Ədəbiyyat yalançı tarixçilərə qarşı - “Erməni soyqırımı” rusiyalı şahidlərin gözü ilə

Ədəbiyyat yalançı tarixçilərə qarşı - “Erməni soyqırımı” rusiyalı şahidlərin gözü ilə

Şirin MANAFOV

1916-cı il hadisələrinin şahidi olan rusiyalı yazıçı soyqırım haqqındakı mifi ifşa edir.

2013-cü ilin iyun ayında, Kultura” televiziya kanalında efirə gedən “Türk marşı” verilişində, Moskva Universiteti nəzdində Afrika və Asiya İnstitutunun direktoru, türkoloq Mixail Meyer erməni mistifikasiyası haqqında bəyanatı ilə efirdə qalmaqal yaratmışdı. O, erməni soyqırımı haqqında suala bu cür cavab vermişdi: “Bu bizim ümumi problemimizdir. 1915-ci ildə Türkiyədə 1.5 milyon erməni var idi. Fikrimcə, 1.5 milyon erməninin qətlə yetirilməsini söyləmək olmaz. Onların öldürülməsi barədə fikir söyləmək düzgün olmazdı. Belə ki, mahiyyət etibarilə ermənilər köçürülmə, müharibə zonasından çıxarılma zamanı vəfat edirdilər”. Bu çıxış erməni diasporunun hiddətinə səbəb oldu. Lakin faktlar M. Meyerin haqlı olduğunu təsdiq edir.

1987-ci ildə “Xudojstvennaya literatura” nəşriyyatında “Gümüş dövr” şairi, sankt-peterburqlu Sergey Qorodetskinin iki cilddən ibarət əsəri dərc olunub. İkinci cilddə məşhur şairin iştirak etdiyi 1916-cı il Türkiyə hadisələrinə həsr olunmuş “Semiramida bağları” və “Al-qırmızı qasırğa” adlı povestlər dərc edilib. Romandan və xatirələr oçerkindən bir parçanı diqqətinizə çatdırırıq.

Şair Ovanes Tumanyanla görüşü haqda oçerkində S. Qorodetski yazır: “1916-cı ilin yaz aylarında mən “Russkoye slovo” müxbirinin vəsiqəsi ilə Tiflisə gəldim.

Tezliklə o, Van şəhərinə getdi.

Rusların asanlıqla öz zəfər meydanlarını və Qafqazı tərk etmələrinə inanmaq olarmı? Onların yalnız çarın göstərişi ilə Qafqaza doğru irəlilədiyinə və bu cür göstərişin qüvvədən düşməsindən sonra evə qayıtmasına inanmaq olarmı?” – xatirələrin əsas mövzusu budur.

“Semiramida bağları” povestinin ikinci fəsli “Gediş” adlanır. Həmin fəsildə Qorodetski “ikinci gedişi” təsvir edib və özü də qəzet müxbiri qismində onun şahidi olub.

Qaçaqları kazaklar dəstəsi müşayiət edirdi, həmin vaxt müəllif də orada idi.

“Van” oçerkindən: “ 1916-cı ilin payız aylarında məxfi yolla məlum oldu ki, rus ordusu Vanı tərk edir... Ən yaxşı at - unudulmaz Kürd - mənim dəstəmdə olduğundan yola davam etmənin mümkünlüyü barədə məlumat əldə etməyi öz üzərimə götürdüm. Hər an əngəllər yaranırdı. Xalq isə buranı tərk edən ordunun arxasınca gedirdi. Lap axırda, furqonlarımızla birlikdə biz gəlirdik... Xalqın 16-cı ildə gedişi 15-ci illə müqayisədə daha dəhşətli idi”.

Nəyə görə gedirdilər? Müəllif bu suala belə cavab verir: səbəb qorxu idi. Rus ordusunun tərkibində yerli müsəlman əhalini qıran erməni dəstələri var idi.

“Onların hər birinin əlində tüfəng var idi. Məndə də var idi, lakin mən, onun öz-özünə atəş açmasından hamıdan çox qorxurdum. Atəş səsi ətrafda olan dağların arxasından kürdlərin hücum etməsi ilə nəticələnə bilərdi”.

 Mif artıq 1916-cı ildə yaradılmağa başladı.

“Əski parçalarına və sümük qırıntılarına işarə edərək mən yolda olan bir nəfərdən soruşdum: bu nədir?

– Buradan camaat keçirdi. Bu, onların izləridir.

Ağaclarda qarğa yuvaları var idi.

