"Arşın mal alan" filminin 70 illiyi və ya Hollivudu geridə qoymaq barədə Stalinin göstərişi

"Arşın mal alan" filminin 70 illiyi və ya Hollivudu geridə qoymaq barədə Stalinin göstərişi

Şirin Manafov

"Arşın mal alan" filmi 1945-ci ildə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilib. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilən və rənglənən film indi yeni ekran həyatını yaşayır, dünyanın dörd bir yanında özünə tamaşaçı rəğbəti qazanmaqda davam edir.

1944-cü il. Qızıl Ordu Avropanı azad edir. Stalin kinematoqrafçılardan qalib obrazını-faşizm üzərində qələbə çalmış, ölkələri azad etmiş cazibədar, qüdrətli Sovetlər ölkəsinin tərənnümünü tələb edir. Həm də necə?! Bir sözlə, Hollivudu kölgədə qoymaq lazımdır! Tapşırıq həmişəki kimi qısa və qeyri-müəyyən idi. Çəkiləcək film Hollivudu geridə qoymalı idi. Ölkənin bütün kinostudiyaları rəhbərin əmrini yerinə yetirmək üçün səfərbər olsa da, 1945-ci ildə bu işi yalnız "Azərbaycanfilm" bacardı. 

"Arşın mal alan"-ın parlaq uğuru Avropanın SSRİ-yə marağının artmasına səbəb olmuşdu. Film 140 ölkədə nümayiş olunaraq, Sovet İttifaqına inanılmaz dərəcədə böyük mənfəət gətirdi. Rəhbərin tapşırığı uğurla yerinə yetirilmiş, Avropa, Asiya və Amerikanın nəhəng kino bazarının qapıları sovet filmləri üçün açılmışdı. Doğrudan da, gətirdiyi gəlirə və şöhrətinə görə "Arşın mal alan" filmi Hollivudun ən məşhur filmlərini kölgədə qoymuş və SSRİ-ni nəhəng əsir düşərgəsi kimi təsəvvür edən Avropa tamaşaçısını heyrətləndirmişdi.

 Film 1945-ci ildə ekranlara çıxdı.

"Arşın mal alan" ekrana çıxdığı elə ilk ildən dünya şöhrəti qazandı. Film 86 dilə, operettanın özü isə 80 dilə tərcümə edildi. Film, 140-a yaxın ölkədə yayımlandı. SSRİ-də isə filmə təkcə ilk altı həftə ərzində 16 milyon tamaşaçı baxdı. Həmin dövrdə filmin Azərbaycan və rus versiyasının büdcəsi ümumilikdə 5 milyon 807 min sovet rublu təşkil edirdi. Yalnız ilk iki ildə film ölkəyə 5 milyard rubl gəlir gətirdi. Bu vəsait 1947-ci ildə metallurgiya zavodu üçün xaricdən avadanlıq alınmasına imkan verirdi. Bu beş milyarddan əlavə, "Arşın mal alan" hələ neçə illər xarici prokatdan ölkəyə külli miqdarda valyuta axınını da təmin etmiş oldu. 

Sovet İttifaqının tarixində ən gəlirli ixrac təklifləri sırasında olan "Arşın mal alan" müharibədən sonrakı illərdə sovet kinosunun sürətli inkişafına da təkan verdi. Filmin prokatından əldə olunmuş beş milyard rubl sayəsində SSRİ studiyalarında onlarla yeni film istehsal olundu.

"Arşın mal alanı"-ın uğuru xaricdə digər sovet filmlərinin də yüksək səviyyədə qəbul edilməsini təmin etdi. Film Sovet kinosuna "əvəzolunmaz xidmət" göstərmiş oldu-onu dünyaya optimist filmlərin istehsalçısı kimi tanıtdı. Filmə Avropada o qədər böyük tələbat yaranmışdı ki, Sovet kinosu Polşa, Şərqi Almaniya, Rumıniya, Macarıstan, hətta kino sahəsində artıq öz sözünü demiş İtaliyada belə, kinematoqrafiyanın gələcək inkişaf istiqamətlərinə təsir etdi. Çində "Arşın mal alan"ın uğurunu görən  Mao Tszedun Azərbaycan operettasının Çin versiyasını çəkmək barədə göstəriş verdi və "Örtük altında məhəbbət" filmi ekranlara çıxdı (çinlilər "çadra"ya "örtük" deyir).

Dahi imicmeyker

Filmin böyük potensiala malik olduğunu ilk olaraq Stalin qeyd etdi.

Bədii Şura filmi qəbul etmədi, kino tənqidçilərinin fikrincə, guya film sovet həqiqətlərinə zidd idi, burjua həyat tərzini təbliğ etdiyinə görə sovet xalqı tərəfindən qəbul edilməyəcəkdi.

 Bədii Şuranın üzvləri öz mülahizələrini belə əsaslandırırdılar: "Biz bu filmin bütün qəhrəmanlarını inqilab zamanı və 1937-ci ildə güllələdik. Filmdəki obrazların hamısı bizim düşmənlərimizdi. Amma filmdən belə çıxır ki, onlar mehriban, xeyirxah, şən və ağıllı adamlar olub. "Arşın mal alan"-ın ekranlara gəlməsinə izn vermək o deməkdir ki, bolşeviklər yanılıblar, inqilabaqədərki elit təbəqənin təqib edilməsi isə cinayət imiş, Sovet hakimiyyəti bu gözəl insanların həyatını məhv edib". Əslində, elə məhz bu cür idi.

Təkcə dahi rejissor Sergey Eyzenşteyn Bədii Şuranın qərarına etirazını bildirir və təkid edir ki, onun xüsusi rəyi barədə ən böyük sovet kinotənqidçisi olan Stalinə məlumat verilsin.  Həmçinin, qeyd edək ki, rejissor bütün müzakirə boyu Bədii Şura üzvlərinin şarjlarını çəkərək, sonradan bu karikatura silsiləsini "Vəba zamanında eyş-işrət" adlandırmışdı.

