Nizami Gəncəvinin “Yeddi gözəl”i Madriddə təqdim olundu

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Madriddə işıq üzü görmüş “Yeddi gözəl” kitabının “Espacio Ronda” Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirilib. Tədbirdə İspaniya ictimaiyyətinin tanınmış nümayəndələri, elm və sənət adamları iştirak ediblər.
İspaniyanın Mühyiddin İbn əl-Ərəbi Cəmiyyətinin sədri, filologiya elmləri doktoru, professor Pablo Beneito tədbiri giriş sözü ilə açaraq, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının dünya poeziyasına təsirindən, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İspaniya–Azərbaycan ədəbi əlaqələrinin inkişafına, iki ölkə arasında ədəbiyyatlararası mübadilələrə verdiyi əlamətdar töhfələrdən danışıb.
Daha sonra “Mandala Ediciones” nəşriyyatının direktoru Fernando Kabal Riera, yazıçı-rəssam Ana Krespo, Azərbaycan Respublikasının İspaniyadakı səfirliyinin nümayəndəsi Məqsəd Hüseynov və digər qonaqlar çıxış edərək, Nizami Gəncəvi poeziyasının dərin hikmətlərindən, ədaləti, humanizmi, bərabərliyi, İnsanlığa sevgi və mərhəməti tərənnüm edən bəşəriliyindən söz açıblar.
Tədbirin sonunda yazıçı-rəssam Ana Krespo sufizm mövzusunda çəkdiyi rəsmlərin slaydlarını nümayiş etdirib, mövzuya dair sualları cavablandırıb.
Qeyd edək ki, ilk dəfə Madriddə 2000-ci ildə işıq üzü görmüş kitab Nizami Gəncəvini İspaniyanın oxucu auditoriyasına “fars şairi” kimi təqdim edən Ön sözlə nəşr olunmuşdu. Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində əsərin müəllifi Nizaminin dahi Azərbaycan şairi olduğunu elmi dəlillər və sənədli faktlarla sübuta yetirən yeni Ön sözlə nəşrinə nail olundu.
Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabın ispan dilinə tərcümə müəllifi – tanınmış ispan mütərcimi Karmen Linares, Ön sözünün müəllifi – görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru – tanınmış ispan filoloqu Fransisko Kapilla Martindir.
Qalereya
VƏ DİGƏR...
-
Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Orxan Fikrətoğlunun ispan dilinə tərcümə edilmiş “Son igidin nağılı...” hekayəsinin yayınına başlayıb.
-
“Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu
“Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:
-
“Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu
Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.