“Mərkəzinizin fəaliyyətini hələ Kubada olarkən izləyirdim” – Kubanın fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo

“Mərkəzinizin fəaliyyətini hələ Kubada olarkən izləyirdim” – Kubanın fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo

İyunun 21-də Kuba Respublikasının Azərbaycanda səfiri cənab Alfredo Nieves Portuondo ARNK yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı səfir Mərkəzin fəaliyyətini hələ Kubada olarkən izlədiyini, qurumun xalqlararası anlaşma, dostluq və qardaşlıq ənənələrinə xidmət edən bütün layihələrini yüksək dəyərləndirdiyini bildirib:

Mən altı aydır ki, Azərbaycandayam. Buna qədər bir çox ölkələrdə – Rusiyada, Ukraynada, Macarıstanda diplomatik fəaliyyət göstərmişəm. Lakin Azərbaycan mənim üçün tamamilə fərqli bir ölkədir. Kuba ilə Azərbaycan arasında olan dostluğun, doğmalığın zəngin tarixi var. Biz sizinlə çox oxşar xalqlarıq – həm əhali sayı etibarı ilə, həm azadlıq uğrunda mübarizəmizlə, həm milli mənəvi dəyərlərimizi, simamızı qoruyub saxlamaq əzmimizlə. Mərkəzinizin fəaliyyəti ilə mən hələ Havanada olarkən tanış idim. Sizin müxtəlif dillərdə yayımlanan saytınızı böyük maraqla izləyirdim. Gördüyünüz işlər xalqlararası anlaşma üçün, həqiqətən, zəruri və əhəmiyyətlidir”.

Mərkəzin direktoru Afaq Məsud qurumun fəaliyyətinə verilən bu dəyərə görə qonağa minnətdarlığını bildirib, Kuba ilə Azərbaycan arasında birliyin, qardaşlığın dərinləşməsinə xidmət edəcək qarşılıqlı layihələrdən söz açıb:

Biz əksər hallarda ədəbiyyatların qarşılıqlı mübadiləsi istiqamətində layihələr qurur və onları həyata keçiririk. Bir çox dillərə  tərcümə və nəşr olunan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” ikicildliyi hazırda ispan dilinə tərcümə olunur. Kuba ilə qarşılıqlı layihələrimizin ilki olaraq, hər iki ölkənin milli liderinin – Heydər Əliyevin və Fidel Kastronun həyatı haqqında kitabların tərcümə və nəşr edilməsi, düşünürəm, hər iki tarixi şəxsiyyətin fəaliyyətinin beynəlxalq müstəvidə öyrənilməsi istiqamətində əhəmiyyətli örnək olacaq. Dünya tarixində çoxlu sayda dövlət rəhbəri olub. Lakin Fidel Kastro və Heydər Əliyev xalqları uğrunda misilsiz işlər görmüş, əməlləri, xalq və vətən sevgiləri ilə salnamələr yaratmış nadir şəxsiyyətlərdir ki, onların həyatı hamıya, xüsusən gənc nəslə böyük təsir bağışlayacaq, həyat, vətəndaşlıq və mübarizlik örnəyinə çevriləcək”.

Görüşdə Azərbaycan milli lideri Heydər Əliyevin həyatı haqqında kitabın ispan dilində Kubada, Kuba milli lideri Fidel Kastronun kitabının Azərbaycan dilində ölkədə nəşri ilə bağlı razılığa gəlinib.

Sonda Fidel Kastronun silahdaşı məşhur inqilabçı Çe Qevaranın kitabı qonağa hədiyyə edilib.


Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.