– O, dedi: – Görürsüz, necə möhkəmdirlər – bunun səbəbi ondadır ki, onlar işgəncələrə məruz qalmış erməni qızlarının hörüklərindən hörülüb”.

Lakin müəllifin gördükləri və təsvir etdikləri bu sözlərlə ziddiyyət təşkil edirdi.

“Gediş” fəslindən: “Bu, artıq ikinci gediş idi”. Müəllif nəyə görə “qovulma” əvəzinə “gediş” sözünün işlədilməsinə izahat verir.

“Birinci gediş zamanı inanırdıq ki, kazak bölükləri Van şəhərini tutmaqla, evə qayıtmağa və təsərrüfatı bərpa etməyə imkan yaradacaqlar. Belə də oldu, toqquşmalarda, qaçqınlıqda və ağır yolda on minlərlə itki verən Van camaatı evlərinə qayıtdı və yandırılmış evlərində məskunlaşmağa başladı… Birinci gediş zamanı, çoxları elə düşünürdü ki, Rusiya Ermənistana köməklik göstərəcək, fikirləşirdilər ki, orada yaşamaq üçün yer və yemək var. Lakin Rusiya Ermənistanında daşnaklar hökmranlıq edirdi. Onlar köməklik üçün heç nə hazırlamamışdılar. Bu zaman xalq quru qoz ağacı kimi iki yerə parçalandı. Yarısı aşırımdan keçməklə Sevan gölünə və Erivaniyə getdilər ki, orada ucqar yerlərdə məskunlaşsınlar... İkinci yarısı isə vətəndən ayrıla bilmirdi, üç günlük məsafədə olan Ararat dağını gözdən qaçırmaqdan qorxaraq, Iğdır ətrafında səfalət həyatı sürürdü.”

Bir il əvvəl baş vermiş birinci gediş barəsində isə müəllif belə yazır: “Hər qarış torpağa görə amansız döyüşlərdən sonra (döyüşlərdə kazaklar iştirak edirdi), birinci gediş zamanı inanırdıq ki, kazak bölükləri Van şəhərini tutmaqla, evə qayıtmağa və təsərrüfatı bərpa etməyə imkan yaradacaqlar. Belə də oldu, toqquşmalarda, qaçqınlıqda və ağır yolda on minlərlə itki verən Van camaatı evlərinə qayıtdı və yandırılmış evlərində məskunlaşmağa, ehtiyat toplamağa, su arxları çəkməyə başladı, sevməyə və nəsil artırmağa davam etdi”. 1915-ci il “soyqırımından” sonra 1916-cı ildə “qayıtmaq, su arxları çəkmək, sevmək və nəsil artırmaq” mümkündürmü?

Əgər hər şey erməni tarixçilərinin yazdığı kimidirsə, bu, mümkün deyil.

Qasırğa sifarişçiləri

Türkiyə Ermənistanında baş verən faciənin səbəbləri Qorodetski tərəfindən “Al qırmızı qasırğa” povestində göstərilib. Bu qasırğanın sifarişçiləri kimlərdir?

1917-ci il.

Bu zaman ingilislər general Arbatovun nailiyyətlərindən razı deyildilər və onlardan Urmiya istiqamətində Baneyə dərhal hücum edilməsini tələb edirdilər.

Xahiş etmirdilər, tələb edirdilər.

Müəllifin fikrincə, 1914-cü ildə çarın və generalitetin məqsədi Konstantinopolun işğalı ideyası idi... Qafqaz cəbhəsinin komandanı olan əlahəzrət Nikolay Nikolayeviç özünü böyük Rusiyanın vətənpərvəri hesab edirdi.

Qorodetski onu həqarətlə “Qrişkanın (Qriqori Rasputin) padşahı” adlandırırdı.

“O, Fərat çayına çıxış perspektivi ilə Van hücumu barədə fikirləşirdi... əlahəzrətə elə gəlirdi ki, Türkiyə Ermənistanının paytaxtı olan Van, Konstantinopol uğursuzluğunu kompensasiya edəcək. İki ideya əlahəzrətə münasib görünürdü. Birinci ideya: “Bizə ermənilərsiz Ermənistan lazımdır”. Bu ideya kifayət qədər nöqsansız surətdə həyata keçirilirdi və yarıya qədər icra edilmişdi: dağ kürdləri və əkinçi ermənilər arasında milli münaqişəyə təhrik, ordunun saxta xarakter daşıyan qəfil geri çəkilməsi, minlərlə insanın qaçqın düşməsi və vəfatı Türkiyə Ermənistanını ermənilərdən təmizləmiş, Savalan və Beqrı Qala üzərindən keçən Rus İqdırından Van gölünə qədər olan yolu meyitlərlə örtmüşdü. Əlahəzrətə lazım olan Türkiyə Ermənistanı demək olar ki, ermənilərdən təmizlənmişdi, lakin Bitlisin itirilməsi Vanın da təmizlənməsinə səbəb oldu”.

