Azərbaycanda Bilik Günü qeyd edilir

Azərbaycanda 15 sentyabr tarixi Bilik günü kimi qeyd olunur. 2004-cü ilədək Bilik günü sentyabrın 1-nə təsadüf edirdi. Lakin Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə, həmin gün bilik günü kimi qeyd olunub.

Təhsili millətin gələcəyi hesab edən Ümummilli lider Heydər Əliyev Azərbaycanda bu sahəyə həmişə diqqət yetirib. Hələ SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən Heydər Əliyev təhsili daim diqqət mərkəzində saxlayaraq, bu sahədə ciddi işlər görüb. O, 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar verib. Bu qərarların tətbiqi nəticəsində ölkəmizdə orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilib. Ucqar bölgələrimizdə orta ümumtəhsil məktəbləri açılaraq, minlərlə şagird bu məktəblərə cəlb edilib. XX əsrin 7080-ci illərində Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi açılıb və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırılıb. Həmçinin bu illərdə azərbaycanlıların Sovet İttifaqının ən nüfuzlu təhsil müəssisələrində oxumasına çalışıb və bununla bağlı böyük səylər göstərilib. Elə bu səyin nəticəsində 1970-ci ildən başlayaraq, hər il 800900 Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində təhsil almağa göndərilib.

Azərbaycan müstəqil olduqdan sonra da təhsildə əldə edilmiş ilk nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması ilə bağlı ciddi işlər görülməyə başlandı. Dərslik problemini həll etmək üçün əvvəlcə 1–4-cü siniflər, sonra isə yuxarı siniflər üçün dövlət vəsaiti hesabına dərsliklər çap olunmağa başlandı. Təhsil sistemindəki problemləri aradan qaldırmaq üçün Prezidentin sərəncamı ilə 1998-ci il martın 30-da Dövlət Komissiyası yaradıldı. Müstəqil Azərbaycanın müəllimlərinin 1998-ci ildə I qurultayı keçirildi. Qurultayda Heydər Əliyevin təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli ilə bağlı çıxışı oldu. Qurultayda həmçinin tariximizdə ilk dəfə olaraq Respublika Təhsil Şurası yaradıldı. Sonralar Ulu öndər tərəfindən verilmiş “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün (1 avqust) təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 oktyabr 2002-ci il tarixli,  ““Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanla, sərəncam və bəyanatlar təhsilimizi dünya standartları səviyyəsinə qaldırdı. Hal-hazırda da Ümummilli liderin təhsillə bağlı siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməkdədir.

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr Ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır.

Statistik məlumatlara görə, bu il Azərbaycanda 165 min uşaq 1-ci sinfə qəbul edilib. Ümumilikdə 20172018-ci tədris ilində ölkəmizin orta məktəblərində bütün siniflər üzrə 1445049 şagird təhsil alacaq, 150 minə yaxın müəllim onların tədrisi ilə məşğul olacaq.

Yeni tədris ilində Bakının ümumtəhsil məktəblərində 395773 şagird oxuyacaq. Həmçinin, paytaxt məktəblərində I sinifdə 46000-dən çox uşağın təhsil alacağı gözlənilir. Eyni zamanda 20172018-ci dərs ilində 212 məktəbdə 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.

20172018-ci dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı 20 nömrəli məktəb-lisey və 306 nömrəli məktəb üçün yeni binalar inşa olunub, 10, 74, 171, 201, 212 nömrəli məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilib. Daha 9 məktəbdə cari təmir işləri görülüb. Təhsil müəssisələri 20172018-ci tədris ili üçün 130 ədəd kompüter və noutbuk, 3629 dəst parta, 444 ədəd printer və surətçıxaranla, 40 təhsil müəssisəsi müasir tipli hərbi kabinetlə təmin olunub.

Bu il bütün mənbələr hesabına respublikada yeni tədris ili başlanana qədər 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 az komplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.

Yeni tədris ili üçün 12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. Üç ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.

20172018-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda 4563416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Yeni çap edilmiş dərslik və metodik vəsaitlər yerlərə çatdırılıb və dövlət ümumtəhsil məktəblərinin şagirdləri dərsliklərlə təchiz edilib.

Bu gün səhər isə Bakının Yasamal rayonundakı 20 nömrəli məktəb-lisey üçün yeni inşa edilmiş binanın açılışı olub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlət başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsib.

Qeyd edək ki, bu il ümumi təhsil müəssisələrində ilk dərs “Cocuq Mərcanlıtarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq.

 

DİGƏR MƏQALƏLƏR