10 dəqiqəlik film üçün, təxminən, 30-40 min şəkil lazım gəlir

Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Hələ 1933-cü ildə “Azərbaycanfilm” studiyasının əməkdaşları kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri aparmış, Moskvadan lazımi avadanlıqları gətirmişdilər. Onlar həmin il “Lökbatan” və “Neft simfoniyası” sənədli filmlərini çəkərkən texniki animasiyadan yararlanmışdılar. “Cat” təlimat filmində isə bütünlüklə animasiyadan istifadə olunmuşdu. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş edildi.

Məhz bu film ekranlara çıxandan sonra kinostudiyada bir qrup əməkdaş ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü. Ssenarini A.Papov yazdı. “Abbasın bədbəxtliyi” adlanan bu ssenariyə gənc rejissor E.Dikaryov quruluş verdi. Rəsmləri Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyev çəkmişdilər, filmin operatoru isə Q.Yegiazarov idi.

Böyük Vətən müharibəsi öncəsi studiyada ikinci cizgi filminin çəkilişlərinə hazırlıq görülürdü. Filmin adı belə idi: “Sindbad dəniz səyyahıdır”. Bu, səsli film olmalı idi. Lakin müharibənin başlanması ilə əlaqədar işlər yarımçıq qaldı. Qeyd etmək lazımdır ki, sonralar kinostudiyada yüzlərlə elmi-kütləvi və sənədli filmlərin çəkilişlərində cizgi rəsmlərindən istifadə edildi. 

1968-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri sexi bərpa olunandan sonra direktor Ə.İsgəndərov sexin istifadəyə verilməsinə və cizgi filmləri üzrə kadrların hazırlanmasına, eyni zamanda cizgi filmlərinin istehsalı prosesinə xüsusi nəzarət edirdi.

Elə həmin il Ə.İsgəndərov mətbuata verdiyi müsahibəsində demişdi: “Multfilmlərin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradılıb. Multfilm sənətinin sirlərini öyrənmək üçün studiyamızda xüsusi kurs açılıb. Həmin kurs “Mosfilm”lə daimi əlaqə saxlayıb onların iş təcrübəsini ətraflı öyrənir”.

1969-cu ildə Nazim Məmmədovun təklifi ilə “Cırtdan” nağılının motivləri əsasında eyniadlı cizgi filminin istehsalına başlanılır. Birhissəli rəngli cizgi filminin ssenarisini Alla Axundova yazmışdı. Filmin quruluşu əvvəlcə rəssam Ağanağı Axundova tapşırılmışdı, hətta onun rəhbərliyi altında filmin xeyli hissəsi çəkilmişdi. Sonra kinostudiya rəhbərliyinin təkidi ilə Ağanağı Axundov filmin istehsalı prosesindən kənarlaşdırıldı. Bu iş sənədli filmlər rejissoru Yalçın Əfəndiyevə, quruluşçu rəssam və multiplikator Nazim Məmmədova tapşırıldı. Ancaq əfsuslar olsun ki, filimin çəkilişi eləcə yarımçıq qaldı.

Bir il sonra 1970-ci ildə Nazim Məmmədov Seyid Əzim Şirvaninin əsəri əsasında “Ayı və siçan” filmini çəkir. Bu, “Azərbaycanfilm”də cizgi filmləri sexinin bərpasından sonra birinci tamamlanmış iş idi. 1970-ci ildə ekranlara buraxılan film uşaqlarla yanaşı, böyüklərin də marağına səbəb oldu.

Elə bu filmlə Nazim Məmmədov Azərbaycanda multiplikasiyanın əsasını qoydu. “Ayı və siçan”ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixinin ikinci dövrü başlandı. Nazim Məmmədov filmin quruluşçu rejissoru, rəssamı, həm də multiplikatoru idi. Nazim Məmmədovun bu üç vəzifəni öz üzərinə götürməsi ona düşündüyü yaradıcı eksperimentləri reallaşdırmağa imkan yaratdı. Bu da nəticədə filmin uğurunu şərtləndirdi. Bu cür iş prinsipi rəssamın ürəyincə olduğundan o, növbəti işində də eyni yaradıcı yanaşmayla çalışdı.

Azərbaycan animasiyasının yaradılması üzərində rəssam – multiplikatorların böyük qrupu işləyib. A.Axundov, N.Məmmədov və M.Rəfiyevdən başqa, M.Pənahi, B.Əliyev, H.Əkbərov, F.Quliyeva, Ə.Məmmədov da cizgi filmləri yaradıblar.

80-ci illərin sonları ölkədəki siyasi dəyişikliklər kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyət göstərməsinə səbəb oldu. 1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib “Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi oldu. “Azanfilm” – Azərbaycan animasiya filmləri anlamını verir. 

“Azanfilm” studiyasının direktoru Elçin Hami Axundov bizimlə söhbətdə animasiyanın auditoriyaya, xüsusən azyaşlılara olan təsiri barədə danışdı: 

“Hazırda Azərbaycanda animasiya filmləri kifayət qədər olmadığından uşaqlar Rusiya, Türkiyə və digər ölkələrin filmlərinə baxmaq məcburiyyətində qalırlar. Animasiya filmlərinin verdiyi tərbiyənin deyərdim ki, əvəzi yoxdur. Çünki uşaq gözünü açandan televiziya qarşısındadır və biz məhz belə filmlər sayəsində o uşaqları milli ruhda tərbiyə edə bilərik. Türkiyədə çox yaxşı animasiya filmləri var. Öz filmlərimizə gəlincə, onu yaratmaq üçün kadr lazımdır. Animatorla bərabər boyakar rəssam, cizgiçi rəssam, fon rəssamı, anturaj rəssamı lazımdır. Yaxşı rəssamlarımız var, ancaq onlar animasiyanı bilmədikləri üçün problem yaranır.

Animatorluq ixtisas kimi heç bir ali məktəbdə keçilmir. Dünyanın əksər ölkələrində bu sənət kurslar vasitəsilə mənimsənilir. Yalnız Cənubi Koreyada Animasiya Akademiyası fəaliyyət göstərir. Çünki həmin ölkənin bu sahədə həm daxili, həm də xarici bazarı çox zəngindir.

Animasiya filmlərinin çəkilməsi mürəkkəb prosesdir. Onu hər rəssam çəkə bilməz. Bunun üçün o, hərəkətin fizikası, mexanikası, biomexanikasını, aktyorluq, pantomim dərslərini keçməlidir. Bu filmlər şəkillərin canlandırılmasına əsaslanır: Şəkillər çəkilir, nömrələnir və bunlar bir-bir kameraya alınır. 10 dəqiqəlik film üçün, təxminən, 30-40 min şəkil lazım gəlir” 

 

Sevinc Fədai

 

 

DİGƏR MƏQALƏLƏR