Orta əsrlərdə mühacirət etmiş alimlərimizin taleyi

Orta əsrlərdə mühacirət etmiş alimlərimizin taleyi

Azərbaycan – Şərqin elm mərkəzi

Orta əsrlər Azərbaycanında elm adamlarının alim, filosof və mütəfəkkirlərin mühacir həyatı yaşaması adi hallardan sayılırdı. Hətta idrakın labirintli yollarını, təfəkkürün çoxqatlı divarlarını aşıb kamilləşən alimin Vətəndə qalması faktı şübhə mənbəyinə çevrilirdi. Təbii ki, əgər alim saraya mənsub idisə, onun Vətənini tərk edib qürbət ellərə sığınmasına qəti gərək qalmırdı. Belə ki, saray alimləri digər alimlərdən fərqli olaraq, daha yaxşı sosial təminata və hörmətə malik idilər. Atabəylər, Ağqoyunlular, Səfəvilər, Şirvanşahlar kimi dövlətlərin saraylarında alimlərə hər zaman xüsusi rəğbət bəslənib. Orta əsrlərdə Azərbaycan elm adamlarının qürbətə getmələrinin bir neçə səbəbi var idi ki, bunlardan birincisi, təbii ki, yaşadığı dövrdə külli-ixtiyar sahibi olan hökmdarların idarə rejimi ilə barışa bilməmələri idi və bu cərgəyə daxil olan alimlər özlərini edam kötüyündən xilas etmək üçün yad ellərə üz tuturdular.

İkinci qrup yaşadığı coğrafiyanın elmi potensialına qane olmayıb, daha çox biliyə sahiblənmək üçün Vətəni tərk edənlər idi. Onlar daha çox dövrün elm mərkəzi olan şəhərlərə – Şam, Nişapur, Bağdad, Səmərqəndə üz tuturdular.

Üçüncü qrup mühacir alimlər isə hökmdarların təzyiqi ilə öz yurd-yuvalarından didərgin salınanlar idi. Məsələn, Əmir Teymur Azərbaycana yürüşdən sonra (eləcə də, işğal etdiyi başqa ərazilərdən) yerli alim və sənətkarların Səmərqəndə aparılmasını əmr etmişdi. həmin ölkələrin qaymaqları, düşünən beyni sayılan alim-sənətkarların gedişi böyük boşluğa səbəb olurdu.

Çin elminin memarı

Elə alimlər olub ki, onlar getdikləri ölkədə Azərbaycanda mövcud olan elmi ənənələrdən faydalanıb və bununla da, həmin ölkənin intellektual rifahına töhfə veriblər. Məsələn, Cəmaləddin Buxari adlı alim digər mühacir elm xadimlərindən fərqli olaraq, yaxın coğrafiyada deyil, ta uzaq Çində elmin inkişafına təsir göstərib. O zaman Fao Mun Çi və bir sıra başqa Çin alimləri Marağa rəsədxanasında astronomiya elmini öyrənir və burada ixtisaslarını artırırdılar. Fao Mun Çi və Cəmaləddin Buxari Marağa rəsədxanasında bir müddət işləyəndən sonra rəsədxananın layihəsini özləri ilə götürüb Pekinə qayıtmışdılar. Yalnız bundan sonra Pekində rəsədxananın tikilməsi mümkün oldu.

XIII-XIV əsrlərdən etibarən Azərbaycanda elm daha da inkişaf etməyə başladı. Azərbaycanın əlverişli coğrafi mövqedə olması, karvan yollarının qovşağında yerləşməsi burada elm və mədəniyyəti başqa ölkələrə nisbətən, bir pillə irəli aparmışdı. Bu dövrdə müxtəlif elm sahələrində bir sıra görkəmli şəxsiyyətlər yetişdi – riyaziyyatçı Übeyd Təbrizinin "Risalət ül-hesab"ı, Nəcməddin Əhməd Naxçıvaninin İbn Sinanın tibb və fəlsəfə üzrə əsərlərinə şərh və haşiyələri, Nəmvar Təbrizinin "Ən mühüm dərmanlar" əsəri bütün Şərqə yayıldı. Şərqin məşhur elm ocaqları və mədrəsələrində bu alimlərin əsərlərindən istifadə edildi. Həmçinin Azərbaycanın və ümumiyyətlə, müsəlman Şərqinin ən görkəmli əczaçılarından biri İbn Kəbir təxəllüsü ilə məşhurlaşmış Yusif İbn İsmayıl Xoylunun 1311 ildə yazdığı "Cameyi-Bağdadi" ("Bağdad toplusu") bütün Şərqdə dərmanşünaslıq üzrə ən mükəmməl əsər sayılırdı.

