Fransa Müqavimət Hərəkatının azərbaycanlı əfsanəsi

Fransa Müqavimət Hərəkatının azərbaycanlı əfsanəsi

Parisdə satirik jurnalın əməkdaşlarının güllələnməsi hadisəsindən sonra Fransa hakim elitasının nümayəndələri Avropada multikulturalizmin uğursuzluğu ilə bağlı Almaniya kansleri Angela Merkelin dediklərini təsdiqlədilər.

Yadımıza 2014-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı yazıçı Patrik Modiano düşür. Bookmeykerlər ədəbiyyat üzrə mükafatın yapon nasiri Haruki Murakamiyə veriləcəyini proqnozlaşdırırdılar. Amma, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır: laureat altmış doqquz yaşlı nasir, ssenarist, “Üfüq”, “İtirilmiş gəncliyin kafesi” romanlarının və digər əsərlərin müəllifi olur. Modiano müsahibələrinin birində deyir ki,  nə qədər qarışıq və utancverici işğal dövrü olsa da, o, tarixi keçmişinə bağlı adamdır. Bununla belə, Modiano general Şarl de Qollun Avropa Müqavimət hərəkatındakı rolunu inkar etməklə yanaşı, fransız müqavimət hərəkatında iştirak etmiş əcnəbilərin fəaliyyətinə də olduqca biganə yanaşır. Hər halda böyük xidmətlərinə görə Fransanın ən şərəfli ordeni olan “Hərbi xaç” mükafatına layiq görülmüş legionerlərdən birini xatırlamağa dəyər.

Fransa tarixinin ən ağır dövründə mühacirlər Fransanın şərəf və ləyaqətinin müdafiəsində böyük rol oynayıb. Həmin qəhrəmanlardan biri də Əhmədiyyə Cəbrayılov idi. 1945-ci ildə Fransada heç kəs ona, “Sən artıq vəzifəni yerinə yetirmisən, indi evinə qayıda bilərsən,” – demədi.

Fransa tarixində multikulturalizmin xüsusi rolu var idi. Çünki Fransa Müqaviməti Hərəkatında on səkkiz ölkənin nümayəndələri iştirak etmişdilər.

General de Qoll faşizmə qarşı müharibədən sonra ölkələr üçün açıq qapı siyasətinin təməlini qoydu. Həmin qərarın verilməsində həmyerlimizin generalla şəxsi dostluğunun xüsusi rolu oldu.

Şirin MANAFOV


“Hərbi xaç”ı Əhmədiyyə Cəbrayılova yalnız vətənə dönəndən sonra verdilər. Fransanın bu ən ali ordeni uzun illər Moskvanın Döyüş Şöhrəti muzeyində saxlanılıb. Fransa Müqavimətinin qəhrəmanı olan Əhmədiyyə Cəbrayılov haqqında həmin ölkədə kitablar yazılıb, ikiseriyalı film çəkilib. Azərbaycanda isə onun həyatından bəhs edən sənədli filmlər ekran üzü görüb. O, döyüşdə göstərdiyi şücaətə görə beş mükafat alıb. “Hərbi xaç” həmin mükafatların arasında ən yüksəyidir. 1945-ci ildə bu ordeni alandan sonra dostu Moris Torez Əhmədiyyəyə deyir ki, sənin Fransada keçirilən paradlarda generalların önündə getməyə hüququn var. Amma Əhmədiyyə Cəbrayılov bu hüquqdan bir dəfə də istifadə eləmədi.

...1942-ci ildə 4167 saylı əsir Marsel yaxınlığındakı düşərgədən qaçaraq Müqavimət Hərəkatına qoşulur. Mavi gözlü, sarışın gənc fransız və alman dillərini tez bir zamanda öyrənir. Sən demə, o, həm də istedadlı və bəxtli kəşfiyyatçı imiş. Əhmədiyyə Cəbrayılovun adı əfsanəyə çevrilir; o, alman kapitanı forması geyinərək, Müqavimət Hərəkatı iştirakçılarının uşaqlarını faşistlərdən xilas etmək əməliyyatını yerinə yetirir. Uşaqlar xilas edilsə də, özü əməliyyatdan bir gün sonra yaralı halda alman hərbçiləri tərəfindən saxlanılır. Onu alman hərbi forması və zabit sənədləri xilas edir. Əhmədiyyəni alman hərbi hospitalında yatırırlar. Hospitaldan tərxis olunandan sonra partizanların qatara hücumu zamanı göstərdiyi şücaətə görə, o, Tuluza yaxınlığındakı Albi şəhərciyində alman qarnizonunun komendantı təyin edilir.

