Bakıda Ukrayna yazıçılarının əsərləri təqdim olundu

Bakıda Ukrayna yazıçılarının əsərləri təqdim olundu

M.F.Axundov adına Milli Kitabxanada tanınmış Ukrayna yazıçıları Vladimir Danilenkonun “Qürub çağının işığında” və Nikolay Xomiçin “Sərdabənin sirri” kitablarının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan Azərbaycan Tərcümə Mərkəzinin İdarə heyətinin sədri, yazıçı Afaq Məsud tarix boyu Ukrayna-Azərbaycan xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, son illər Mərkəzin Ukrayna-Azərbaycan ədəbi əlaqələri üzrə həyata keçirdiyi layihələrdən, Ukrayna ədəbiyyatını Azərbaycana, Azərbaycan ədəbiyyatını Ukraynaya tanıdan antoloji nəşrlərdən söz açaraq, bu işin bundan sonra da, daha geniş və əhatəli şəkildə davam etdiriləcəyini bildirib.

Sonra söz Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Aleksandr Mişenkoya verilib. Səfir xalqlar arasında anlaşmanın və doğmalığın təməlini qoyan belə layihələrin ictimai-siyasi əhəmiyyətindən danışaraq, bu şərəfli missiyanı davamlı və layiqli şəkildə həyata keçirdiyinə görə Azərbaycan Tərcümə Mərkəzinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında “Bilik Fondu”nun direktoru Oqtay Səmədov, Mərkəzin aparat rəhbəri Yaşar Əliyev, Elm, təhsil və mədəniyyət idarəsinin müdiri, yazıçı Etimad Başkeçid kitabların ədəbi-bədii məziyyətləri barədə danışaraq, hər iki nəşrin Ukraynanın tarixi, müasir həyatı, ədəbi-bədii düşüncəsi barədə Azərbaycan oxucusunda dolğun təsəvvür yaradacağını, kitaba, ədəbiyyata diqqət və marağın artmasına öz töhfəsini verəcəyini bildiriblər.

Sonda söz Ukrayna yazıçılarına – Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenko və tanınmış nasir Nikolay Xomiçə verilib. Yazıçılar son iki ildə Ukrayna Yazıçılar Birliyinin Azərbaycan Tərcümə Mərkəzi ilə sıx əməkdaşlıq çərçivəsində ərsəyə gətirilmiş nəşr layihələrindən danışaraq, ilk dəfə olduqları Bakının gözəlliyindən heyrətə gəldiklərini, qədim şairlərin heykəlləri ilə dolu olan bu şəhərin, burada baş tutan kitab bayramları ilə  böyük ədəbiyyat ocağına, bədii düşüncə və kitab mərkəzinə çevrildiyini diqqətə çatdırıblar.                         

Tədbirin sonunda Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenko Ukraynanın milli ornamentli suvenirini Mərkəzin rəhbəri Afaq Məsuda təqdim edib.

 

 

 

 

 

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...