Bu dövrdə Azərbaycanın təkcə cənubunda 67 xəstəxana vardı və orada tibb elmləri üzrə peşəkar mütəxəssislər çalışırdılar. XIV əsrin əvvəllərində Təbrizdə "Dar üş-Şəfa" adlı elmi mərkəz yaradılmışdı və buranın yetişdirdiyi alimlər sonralar ayrı-ayrı Şərq ölkələrinin göz bəbəyinə çevrildilər.

Qəti əminliklə deyə bilərik ki, orta əsrlərdə Şərq elmi inkişafına görə mühacirət həyatı yaşayan Azərbaycan alimlərinə minnətdar olmalıdır.

"Bir qəribin şikayəti"

Orta əsrlərdə mühacir həyatı yaşamış alimlərimizi saydıqca bitməz. Amma onlardan ən nakam tale yaşamış bir şəxs barəsində danışmaq istərdik.

Yarımbaşlıqda qeyd etdiyimiz "Bir qəribin şikayəti" əsəri həmin bu nakam filosofun – Eynəlqüzat Miyanəçinin qələminin məhsuludur. O, panteist dünyagörüşünə görə çox gənc yaşlarından din xadimləri tərəfindən təqib olunurdu. Gənc filosofun "xeyir" və "şər" anlayışı, onların dialektik əlaqəsi, Mütləq Varlıq haqqındakı düşüncələri düzgün qəbul edilmirdi. Nəticədə, din xadimləri onun barəsində ölüm fitvası verdilər. Bəzi mənbələrdə alimin bu səbəbdən Bağdada getdiyi, bəzilərində isə həbs olunaraq həmin şəhərə aparıldığı deyilir. Bu barədə Miyanəçinin müasirlərindən birinin qeydləri çox maraqlıdır:

"O, 1128-ci ildə həbs olunur və Bağdada göndərilir. Onun müasiri İmadəddin İsfahani yazırdı ki, Əbülqasim Dərgəzani Miyanəçini həbsə aldı, öz zülmündə tələsdi, hökmündə insafsızlıq etdi.

Miyanəçi zindanda ikən yazdığı "Şəkva əl Qərib" (Bir qəribin şikayəti) əsərində acılar dolu həyatından danışır. O, doğma elindən-obasından uzaq düşdüyünə görə iztirab keçirir, yuxusuz qalır, həsrətə dözə bilməyib göz yaşları axıdır. Əsərdə belə cümlə diqqəti çəkir: "Vətən sevgisi imandır, gizli deyil ki, Vətən sevgisi insan fitrətindən doğur".

Qeydlərdən də göründüyü kimi, qürbət alim üçün necə çətin olub. "Bir qəribin şikayəti" əsəri orta əsrlərdə mühacir ömrü yaşamış bütün alimlərimizin ümumi dərdinin təcəssümüdür. Eynəlqüzzət Miyanəçinin qürbət həyatı başqa alimlərimiz kimi uzun sürmür. O, bir müddətdən sonra Həmədana qayıdır. Cəmi bir il sonra – 1131-ci ildə 33 yaşında dərs dediyi mədrəsədə edam edilir.