Məşhur "Potyomkin zirehli gəmisi»  filminin rejissoru bildirdi ki, "bu film bütün dünyanı fəth edəcək" və tələb elədi ki, onun Bədii Şuranın qərarı ilə razılaşmadığını Stalinə çatdırsınlar. Təbii ki, Bədii Şuradakı qalmaqalı Stalinə çatdırdılar. Bir müddət sonra, Oktyabr inqilabının ildönümü ərəfəsində, Stalin "Arşın mal alan" filmini onun bağ evinə gətirməyi tapşırır. Kinolenti bağ evinə Jdanov və Dövlət Kinematoqrafiya Komitəsinin o vaxtkı sədri Bolşakov gətirdi.   

 "Arşın mal alan" filminə ard-arda üç dəfə baxan rəhbər, öz heyrətini gizlətmir, yanındakılara bildirir ki, "çox yaxşı, bu, xalqa lazım olan filmdir və qəhrəmanlar da əladır". Stalinin reaksiyası məşhur rejissorların daxil olduğu Bədii Şura üçün nəzərdə tutulmuşdu.

Yalnız Eyzenşteyn, Stalinin bu filmdən  nə gözlədiyini dəqiq oxuya bilmişdi, - ixrac üçün film lazımdır. Hələ 1943-cü ildə - faşist Almaniyası ilə müharibədə dönüş baş verdiyindən və Sovet Ordusunun qələbəsindən sonra Stalin kinematoqrafçılara Hollivudu kölgədə qoya biləcək filmlər çəkməyi tövsiyə etmişdi. Bütün məşhur moskvalı rejissorların çalışdığı Daşkənd kinostudiyasında da Hollivud filmlərini geridə qoyacaq və tamaşaçını arxasınca aparacaq filmlər istehsal olundu. Amma uğur yalnız "Arşın mal alan"ın üzünə gülümsədi.

 Sergey Eyzenşteynin hörməti bir anın içində göylərə qalxdı, "anti-sovet" filminə iftiralar yağdıran Bədii Şuranın üzvlərini isə dəhşət bürüdü. Onlar nümayiş üçün tövsiyə etdikləri filmin yeni yozumu barədə mülahizələrini bölüşməyə tələsdilər. Sən demə, filmə, yoldaş Stalin kimi, ard-arda üç dəfə baxmaq lazım imiş. Yalnız bu zaman 1945-ci ilin ən yaxşı Sovet filminin bütün məziyyətlərini layiqincə qiymətləndirmək olardı. "Arşın mal alan" üçün yaşıl işıq yanmışdı, amma film özünün dünya şöhrətinə bu kiçik əhvalat sayəsində deyil, yüksək bədii keyfiyyətlərinə və əla aktyor oyununa görə nail olmuşdu. Qeyd etmək lazımdır ki, Əsgər rolunu Rəşid Behbudov və Gülçöhrə rolunu Leyla Cavanşirova-Bədəlbəyli ifa edirdi.

Bəs, film Qərb ölkələrində necə qarşılandı? Tamaşaçılar kino zalından yüksək əhvali-ruhiyyədə çıxır, artıq onlar SSRİ-ni xoşbəxt həyat sürən nikbin insanlar ölkəsi kimi tanımağa başlayırdılar. Film Stalinin şəxsiyyətinin, ölkəsinin, hakimiyyətinin parlaq obrazını təcəssüm etdirirdi.

Stalin filmi necə gördü

Stalinin gənclik illəri Bakıda keçmişdi, elə "Arşın mal alan" filmi də bu ərəfəni təsvir edirdi. Rəhbər həmin dövr Bakısının ab-havasına, insanlarına yaxşı bələd idi. O ilk dəfə Bakıda 1904-cü ilin iyununda olmuşdu. Sonralar -1907-1910-cu illərdə Bakıdakı Bayıl həbsxanasında cəza çəkmiş, həbsxanadan çıxdıqdan sonra iki il Bakıda yaşamışdı.

Stalin "Arşın mal alan"dakı səhnələri dəfələrlə izləyib. Çünki 1925-ci ildə Tiflisdə pyes altı dildə - gürcü, Azərbaycan, erməni, rus, aysor və ivrit dillərində səhnələşdirilmişdi. Mövzu və qəhrəmanlar hamıya tanış idi. Film isə hər yerdə anşlaqla nümayiş olunurdu, insanlar dəfələrlə, həm də ailəvi filmə baxmağa gəlirdilər. Mövzu bütün dövrlərdə aktual olduğuna görə, müxtəlif zamanlarda, müxtəlif quruluşlarda tamaşaçılara təqdim edilib.

Filmin həm özü, həm də onu yaratmış cəmiyyət rəğbətlə qarşılanırdı. Bədii Şura üzvlərinin heç cür anlaya bilmədiyi ikinci amil  Stalin üçün olduqca önəmli idi. S.Eyzenşteynin filmə peşəkarcasına yanaşmasından fərqli olaraq, Stalini Sovet cəmiyyətinin heyrətamiz obrazının yaradılması maraqlandırırdı.

Bədii Şura üzvləri Eyzenşteynin "Film bütün dünyanı fəth edəcək" sözlərini düzgün başa düşməyərək, filmi tənqid etmişdilər. Stalinə isə dünya ictimaiyyətinin filmə göstərəcəyi reaksiya maraqlı idi.

"Arşın mal alan" Stalinə bir oxla bir neçə hədəfi vurmağa imkan verirdi.