Kürdlər və ermənilər arasında toqquşma nəyə görə törədilmişdi? “Al-qırmızı qasırğa” povestindən bir parça: “Fərat çayı istiqamətində irəliləyib, Don və Kuban kazaklarını oraya köçürmək və sağ qalmış kürdləri assimilyasiya etməklə, orada Fərat kazaklığı yaratmaq üçün əlahəzrət Van və Bitlisi işğal etmək niyyətində idi. Bu fikirlər ingilislərin Urmiya istiqamətində hücum barəsində əmri ilə alt-üst oldu”.

İngilislər xahiş yox, əmr edirlər və rus ordusu ingilislər tərəfindən əmr olunmuş istiqamətdə hərəkət edir. Çar komandanlığının hədəfi Konstantinopol idisə, ingilislərin hədəfi Bağdad idi. Al qırmızı qasırğa yüz minlərlə insanı toz kimi göyə qaldırdı və onları qərargah xəritələrində hərbi əməliyyatların Qafqaz teatrı adlandırılan böyük bir sahə boyunca səpələdi.

Müəllif yazır: “Kalixan aşırımı əzəmət və sükut mücəssəməsi idi – Oslapov düşünürdü: indi orada səngərlər, müharibə, ölüm və qan var. Bu gözəllik və öz qanı ilə bu qanı qırmızı rəngə boyamaq üçün buraya gətirilmiş insanların qanı daha arasında olan ziddiyyət nəticəsində onun beyni tutuldu”.

Sonra müəllif qəzet xülasələrini təqdim edir: “Kalixan aşırımı rayonunda bizim dəstələrimiz düşməni mühasirəyə aldır… Mesopotamiyaya yol açan aşırım bizim əlimizdə idi... hadisələri bu cür şişirtməklə çar mətbuatı öz ağaları – ingilislər qarşısında hesabat verirdilər”.

Lakin qasırğa sifarişçilərini aldatmaq o qədər də asan məsələ deyildi. “Lord Kerzon, lordlar palatasının tribunasından Rusiya hökumətinin yadına saldı ki, fars ölkəsində hələ də türklərin orduları qalır və onları oradan qovmaq lazımdır”.

Qasırğanın İranı da əhatə etməsinə az qalmışdı.

Müəllif iki teleqram dərc edir. Birincisi – “İranda, qoşunlarımızın arxa cəbhəsində farslar və kürdlər telefon xəttlərimizi məhv edirlər”. İkincisi – “Kürdlərin düşmən hərəkətləri güclənib”.

Lakin Rusiyada inqilab baş verdi və Türkiyəni tərk edən rus qoşunları ilə birlikdə Van xalqının “üçüncü gedişi” başlandı. Müvəqqəti hökumət Qafqaz cəbhəsinin komandanı əlahəzrət Nikolay Nikolayeviçi geri çağırır.

“Türkiyə və İranın bütün dağ yolları evlərinə qayıdan Qafqaz qoşunlarının çoxsaylı əsgərləri ilə dolmuşdur”

“Semiramida bağları” povestinin “General - patriarx” fəslindən 

“Termen soyadlı Van qubernatorunun yanına müfəttiş gəldi, qubernatoru erməni əhalisi arasında təşviş xarakterli əhval-ruhiyyənin yayılmasında və insanların Vandan qaçmasında ittiham etdi.

Müfəttiş: – Vəziyyət heç də bizim xeyrimizə deyil. Sənədlər arasında insanların Vandan təxliyə edilməsi barədə əmr aşkar edilməyib. Mən müəyyən etdim ki, ordu komandanı general Vorontsov belə bir əmr verməyib”.

Yəni burada söhbət əhalinin təxliyəsindən gedir ki, başqa yerlərdə bu proses  komandan Vorontsovun əmri ilə həyata keçirilirdi.

