Qədim Gəncə: zəngin tarix yaşamış və yaşayan şəhər

Bakıdan 363 kilometr qərbdə Kiçik Qafqaz Dağlarının şimal ətəklərində, Kür çayının sağ qolu olan Gəncəçayın hər iki sahilində, Bakı-Tiflis dəmir yolu üzərində yerləşən Gəncə Azərbaycanın ən qədim şəhərlərindəndir. Şəhərin adı orta əsr ərəb mənbələrində Gənzə, Fars mənbələrində Gəncə, bəzi mənbələrdə isə Qandzak kimi işlənir. Bu toponim adı bəzi qaynaqlarda “gen yer” mənasında izah olunur. Rəvayətə görə, şəhərin adının “xəzinə” kimi izahı da var. Bəzi alimlər şəhərin yaranmasını e.ə. VII əsrə, bəziləri isə orta əsrin başlanğıcına aid edirlər. Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğu şübhəsizdir.

Dədə Qorqud dastanında Bərdə ilə bərabər, Oğuz türklərinin şimal sərhədlərində Bəkil oğlu İmranın mülkü olaraq Gəncənin də adı çəkilir. X əsrdə (944-cü ildə) Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən onun yerini X əsrin ikinci yarısında Arran vilayətinin mərkəzinə çevrilən Gəncə tutdu. Şəhərgahda aşkara çıxarılmış maddi-mədəniyyət qalıqları onun yaranma tarixini mənbələrdə göstərildiyi kimi VI-IX əsrlərə deyil, daha uzaq dövrlərə aid edir.

IX-X əsrlərdə Ərəb xilafətinin zəiflədiyi bir dövrdə Azərbaycanda müstəqil feodal dövlətləri olan Şirvanşahlar, Sacilər, Səlarilər, Şəddadilər və Rəvvadilər yaranmağa başladı. X əsrin ortalarında Gəncə Səlarilərin hakimiyyəti altında olub, daha sonra isə Şəddadilərin paytaxt şəhərinə çevrilib. Şəddadi hökmdarı Fəzlin (895-1030) zamanında Gəncə tərəqqi dövrünü yaşayıb. Bu dövrdə şəhər ölkənin sosial-iqtisadi və mədəni həyatında mühün rol oynamağa başlamışdır. Şəhərin həyatında sənətkarlıq və ticarət mühüm yer tuturdu. Dəmir, mis, aliminun və digər mədənlər Gəncənin ətraf ərazilərində fəaliyyət göstərir və yerli sənətkarları xammalla təchiz edirdi. Gəncə paytaxt şəhər kimi əsas diqqəti hərbi qüvvəsinin gücləndirilməsinə yönəltmişdi. Həmçinin bu dövrdə qala divarları daha da möhkəmləndirilmiş və onun ətrafında xəndək qazılaraq şəhərin mühafizəsi gücləndirilmişdi.

Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edildi və burada pul kəsilməyə başlandı. Şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edildi. 1063-cü ildə dəmirçi İbrahim Osman oğlu məhşur Gəncə darvazalarını düzəltdi. Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də böyüyərək genişləndi. İpək və ipək məmulatları nəinki yerli, həmçinin xarici alıcıların rəğbətini qazandı.

Gəncədə pambıq parçalarla yanaşı, atlas, zərxara kimi bahalı parçaların istehsalı inkişaf etmişdi. Bu şəhərdə hazırlanan xəz əmmamələrə, keçəyə, “əl-Gəncə” və “əl-kutni” (pambıq) adlanan paltarlara ölkədə və onun hüdudlarından kənarda geniş tələbat vardı.

XI əsrin ortalarında Azərbaycan Səlcuq imperiyasının tərkibinə qatıldı.

XII əsrin I yarısında Gəncənin tərəqqi və inkişafı burada baş verən dağıdıcı zəlzələlər səbəbindən ləngidildi. Dövrün tarixçisi İbn əl-Əzraqın “Məyyəfariqinin tarixi” əsərində xəbər verdiyi kimi, birinci zəlzələ 1122-1123-cü illərdə baş vermişdi. Zəlzələ nəticəsində Gəncə tamamilə dağılmışdı.