Bədii Şurada təcrübəli rejissorlar, gözündən heç nə yayınmayan yaradıcı insanlar təmsil olunsa da, Eyzenşteyn istisna olmaqla, onların heç biri Stalinin nə istədiyini anlaya bilməmişdi. Ancaq 1943-cü ildə Üzeyir bəy özü də filmdə o dövrün mövcud  problemlərinin açılmasına, Əsgərin öz istəyi ilə taleyinə sahib çıxmasına anlaşıqlı yanaşdığını vurğulamaqla, "Ellər atası"nın nə istədiyini düzgün hesablaya bilmişdi.

 

***

Filmi bəyənən Stalin onun ölkədə nümayişinə icazə verilməsi səbəbini necə əsaslandırmaq barədə Bolşakova ipucu verir: "Bəli, "Arşın mal alan" antisovet filmdir, sovet hakimiyyəti tərəfindən amansızlıqla məhv edilmiş köhnəliyi, keçmiş həyatı tərənnüm edir. Amma biz qalib gəlmişik". Beləliklə də filmin nümayişinə verilən icazənin əsas səbəbi də məhz bu olur.

"Bu, bizim qalib, dövlətimizin güclü olması deməkdir. Biz öz gücümüzə və böyüklüyümüzə o qədər güvənirik ki, keçmişin qalıqları, qalib gəldiyimiz burjua dünyası barədə komediyaya baxıb əylənə də bilərik. Bizə Qərb tamaşaçısına təqdim etmək üçün məhz belə filmlər lazımdır". "Arşın mal alan", sadəcə, bir film kimi önəmli idi. Bu film yeni bir cəmiyyəti - SSRİ-ni təqdim etdi: qərblilərdəki kimi, sovet adamlarının da dəyərləri var, onlarla da dost olmaq, əməkdaşlıq etmək olar. Bu ölkədə sahibkarlıq, insanların istəkləri, gələcəklə bağlı arzuları yüksək qiymətləndirilir. Deməli, qanlı sovet diktaturası və Stalinin insanların şəxsi təşəbbüskarlığının məhvinə yönəlmiş istibdad rejimi haqqında Qərb mətbuatının yazdıqları isə, başdan-ayağa iftira və böhtandır.

Avropada filmin geniş prokatı SSRİ-nin cazibədar obrazını yaradaraq, sovet filmlərinin üzünə qapıları açdı, onlara tamaşaçı marağının artmasına səbəb oldu. 

Filmin verdiyi mesaj bu idi: siz SSRİ-də diktaturadan, tiranlıqdan, söz azadlığının olmamasından dəm vurursunuz, amma görürsünüzmü, bizdə belə filmlər çəkilir və vətəndaşların ixtiyarına verilir. 

"Arşın mal alan" filmində  sahibkarlıq və şəxsi mənfəət hissi kimi sırf burjua dəyərləri tərənnüm edilir. O vaxtlar gənc olan məşhur parodiyaçı Arkadi Raykin nəinki filmin özü, hətta onun çəkilməsi ilə bağlı təfərrüatlarla maraqlanmışdı. O, Stalinin gözlənilməz reaksiyasının nədən qaynaqlandığını bilmək istəyirdi.

Çünki bu, satirikin totalitar rejim şəraitində "yaşaması", sərbəst fəaliyyət göstərməsi üçün  yeganə şans idi. Bir versiyaya görə, Stalin "Arşın mal alan" filmini də, onun müəlliflərini də məhv etməliydi. Lakin bunun tam əksi baş verdi: rəhbər etiraf etdi ki, belə filmlərə, Üzeyir Hacıbəyli kimi müəlliflərə böyük ehtiyac var. A.Raykin də öz oyununu, eyni vaxtda bir neçə taxtada oynayan şahmatçı kimi, ziddiyyətlər üzərində qururdu. Bu, ona stalinizmin repressiyalarından sağ çıxmaq və 1953-cü ildə - N.Xruşşovun hakimiyyəti dövründə əsl ulduz kimi parlayaraq milyonların sevimlisi olmaq imkanı verdi.

Deməli, Raykin bu filmin yaranma tarixi haqqında bütün təfərrüatları öyrənir.   Axı S. Eyzenşteynə qədər, hələ 1943-cü ildə "Arşın mal alan" filminin çəkilişləri başlayanda kimsə riskləri gözə almalı və tarixə dönmüş keçmişin qəhrəmanlarına  rişxənd etmədən, böyük sevgi və rəğbətlə yanaşaraq filmi, məhz tamaşaçıya təqdim olunduğu kimi çəkməyə cəsarət etməli idi. Filmin yaradıcıları hər şeyi incəliklərinə qədər dəqiq hesablamışdılar. Bütün bu incə hesablamalar dəqiqliyin inqilabı idi. İnsan necə düşünə bilər ki, hər şeyi bu qədər yerində, sərrastlıqla edə bilsin.

Raykin və onun kimi minlərlə insan üçün "Arşın mal alan" sanki tunelin sonunda görünən işıq idi.  "Arşın mal alan" fenomenini anlamaq bir satirik, "müxalifətçi" olaraq hakimiyyətin gizli motivlərini açmaq, sağ qalmaq və öz sözünü demək imkanı əldə etmək demək idi. 

1943-cü ildə Hitlerə qarşı müharibədə dönüş yaranmışdı, düşmən, hələ ki, güclüydü, amma Qızıl Ordunun hər bir hücumundan sonra alman əsgərləri geri çəkilirdi. Almaniyada artıq hər kəs təşviş içərisində idi. SSRİ-də isə insanların üzündə artıq sevinc, təbəssüm görünməyə başlamışdı. Stalin sovet kinematoqrafçılarına SSRİ-nin cazibədar obrazını yaratmağı tapşırır. Onlarla uğursuz cəhddən sonra, nəhayət, "Arşın mal alan" filmi ərsəyə gəlir. O illərdə ölkədə, əsasən bir mövzuda - faşizmlə mübarizədən, döyüşçülərimizin qəhrəmanlığından bəhs edən filmlər çəkilirdi.