“– Onda, nəyə görə bütün əhali (yaralılar, xəstələr və öldürülənlər yollarda qalmışdı)  buranı tərk edib şimala üz tutdu? Əldə olunan məlumatlara görə, bütün yol boyu yenə də antisanitar vəziyyət diqqəti cəlb edir, hər yerdə meyitlər var, ordu epidemiya təhlükəsi ilə üzləşib. Əhali nəyə görə getdi? Əgər əmr olmayıbsa da, deməli, nə isə bir vəlvələ düşüb ki, getmək lazımdır. 

– Çünki, təxliyə barədə əmrin olmamasına baxmayaraq, general Vorontsov qoşunu Van şəhərindən çıxarıb”.

Van əhalisi qovulmayıb, onlar özləri öz evlərini tərk ediblər. Niyə?

Qubernator Temen cavab verir: “Əhali basqınlar nəticəsində məhv ola bilərdi”.

Hansı basqınlar? Basqın ehtimalı nə qədər idi?

Müəllif “gedişin” əsl səbəbini ifşa edir – aclıq, çar ordusunun və daşnakların biganəliyi, dinc əhali arasında təşviş əhval-ruhiyyəsi.

Van şəhərinə Tiflis şəhərindən növbəti yardım - un gəlir.

Yardım gətirənlərdən biri Tiflis idarələrindən qaçqınlar üçün un göndərilməsi və yükü gətirən şəxsə iri pul məbləği ödənilməsi barədə sənədi təqdim edir (!)”.

Qaçqınlar pul ödəməyə razılıq verir və unun dadına baxırlar.

Xarab olmuş unu Tiflisə qaytarmaq əmri verilir. Van vətənpərvəri olan Kostyanın Tiflis tacirlərinin soyqırımında erməniləri günahlandırmağa hər cür əsası var idi. O, təklif etdi: “Onların hamısını biabır etmək lazımdır, unu geriyə apar, mən xarab olmuş mala və onun çatdırılmasına görə heç nə ödəməyəcəyəm”.

Çox maraqlı “soyqırımı” epizodu: – Qaçqınlar erməni tacirlərinə yalnız unun dəyərini deyil, həmçinin, çatdırılma haqqını da ödəyirdilər, bu zaman guya türklər dinc əhalini qətlə yetirirdilər. Yəqin ki, biri digərinə mane olmurdu.

Bundan sonra, Van qubernatoruna özünü “qaçqınlarla iş üzrə səlahiyyətli şəxs” kimi təqdim edən Kostya, şəhərin binalarının birində bir neçə yüz uşaq üçün yetimxana açmağı ondan xahiş edir.

Vəziyyət gülüncdür: İnsanlar Vana qayıtdılar. İrandan un gələcəyini gözləyirlər. Qəhrəmanlardan biri deyir: “İrandan un gəlir? Əgər yolda yubanıbsa, yaxşıdır, deməli, gəlib çıxacaq. Bəlkə, kürdlərin əlinə keçib? Minlərlə pud ağ neft...”

“Üç nəfər atlı göründü. Qabaqda Tiqran gəlirdi. O gördü ki, Kostya sevimli işi ilə məşğuldur – xalqla söhbət edir”. Kostyanın nitqi: “Ey, Van əhli, siz öz şəhərinizə qayıtdınız. Sizlərdən çoxunuz öz yaxınlarını itirib”.

Gediş və yarı yoldan qayıdış... “Van uşaqları qocaların ömrü boyu görmədiklərini görüblər. Onların beyni xəstə idi”.

Tiflisdən un gəlir. “Bütün küçə uzunqulaqlarla dolu idi. Tədarükçülərdən biri bağlama təqdim etdi. Həmin bağlamada Tiflis təşkilatlarının (daşnakların) qaçqınlara un göndərməsi, əvəzində isə gətirənə böyük məbləğdə pul ödənilməsi bərədə sənəd var idi. Kostyanın əhvalı pozuldu: un lazımdır, amma pul azdır. “Soyqırımın” qızğın vaxtında Tiflis daşnakları qaçqınlardan un müqabilində pul tələb edirlər.

 Unu yoxladılar, xarab çıxdı.

“Qatillər! – Kostya qışqırırdı. – Aclıqdan istifadə edirlər. Mən bunu belə qoymayacağam. Mən Tiflisə gedib dələduzları ifşa edəcəyəm. Onlar üçün pul xalqın taleyindən daha önəmlidir. Onların hamısını rüsvay etmək lazımdır”.

“İkinci gediş” lətifəyə çevrilir. Və bu cür qərar qəbul olunur... Kostya qışqırır: “Unu geri apar. Mən xarab olmuş mala və onun çatdırılmasına görə heç nə ödəməyəcəyəm”.

