Azərbaycan Yeni ili qarşılayır

Azərbaycan Yeni ili qarşılayır

2015-ci il Azərbaycan üçün bir çox siyasi, mədəni və ictimai hadisələrlə yadda qaldı.

Yəqin ki, ilin ən böyük hadisəsi iyunun 12-28-də ilk Avropa Oyunlarının Bakıda keçirilməsi oldu. Bu il Azərbaycan, “Bakı-2015” I Avropa Oyunlarına yüksək səviyyəli ev sahibliyi etməsi ilə adını dünyanın idman tarixinə qızıl hərflərlə yazdı. Bu oyunlar həm də Azərbaycanın zəngin mədəni irsinin dünyaya təqdim olunması istiqamətində böyük rol oynadı.

Bundan başqa, bu il Azərbaycan bir neçə beynəlxalq mədəniyyət tədbirinə ev sahibliyi etdi. Bakıda mədəniyyətlərarası dialoqa, inteqrasiya və mədəni müxtəlifliyin qorunmasına xidmət edən iki böyük beynəlxalq tədbir - III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, İSESCO Baş Konfransının 12-ci sessiyası və İcraiyyə Şurasının 35-ci iclası keçirildi.

Azərbaycan üçün dünya əhəmiyyətli hadisələrdən biri də Lahıc misgərlik sənətinin UNESCO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilməsi oldu. Bu il həm də bizim üçün Azərbaycan muğamına, aşıq sənəti və xalçaçılığına, tar ifaçılığına və digər irs nümunələrinə UNESCO səviyyəsində diqqət ayrılması ilə yadda qaldı.

İl boyu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi də zəngin irsimizin həm ölkədə, həm də bütünlükdə dünyada tanıdılması istiqamətində öz töhfələrini verdi.

Bu il Mərkəzin nəşr etdiyi əsərlər arasında Ernest Heminqueyin “Qadınsız kişilər” , Akutaqava Rünoskenin “Tanrıların istehzası”, Oljas Süleymenovun “Az-Ya”, Patrik Modianonun “Seçilmiş əsərləri”, Ernesto Çe Gevaranın “Boliviya gündəliyi” və s. kimi dəyərli kitablar var.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kitabları Qahirə,  Minsk, London, Budapeşt,  Praqa, Turin, Moskva və başqa beynəlxalq kitab sərgilərində təmsil olunub. Mərkəzin ingilis dilində tərtib edilmiş “Candles (101 verses)” – “Şamlar (101 şeir)” adlı şeir antologiyasında 55 Azərbaycan şairinin 101 şeiri yer alıb və kitabın təqdimatı Londonda keçirilib. 

Mərkəzin tərtib etdiyi ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı” (nəsr və poeziya) antologiyası isə bugünlərdə Moskvada işıq üzü görərək, Rusiyanın paytaxtında geniş təqdimatı olub. Kitabda Azərbaycanın görkəmli yazıçı və şairləri ilə yanaşı, müasir ədəbi gəncliyin nümayəndələri də təmsil olunub.

Tərcümə Mərkəzi “Dəf(i)nə yarpağı” Bədii Tərcümə müsabiqəsini təsis edib və müsabiqə uğurla keçirilib. Bunlar cəmi bir il əvvəl yaradılmış qurumun 2015-ci ildə gördüyü işlərin az bir hissədir.

Bəs Tərcümə Mərkəzinin əməkdaşları özləri necə, köhnə ili necə qiymətləndirirlər? 2015-ci il onlar üçün nə ilə əlamətdar oldu? Yeni ildən hansı gözləntiləri var?

Bu suallarla Mərkəzin yaradıcı əməkdaşlarına müraciət etdik.