Elm naminə qürbət

Elm naminə həm Vətənindən, həm də ailəsindən məhrum olan Xətib Təbrizi (XI əsr – E.N.) biliyini artırmaq üçün Şərq şəhərlərini bir-bir gəzdi. Son mənzili isə Bağdad oldu. Təbrizdə yüksək nüfuz sahibi olaraq, dilçi alim, xəttat, nəqqaş kimi məşhurlaşan Xətib hər şeydən – qazandığı ad-sandan, ailəsindən, zəngin kitabxanasından əl çəkərək ağrılı-acılı elm yoluna çıxdı. Ölənə qədər Vətənə qayıtmadı. Amma hər zaman Vətən həsrəti çəkdi. Onun vətən xiffətini aşağıdakı hekayətdə daha yaxşı hiss etmək olar:

"Ərəb şəhəri olan Nümanda məscidlərin birində Xətib Təbrizi öz qonşusu ilə rastlaşır. İki il ərzində öz Vətənindən heç kəsi görməmişdi. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında həmin qonşunu görür. Sevincdən halı dəyişir. Müəllimi Xətibdən nə baş verdiyini soruşur. Xətibin cavabı müəllimini təsirləndirir:

– İki ildir öz Vətənimdən heç kimlə rastlaşmamışam. İndi bir qonşumu gördüm.

– Get, bir az onunla söhbət elə.

– Bəlkə, dərsimi bitirim, sonra?

– Dur, mən səni gözləyərəm!

Xətib ayağa qalxıb, qonşusu ilə görüşür. Bir-birilərilə ana dilində söhbət edirlər. Müəllim də sən demə, bu söhbəti uzaqdan dinləyirmiş. Xətib qonşusu ilə sağollaşandan sonra ərəb müəllimi ona nə dilində danışdıqlarını soruşur. Xətib "danışdığımız dil ana dilim – Azərbaycan dilidir" deyəndən sonra, müəllim fikrə gedir. Qısa fasilədən sonra deyir ki, mən bu dili heç vaxt eşitməmişdim. Amma çox səlis, ahəngdar və gözəl diliniz var. Müəllim bu sözlərindən sonra tələbəsinin gözlərindən yaş axdığını görür.

Ömrünü Bağdadda başa vuran Xətib bütün Şərqi gəzib dolaşdı. Oxumaq həvəsi onu ilk olaraq Vətəndən Suriyaya çəkib aparmışdı. Xətib burada tanınmış ərəb alimlərindən ilahiyyat, leksikoqrafiya və poetika dərsləri alır. 1064-cü ildə Xətib Dəməşqə gəlir və burada onun tanınmış tarixçi Bağdadi ilə dostluğu başlayır. Bağdadi onun üçün yalnız yaxşı müəllim və səmimi dost deyil, həm də zəngin bir hami olur.

Daha sonra Misirə yola düşən Təbrizi orada saray alimi Tahir ibn Babaşazdan ərəb qrammatikasını öyrənir. 1067-ci il sentyabrın 22-də Şərqin mədəni həyatında əlamətdar hadisə baş verir. Bağdadda Səlcuq hakimlərinin vəsaiti hesabına məşhur vəzir Nizamülmülkün şərəfinə "Nizamiyyə" adlandırılan və sonralar bütün Şərqdə şöhrət qazanan mədrəsə açılır. Burada tarix, ədəbiyyatşünaslıq, dilçilik, astronomiya, riyaziyyat və bir çox başqa dünyəvi elmlər də tədris olunurdu. Buna görə də həmin universitet ən müxtəlif elmlərin inkişafında mühüm rol oynamışdı. Həmin mədrəsəyə müəllimləri Səlcuq hakimləri özləri seçirdilər. Xətib Təbrizi "Nizamiyyə" mədrəsəsinin açılış günündən ömrünün sonuna qədər, təxminən 40 il burada filologiyanı tədris edir və mədrəsədəki məşhur kitabxananın təşkilatçısı və rəhbəri olur.

1109-cu ilin yanvarın 3-də böyük alimin ürəyi dayanır və Xətib Təbrizi Bağdadın "Bab Abraz" qəbiristanlığında dəfn olunur.

 

Elmin NURİ

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.