Vəziyyət məzhəkə xarakteri daşıyırdı: daşnaklar Vana xarab olmuş un göndərir, bunun müqabilində pul istəyirlər.

Povest ilk dəfə 1927-ci ildə Yerevanda çap olunub, o zaman türklər tərəfindən ermənilərin təqib edilməsi barədə nağıl hələ yazılmamışdı. Qeyd etmək lazımdır ki, o zaman erməni tənqidçiləri S. Qorodetskinin hər iki povestinin sənədli olduğunu deyirdilər.

Van müəmması

Şimala doğru insan izdihamı gedirdi. Van şəhərinin dinc əhalisi, kazaklarla birlikdəydi.   

“Bir nəfər qışqırdı: – Kürdlər! – və suya atılmış daş nəticəsində yaranan dalğalar kimi, təşviş hər yeri bürüdü”.

Yolun yarısında xəbər gəldi ki, ordu dəstək alıb və Vana qayıdır. Ordu qayıdırsa, əhali də qayıda bilər. Və insanlar Vana qayıtdılar. Qəhrəmanlardan birinin sözləri: “Bu, Vanda baş verirdi. Həmin gecə biz geri çəkildik. Kürdlər hücum etdi və əhali getmək məcburiyyətində qaldı. Tezliklə qayıtdılar və sevindirici xəbəri müzakirə etməyə başladılar.

“Məndə bir xəbər var. Köməyimizə kapitan Çinqalyanın rəhbərliyi altında amerikalı ermənilər dəstəsi gəlir. Dəstə silahlanıb”.

Amerikalı ermənilərdən başqa, Van şəhərinə kömək məqsədilə ikinci bir dəstə də gəlirdi. “Həmin günlərdə, erməni xalqı şimal tərəfdən Vana qayıdan zaman İqdır tərəfdən Van istiqaməntində İranın Dilman şəhərindən kiçik bir dəstə gəlirdi. Bu, general Ladogin idi, o, təftiş məqsədilə Tiflisdən Vana gedirdi. Generalla birlikdə Lyaxotski soyadlı bir nəfər də gəlirdi, o, dövlət Dumasının deputatı idi və əgər söhbət insanların kütləvi qətlindən gedirsə, onun tapşırığı daha təəccüblü idi. Lyaxotski erməni uşaqlarına hədiyyə vermək üçün gəlirdi. Müəllif yazır ki, onun ən sevmədiyi şey sağlıq demək və nitq söyləmək idi”. Çıxış: erməni səhrasında rus əhalisi. Mövzu: erməni xalqını xilas edib onlara hədiyyə vermək.

Hərbi komendant generala dedi: “Aşırımın arxasında siz kürd knyazı Beqri bəyin əsirliyinə düşəcəksiz.  Onun krallığı Xoşab adlanır.

– Kürdlər bizim müttəfiqlərimizdir, yoxsa düşmənlərimiz?

– Mən burada olduğum müddətdə dostlarımızdı, buradan gedəndən sonra – bilmirəm”.

Bununla yanaşı, ermənilər kürdlərin basqınlarından qorxurdular. General Beqri bəyin adamlarına xərac qismində tüfənglər verdikdən sonra dəstənin Vana doğru hərəkət etməsi üçün icazə aldı.

Beqri bəyin torpaqlarından dərhal sonra erməni kəndləri gəlir, yolçular tüstülənən xarabalıqları görürlər. “Bir müddət əvvəl buranı talan ediblər, görəsən, bu gecə olub?”.  

Drujinaçı

Povestin bütün erməni qəhrəmanları drujinaçıdır. Onlar vanlıları şimala, Rusiya Ermənistanına aparır, sonra isə yenidən Vana gətirirlər. Budur, onlar Vana yaxınlaşırlar. “Düzənlikdə, yarım verstlik məsafədə səngər zolaqları və məftil xətləri görünür. Rus əsgərlərini və erməni drujinaçılarını görmək mümkün deyil. Şəhərə giriş açıqdır. Kaş ruslar bura gələ biləydilər!”.

İkinci gediş və Van şəhərinə qayıdışdan bəhs edilən hekayədə camaata erməni drujinaçıları rəhbərlik edirlər, orada heç bir türk yox idi.

