Bolqarıstan Jurnalistlər Birliyinin əməkdaşı Rozalina Evdokimovanın Afaq Məsudla müsahibəsi

Bolqarıstan Jurnalistlər Birliyinin əməkdaşı Rozalina Evdokimovanın Afaq Məsudla müsahibəsi

ARNK yanında Tərcümə Mərkəzinin nümayəndə heyəti dekabrın 13-17 tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak edib. Sərgi çərçivəsində nümayəndə heyətinin Bolqarıstan Tərcüməçilər Birliyi, Bolqarıstan Kitab Sərgisinin rəhbərliyi ilə işgüzar görüşləri keçirilib.

Səfər zamanı Afaq Məsud Bolqarıstan Jurnalistlər Birliyinin əməkdaşı, tanınmış jurnalist Rozalina Yevdokimovaya və “Standart” qəzetinin müxbiri  Olia Al-ahmedə müsahibələr verib.

ARNK yanında Tərcümə Mərkəzinin direktoru afaq Məsudun Bolqarıstan Jurnalistlər Birliyinin əməkdaşı, tanınmış jurnalist Rozalina Yevdokimovaya verdiyi müsahibəni oxucularımıza təqdim edirik.

Afaq Məsud: “Mərkəzimizə olan bu münasibət Azərbaycanın ümumi uğurlarından qaynaqlanır” 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, məşhur yazıçı Afaq Məsud Sofiyada səfərdə olub. Afaq Məsud Azərbaycanın Əməkdar incəsənət xadimi, Rusiyanın Pyotr Elm və İncəsənət  Akademiyasının həqiqi üzvüdür. Onun Avropa və Şərq ölkələrində geniş oxucu marağına səbəb olan roman və hekayələrinin siyahısı uzundur. Markes, Vulf kimi dünya yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirmiş yazıçının Nəsəfi, Qəzəli, İbn Əl Ərəbi, Cəlaləddin Rumi kimi qədim sufi mütəfəkkirlərinin irsindən etdiyi tərcümələri də yaradıcılığında önəmli yer tutur...

Onunla paytaxt mehmanxanalarından birində çay içirik. Küçədə kəskin şaxtalı hava olmasına baxmayaraq, söhbətimiz bizi isidir. Afaq Məsud BJİ-nin (Bolqarıstan Jurnalistlər İttifaqı) saytı üçün öz Vətəninin mənəvi böyüklüyündən danışır.

– Səfərinizin məqsədi haqqında fikirlərinizi bizimlə bölüşərsinizmi, Afaq xanım?

– İlk əvvəl təmsil etdiyim Tərcümə Mərkəzi haqqında qısa məlumat vermək istərdim. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi əsasən beynəlxalq müstəvidə ədəbi mübadilələrlə məşğul olur, milli ədəbiyatımızı xaricdə təbliğ edir və müvafiq olaraq, ölkə oxucularını da dünyanın aparcı  ədəbiyyatları ilə tanış edir, bu əsərlərin tərcümə və nəşrini həyata keçirir. Əslində, bu, maarifçi bir missiyadır ki, Mərkəz bu işi uğurla həyata keçirməkdədir. Təbii ki, bizim Azərbaycan dilinin tətbiqi, həmçinin, tərcümə işinin təkmilləşdirilməsi ilə bağlı digər fəaliyyət sahələrimiz də var.

Bizim Mərkəz uzun illər Azərbaycan Yazıçılar Birliyinin tərkibində ictimai təşkilat kimi fəaliyyət göstərib, dünya ədəbiyyatının tərcüməsi və nəşri ilə məşğul olub. Bu illər ərzində yüzlərlə dünya ədəbiyyatı korifeylərinin əsərlərini tərcümə və nəşr etdik, Frans Kafka, Cerom Selincer, Uilyam Folkner, Qabriel Qarsia Markes kimi yazıçıları Azərbaycana tanıtdıq. 2014-cü ildə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Mərkəzə yeni status verildi və milli ədəbiyyatımızın beynəlxalq aləmə tanıdılması məqsədi ilə dövlət büdcəsindən vəsait ayrıldı.

– Sizin Mərkəzin fəaliyyətinə böyük maraq var, müsahibə üçün məlumat toplayarkən gördüm ki, müxtəlif ölkələrin səfirləri tez-tez qonağınız olur. Bu marağı necə dəyərləndirirsiniz?

