Tarixi abidələrimizdəki memarlıq sirləri

Tarixi abidələrimizdəki memarlıq sirləri

Azərbaycan ərazisində olan tarixi tikililərin, abidələrin bəziləri müxtəlif memarlıq sirlərini bugünəcən özündə qoruyub saxlayır. Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşən Azərbaycanın coğrafi baxımdan strateji mövqeyə sahib olması ayrı-ayrı yerlərdən tacirlərin, sənətkarların, saysız-hesabsız dəvə karvanlarının bura axınına şərait yaradıb. Şərqin müxtəlif diyarlarından Azərbaycana gələn insanlar burada öz vətənlərinə aid tikililərin inşasına çalışıb. Orta əsrlərdə tarixi abidələrin böyük əksəriyyətinin klassik Şərq memarlıq üslubunda tikilməsi təbii haldır. Çünki İslam dininin yüksək nüfuzu özünü memarlıq abidələrində də göstərirdi. Memarlar, sənətkarlar inşa etdikləri saray, məscid, rəsədxana, hamam, meyxana və karvansaralarda dini motivlərin qabardılmasına və dini amillərin abidənin konstruksiyasının əsas tərkib hissəsi olmasına çalışırdılar. Əks halda, həmin tikilinin memarını çox ciddi cəza gözləyirdi.

Bununla yanaşı, orta əsrlər Azərbaycanında memarların əksəriyyəti dövrün tələbi ilə fəlsəfə, riyaziyyat, astronomiya, həndəsə, fizika kimi elm sahələrinə yaxşı bələd idilər. Odur ki, inşa etdikləri binalara xüsusi memarlıq üslublarını, xüsusiyyətlərini, bir sözlə, yaradıcılıq sirlərini də "yazırdılar". Bu səbəbdən də nəinki orta əsrlər, hətta yeni dövr (XIX əsr) Azərbaycan memarlığındakı bəzi tikililər özlərində bir çox sirləri qoruyub saxlayır. Məsələn, XIX əsrdə Göyçay rayonunda inşa edilən yeraltı hamam özəlliyinə görə bir çox tarixi obyektlərdən fərqlənir.

Göyçay möcüzəsi

Göyçayın varlı şəxslərindən olan Həzrət bəy Ağazadə bu bölgədəki məşhur hamamı öz qızı üçün cehizlik tikdirib. Göyçay şəhərinin mərkəzində ən qədim tikili olan yeraltı hamamın çirkab sularının hansı yolla, necə və hara axıdılması barədə, hələ ki, heç kimin məlumatı yoxdur. Bu istiqamətdə araşdırmalar aparılsa da, hələlik dəqiq nəticə əldə edilməyib. Bu faktın özü tikilinin necə böyük memarlıq möcüzəsi olmasına sübutdur. Amma bu da hamamın əsas özəlliyi deyil.

Torpaq səthindən 2 metr dərinlikdə yerləşən, kvadrat şəklində olan tikilinin ovalşəkilli 3 böyük salonu var. Salonlardan ikisi qadınlar, biri isə kişilər üçün nəzərdə tutulub.

Bu hamamdan eyni vaxtda 70 nəfər istifadə edə bilib.

Hamamın ən böyük özəlliyi budur ki, içəridə qızdırıcı sistem olmasa da, qış vaxtı onun döşəməsi çox isti olub. Deyilənlərə görə, hamamın ocaqxanasında həm su qızdırılıb, həm də orada yaranan isti hava döşəmənin altı ilə hər yerə yayılıb. Bişmiş kərpiclə hazırlanan döşəmə qızdıqda, qış vaxtı belə hamamın içərisi isti olurmuş. Ötən əsrin 30-40-cı illərində bu hamamdan həbsxana kimi istifadə edilib. İkinci Dünya müharibəsindən sonra isə hamam pendir sexi kimi fəaliyyət göstərib. 1958-ci ildə bu bina yenidən təmir edilərək hamam kimi istifadəyə verilib.

Qız qalasının gizlinləri

XII əsrdə məşhur memar Məsud Davudoğlu tərəfindən inşa edilən Qız qalasının tarixçəsi, necə tikilməsi və orada baş verən döyüşlər haqqında əfsanələr dolaşır. Lakin başdan-başa sirr olan bu qalanın möcüzəli memarlıq cəhətindən az danışılıb. Nəhəng qaya üzərində tikilən qalanın yuxarıdan baxaraq 9 rəqəmi şəklində görünməsinə xüsusi diqqət yetirilib. Burada söhbət, təbii ki, tikilinin mütləq hansısa rəqəmə oxşamasından getmir. Burada 9 sadəcə bir formadır ki, tikinti zamanı tətbiq edilən memarlıq sirləri də öz başlanğıcını buradan götürür. Qalanın tək doqquz rəqəminə yox, həm də butaya oxşamasına səy göstərilib. Mifologiyamızda od, işıq və Günəşin rəmzi hesab edilən buta ilə yanaşı, tikilinin səkkiz pəncərəsindən yuxarıdakı dördü elə yerləşib ki, dekabrın 22-də, yəni qış gündönümündə Günəşin şüaları bu pəncərələrdən düşərək qalanın içini işıqlandırır. Güman edilir ki, məhz qışın bu ən qısa günündə kahinlər günün yeni dövretməsi üçün ayinlər icra ediblər. Günəş işığının həmin hissədən ildə cəmi bir dəfə Qız qalasına daxil olması həqiqətən də heyrətamiz faktdır. Bu, XIX əsrin rus hərbçi-mühəndis xəritələrində də öz təsdiqini tapır. Onlar Qız qalasını "Xunsar" adlandırıblar ki, bu da "Ansar Günəş" və ya "Günəş qəsri" mənasını verir.