Polkovnik – Van qubernatoru 

Bu insan un satıcılarından da hoqqabazdır. “Qaçqınlarla iş üzrə səlahiyyətli şəxs” ona dedi: “Mən uşaqları şimala doğru, İqdıra aparıram. Oradan onları Qafqaza aparacaqlar.” Yəni “gediş” Rusiya hökuməti tərəfindən təşkil edilib. Qubernatorun Vanla bağlı öz fikirləri var idi: “Vanda olan uçqunların arasında çoxlu cır-cındır var. Onları toplamaq, təmizləmək və bir yerə yığmaq lazımdır! İdeyanı anlayırsınız? Əgər burada kağız zavodunu tiksək, o bir il əvvəldən xammalla təmin olunacaq”. Hərbi müfəttiş içəri daxil oldu. Qubernatora üzünü tutub dedi: “Hər yerdə meyitlər var, ordu yoluxma təhlükəsi ilə üzləşib”.

Qubernator Termen dedi: “Düzdür, onlar gedə bilməzdilər. Çünki general Vorontsov bütün qoşunları Vandan çıxarıb. Əhali basqınlar nəticəsində məhvolma təhlükəsi ilə üzləşib”.

İnsanları qorxu idarə edirdi. Təəccüb doğuran hal ondan ibarət idi ki, əhali və qoşun getmiş, qubernator isə qalmışdı.

“Qubernator: Mən qoşunun getməsinin əleyhinə idim. Burada qalmaqla sübut etdim ki, qoşunu çıxarmamaq olardı”.

Kürdlər və türklər Vanı mühasirəyə almamışdılar. Müfəttiş qubernatora qarşı çıxış edərək dedi: “Mənim bu cür düşünməyə əsasım var ki, ermənilər Vanı sizin təbliğatınız nəticəsində tərk ediblər”.

Qubernator dedi: “Bu, cəfəngiyatdır”.

Cəfəngiyat yoxsa hoqqabazlıq? Getməyə hazırlaşan müfəttiş yerli ermənilərdən ona bir bələdçi verməsini qubernatordan xahiş etdi: “Mən arxeologiya ilə maraqlanıram”.

Qazıntı işləri aparmaq üçün ən münasib vaxtdır.

“Mənim əsam haradadır? – qubernator gümüş başlıqlı, zoğal ağacından olan əsasını götürdü. Termen bica yerə çölə çıxmırdı. Əsa əlində olanda o, özünü erməni xalqının patriarxı kimi hiss edirdi”.

Soyqırımı haqqında bu cür yazmaq olmaz, amma Qorodetski Van xalqı haqqında rəğbətlə yazır: “Vaqarşak bütün gözlərdəki kədəri öz gözləri ilə qəbul edərək dedi: - “Mən Danieli tanıyırdım, onun həyatı şam kimidir. Erməni xalqının yandırıldığı ocaqdan alışan şam kimi”.

“Bizim müharibəmiz əqidə müharibəsidir”

Hospitalın iki həkimi yeməkxanada söhbət edirlər.

Həkim Oslabov cəbhəyə yenicə gəlmişdi və xülyalara qərq olmuşdu: “Bizim müharibəmiz əqidə müharibəsi, azadlıq müharibəsidir”.

– Biz kimləri azad edirik? – Qempel soyadlı veteran soruşdu. – Aysorları, kürdləri, yoxsa erməniləri? Biz azad edirik, düzdür, – o gülümsündü, – onların bədənlərini ruhlarından azad edirik. Daha sadə dillə desək, onları o biri dünyaya göndəririk. İnanmırsınız? Tapşırıq belədir. Komandanlığın əmridir.

Romanın qəhrəmanlarından biri olan erməni, çar məmuruna müraciət edir: “Əvvəlcə biz bütün bu bəyannamələrə inandıq və yüzlərlə, minlərlə gənclərimizi ən qatı düşmənimiz olan rus istibdadına verdik. Biz axmaq idik, uzunqulaq idik, əməlli-başlı səfehlik etdik. Bu, fəsad idi. Bizi qırdılar. Dinc erməni xalqının yüz minlərlə nümayəndəsinin cəsədləri əlahəzrətin göz dikdiyi torpağı gübrələmişdir. Neyləyək ki, ona ermənilərsiz Ermənistan lazımdır. Bu barədə bəyannamədə heç nə yazılmayıb. Yollarda tapdaq edilmiş meyitlər, quyulara atılmış cəsədlər. Azyaşlılar, hamilələr. Qadınların və qızların kütləvi zorlanması. Biz yeganə sığınacağımız olan vətənimizdən məhrum olduq, hər şeyi itirdik, başa düşürsüz? Və çar Rusiyası tarix qarşısında cavab verməli olacaq”.