Daşkəndə köçürülmüş "Mosfilm" və "Lenflim" studiyalarında 1943-45-ci illərdə çəkilən  filmlər bu vəzifənin öhdəsindən gələ bilmir.

Rejissorlar M. Room, Y. Protazanov, V. Braun "Daşkəndfilm"də "İki döyüşçü",  "Dəniz qırğısı", "Molla Nəsrəddin" və başqa filmləri çəkirlər. Müharibədən sonra özbək rejissorları N. Qaniyev "Tahir və Zöhrə" filmini, rejissor K. Yarmatov "Əbu Əli ibn Sina" və "Əlişir Nəvai" filmlərini, rejissor A. Fayziyev "Ağa və nökər"  filmlərini lentə alır.

Stalinin tapşırığını yalnız Bakıda düzgün anlayıb dəyərləndirə bilmişdilər. Bu, o demək idi ki, yeni mərhələ üçün Qərb dəyərlərinə SSRİ-nin sadiq olduğu illüziyasını yaratmaq barədə Stalinin tələbini düzgün qiymətləndirə bilən bir məktəb, bir mərkəz artıq mövcuddur.

Stalinin film haqqında dedikləri Bədii Şuranı heyrətə gətirmişdi. Onlara nökərlərlə ağaların, siniflərin ziddiyyətlərindən bəhs edən Bomarşenin "Fiqaronun toyu" daha yaxın idi. "Əsl sovet tamaşası belə olmalıdır", - deyə düşünürdülər. - "Arşın mal alan"da isə "Lütfəli adi nökəri deyil, varlı sahibkarın dostu rolunu oynayır. Bəs, onda inqilab nəyə lazım idi və biz nəyə  görə mübarizə aparırdıq?"

1946-cı ildə Venesiyada Beynəlxcalq kino-festifalda köhnə sovet filmlərinin retrospektiv nümayişi keçirilir. Tamaşaçılar Vasilyev qardaşlarının "Çapayev", A.Zarxi və İ.Xeyfitsin "Baltikanın deputatı", V.Eysmontun  "Bir qız haqqında nağıl", V.Petrovun "Günahsız müqəssirlər", M.Çiaurelinin "And" filmləri ilə tanış olur. Festivalın əsas mükafatı-"Qızıl lent"i M.Donskoyun "Yenilməzlər" kinofilmi qazandı.  Bütün bu filmlər müharibə mövzusunda idi, "Arşın mal alan" isə cazibədar ölkənin simvolu kimi çıxış edirdi.

Stalinizm məhv etməyə çalışdığı tarixin uğurlarından istifadə etməyə çalışırdı. Üzeyir bəy və yaradıcı heyət  sübut etdi ki, 1900-cü ilin Bakısı bu gün də yaşayır, Azərbaycan intibahının enerjisi və nikbinliyi bu filmlə xilas edilib və mədəniyyətimizə öz töhfələrini verməkdədir. Zeynalabdin Tağıyev və Üzeyir Hacıbəyli epoxasına bu gün də ehtiyac var. O dövrün insanları dəyərləri məhv etmədən də, qalib gəlməyi bacarırlar. Heç bir film, tamaşa, sərgi, siyasətçilərin çıxışları, heç bir konfrans "Arşın mal alan" filminin Qərbdə yaratdığı "Sovet İttifaqı humanizmin dayağıdır" illüziyasının verdiyi effekti təkrarlaya bilmədi.

İlk baxışdan sadə bir operetta kimi görünən bu filmdə aktyor oyununu xüsusi qeyd etmək lazımdır. İfalar o qədər mükəmməl idi ki, Qərb tamaşaçısını heyrətə gətirmişdi - Lütfəli Abdullayevin yüksək aktyorluq məharəti ilə onlar insanın öz hüquqlarını necə tələb etməyinin nümunəsini gördülər. Qəhrəman öz qanuni haqqını olduqca nəzakətli şəkildə tələb edir, heç bir zorakılığa əl atmadan qələbə çalır.

Belə ağıllı bir davranışla ətrafdakıları özünə cəlb etmək - yeni oyunda Sovet İttifaqının ən çox ehtiyac duyduğu məsələ də elə bu idi: Biz Avropada humanist ənənələrə sadiqlikdə liderik, bu ənənələri qoruyur və inkişaf elətdiririk. Filmin yaradılmasının təşəbbüsçüsü Üzeyir bəy müharibədən sonrakı SSRİ-nin nə istədiyini dəqiq müəyyənləşdirə bilmişdi. Güc tətbiq etməyən, humanizm prinsiplərini dəstəkləyən, zəiflərin müdafiəsində duran ölkə "Arşın mal alan" kimi filmlərlə qalib gəlmək sənətini öyrədir.

SSRİ-nin süqutundan sonra da bu mövzu gündəmdədir. Üzeyir bəy məktəbinin unudulmaqdan xilas etmiş olduğu şən, işıqlı ölkə bu gün müstəqil Azərbaycanın inkişafına xidmət edir. Həmin epoxa iqtisadiyyat, sənaye və incəsənət sahələrində dünya miqyaslı oyunçular hazırlanması işində öz təcrübəsini bizimlə bölüşməyə hazırdır. "Arşın mal alan" filmi bu təcrübədən istifadə etməyi bacarmağı öyrədir. 

İndi bizə lazım olan da məhz budur. Əgər biz düşünə bilən aktyorlar yetişdirmək istəyiriksə, millətə belə xəzinələr bəxş edən Lütfəli kimi insanları və onları yetişdirən dövrü geniş araşdırıb öyrənməliyik. Bizim zənginliyimizin gücü nədədir?  1880-1919-cu illərdə Bakıda neft sənayesində güclü rəqabət olduğu bir dövrdə  azərbaycanlıların başçılıq etdiyi böyük şirkətlərin yaranması cəmiyyətin sürətli inkişafına təkan verdi. Heç kim güman edə bilməzdi ki, "Arşın mal alan" filmi müharibə mövzusunda çəkilmiş sovet kino klassikasının məşhurluğunu onlarla ölkədə geridə qoyacaq. Filmin uğuru sovet  kinosunun "nəhənglərini" heyrətə gətirmişdi.