Gəncə şəhəri XII əsrdə əvvəlkindən bir qədər Şərqdə yenidən tikilib. Əsas karvan yollarının üzərində yerləşməsi bu şəhəri mühüm ticarət mərkəzlərindən birinə çevirmişdi. Bu dövrdə dünyada Gəncə kimi böyük şəhərlər az idi. Uzun müddət paytaxt şəhəri olmuş Gəncədə Sultan sarayı, ayrı-ayrı hökmdarlara, ruhanilərə, dövlət məmurlarına məxsus saraylar, imarətlər həmçinin məscid, mədrəsə, hamamlar və başqa binalar tikilmişdi. Bu isə şəhərdə memarlığın və bununla əlaqəli olan bir çox sənət sahələrinin inkişafına təkan vermişdi. XII-XIII əsrlərdə Gəncə Ön Asiyanın ən inkişaf etmiş şəhərlərindən biri idi.

Eldənizlər dövlətinin hökmdarları Şəmsəddin Eldənizin (1137-1175) və Cahan Pəhləvanın (1175-1186) dövründə Gəncə şəhəri özünün siyasi və iqtisadi cəhətdən inkişaf dövrünü yaşayırdı. Bu dövrdə Gəncədə Nizami Gəncəvi, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi kimi dahi şair və mütəfəkkirlər yaşayıblar.

XII əsrdə Gəncə bütün Şərqdə ən məşhur ticarət və sənətkarlıq şəhəri idi. 

Bu şəhər həm də Azərbaycanın və Yaxın Şərqin ən böyük elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınırdı. Burada bütün Şərqdə məşhur olan zəngin kitabxanalar, mədrəsələr, məktəblər fəaliyyət göstərirdi.

Çar Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi inzibati islahatlar nəticəsində 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldı və Gəncə bu quberniyanın mərkəzi oldu. Gəncə şəhərinin əlverişli mövqedə, Bakı-Tiflis karvan yollarının kəsişməsində yerləşməsi ona Şərqin böyük ticarət mərkəzləri ilə ticari əlaqələr qurmasına imkan yaratdı. Rusiya idarəçiliyi dövründə, xüsusən də 1883-cü ildə Bakı-Tiflis dəmir yolu çəkildikdən sonra Gəncə şəhəri yenidən öz əvvəlki əhəmiyyətini bərpa edərək iqtisadi və mədəni mərkəzə çevrildi. Ümumrusiya əhəmiyyətli iri mərkəzə çevrilən Gəncə şəhərində əhali sürətlə artmağa başladı. Bu dövrdə Gəncə ticarət mərkəzi olmaqla yanaşı, həm də mühüm dəmir yol daşımaları, şərab, konyak və spirt istehsalı məntəqəsi idi. Şəhərdə sənaye müəssisələrinin sayı durmadan artmaqda idi. 

XX əsrin əvvəllərində Gəncə Azərbaycanın ikinci ticarət-sənaye mərkəzi idi.

1918-ci il iyunun 16-dan sentyabrın 17-dək Gəncə şəhəri Azərbaycan Xalq Cumhuriyyətinin mərkəzi oldu. 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edilən zaman Gəncə ölkədə bolşevik rejiminə qarşı milli-müqavimət hərəkatının mühüm mərkəzinə çevrilmişdi. Mayın 25-26-da Gəncədə general Cavad bəy Şıxlinski, general Məmməd Mirzə Qacar və polkovnik Cahangir bəy Kazımzadənin baçılığı altında yeni hökumətə itaətsizlik göstərən Azərbaycan Milli ordusunun üsyanı başladı. Gəncə üsyanının Azərbaycan xalqının istiqlal və azadlıq mübarizəsi tarixində çox mühüm yeri var. Bu müqavimət hərəkatı xalqımızın istiqlal arzusu ilə yaşayan sonrakı nəsilləri üçün örnək rolu oynadı.

Hal-hazırda Gəncə Azərbaycanın əsas elm və təhsil mərkəzlərindən biri olub, Bakıdan sonra elm və tədrisin miqyasına görə ikinci şəhərdir.

Nizami məqbərəsini Gəncə şəhərinin simvolu hesab etmək olar. Dünya ədəbiyyatının korifeyi, Gəncədə anadan olan Nizami Gəncəvinin qəbri üzərindəki türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. Hazırki məqbərə isə 1990-91-ci illərdə yenidən qurularaq, qədim arxitektura ənənələri saxlanılmaqla müasirləşdirilib.

Səlim karvansarası, Şah Abbas məscidi, Cavad xan küçəsi, Çökək hamamı, Xan bağı, Göygöl, Maralgöl və s. Gəncənin tarixi və görməli yerlərindəndir. 

2017-ci ildə Gəncə şəhərində 504 tarixi abidə siyahıya alınıb ki, bunlardan da 288-i dövlət tərəfindən qorunur.

 

Sevinc Fədai

DİGƏR MƏQALƏLƏR