Vanın yerli əhalisi – aysorlar

General Orlov əlahəzrətə məruzə edir: “Urmiya gölü cənub tərəfdən özünün, Van gölünün və Sevan gölünün (Qoxça) yaratdığı üçbucağı qapayır.

Orada kimlər yaşayır?

Farslar. Aysorlar.

Kim?

Keçmiş assuriyalılar. Onlar alçaqboylu, uzun saqqallı və ümumiyyətlə, tüklü olmaları ilə seçilirlər.

Lakin aysorların köçəri olmalarını nəzərə alaraq, qaçqınlara yardım göstərən ictimai təşkilatlar onlara köməklik göstərmirdilər. Bu, nəsli kəsilməkdə, dünya dövlətlərinin qarşıdurmaları zəminində ölümə məhkum olan xalqdır.

Tüklü olmaları ilə seçilən ölmüş aysorları erməni milləti kimi qələmə verdilər.

Təxliyə mərhələləri

Müəllif, təxliyədən fərqli olaraq, bir dəfə də olsun, qovulmadan söhbət açmır. Van şəhərindən uşaqların çıxarılmasının şahidi və iştirakçısı olaraq, o, çar ordusunun təşkil etdiyi təxliyə haqqında yazır. Çar hökuməti tərəfindən yaradılmış qaçqınlara yardım sistemi romanda müfəssəl şəkildə təsvir edilir. Məsələn, təxliyənin təşkilatçılarından biri dövlət Dumasının deputatı, zəhmətkeşlər partiyasının üzvü, Başkalinski rayonu üzrə səlahiyyətli şəxs Lyaxovitski idi.

Romanın daha bir qəhrəmanı gizir Sergeyevdir. Təxliyə mərhələlərinin vəzifəsi Rus Ermənistanına göndərilən qaçqınların ərzaq və mühafizə ilə təmin edilməsi idi.

Kürdistan

“Qumpelin sözlərinə görə, gözəl ölkədir. Burada iki yüzə yaxın xan var. Ölkədə feodal quruluşu saxlanılıb. Kürdistandan sonra Türkiyə gəlir. Bəli. Bu ölkə yiyəsizdir….

Bundan sonra iki yüz xandan biri olan Kərim xan haqqında hekayə yer alır.

“O, Paris universitetinin fəlsəfə doktoru idi. Əla rəssam idi. Keçən il biz Erməni Bulağı və Bokanı ələ keçirən zaman onun sarayı dağıdılmış və talan edilmişdi. Xanın bütün rəsm əsərləri məhv edilmişdi.

Siz necə düşünürsünüz, bu vəhşi neylədi? Onun ürəyi partladı, sarayın xarabalığında vəfat etdi.

Vətənpərvər Kostya: “Ey, Van əhalisi! Siz doğma şəhərinizə qayıtdınız... Həyatımızdan başqa bizim heç nəyimiz qalmayıb. Biz həyat uğrunda mübarizə aparacağıq. Aclıq, xəstəlik və ölümlə mübarizə aparacağıq.

“Bütün bunları kim törədir? – Kostya dostlarına sual verir. - On minlərlə insanı susuz səhra boyu gəzdirirlər, halbuki, heç bir təhlükənin olmamasını nəzərə alaraq Vanda qalmaq olardı! Neçə nəfər xəstələndi, neçəsi öldü, neçə uşaq itirildi”.

“Gediş” dövrünün zarafatları

“- Artavazd rəngi qaçmış halda qışqırdı: “Kürdlər!”.

Mosyan mauzeri götürdü, Vaqarşak və Paxçan Siranuşun əllərindən tutub onu bir qırağa çəkdilər, onun qarşısında durdular və naqanlarını çıxartdılar.

Camaat otağa doluşdu. Hamıdan qabaqda Ayrapet gülərək, zərif beli olan adama söykənərək dayanmışdı….”

Bu, yanlış həyəcan siqnalı idi, zarafatcıl Ayrapet öz dostlarını aldatdı. Hamı sevindi. Əla zarafatdı, əsəb gərginliyi əvəzində pul tələbi.

Ayrapet mahnı oxuya-oxuya dedi: “Şərab və nəğmə ilə əvəzini çıxarıq:

Bülbül bağçalara çağırır,

Məni gülüm can, can.

 Paxçan dedi: – Kaş kamança olardı, zurnaçılar gələrdi!

– Aşıqlar!– deyə Artavazd əlavə etdi”.

İnsanların əksəriyyəti soyqırım haqqında başqa təsəvvürdədir. “Soyqırım” dövrünün bu qonaqlığı təsvir edilmiş fəsil də sanki başqa bir operadandır: “Yeni mənzil qonaqlığı”.

