26 iyun - Azərbaycan Silahlı Qüvvələri günü

26 iyun - Azərbaycan Silahlı Qüvvələri günü

1918-ci ilin 28 mayında qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxildəki düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Bu zərurətlə bağlı 1918-ci ilin 28 mayında yaradılan ilk kabinədə hökumətin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu ilin 1 noyabrına qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artileriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmiryol batalyonu təşkil edilməli idi.

Cəmi 23 ay ömür sürməsinə baxmayaraq Cümhuriyyət dövründə müstəqil dövlətin vacib atributlarından olan milli ordumuz formalaşdı. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan ADR hökuməti 1918-ci il iyunun 19-da ölkədəki gərgin durumu nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordunun təməli qoyuldu. 1918-20-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı.

Avqustun 1-də isə ADR-in Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin edildilər. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək məharət göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni ordu hissələrini darmadağın etdi. O zaman Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi generalları var idi.

Lakin Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı və yalnız Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı. İkinci Dünya müharibəsindən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına İttifaq rəhbərliyi qısqanc münasibət bəsləyirdi. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələləri önə çəkilməyə başlandı. Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da Heydər Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması da mümkün oldu.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. 1991-ci il sentyabrın 5-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilsə də, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün ciddi səy göstərmirdi. Ordu quruculuğu sahəsində də, digər sahələrdə olduğu kimi, anarxiya hökm sürürdü.

1993-cü ilin yayında Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun formalaşması daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.

90-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan ordusu modern orduya çevrildi.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 100 il ötür. Ümummilli lider, Azərbaycan Prezidenti Heydər Əliyev 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun Silahlı Qüvvələr günü ümumxalq bayramı kimi qeyd edilir.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Prezidentin Fərmanı ilə yaradılan Müdafiə Sənayesi Nazirliyində 400 addan çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biridir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.

Bu gün əminliklə deyə bilərik ki, regionun ən qüdrətli ordusu – Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini dərhal və uğurla yerinə yetirməyə hazırdır və buna tam qadirdir.

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.