"Arşın mal alan" filmi totalitar dövlətin məntiqinə o qədər zidd idi ki, onun Venesiya kinofestivalı kimi nüfuzlu tədbirlərdə təbliğ olunmasına belə ehtiyac yox idi. Film özü onsuz da hər şeyi deyirdi. Məşhur filmin uğuru Lütfəli üçün də dərs oldu və o, bu dərsi çox gözəl mənimsədi.

Bədii Şuranın tərəddüdləri

Bədii Şura "Arşın mal alan" filmini 5 iyul, 1945-ci ildə müzakirəyə çıxardı. Filmin rejissoru Rza Təhmasib yazırdı ki, rejissor Mixail Romm və aktyor Nikolay Oxlopkov film haqqında belə dedilər: "Yaxşı film deyil. Amma qoy ekranlara çıxsın, hər halda, insanlar əziyyət çəkiblər".

Yalnız rejissor Sergey Eyzenşteyn buna etirazını bildirir. M.Romm isə israr edir: "Mən yoldaş Stalinə filmin uğursuz olması ilə bağlı məlumat verəcəyəm". S.Eyzenşteyn öz növbəsində etirazını bildirir: "Bu film sıçrayışdır, uğurlu bir eksperimentdir. Xalq onu qəbul edəcək".

Lakin onun bu fikrini heç kim dəstəkləmir, nə rejissor S.Gerasimov, nə də bəstəkar A.Moskvin. General M.Qalaktionovun fikri isə belə olur: "Bu filmdən Sibir qoxusu gəlir". Mixail Romm bu işdən niyə Sibir qoxusu gəldiyini Rza Təhmisibə izah edir: "Siz demək istəyirsiniz ki, inqilabaqədərki həyat çəkdiyiniz bu filmdəki kimi gözəl idi?" Təbii ki, bu cür yanaşmadan sonra heç kim filmin üstünlüklərini dəstəkləyə bilməzdi.

5 iyul, 1945-ci ildə Bədii Şura müzakirələri yekunlaşdırmaq qərarına gəlir. İki gündən sonra "münsiflər" yenidən bir araya gəlir. Dövlət Kinematoqrafiya Komitəsinin sədri Bolşakov S. Eyzenşteyndən filmi tərifləməkdə bu qədər canfəşanlıq göstərməsinin səbəbini soruşur. S. Eyzenşteyn əvvəlki fikrində qalır: "Bu, yeni nəfəs, bir inqilab, böyük bir uğurdur." Bunu dünyaca məşhur "Potyomkin" filmini çəkmiş S.Eyzenşteyn deyirdi, amma yenə də sığortalanmağı düşünürdülər. Bolşakov Mərkəzi Komitənin katibi Jdanovun və Bədii Şura üzvlərinin iştirakı ilə filmə baxış keçirir. Jdanov da "burjua həyat tərzini təbliğ edən" bu filmi rədd edir.

Təbii ki, Stalinə bu barədə məruzə edildi. Filmi çox bəyənmiş Stalinin müsbət reaksiyasını görən Jdanov bildirir ki, o, film haqqında yüksək fikirdə olsa da, Bədii Şura üzvləri buna qarşı çıxıblar. Deyiblər k, "bizə Böyük Vətən müharibəsinin qəhrəmanları haqqında film gərəkdir, "Arşın mal alan" isə məişət komediyasıdır. Nəinki Bədii Şura, rəhbərin ən yaxın ətrafı belə, mahiyyəti anlaya bilməmişdi. Qeyri-standart fikirlər irəli sürən diktatorun nə düşündüyünü heç kəs qabaqcadan təxmin edə bilmirdi. Bu isə sovet partiya xadimlərini və yaradıcı adamları daima gərginlikdə saxlayırdı.

Ölkənin Bədii Şuralarının bütün üzvləri hipertoniya və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Rəhbərin nə istədiyini necə bilmək olardı? Bu sual insanları həyəcanlandırır, onların sərbəst düşüncə qabiliyyətlərini iflic edirdi. "Arşın mal alan" filmi onu xoşbəxt edəcək qadın uğrunda mübarizə aparan qəhrəmanın car çəkdiyi azadlıq himni idi. "Arşın mal alan" puritan əxlaqını vəsf edən sovet filmləri arasında sanki məngənədə idi. Sevmək ehtirası və sevilmək istəyi ona qarşı çıxan Bədii Şura üzvlərinin bütün maneələrini dəf etdi. "Arşın mal alan" ilk antisovet film idi.

Sanki film, SSRİ-də deyil, azad bir ölkədə çəkilmişdi və Şura üzvlərini qəhrəmanların azadlığı ilə heyrətə salmışdı. Heç kim filmlə və onun yaradıcı heyəti ilə necə davranmalı olduğunu bilmirdi. SSRİ-nin ən vacib şəhərlərindən biri olan Bakı öz keçmişini unutmaq istəmirdi. Bu keçmişi sevir, ondan zövq alır və onu qoruyub yaşadırdı.

Bədii Şuranı heyrətə gətirən səbəblərdən biri də aktyorların rollarını necə zövq və həvəslə ifa etmələri idi. Təcrübəli insanlar məsələnin nə yerdə olduğunu anlamışdılar. Keçmiş əyyam Bakıdan heç yerə getməmişdi, o, bu cənub şəhərində çiçəklənməkdə idi. Burada keçmişi sevən çoxlu insanlar yaşayır, hətta bütün Bakı Sibir qoxusa belə.

Belə olmasaydı, aktyorların oyunu bu qədər inandırıcı olmaz və harmoniya təşkil etməzdi. Əsgər, Vəli və digərləri öz-özlərini oynayırdılar.