“Xəzər” dünya ədəbiyyatı dərgisinin baş redaktor müavini Saday Budaqlı:

Ötən il altmış yaşım tamam oldu. Uzun fasilədən – təxminən iyirmi ildən sonra latın qrafikasında ilk kitabım çap olundu. Sağ olsun Afaq xanım, bu, onun sayəsində oldu, mənə qalsa, yəqin ki, latın qrafikasında kitabım heç olmayacaqdı. Sonra “Latın Amerikası romanı” adlı tərcümə kitabım çıxdı. Artıq Migel Delibesin “Seçilmiş əsərlər”ini təhvil vermişəm, yəni əsər çapa hazırlanır. Bundan başqa, Kamilo Xose Selanın iki romanının tərcüməsini bitirmişəm. “Xəzər” jurnalında da tərcümələrim çap olunub.

Gələn illə bağlı planlarıma gəlincə, Allah qoysa, cari ildən qalan işləri bitirmək, yarımçıq yazıları tamamlamaq niyyətindəyəm.

Mərkəzin dil üzrə mütəxəssisi Mahir Qarayev:

Uzun illərdir ki, mütaliə zamanı xoşladığım hekayələri qeyd edir və sonra onları Azərbaycan dilinə çevirirdim. Bu il mənim üçün onunla əlamətdar oldu ki, o hekayələrin hamısını toplu kimi nəşr etdirdim. Kitab belə adlanır: “Çexovdan Markesə qədər”. Bura Heminquey, Folkner, Morua və başqa yazıçıların əsərləri də daxildir. Onların hamısını bir arada görmək istəyirdim və bu il bu, mənə qismət oldu.

Eyni zamanda “Xəzər jurnalı”nda Mario Benedettinin “Yaxın sahil” povesti və Milorad Paviçin “Küləyin astar üzü” əsəri mənim tərcüməmdə çap olundu. Bir məqamı da qeyd edim, mən poeziya tərcümələrini çox çətin janr hesab edirəm. Çevirdiyim şeirlər də kəmiyyətcə çox deyil. Amma bu il öz təcrübəmdə ilk dəfə üç rus şairindən – Tütçevdən, Voloşindən və Semyon Nadsondan tərcümələr etdim və “Xəzər” jurnalında çap olundu. Bunu uğur hesab edirəm. Sonuncu şair, bildiyim qədərilə Azərbaycan dilinə, ümumiyyətləŞ tərcümə olunmayıb və bu imza bizim oxucuya az tanışdır.

Hazırda Alberto Moravianın hekayələrini çevirməklə məşğulam. İyirmi beş hekayə tərcümə etmişəm, beşini də çevirib, kitab şəklində çap etdirmək istəyirəm.

Gələn illə bağlı şəxsi həyatdakı gözləntilərimə gəlincə, qızım xaricdə magistratura təhsilini bitirib gələcək, oğlumu isə Ukrayna səfirliyində işə yola salacağıq. Bunlar mənim üçün xoş gözləntilərdir, çünki məişət baxımından yüküm azalacaq. Bundan sonra 2012-ci ildə yazdığım roman üzərində rahat-rahat son tamamlama işlərini görüb, nəhayət, onu çap etdirə biləcəyəm. 

Mərkəzin “Xəzər” dünya ədəbiyyatı dərgisinin baş redaktor müavini Zakir Fəxri:

2015-ci il mənim yadımda daha çox Tərcümə Mərkəzindəki iş fəaliyyətimizlə, nailiyyətlərimizlə qaldı. Səmərəli səfərlərimiz oldu. Bu ilin mənim üçün ən yaddaqalan hadisəsi “Azərbaycan ədəbiyyatı antologiyası”nın Moskvada nəşr edilməsi oldu. Bu nəşr bir ilkdir və yaxın zamanlarda Mərkəz tərəfindən Azərbaycan ədəbiyyatı digər dillərə də çevrilərək yayılacaq.

Yeni illə bağlı yalnız arzularımı deyə bilərəm, xalqımıza sülh, əmin-amanlıq arzulayıram.