Vanda toy

“Şəhər canlanırdı. Emalatxanalar bərpa edilirdi”. Aşot, Vartan, Tiqran və digər qəhrəmanlar dostlarının toyuna dəvət almışdılar. Lakin Tiqranın vacib işi vardı. Akopun dükanından monpansye alır və dostlarından gizli surətdə şəhərin Türk hissəsinə yollanır. Milliyyətcə kürd olan qoca qarının yaşadığı və erməni qızı Şamiranın onu gözlədiyi evə gəlir. Bundan sonra toya gedir və dostları ilə birlikdə yeyib-içir. Əgər bütün bunları soyqırımı adlandırsaq, belə demək olar ki, toyda olan yemək-içməyi kütləvi zəhərlənmə kimi dəyərləndirməliyik. Nəğmələr oxuyurdular, əsasən, zeytunçuların hərbi marşını ifa edirdilər.

Şəfəq zeytunçuları yola səsləyir,

Silahını götür və atın belinə min!

Hamı şərab içir və bir nəfər zarafatla qışqırır: – “Kürdlər!” Hamı əlinə silah alır. Bir sözlə, hamı əylənir. Sonda yenə də bülbül və gül haqqında mahnı.

Bəlkə Qorodetskini İrana və ya Kiprə, İordaniyaya və ya Suriyaya aparıblar?

Toyda olan söhbət zamanı Kostya deyir: “Yaşadığımız torpaq iki dəyirman daşı – Qərb və Şərq arasında yerləşir... biz bilirik ki, çar Rusiyası çətin məsələdi, lakin biz köməyi çardan yox, ruslardan gözləyirik”.

Bundan sonra yenə də nəğmələr səslənir, hamı oynamağa başlayır. Toy və povest lirik səhnə ilə bitir: “Ayrapet Siranuşu qucaqlayıb, Vanın dəniz kənarında onunla birlikdə gəzirdi, zərif dalğalar sanki “yaxşı yol, baricanapar” pıçıldayaraq, onların ayaqlarını oxşayırdı”.

S. Qorodetskinin “Semiramida bağları” və “Al-qırmızı qasırğa” povestlərini, həmçinin bir sıra oçerklərini Azərbaycan, türk və ingilis dillərində çap etmək lazımdır. Həmin hadisələrin iştirakçısı olmuş şəxsin obyektiv hekayəsi dəyərli tarixi sənəddir. Heç kəs S. Qorodetskini ermənilərə qarşı nifrətdə günahlandıra bilməz, o, erməni şairlərinin şeirlərini tərcümə edib, erməni-rus ədəbi əlaqələrinin inkişafı üçün çoxsaylı cəhdlər göstərib. O, öz yol əhvalatlarını yazmış və 1919-cu ildə Tiflis şəhərində, “Orion” jurnalında “Al-qırmızı qasırğa” povestini nəşr etdirmişdi. Bu zaman soyqırımı haqqında mifin yaradılması ideyası hələ formalaşmaqda idi. Müəllif “Al-qırmızı qasırğa” povestini “qasırğa təşkilatçısı” olan İngiltərəyə və icraçı rolunda çıxış edən çar Rusiyasına çıxarılan hökm kimi təqdim etmişdi. “Al-qırmızı qasırğa “Van xalqını” dünyaya səpələmişdi. “Semiramida bağları” əsəri 1924-27-ci illərdə yazılıb və ilk dəfə “Ədəbi Ermənistan” jurnalının 1971-ci il tarixli 3-4 nömrəli buraxılışlarında dərc edilib. Sənədli povestlərin dəyəri ondan ibarətdir ki, onlar qondarma “erməni soyqırımı” haqqında mifin yaradılması məqsədi ilə tarixi faktların manipulyasiyasından öncə yazılıb. “Erməni soyqırımı”nın qəbul edilməməsinə görə nəzərdə tutulan məhkəmə təqibi Qorodetskinin kitablarının tonqalda yandırılması tələbi ilə eyni qüvvəyə malikdir. Lakin birinci əməl üçün Fransada azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulubsa, kitabların tonqalda yandırılması orta əsrlərə aid vəhşilik kimi qiymətləndirilir. Bu sənədli povestlərin yazılması və nəşr edilməsi tarixi soyqırım haqqında mifin yaradılmasının əsl səbəblərini ifşa edir.

 

Rus dilindən çevirdi: Kənan HACI

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.