Bəzi alimlərin fikrincə, qaladakı xeyli element ulduzların və Günəşin birillik siklini müşahidə etmək üçün nəzərdə tutulub və qədim insanların həyatında mühüm rol oynayıb.

Alimlər düşünür ki, Qız qalası Günəşin bir il ərzində fırlanmasını müşahidə etmək və bu siklin mühüm proseslərini - fəsillərin dəyişməsini öyrənmək məqsədi ilə inşa edilib. Təsadüfi deyil ki, Qız qalasından gecələr səmanı seyr edərmişlər. Qalanın pəncərələrindən üfüqün ən parlaq ulduzlarını, məsələn, Veqa bürcündəki Lira, Əqrəb bürcündəki Antares, Böyük Ayı bürcündəki Sirius ulduzlarını görmək olar. Özü də qalanın pəncərələrinin hər biri müəyyən ulduza - biri Siriusa, digəri Veneraya, bir başqası Antaresə və s. baxır.

Bəzi versiyalara görə isə Qız qalasının konstruksiyası dini prinsiplərə əsaslanır. Bu tarixi abidə ilkin görkəmində içiboş, silindrvari tikili olub. Daxili divarlar boyunca yuxarı qalxan pilləkənlər yonulub. Qalanın dördüncü mərtəbəsindən damına qədər yerləşən pəncərələr Günəşin trayektoriyasını təkrar edərək, xüsusi qövs yaradır. Eyni zamanda pəncərələr günəşin çıxmasına və qış gündönümünə (22 dekabr) istiqamətlənib. Astrofiziki tədqiqatlar göstərir ki, qış gündönümündə günəş şüaları pəncərələrdən içəri dolaraq bütün Qız qalasını işıqlandırır.

Amma, təbii ki, deyilən faktlar qalanın müdafiə əhəmiyyətini azalda bilməz. Dövlətçilik tariximiz öz müdafiəsinə görə bu qalaya borcludur. 1964-cü ildə qalada tədqiqat işləri aparılan zaman bünövrədən 14 metr hündürlükdə içəriyə doğru uzanan böyük ağac tirlərin olduğu müəyyən edilib. Onların nə məqsədlə istifadə edilməsi məlum deyil. Ola bilsin, bu tirlər kontrforsun içində gizli bir tikinti ilə əlaqədardır və ya zəlzələyə qarşı amortizasiya rolunu oynayıb. Dəqiq hesablama əsasında müəyyən edilib ki, qalanın divarının eni bünövrə hissədə 5 metrdirsə, yuxarı hissəsində təqribən 4,5 metrdir. Bu faktlar qalanın müdafiə funksiyasında da memarlıq sirlərinin gizləndiyinə sübutdu.

Bakıda iki sirli hamam

Bunlardan biri "Hacı Bani" hamamıdır. Hamam ХV əsrin sоnlаrındа tikilib. Tikilinin sifarişçisi Hacı Qayib, memarı isə Hacı Bani olduğu üçün ona belə ad verilib. Müsəlmаn şəhərlərinin əsаs еlеmеntlərindən biri kimi bu hаmаm kаrvаn yоlu üzərində öz irihəcmli görünüşü ilə sеçilib.

Şəhərə daxil olmaq istəyən yadelli karvanlar mütləq qala divarlarının yanında yerləşən bu hamamda yuyunmalı və təmiz olandan sonra içəri keçə bilərdilər.

1964-cü ildə arxeoloji-tədqiqat işləri aparılarkən aşkar olunan hamamda qədim Hindistana aid memarlıq nümunələrinə rast gəlinib. Buradakı оtаqlаrın zəngin örtük sistеmi, həttа kiçik kаmеrаlаrın intеryеrinə bеlə sоn dərəcə bədiilik vеrir.

Hamama daxil olarkən оrаdа bədii mеmаrlıq fоrmаlаrındаn, dоlğun həcmli plаstikа üslubundаn istifаdə еdildiyini görmək olar. Qədim Hindistanda və Şərqin başqa yerlərində rahatlıq amilinə xüsusi diqqət yetirilirdi. İnsanın daxilən gərginlikdən xilası və müsbət enerji ilə təzələnməsi üçün memarlar bu hamamı da həmin üslubda tikiblər. Su səsinin necə həzin şırıltıya çevrilməsinin özü başdan-başa sirdir.

Başqa bir hamam isə Şirvаnşаh I Хəlilullаh dövründə "Salyаn qаpısı" yахınlığındа tikilən "Hacı Qasım" hamamıdır. Hаmаmın strukturu yеrli mеmаrlığın ənənəvi üsullаrınа əsаslаnıb. Bеlə ki, о, vеstibül hissəsindən, sоyunmа və yuyunmа оtаqlаrındаn, хəzinə və оdluq kаmеrаsındаn ibаrətdir. Sоyunmа və çimmə оtаqlаrı хаçgünbəzlidir və künclərdə kаmеrаlıdır. Tаğlаr, qübbələr və günbəzlərə bölünən hаmаmın dахili məkаnı mеmаrlıq və kоnstruktiv fоrmаlаrın böyük vаhidlik dərəcəsi ilə fərqlənir. Zаlın həcmli plаstikаsı üfüqi və şаquli bölgülər nəticəsində əldə еdilib. Su təminatı, isitmə və qızdırmа sistеmi divаrlаrın içərisində və döşəmənin аltındа yеrləşən bоrulаr vаsitəsi ilə həyаtа kеçirilirdi.

Bəli, Azərbaycandakı hamamlar, karvansaralar, rəsədxanalar, qalalar özündə xeyli memarlıq sirlərini gizləməkdədir. Bu sirlər həm də Azərbaycanın mədəniyyət tarixinin qədimliyinə və zənginliyinə bir sübutdur.

Elmin NURİ

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.