Qoy ölkəmizdəki sabitlik daimi olsun. Qoy insanlarımız dünyanın belə qarışıq dövründə ölkəmizdə hökm sürən əmin-amanlığı Allahın bizə lütfü kimi qəbul etsinlər. Biz də bu lütfü qorumalıyıq. Bütün başqa problemlər düzələndir və inşallah, öz həllini tapacaq.

Tərcümə Mərkəzinin “Aydın Yol” qəzetinin əməkdaşı Nəriman Əbdülrəhmanlı:

Otən il məndən ötrü daha çox, bir sıra niyyətlərimin gerçəkləşməsiylə yadda qalıb. “Könül elçisi” romanım İstanbulda nəşr olunub, həmin əsərin ikinci nəşrini Bakıda gerçəkləşdirmişəm. “Dönəlgə” adlı povest, kiçik roman və hekayələr kitabım işıq üzü görüb. Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun təşəbbüsü ilə görkəmli ziyalı və ictimai xadim Aydın Məmmədov haqqında tərtib etdiyim sanballı toplu çap olunub. Kobo Abenin, Tomas Bernhardın, Antonio Tabukkinin, Ahmet Hamdi Tanpınarın əsərlərini dilimizə çevirmişəm.

2016-cı ildə, hələ ki, çoxdan üzərində işlədiyim “Gürcü ədəbiyyatı antologiyası”nı tamamlamaq, artıq hazırlıq işlərini bitirdiyim yeni romanımı yazmaq ümidindəyəm.

Mərkəzin dil üzrə mütəxəssisi İlqar Əlfi:

Ötən il bizim Tərcümə Mərkəzinin formalaşma dövrü oldu. Yeni qurumun yaradılması çox çətin prosesdir. Üstəlik, bu qurum işləyə-işləyə formalaşırsa, müəyyən problemlər yaranır və bunları prosesdəcə düzəltməli olursan. İdeyalar beyində doğulur, icra zamanı isə həyatın öz redaktə və korrektələri olur. Bu mənada mən hesab edirəm ki, ötən il bizim Tərcümə Mərkəzi üçün çox məhsuldar olub. Fəaliyyət sahələrimiz hədsiz çoxdur. Bu il biz əsas istiqamətləri müəyyənləşdirmişik və aparıcı istiqamətlərin bünövrə daşlarını qoymuşuq. Şəxsən mənim üçün il onunla əlamətdar oldu ki, çörəyim sevdiyim işdən çıxdı. İnsanın, evinə çörəyi sevdiyi işin qazancından almasından böyük xoşbəxtlik yoxdur.

Düzdür, şəxsi zəmində ailəmizdə müəyyən itkilər oldu, amma bununla belə, 2015-ci il mənim üçün  həlledici oldu. İndi gələcəyə daha ümidlə baxıram.

Tərcümə Mərkəzinin dil üzrə mütəxəssisi Etimad Başkeçid:

Ötən ilin ən əlamətdar hadisələrindən biri “Müasir Azərbaycan antologiyası” ikicildliyinin Moskvada nəfis tərtibatla nəşr olunmasıdır. Mətbuatdan da bilindiyi kimi, bugünlərdə Rusiya paytaxtında antologiyanın son dərəcə maraqlı təqdimat mərasimi keçirildi. Belə bir təşəbbüsün  xaricdə ilk dəfə reallaşması ilə Tərcümə Mərkəzi, ədəbiyyatımızın başqa ölkələrdə təbliği istiqamətində mühüm bir prosesin başlanğıcını qoymuş oldu. Bu işdə, az da olsa, zəhmət qoymuş adam kimi çox məmnunam. Bundan başqa, “Xəzər” jurnalının, “Aydın yol” qəzetinin işində yaxından iştirak etməyə çalışmışam. Şəxsi həyatımda elə bir yenilik olmayıb. Yeni ildə əlli yaşım tamam olur. Əlimdə çoxdan yazmağa başladığım bir yazı var, inşallah, onu bitirməyə çalışacağam.

 

Rəbiqə Nazimqızı

VƏ DİGƏR...