqam - orfoqrafiya qaydalarımıza diqqətlə yanaşılmasıdır. Məsələn, 1958-ci ildə çıxan lüğətimiz çox mükəmməl lüğətdir, fikir versəniz, bəzi qaydaları sonralar xeyli ixtisar ediblər. Düzdü, bəziləri, həqiqətən, ixtisar edilməliydi, amma onların arasında gərəkli qaydalar da var. O lüğətin 4-5 il müzakirəsi getdi, bütün mütəxəssislər o lüğətin ətrafında cəm olunmuşdu, sonra Nazirlər Kabineti səviyyəsində də müzakirəsi keçirildi, orda da hər bir sözə Mirzə İbrahimov kimi nəhəng nəzarət edirdi. Sonrakı dövrlərdə isə lüğət tərtibatı tam məsuliyyətsiz bir prosesə çevrildi. Əsas prinsip, sözlərin sayının artırılması oldu. İndi ortaya kitab qoymaq lazımdır. Mərkəz o səlahiyyətin sahibidir ki, bu işi müstəqil şəkildə həyata keçirsin. Və təklifim budur ki, yeni lüğətin yeni orfoqrafiya qaydaları tərtib edilsin: hansı sözlər, söz kökləri daxil olunur, söz yaradıcılığı daxil olunmur. Son sözüm budur ki, lüğətdən çıxarılan sözlər və onların çıxarma prinsipləri çox düzdür. İndi nəyin qalması prinsipini müəyyənləşdirməliyik.

Sonra professor Cəlil Nağıyev, professor Vilayət Hacıyev, professor Paşa Kərimli, şair Ramiz Rövşən hazırlıq prosesində olan yeni orfoqrafiya lüğəti ilə bağlı mülahizə və təkliflərini bildirdilər, ədəbi Azərbaycan dilinin düzgün yazılış qaydasını müəyyən edən bu lüğətə uyuşmayan və bu səbəbdən, bu kitabda yer alması mümkün olmayan minlərlə sözlərlə bağlı fikirlərini bölüşdülər. Sonda "İşlək orfoqrafiya lüğəti"inin istifadə qaydalarını müəyyən edəcək ön sözün hazırlanması və işə, dil və lüğət sahəsində təcrübəsi olan mütəxəssislərin cəlb edilməsi qərara alındı.

 

 

 

Qalereya

VƏ DİGƏR...

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.

     

  • Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu

    Dövlət Tərcümə Mərkəzi tanınmış gürcü şairi,  Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin seçmə poetik nümunələrinin toplandığı “Min ikinci gecə” adlı şeirlər kitabını nəşr edib.