1918-ci ilin 28 mayından başlanan müstəqillik yolu

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı, milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşov, Məmmədəmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının yaradılması və sair bu kimi tale əhəmiyyətli işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Sovetlər Birliyinin süqutundan – Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra 28 may günü hər il ölkəmizdə böyük bayram təntənəsi ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. Azərbaycan Xalq Cümhuriyyəti təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə də yadda qalıb. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi olub. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul edib və bununla milli təhsil ocağının əsası qoyulub. Həmin  dövrdə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilib. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırıb.

1920-ci ilin aprelində artıq Azərbaycanda 95 min nüsxəlik kitab fondu olan 11 kitabxana var idi. İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın – ümumiyyətlə, incəsənətin inkişafında çox mühüm və maraqlı bir dövrdür. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılıb, Azərbaycan hökuməti türk teatr truppasını öz himayəsinə alıb.

Azərbaycan Xalq Cümhuriyyəti XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olaraq xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyub.

Müasir Azərbaycan dövlətçiliyinin beşiyi başında dayanmış Cümhuriyyət dövrünü öyrənmək yalnız tarixi deyil, eləcə də siyasi-mənəvi əhəmiyyət kəsb edir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda təsbit olunmuş siyasi qiymət – “1920-ci il aprelin 27-28-də XI Qırmızı Ordunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin” ifadəsi tarixdə 70 il mövcud olmuş baxış tərzinin dəyişdirilməsinə çağırış idi.

Cümhuriyyətin bütün müsəlman Şərqində, türk aləmində ilk dəfə məhz Azərbaycan xalqı tərəfindən yaradılması artıq dünya miqyaslı hadisə sayıla bilər. Bu cahanşümul hadisənin hər il ümumxalq bayramı səviyyəsində keçirilməsinin tarixi əhəmiyyəti şəksizdir. Azərbaycan Cümhuriyyəti sadəcə deklarativ məzmunda bəyan edilmiş dövlət olmayıb,“İstiqlal bəyannaməsi”ndə əksini tapmış prinsiplərə, dəyərlərə bütün fəaliyyəti boyu əməl etməyə, sadiq qalmağa səy göstərib, bütün dövlətçilik atributlarına malik, parlamenti, hökuməti, ordusu olan suveren bir dövlətə çevrilə bilib. Müasir Azərbaycanın banisi Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Cümhuriyyətinin, Cümhuriyyət xadimlərinin fəaliyyətinə yüksək qiymət verilib. Prezident öz çıxışlarında, fərman və sərəncamlarında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə qeyd edib. Ümummilli liderin tariximizdə misilsiz rol oynamış və müasir tarixi dövrdə demokratik inkişaf istiaməti ilə irəliləyən Azərbaycan Respublikasının önəmli tarixi istinad məqamı olan ADR haqqında söylədiyi fikirlər bütün zamanlar üçün aktuallığını saxlayacaq: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Biz bu varislik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk və yetirəcəyik.

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”.

Prezident İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayaraq bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsini qarşıya məqsəd kimi qoydu.

Sərəncamda qeyd edilir ki, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

 

VƏ DİGƏR...