Əhmədiyyə səkkiz ay Fransa şəhərinin alman komendantı olur. O, rəhbərlik və tabeliyində olanlar arasında böyük nüfuz qazanır. Bu ərəfədə o, general de Qollun rəhbərliyi altında gedən Fransa Müqavimət Hərəkatı prosesini diqqətlə izləyirdi. Əsir düşərgələri onun nəzarətində idi. Albi şəhəri  komendantının əmrilə həbs düşərgəsindəki əsirlərin böyük əksəriyyəti şəhər yollarının təmirinə cəlb olunur. Bu zaman əsirlərin bir çoxu qaçıb meşələrdə  gizlənir. Komendant səhlənkar mühafizəçiləri cəzalandırır və növbəti qrup əsiri gətirmək üçün yola  düzəlir. Əhmədiyyənin Albi düşərgəsindəki göstərdiyi xidmətlər de Qollun marağına səbəb olur. Ancaq alman işğalçılarına uzun müddət dözmək mümkün deyildi, beləliklə də, Əhmədiyyə növbəti sovet əsgərlərini əsirlikdən buraxaraq partizanlar tərəfə keçir.

Müharibə başa çatır. Armed Mişel ləqəbli Əhmədiyyə Fransa prezidenti de Qollun dəftərxanasında işləyir. Ailə qurduğu fransız qadın və iki oğlu ilə Parisdə gözəl bir mənzildə yaşayır.

Əhmədiyyə Müqavimət Veteranlar Birliyinin ən hörmətli üzvlərindən olub. Həmin  xüsusi qvardiya prezidentin dayağı idi. Armed kimi, onun döyüşçü yoldaşları da Fransa iqtidarında yüksək nüfuz sahibi idilər.

...Armed üçün həyat əsrarəngizdir, onun cəmi iyirmi yeddi yaşı var, hərəkatın əfsanəsidir və generalın qayğısı və diqqəti ilə əhatə olunub.

O, Fransa elitasına daxildir.  Dijonda onun adını daşıyan dövlət avtomobil zavodu var. Qəfildən,  1951-ci ildə Armed Mişel yenidən Əhmədiyyə Cəbrayılov olmaq və Şəkidən beş kilometr uzaqda yerləşən doğma Oxud kəndinə dönmək qərarına gəlir.

Dostları və rəsmi şəxslər onu fikrindən daşındıra bilmirlər.

Amerikalılar anadan kəşfiyyatçı doğulmuş bu adama iş, Birləşmiş Ştatlarda vətəndaşlıq təklif edirlər. Fransa hökuməti ona Dijon zavodunun sahibi olmaq təklifi verir, ancaq bütün bunların faydası olmur. Vida zamanı general de Qoll döyüşçü həmkarına Fransa ərazisində bütün nəqliyyat vasitələrindən pulsuz istifadə hüququ verən xüsusi bilet təqdim edir. Bu, ölkədə yalnız bir nəfərə-ölkə başçısına mənsub olan imtiyaz idi.  General onun istəyinə qarşı çıxmadı, - biz azad ölkədə yaşayırıq, - dedi. Amma onu gözlənilməz hədiyyə ilə mükafatlandırdı: istədiyin vaxt geri dönə bilərsən.

Armed Mişel doğma kəndinə gələrək aqronom olur, yenidən evlənir və onu əvvəllər olduğu kimi, Əhmədiyyə çağırırılar. Onun həyatının elə bir dövrü başlayır ki, bu haqda heç kim heç vaxt yazmayıb. Əhmədiyyə özü də bu haqda danışmağı o qədər də sevməzdi.

...Yox, o müqavimət hərəkatına qoşulmamış və sovet əsgəri kimi alman əsirliyinə düşməmişdi.

Beriya dövrünün milis rəisi, mayor Zaydov Əhmədiyyənin üstünə bağırır: “Moris Torez, Jak Düklo kimdi? Sən niyə fotoda alman zabiti libasındasan? Özü də Hitler qarnizonunun komendantı olmusan...”