Bədii Şuranı heyrətə gətirən də elə bu səbəb idi - yəni Stalin bütün bunları dəstəkləyir? Bəs, onda repressiya illəri və insanları məhv etmək nəyə gərək idi? İndi isə belə çıxır ki, o dövrdəki həyat olduqca firavan, insanları isə kübar imiş?

Təsəvvürə gətirmək belə çətin idi ki, Stalin bütün bunları bəyənir. Diktaturanın məntiqinə görə, rəhbər filmi qadağan etməli və müəllifləri - Sovet hakimiyyəti illərində Azərbaycanda zərərli operetta janrının inkişafında rolu olmuş insanları Sibirə göndərməli idi.

Qorxu hissi S.Eyzenşteyndən başqa, hər kəsi bürümüşdü. O bilirdi ki, hələ 1938-ci ildə, Moskvada keçirilən Azərbaycan Mədəniyyəti Günlərində Stalin "Arşın mal alan" tamaşasını izləmişdi. Əsgər rolunu Bülbül o qədər mükəmməl ifa etmişdi ki, Stalin emosiyalarını cilovlaya bilməyərək onu alqışlamışdı. Nümayəndə heyətinin şərəfinə təşkil edilmiş qəbulda Üzeyir Hacıbəyliyə Stalinlə Molotovun arasında yer vermişdilər. Stalin Üzeyir bəyə deyib: "Mən sizin pyesə hələ Tiflisdə olarkən baxmışam. Yadımdadır, pyesin mahnılarını bütün Gürcüstanda oxuyurdular."

"Arşın mal alan"a yaşıl işıq 1938-ci ildə yandırıldı. Hələ müharibədən əvvəl Bakı kinostudiyasında filmin çəkilişi ilə bağlı hazırlıq işləri başlamışdı, lakin bu arzu yalnız 1943-cü ildə reallaşa bildi.

Bədii Şuranın məğlubiyyəti

Bədii Şuranı narahat edən, "canına vəlvələ salan" səbəb, əslində, Stalin üçün hava və su kimi önəmli idi. Qərbdə müstəqil insanların yaşadığı azad ölkə illüziyasını yaratmağa ehtiyac duyulurdu.

Guya SSRİ-də azad şəxsiyyətin formalaşması üçün münbit şərait var. Guya SSRİ hitlerizmə qarşı nifrət bəsləyən Avropa üçün xoşbəxtlik və işıq saçan simurq quşudur. Amma "Arşın mal alan"dan başqa, heç bir sovet filmi Qərbdəki radikal cəmiyyətin SSRİ haqqında təsəvvürlərini dəyişə bilməmişdi. Guya, Sovet İttifaqı günəşli bir ölkədir, o, bizi humanizmin qələbəsinə və ruhən yenilənməyə aparacaq. Bu "yadplanetli film"in müharibədən sonrakı Avropaya böyük təsiri oldu, azad inkişaf edən cəmiyyətin tərəfdaşı olan bir ölkənin lideri kimi Stalinin nüfuzunu artırdı.

1943-cü ildə Sovet ordusu Avropa sərhədlərinə yaxınlaşır, bu da faşizmə qarşı mübarizədə həmrəy olmuş Qərb siyasətçilərini narahat edir. 1943-45-ci illərdə iki nəhəngin - Stalinlə Çörçillin müharibədən sonrakı Avropaya nüfuz etmə uğrunda mübarizəsini izləyən Üzeyir bəy Stalinin "Hollivudu geridə qoymaq" ifadəsini doğru qiymətləndirməyi bacarır. Avropaya təsir etmək üçün isə Stalinin xarakterinə uyğun olmayan yeni metod tələb olunurdu. Risk böyük olsa da, özünü doğrultmuşdu. "Arşın mal alan" SSRİ-nin cazibədar obrazını yarada bilmişdi. Nəticədə gözəl bir mənzərə yaranmışdı. Yəni, sovet rəhbərliyi həssaslıq göstərərək, "Arşın mal alan" kimi filmlərlə Avropa dəyərlərini özündə əks etdirən azad insanların özünüifadə formasını dəstəkləyir.

1946-cı ildə, "Arşın mal alan" filminin təqdimetmə mərasimindən sonra Üzeyir Hacıbəyli, Rza Təhmasib, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, Münəvvər Kələntərli, Rəşid Behbudov və Lütfəli Abdullayev Stalin mükafatına layiq görülürlər. L.Abdullayevin siyahıya salınmasını Stalin özü tapşırmışdı. Üzeyir Hacıbəyli isə ikinci dəfə Dövlət Mükafatı ilə təltif edilir.

"Arşın mal alan"ın çəkilməsi ilə 1945-ci ildən sonrakı sovet film sənayesinin strategiyası müəyyən edildi. Film müharibədən bəhs edən lentlərin əldə edə bilmədiyi uğura yol açdı. Filmin qəhrəmanı öz məqsədi uğrunda cəmiyyətə qarşı müqavimət göstərir, onu arxasınca aparırdı.

"Arşın mal alan"ın uğuru həm də onda idi ki, o, məişət zəminində qələbə qazandı.

Tamaşaçıya heç bir müharibə, zorakılıq, qorxu hissi aşılanmadan, heç bir hərbi istismar, təcavüz olmadan qəhrəmanın cəmiyyətdə necə qalib olması nümayiş etdirildi. Bu isə o demək idi ki, təkcə o deyil, sizin hər biriniz qəhrəmansınız. Bunu hətta Vəli və Tellinin parlaq ifasında da əyani şəkildə görmək mümkün idi.

 

Lütfəli nəyə görə mükafatlandırıldı

"Arşın mal alan" filminə görə Dövlət mükafatı alanların siyahısında Lütfəli Abdullayevin adı yox idi. Stalin özü onun adının siyahıya salınmasına göstəriş vermişdi. Aktyor 1938-ci ildən teatrda Əsgərin nökəri Vəli rolunda çıxış edirdi. Musiqili Komediya Teatrının 1973-cü ildə hazırladığı tamaşada Telli rolunda Ofeliya Aslan, Vəli rolunda isə Səyavuş Aslan çıxış edib.

