Beynəlxalq Tərcüməçilər Federasiyasının prezidenti Tərcümə Mərkəzində

Beynəlxalq Tərcüməçilər Federasiyasının prezidenti Tərcümə Mərkəzində

Mart ayının 31-də Beynəlxalq Tərcüməçilər Federasiyasının prezidenti Henri Liu, vitse-prezidenti Reyner Hard və qurumun katibi Sabine Colombe Tərcümə Mərkəzində olublar. Görüş zamanı Mərkəzin direktoru Afaq Məsud Tərcümə Mərkəzinin fəaliyyəti barədə qonaqlara ümumi məlumat verərək qeyd edib:

“Bu gün ölkəmiz bütün sahələrdə dinamik sürətlə dünyaya inteqrasiya etməkdədir. Tərcümə Mərkəzinə verilən bu yüksək status dövlət başçısı, cənab İlham Əliyevin dil və tərcümə işinə verdiyi yüksək qiymətin təzahürüdür. Mərkəz bu statusla artıq 6 aydır fəaliyyət göstərir və bu müddətdə “Tərcümə Mərkəzinin kitabları” seriyasından 9 kitab işıq üzü görüb, həftəlik “Aydın yol” qəzeti, rüblük “Xəzər” dünya ədəbiyyatı jurnalı nəşr olunub. Mərkəzin vebsaytı 8 dildə yayımlanır. Ölkə üzrə ən böyük tərcümə müsabiqəsi olan “Də(f)inə yarpağı” müsabiqəsini keçirmişik. Yaxın günlərdə açıqkitab.az adlı elektron kitabxanamız oxucuların ixtiyarına veriləcək. Mərkəzin mətbu orqanlarının saytları da fəaliyyət göstərir. Tərcümənin tədrisinə dair Gənc Tərcüməçilər Assosiasiyası ilə birgə monitorinqlər təşkil etmişik. Yaxın vaxtlarda bu sahədə aparılması vacib bilinən islahatları Elmi Şuranın müzakirəsinə çıxarmağı planlaşdırırıq. Biz həm də ölkə universitetlərində Azərbaycan dilinə tərcümə edilməsi vacib bilinən yüzlərlə dərsliyin kataloqunu tərtib etmişik. Bu siyahını TQDK ilə birgə müzakirə edib, həmin dərsliklərin tərcüməsini həyata keçirmək niyyətindəyik. Mərkəzin nəşr etdiyi ədəbiyyatların kataloqu mütəmadi olaraq 5 dildə çap edilir. Bu altı ay ərzində Mərkəz dünyanın ən aparıcı kitab sərgilərində iştirak edib. İstanbulda, Minskdə, Şarcada, Qahirədə, Höteborqda. Yaxın günlərdə London Beynəlxalq Kitab sərgisinə getməyə hazırlaşırıq. Görülən işlər çoxdur. Bu barədə ətraflı məlumatı bizim vebsaytımızdan da ala bilərsiniz”.

Daha sonra doktor Henri Liu fikirlərini bölüşüb:

“Mərkəzin fəaliyyəti barədə verdiyiniz məlumatlar, həqiqətən təsirlidir. Кataloqunuzdan da görünür ki, böyük və ciddi işlər görmüsünüz. İnsanı heyrətə gətirən məqam həm də odur ki, bu qədər uğura cəmi 6 ay ərzində nail olunub. Təqdirəlayiq haldır ki, siz tərcümənin tədrisi məsələsindən başlayaraq, tərcüməçiliyin peşəkarlıq problemlərini əhatə edən geniş fəaliyyətlə məşğulsunuz. Tərcüməyə baza səviyyəsindən – yəni təhsildən başlamağınız olduqca uğurlu addımdır. Gəncləri tərcümə işinə yönləndirmək, bu sahənin stimullaşdırılmasında ciddi hadisədir.

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərlik etdiyiniz Mərkəzə belə bir status verməsi isə, onun, ölkənin dil və tərcümə sahəsinə olan ciddi münasibətinin göstəricisidir. Biz xalqları və ölkələri onların dili, ədəbiyyatı ilə tanıyırıq. Bu mənada tərcümənin, xalqlar və ölkələr arasında ədəbi-mədəni körpülərin, bağlantıların qurulmasında önəmli rolu var.

Çox istərdik ki, sizin Mərkəz Beynəlxalq Tərcüməçilər Federasiyasının 2017-ci ildə Avstrаliyada keçiriləcək növbəti konqresinə də qatılsın. Bir məqamı da vurğulayım ki, dünyanın bütün aparıcı ölkələrində tərcüməçilik işi xüsusi razılıq əsasında həyata keçirilir. 62 illik fəaliyyətimiz dövründə biz bu standartların reallaşmasında müəyyən işlər görmüşük və istərdik ki, qarşılıqlı əməkdaşlıq müddətində ölkənizin bu sahədə aparıcı qurumu olan Tərcümə Mərkəzi də öz töhfələrini versin”. 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.