  Əhmədiyyədən bütün sənədləri, medalları alırlar. Sənədlər “yuxarı” göndərilir. Rayon Partiya Komitəsində keçmiş aqronom Cəbrayılovun əlavə işlərdə işlədilməsi üçün əmr verilir. Baxmayaraq ki, ümumi rayonda peşəkar aqronomların sayı ondan artıq deyildi. Beləliklə, Fransanın Milli Qəhrəmanı Oxud kəndində çoban olur. Hər halda, bu qərar Əhmədiyyənin Sibir düşərgələrində çürüməyinin qarşısını alır. Ola bilsin ki, alman komandanlığının onun başına on min marka  məbləğində mükafat qoyması təklifi ilə bağlı sənədin burada rolu böyük olub. Bəlkə də bu məsələdə arasında “Hərbi xaç” ordeni də daxil olmaqla ona verilən mükafatların təsiri vardı.

Sovet generalları və marşalları arasında Jukovdan başqa heç kim, Fransanın bu ali dərəcəli mükafatına layiq görülməyib. Ən vacibi isə odur ki, o, azadlıqdadır. Məqsəd yalnız sadəcə yaşamaqdır, həbs düşərgəsində olduğu kimi.

Bura Fransa deyildi. Nə Qaskon adlı komandirin rəhbərlik etdiyi partizan dəstəsi, nə Albidə sərxoş əsgərlərin cəngindən qurtulan fransız qızları, nə də əsirlikdən xilas edilmiş uşaqlar vardı.  O, sadəcə çoban, etibar edilmiş kolxoz qoyunlarını canavarlardan qorumaq kimi iddiasız işi olan sadə kənd adamı idi. O, heç yerdə olmamışdı, Moskvaya gəlməmişdi. Yoldaş Stalinin gəzdiyi Qızıl Meydanın səkilərini öpmək arzusu ən şirin xəyalları idi. O qoyun-quzunun mələşmə səsinin müşayiəti ilə bu röyaya dalırdı.

Nə yaxşı ki, heç nəyə baxmayaraq köməyini əsirgəməyən insanlar var. Kolxoz sədri onu çağırıb deyir: “Bilirəm ki, ailən böyükdür. Sənə aqronom maaşı verəcəyəm. Amma heç kəs bilməsin”. Sədr kolxozun motosikletini çobana verir. Əhmədiyyə evə gecə qaranlığında gəlir, sübh tezdən dağa gedirdi. Hətta uşaqları, yaxınları da onun keçmişi haqqında heç bir məlumata malik deyildilər. Risk etmək nəyə lazım idi axı. Amma ona verilən suallardan təngə gəlmişdi. Görəsən, general de Qoll Fransanın şərəf və ləyaqətini qorumuş bir adamın SSRİ-də işsiz-gücsüz, yoxsul vəziyyətdə yaşadığını bilsəydi, buna necə münasibət bəsləyərdi? Hərçənd, indi bütün bunların daha heç bir mənası yox idi. Onsuz da o bir daha nə generalı, nə də Fransadakı övladlarını görəcəkdi...

1952-ci ildə Əhmədiyyəyə çağırış vərəqəsi gəlir. O, yerli prokurorun şəxsi marağına görə təcili olaraq Göyçay prokurorluğunda olmalı idi.

– Əclaf, – prokuror sevincək Əhmədiyyəyə deyir, – uşağı və inəyi motosikletlə vurub qaçmısan.

– Mən Göyçayda sonuncu dəfə müharibədən əvvəl olmuşam, – Əhmədiyyə ona cavab verir.

– Mənim şahidim var, – deyən prokuror onunla birgə hadisə yerinə yollanır.

“Şahidlər” artıq gözləyirdilər. Əhmədiyyəni orta yaşlı bir kişiyə göstərib soruşurlar:

– Onu tanıyırsan?

– Tanıyıram, – kişi cavab verir, – bu adam iki gün əvvəl gözlərimin qarşısındaca bu  bir uşağı və inəyi motosikletlə vurdu.

İkinci “şahid” də onun dediklərini təsdiqlədi:

– Mən, elə bil səni hardasa görmüşəm.

– Elə burda, mən sənin gözlərinin qarşısındaca bir uşağı və inəyi motosikletlə vuranda, – Əhmədiyyə cavab verir.

– Doğrudur, – ikinci “şahid” baxışlarını yayındıraraq cavab verir, – indi xatırladım.

– Bu, axı o adam deyil! – Həmin küçədə yaşayan qadın söhbətə qarışır. – Burda, həqiqətən, qəza baş verib. Sürücü kök, bığlı kişi idi. Özü də motosiklet yox, yük maşını sürürdü. Axı motosikletlə eyni vaxtda həm uşağı, həm də inəyi necə vurmaq olar?