Lütfəli Abdullayevin qəhrəmanı qulluqçu Tellinin nazını elə sevgi və nəvazişlə çəkir ki, ikincidərəcəli rollar olduğuna baxmayaraq, bu unudulmaz duet tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

Filmdə Vəli yalnız əmrə müntəzir nökər deyil, bəlkə bir dost, yeni dünyanın yaradıcılarından biridir. Aktyor həyatda da, səhnədə də gülər üzü, şən əhvali-ruhiyyəsi ilə sanki keçmişə meydan oxuyurdu. Musiqili Teatrın yaranmasında əməyi, xidməti olduğuna görə qürur duyurdu. O, Üzeyir bəyin tövsiyələrini Vəli rolu ilə tamaşada da həyata keçirirdi.

Onun oyunu tamaşaçılara nikbinlik aşılayır, Stalinin gənclik çağında gördüyü Bakının abı-havasını canlandırırdı.

Avropa tamaşaçısının reaksiyası isə gözlənilməz oldu: Bəli, belə filmlər istehsal edən ölkə, əlbəttə ki, müharibədə də qalib gəlməli idi. Bu insanlar nəinki qalibdirlər, onlar həm də səmimi, mehribandırlar, onlar qalib olmağı da gözəl bacarırlar. "Arşin mal alan" kimi filmlər bu insanlarda həyat eşqi, qurub-yaratmaq həvəsi oyadır. Bu optimizm SSRİ-ni və sovet adamını liderə çevirir. Onların arxasınca getməyə dəyər, onların arxasınca gedənlər gələcəklərinə təminat qazanırlar. Bu hissin daşıyıcısı, şən və qayğısız obrazların yaradıcılarından biri isə həyatda da, rolda da Lütfəli Abdullayev idi. Onun qəhrəmanı maneələri aşmaqla bütün çətinliklərə, zorakılığa yox deyir. Məqsədinə çatmaqda əzmkar olması filmdə aktyorun mükəmməl ifasında öz əksini tapmışdı.

Biz qələbə qazanmağı bacarırıq

Bədii Şuranın diqqətdən qaçırdığı bu vacib məqamı Stalin görməyi bacarmışdı. Əsgər bir nömrəli fiqur, süjet xəttinin və ideyanın daşıyıcısı idi.

Qəhrəmanın çağırışına mühitin reaksiyası da az əhəmiyyət daşımır. Lütfəli Abdullayev isə cəmiyyətin əhvali-ruhiyyəsini dəqiq ifadə edə bildiyi üçün Dövlət mükafatına layiq görüldü. O, cəmiyyətin görmək istədiyi dinamik qəhrəman obrazını yaratdı. Pyesin yarandığı ərəfələrdə Əsgər, onun nökəri, eyni zamanda da dostu olan Vəli, sevgilisi Gülçöhrə Bakıda neft istehsalının güclü inkişafının başlamasının, 1945-ci ildə isə faşizm üzərində qazanılmış böyük qələbənin xoş təsiri altında idilər. Filmin təqdim etdiyi qorxmaz qəhrəman maneələr qarşısında aciz qalmır, nəinki qalib gəlməyi arzu edir, o, həm də qalib gəlməyi bacarır.

Stalin illər boyu məhz bunu arzulayırdı: biz qalib gəlməyi bacarırıq. Sovet İttifaqı siyasət arenasında öz oyununu Çörçilldən fərqli olaraq, daha incə "oynayırdı". Azərbaycanın "Arşın mal alan"ının sayəsində sovet xalqının üzərindən "rus ayısı" möhürü götürüldü.  Film 1945-ci ildə Qərbdə gözlənilməz effekt yaratdı və məşhurlaşdı. Bu, Stalin üçün gözlənilən idi. Axı o, gənc yaşlarında incə ruhlu, lirik şeirlər yazmışdı. İlya Çavçavadze, 1900-cü illərdə Soso Cuqaşvilini Stalin gürcü poeziyasının doğmaqda olan ulduzu hesab edirdi.

O, yalnız sonralar cinayətkara, qarətçiyə, quldur dəstəsinin başçısına çevrilir, ilk qurbanı da elə "şair Soso" olur.

1945-ci ildə Bədii Şuranın üzvü rejissor Mixail Room inqilabaqədərki Bakını böyük şövqlə təqdim edən bu filmi qadağan etməyi təklif etmişdi. Çünki bu, bolşeviklərə müxaliflərin vurduğu ağır zərbə kimi qəbul edilə bilərdi. Nə Əsgərin, nə də Vəlinin ağlına belə gəlməzdi ki, onların planlarını məhv edə bilərlər. Bu, filmin yeni variantında da yoxdur. Köhnə film yaddaşlara həkk olundu, yeni filmin aktyorları da, sadəcə, bəsit bir məişət komediyasını canlandırdılar.

Heyrətamiz tamaşa: aktyor və Sahib

 1946-cı ildə Firlamoniyada keçirilən konsertlərin birində Mir Cəfər Bağırov da iştirak edirdi. Aktyorlara, yaxınlaşıb onunla görüşmək tapşırılmışdı. Bağırov da aktyorlara əl uzadaraq aldıqları mükafatlara və medallara görə onları təbrik edəcəkdi.

Bu, növbəti təltifetmə mərasimi deyildi, Sahib öz sadiq saray qulluqçuları ilə tanış olurdu. Bağırov hər cəhətdən Stalini təqlid edirdi.

Sadəcə, əlini uzadıb görüşür və bir-iki kəlmə söz deyirdi.

