Dağ Yəhudiləri Dini İcmasının sədri Tərcümə Mərkəzində

Dağ Yəhudiləri Dini İcmasının sədri Tərcümə Mərkəzində

Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Azərbaycan Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycanda sülh və əmin-amanlıq şəraitində birgə yaşayan xalqların səmərəli əməkdaşlığına dair bir sıra məsələlər müzakirə edilib. Mərkəzin İdarə Heyətinin sədri Afaq Məsud qərb və şərq sivilizasiyaları arasında özünəməxsus körpü rolunu oynayan Azərbaycanın tarix boyu dünya mədəniyyətlərini bir-birinə qovuşduran unikal məkan kimi tanındığını, bu amilin Azərbaycan mədəniyyətində də mehriban qonşuluq, din azadlığı, millətlərarası və dinlərarası tolerantlıq prinsiplərinin əsasını qoymağa imkan yaratdığını qeyd edib.

Afaq Məsud: “Uzun əsrlərdən bəri Azərbaycan ərazisində müxtəlif xalqların, etnos, konfessiya və dini icmaların nümayəndələri sülh şəraitində yaşayırlar. Onların mədəniyyəti, adət-ənənələri tarix boyu dövlət səviyyəsində qorunur, tarixi abidələr, məscid, kilsə və sinaqoqlar yenidən bərpa edilir. Belə icmalardan biri də Dağ Yəhudiləri Dini İcmasıdır”.

Öz növbəsində Milix Yevdayev bu gün Azərbaycanda yaşayan bütün xalqların, çoxsaylı konfessiyaların nümayəndələrinin özlərini yaşadıqları ölkənin layiqli vətəndaşı hesab etdiklərini qeyd edib.

“Azərbaycan, bu ölkədə yaşayan bütün yəhudilərin doğma vətənidir. Biz həmişə azərbaycanlıların sevincli və kədərli günlərində yanlarında olmuşuq. Xeyir-şərimizdə bir olmuşuq. Dünyada elə bir ölkə tanımırıq ki, bütün xalqları öz ağuşunda qovuşdurub, doğma övladıtək yaşatsın”, – deyə icma rəhbəri bildirib.

Afaq Məsud, həmçinin Mərkəzin, Azərbaycan ədəbiyyatının dünyada, dünya ədəbiyyatının Azərbaycanda təbliği və tanıdılması istiqamətində həyata keçirdiyi beynəlxalq nəşr layihələrindən söz açaraq, müxtəlif illərdə tanınmış İsrail yazıçılarının Azərbaycan dilinə tərcümə və nəşr edilmiş əsərlərindən danışıb.

Sonda Mərkəzin nəşrlərindən olan – dünya şöhrətli yəhudi əsilli yazıçı Şolom Aleyxemin “Seçilmiş əsərləri” və qədim sufilərin fəlsəfi-dini traktatlarının toplandığı “Xilas yolunun yolçuları” kitabları qonağa təqdim edilib.

 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.