– Eybi yoxdur, – prokuror Əhmədiyyəyə “təsəlli verir” – iki şahid kifayət edir. Bu axmaq qadını isə tezliklə sakitləşdirərik. Əgər yoldaş Stalinə lazımdırsa, motosikletlə nədir, lap fillə də qəza törətmək olar.

 Əhmədiyyə başa düşürdü ki, onun qarşısındakılar rəhbərliyə yarınmaq istəyən adamlardır.

Əzab hissi Əhmədiyyəni məhkəmədə də rahat buraxmırdı: axır ki onu tələyə sala bilmişdilər.

– Utanmırsınız? – Əhmədiyyə məhkəmədən soruşur. – Məni qorxuda bilməzsiniz,  ölümü də görmüşəm, əsir düşərgəsində də döyülmüşəm. Əgər siz əsl kişisinizsə, həbs etmək üçün başqa səbəb tapın. Mən uşağın ölümündə günahkar deyiləm.

Möcüzə baş verir – ona bəraət qazandırırlar. Təbii ki, utandıqlarına görə yox. Dövr o dövr deyildi...

Stalinin ölümündən sonra Əhmədiyyə heç kəsin yadına düşmür. İllər keçir və qəfildən onu Moskvaya çağırırlar. Fransanın Veteranlar Şurası Armed Mişelə yüksək məbləğdə pul mükafatı göndərib. Bu cür qeyri-adi hadisə ilk dəfə idi ki baş verirdi. Onu Xruşşovun qəbuluna dəvət edirlər. Qəbul vaxtı Əhmədiyyə birinci katibə deyir:

– Pulu götürməyəcəyəm, mənim hər şeyim var. Mükafatı geri qaytarın.

O, söz-söhbət yaranmasını istəmirdi: deməli, bizim Əhmədiyyəyə Fransadakı milyonçu dostları böyük məbləğdə pul göndəriblər. Bəlkə inciyib?  Vətən qiymət vermir, amma yadlar mükafatlandırır. Amma onlar yad adamlardır? Məbləğ o qədər yüksək idi ki, ondan imtina etmək o qədər də asan deyildi. Nikita Xruşşov belə bir təklif irəli sürdü: Əhmədiyyə bütün vəsaiti Sovet Sülh Fonduna versin. Əlbəttə, bu haqda Veteranlar Şurasına məlumat veriləcəkdi.

Onunla Bakıda yalnız yüksək səviyyəli qəbuldan sonra maraqlanmağa başlayırlar:  mərkəzdə mənzil, Mərkəzi Komitənin sanatoriyasına putyovka istəmirsiniz?

Əhmədiyyənin tələbi başqa olur. Onun istəyinə əsasən bütün medallarını, ordenlərini, sənədlərini və fotolarını geri qaytarırlar. Ona Fransa Prezidentinin dəftərxanasında işləyən Armed Mişellə, aqronom Əhmədiyyənin eyni adam olması haqqını tanımaq imkanı verilir.

Şəkililər buna özlərinə məxsus şəkildə reaksiya verirlər – Əhmədiyyəni bu hadisədən sonra böyüklər “de Qoll Əhmədiyyə”, kiçiklər isə “de Qoll müəllim” adlandırırlar. Hətta onu briqadir vəzifəsiniə də irəli çəkirlər. Lakin yaşayışı yenə də əvvəlki kimi çətin idi. Əti ancaq Oxud meşələrində qaban ovlayanda yeyirdilər. Qabanın dərisini meşədəcə soyur, anasına onun ceyran əti olduğunu deyirdi. Təbii ki, qadın həqiqəti bilsəydi, inciyərdi.

1963-cü ildə onu yenidən Moskvaya çağırırlar. Qonşulardan və qohumlardan iki yüz manat pul yığır, orden və medallarını çamadanına qoyur, on dörd manatlıq pencəyi ilə Moskvaya yola düşür. Çağırıblar, bəs niyə əvvəlcədən xəbərdarlıq etməyiblər?