Lütfəli Abdullayev Sahibə yaxınlaşmayana kimi hər şey adi qaydasında davam edirdi. Onun əynində əla biçimli bahalı kostyum var idi. O, bu kostyumda qalib əsgər kimi məğrur görünürdü. Lütfəli gülümsünərək, üzündən sərtlik yağan Bağırovun əlini sıxır. Bağırovun təəccüb dolu baxışlarından açıq-aşkar yalnız bunu oxumaq olardı: "Məgər biz sənin kimilərini məhv edib axırınıza çıxmadıqmı?"

Lütfəlinin ətrafa sevinc saçan gözləri isə sanki ona cavab verirdi: "Gördüyün kimi, hələ yaşayırıq!"

Gülər üzün, həyat eşqi ilə parlayan gözlərin vurduğu yara xəncər yarasından daha ağır ola bilər. "Belə kədərlənməyinizə dəyməz, - Lütfəlinin baxışları deyirdi, - bu, yoldaş Stalinin qərarıdı. Özününüzü ələ alın, bizə göz qoyurlar axı".

Bağırovun qarşısında durmuş aktyorun üzü gülürdü, özünü olduqca sərbəst aparması onun heç bir şeydən qorxusu olmadığını göstərirdi. O, təmkinini pozmadan baxışlarını rəhbərə zilləmişdi. Onun şən və amansız gözləri ilə sanki zəmanənin özü respublikanın rəhbərini müşahidə edirdi. Və Sahib bu adama heç nə edə bilmirdi. "Eh, yoldaş Stalin, gör bir neyləmisən? Sən kimə hamilik edirsən, gör sən kimi qoruyursan!? Axı o, bizim ağıllı və amansız düşmənimizdir. Komik aktyorun qriminin altında dərin zəkalı bir usta gizlənir. Elə təkcə bu baxışına görə onu güllələmək olardı.

Başqalarına da dərs olardı ki, hakimiyyətə belə yuxarıdan-aşağı baxmağın axırı, bax budur.

Yoldaş Stalin, sən necə də axmaqsan. Bu komik aktyor, bu təlxək, bu kloun səni necə də barmağına sarıyıb! Bax o, indi qarşımda dayanaraq baxışları ilə rəhbərliyi ələ salır.

Aktyor Lütfəli Abdullayev bunu nümayişkaranə şəkildə edə bilir. Hitler üzərində qələbə səni arxayınlaşdırıb, deyəsən. Daha Stalin əsl düşmənləri tanımağı da yadırğayıb."

Lütfəlinin isə gülüşü sanki bunu deyirdi: "Daha sən də biləcəksən ki, bütün səyləriniz əbəs imiş, bu ölkə yaşayır!"

Bu, artıq bizim "O olmasın, bu olsun" filmində gördüyümüz yekəqarın, boynuyoğun, gülməli "qoçu qırığı" Lütfəli deyildi. Rəhbərə zillənən gözlərin sahibi səliqəli geyimli bir gənc idi. "Yoldaş Stalin özü bu möhtəşəm filmdəki rolumu bəyənib, alqışlayıb. Nə durmusan, öz kabinetində Sevdanın atası kimilərini güllələdiyin tapançanı niyə çıxartmırsan?"

Sonralar, Bağırovun məhkəməsi zamanı bəlli olacaqdı ki, Abdullayevin həyat yoldaşı Sevda xanımın atasını Bağırov elə öz kabinetində vurmuşdu. Məhkəməyə isə hələ çox var, hələ ki, 1946-cı ildir. Lütfəli isə onun üzünə elə şən, lağlağı edirmiş kimi baxır ki, sanki indicə rəhbərin çiyinlərinə ərkyana toxunaraq qəhqəhə çəkəcək... Salona toplaşanlar sanki donaraq Sahibin hərəkətlərini diqqətlə izləyirdi. Alqışlanması mümkünsüz olan bir vəziyyət yaranmışdı. Elə bir səhnə ki, qəhrəmana hamı ürəyində "Əhsən!" deyir, ancaq bunu dilə gətirə bilmirdi.

Aktyor nəinki özünü rəhbərin qarşısında olduqca sərbəst aparır, üstəlik, bunu açıq şəkildə nümayiş etdirməkdən də çəkinmirdi - Sahibi, əslində, ən çox qəzəbləndirən də məhz bu idi. Lütfəli geri dönərək rəhbərin yanından aralanır, zal isə rəhbərin onu öz ağır baxışları ilə necə "yola saldığını" izləyirdi. Aktyor üçün ən qiymətli hədiyyə olan alqış səslənmədi, zalda ölü bir sükut hökm sürürdü.

Ancaq... Sahib öz qisasını aldı. 1948-ci ildə Üzeyir bəy vəfat etdi. Bağırov bir il sonra Musiqili Komediya Teatrını bağladı. Rəsmi olaraq rentabelli olmayan müəssisələrin bağlanması və təsərrüfat hesabına keçid haqqında Moskvanın qərarı əsas kimi göstərildi. Teatr çox böyük populyarlıq qazanmışdı. Ziyalıların və tələbələrin sevimli bir teatrının olmasının axırı yaxşı nəticələnməyə bilərdi. Hələlik isə, teatrda toplaşmaq qadağan deyildi. Bununla belə, musiqiçilər və aktyorlar şəhərin mədəniyyət evlərinə və yay pavilyonlarına dağılışdılar.

Bütün bunlardan sonra Bağırov Rəşid Behbudovu öz kabinetində qəbul edir. Belə, təkbətək görüşmək daha münasib idi. Çünki ona Lütfəli Abdullayevlə görüş dərs olmuşdu.

Bütün şəhər aktyorun Sahiblə görüşündən danışırdı. Deyirdilər ki, Beriyanın ən yaxşı tələbəsi, komik aktyorun təbəssümündən özünü itiribmiş, sözlər boğazında ilişib qalıbmış...

 

Tərcümə edən: Feyziyyə

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.