Tərcümə və tərcüməçi haqqında 7 mif

Tərcümə və tərcüməçi haqqında 7 mif

 

Müasir dövrdə tərcüməyə ehtiyac duymayan, tərcümə xidmətindən isti­fadə etməyən az adam olar. Ancaq əksəriyyətin bu peşə və onun mənsubları barədə təsəvvürü yanlışdır. Tərcümə və tərcüməçi haqqında əsası olmayan miflər də bu səbəbdən yaranır.

 1. Yaxşı tərcümə etmək üçün hansısa xarici dili bilmək kifayətdir

Bu, tərcüməyə münasibətdə ən geniş yayılmış zərərli qənaətdir. Doğma dilini və ən azı xarici dillərdən birini bilmək peşəkar tərcüməçi qarşısında duran əsas vəzifə olsa da, yeganə tələb deyil. Tərcümə işi həm də linqvistik savad, tərcümə texnikasına bələdlik və böyük təcrübə tələb edir.

Çox zaman çevrilən mətnlərin aid olduğu sahəni ən azı minimum dərəcədə bilmək mühüm şərt olur. Bundan başqa, tərcüməçi həm doğma dilinin, həm də xarici dilin çalarlarını bilməli, gündəlik işlənən dildə baş verən dəyişikliklərdən mütəmadi xəbər tutmalıdır.

Təsadüfi deyil ki, yaxşı tərcüməçilərin sayı bir neçə dil bilən adamların sayından qat-qat azdır.

2. Yalnız bir düzgün tərcümə variantı var

Əgər eyni bir mətni on peşəkar tərcüməçiyə versəniz, on tərcümə variantı alınar. Axı mətnin tərcüməsi yalnız oradakı sözlərin lüğəvi mənasını çevirmək deyil, başqa dildən məzmunu, mənanı və üslubu çatdırmaqdır.

Eyni bir mətnin düzgün tərcüməsi cəmi bir neçə, düzgün olmayan tərcüməsi isə qat-qat çox ola bilər.

3. Peşəkar tərcüməsiz də keçinmək mümkündür

Əlbəttə, peşəkar tərcüməyə ehtiyac duyulmayan məqamlar var. Belə ki, məişət səviyyəsində onsuz da keçinmək olar. Amma əksər sahələrdə uğur da, nüfuz da tərcümənin səviyyəsindən asılıdır. Bu, mümkün səhv və anlaşılmazlıqlardan qaçmaq, ünsiyyəti yaxşılaşdırmaq, tərəfmüqabilə və müştəriyə hörmət ifadə etmək üçün vacibdir.

 4. Tərcüməçi yazılı tərcüməni makinaçı sürəti ilə edir

Əslində, tərcümə göründüyündən daha çə­tin və zəhmət tələb edən işdir. Adətən, peşəkar tərcüməçi iş günü ərzində yalnız 3-6 səhifəlik mətni keyfiyyətlə çevirə bilər. Üstəlik, hələ mətnin re­daktəsinə ayrılan zaman bura daxil deyil.

Tərcüməçi ayrı-ayrı sözləri lüğətin köməyi ilə mexaniki tərcümə etmir, mətni başqa dildə təzədən yaradaraq bununla yanaşı orijinalın məzmununu, mənasını, üslubunu saxlayır.

Çox vaxt ilkin mətndə səhvə, məntiqi təzada, yaxud aydın olmayan məqamlara rast gəlinir. Bu hallar tərcümə zamanı nəzərə çarpır və düzəliş tələb edir. Bu mənada bəzən tərcümə hətta orijinaldan daha yaxşı alınır.

Əgər sifarişçi vaxta qənaət etmək istəyir, tərcüməçini tələsdirirsə, keyfiyyət arxa plana keçir. Bu isə tərəflərin heç birinə sərfəli deyil.

 5. Texnika tərcüməçini əvəz edə bilər

Ən azı yaxın gələcəkdə heç bir kompüter və robot tərcüməçini əvəz edə bilməyəcək. Hətta ən müasir tərcümə proq­ramları belə, sözlərin mənasını qavramaqda, çoxmənalı sözləri fərqləndirməkdə, üslubi və praqmatik cəhətləri ayırd etməkdə acizdir.

 6. Yaxşı tərcüməçi işi istənilən qiymətə görən tərcüməçidir

Digər yüksək səviyyəli işlərdə olduğu kimi tərcümənin haqqı da lazımınca ödənməlidir. Peşəkar tərcüməçi zəhmətin haqqını layiqli səviyyədə almasa, həvəslə işləməyəcək.

Ucuz sövdələşmə göstərir ki, tərcüməçi öz fan­taziyası hesabına doğrudan da makinaçı sürəti ilə işləyir. Qiymət nə qədər aşağıdırsa, tərcüməçi ehti­yaclarını ödəmək üçün bir o qədər sürətlə və deməli, çox işləməlidir. Bu isə tərcümənin keyfiyyətinə mənfi təsir göstərir.

 7. Yaxşı tərcüməçi sifariş gözləyir ki, dərhal işə başlasın

Bu da miflərdən biridir. Peşəkar mütəxəs­sisin xidmətindən istifadə etmək istəyənlər kifayət qədərdir. Belələri az olduğundan onlar sifariş sarıdan korluq çəkmirlər.

 

 

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...