 Səbəb çox ciddi idi: general De Qoll SSRİ-yə səfərə gəlməmişdən əvvəl istəyib ki, onu hava limanında qarşılayanlar arasında döyüşçü dostu Armed Mişel də olsun. N.S. Xruşşov yenidən onu qəbul edir. Yüksək rütbəli qonağın silahdaşına elə bir təklif edirlər ki, Əhmədiyyənin ağarmış saçları biz-biz olur. General döyüşçü dostunun Oxuddakı evinə qonaq getmək fikrinə düşə bilərdi. Buna görə də qonşuları evlərindən köçürmək, onların həyətlərini Əhmədiyyənin həyətyanı sahəsi ilə birləşdirmək təklif olunurdu. Ondan yalnız razılıq verməyi xahiş edirdilər, nəticədə kəndin yarısı iyirmi dörd saat ərzində dağa köçürüləcəkdi. Nəticə isə çox yaxşı olmalı idi: Müqavimət Hərəkatının qəhrəmanı indi uğur qazanmış fermerdir, onun bağı, şəxsi traktoru, mal-qara sürüsü, yağ zavodu var.

Əhmədiyyə isə, həyatı təhlükədə olduğu müddətdə qonşularının onunla mehriban davranmalarını heç vaxt unutmayacaqdı. Onunla haqq-salamı kəsmir, ailəsinə kömək edirdilər, onun uşaqları bir dəfə də olsun, “Sənin atan vətən xainidir” sözünü eşitməmişdilər. Komendantı olduğu Albi şəhərindəki əsir düşərgəsindən Əhmədiyyənin azad etdiyi bir nəfər Oxudda yaşayırdı. O, kəndlilərə Əhmədiyyə haqqında hər şeyi danışmışdı.

Əhmədiyyə ona edilən bu şərəfsiz təklifdən imtina edir:

– Mən generalı çox yaxşı tanıyıram, – Armed Mişel deyir, – onu aldatmaq mümkün deyil. O belə “əyləncə”dən zövq almır.

Xruşşov bu xəbərdarlığı ciddi qəbul eləmir, beləliklə də generalla dostluğa yol tapa bilmir. Uzaq Şəki şəhərindən gəlmiş sadə aqronom birinci müavinə xəbərdarlıq edir: “Generalın gözündə gülməli vəziyyətə düşmək ciddi məsələdir”. Amma Xruşşov bundan qaça bilmir, generalın nəzərində gülünc vəziyyətə düşür.

Ali kabinetdə generalın qarşılanma ssenarisi yenidən yazılır – kəndə səfər ssenariyə əlavə edilmir. Əllərindəki bəhanə isə budur ki, çoxlu problemlərimiz var, düzünü desək, SSRİ çətin günlərini yaşayır. Amma yenə də Əhmədiyyəyə, ümumi işin naminə, kiçik yalan söyləmək tövsiyə olunur. Əgər general soruşsa, desin ki, kolxoz sədridir. Razı olsa, dərhal Bakıya zəng edərlər.

Təbii ki, general heç nə soruşmur. O, hər şeyin yerini bilən adam idi. Pilləkənləri düşür, protokol qaydalarına uyğun olaraq zabitlərlə salamlaşır, Armed Mişeli görəndə dostlar qucaqlaşırlar.

Yalnız general de Qollun səfərindən sonra Əhmədiyyəyə Fransadakı birinci ailəsi, döyüşçü dostları ilə görüşmək imkanı verilir. Onun yanına tez-tez Fransadan uşaqları, dostları gəlirdilər. Əhmədiyyə onları respublikanın müxtəlif guşələrində gəzdirirdi. Ondan tez-tez soruşurdular ki, niyə Parisdən qayıdıb? Axı ordan heç kim gəlmək istəməz.

– “La fortune est une franche courtisane”, mənası, həyat yüngül əxlaqlı qadındır, – şəkili fransız gülümsəyərək cavab verirdi.

Əgər bu haqda Müqavimət Hərəkatı iştirakçıları olan dostları soruşsaydı, Əhmədiyyə təəccüblənərdi. Axı onlar “yenilməzlər legionu”ndan heç kəsin, heç yerdə məğlub olmadığını çox yaxşı bilirlər. O ki qalmışdı öz vətənində.

1992-сi ildə Qarabağda həlak olan oğlu Mikayılın yasına gələnlərdən kimsə titrəyən əlini Əhmədiyyəyə uzadır.

– O, mənim oğlum kimi öldü, – Əhmədiyyə titrəyən əli elə möhkəm sıxdı ki, kişilərin gözündən yaş axdı.

Əhmədiyyə ömrünü sakit keçirənlərə hörmətlə yanaşmaq üçün, olduqca fəal həyat yaşamışdı. Biz “de Qoll Əhmədiyyə” adlı nadir eksperimenti araşdırmadıq.

“De Qoll – Əhmədiyyə” öləndə Şəkidə üçgünlük matəm oldu, hərçənd heç kəs bu haqda elan verməmişdi.



VƏ DİGƏR...