– Əslində, bu, Azərbaycana olan maraqdır. Son illər ölkəmiz iqtisadiyyat, idman və mədəniyyət sahələrində sürətlə inkişaf edir. Dünyanın müxtəlif təşkilatları ilə müştərək layihələrimiz davamlı şəkildə artır və bu mənada, ümumilikdə Azərbaycana olan bu maraq tamamilə təbiidir. Mədəniyyət, ədəbiyyat və əlbəttə ki, artıq dünyada tanınan Mərkəzimizə olan bu münasibət də ölkənin ümumi uğurlarından qaynaqlanır. Saytımız on dildə – Azərbaycan, ingilis, rus, ispan, fransız, alman, türk, ərəb, fars dillərində fəaliyyət göstərir. Bu yaxınlarda çex dili bölümü də açıldı. Bu mənada, bizim işimiz, deyərdim ki, həm ölkənin, həm də bizimlə sıx əməkdaşlıq edən beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Bunun əsas səbəbi isə qurulmaqda olan qarşılıqlı əlaqələrdir. Biz bir çox məşhur əcnəbi yazıçı və şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə və nəşr etmişik, eyni zamanda bizim ədəbiyyatımız da artıq xaricdə sistemli şəkildə tanınmağa başlayır. Poeziya və nəsr nümunələrindən ibarət ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” bir sıra ölkələrdə böyük marağa səbəb olub. Ötən il toplunun Moskvada rus dilində nəşrini və təqdimatını keçirdik. Bu, Moskva Yazıçılır İttifaqı ilə birgə təşkil olunmuş geniş tədbir idi. Kitabın ingilis dilində nəşrinin təqdimat mərasimi Londonun ən böyük mərkəzi kitabxanalarından birində keçirildi, bu yay isə təqdimat Türkiyədə oldu. Həmçinin, kitabın ərəb dilində nəşrinin yaxın aylarda Qahirədə təqdimatı gözlənilir. Bu nəşrlərlə Azərbaycan ədəbiyyatı ilk dəfə sistemli şəkildə, küll halında dünya oxucularına təqdim olunur. Hazırda antologiya çex, fransız, alman, ukrayna, belorus, gürcü və ispan dillərinə tərcümə prosesindədir.

– Allah qoysa bolqarca da...

– Sofiyaya səfərimizin əsas səbəbi də budur. Bu yaxınlarda Avropa ölkələrindən olunan tərcümələrə nəzər saldıqda, bolqar ədəbiyyatından, çox az əsərin dilimizə tərcümə olunduğunu, Azərbaycan ədəbiyyatının da Bolqarıstanda eyni mənzərəni yaşadığını aşkar etdik və odur ki, peşəkar bədii tərcümə mütəxəssisləri və aidiyyatlı qurumlarla – Bolqarıstanın Tərcüməçilər Birliyi və Bolqarıstan Yazıçılar Birliyi ilə əlaqələr yaratmaq, onlarla birlikdə müvafiq siyahılar tərtib edib, qarşılıqlı əməkdaşlıq müqavilələri bağlamaq üçün bu ölkəyə səfər etdik.

– Etiraf etməliyəm ki, Azərbaycan incəsənətinin və mədəniyyətinin nümayəndələri Bolqarıstanda elə də çox qonaq olmurlar, sizinlə görüş mənim üçün əla fürsət oldu. Belə ki, istəyirəm, təkcə ədəbiyyat yox, başqa mövzular haqqında da danışaq. Ötən əsrin 60-70-ci illərinin hippi hərəkatını xatırlayıram. Həmin gənclər özlərindən əvvəl olan hər şeyi inkar edir, bir növ cəmiyyətə qarşı bir qəzəb nümayiş etdirirdilər. Bu gün dünyada, o cümlədən Azərbaycanda belə bir hərəkata yer varmı?

– Bilirsiniz, qəzəblilik, inkarçılıq gənclərin təbii halıdır. Bu da onların dünya və özləri barədə çox az məlumatlı olmaları, ədəbiyyatdan, kitabdan və real həyatdan uzaq düşmələri ilə bağlıdır. İndi gənclər vaxtlarının əksər hissəsini internetdə, sosial şəbəkələrdə keçirirlər. Bu, qidasız, süni bir mühitdir və insanı, onun ruhunu korşaldır, dünyanı, özünü duymağa imkan vermir. Dediyiniz həmin “qəzəb” də burdan yaranır - həyatdan, təmiz havadan, təbiətdən, kitablardan uzaq, bəsit məlumatlar və şüa dolu, öldürücü bir məkanda yaşamaqdan. Məncə, gənclər kitab oxumağın tamamilə fərqli bir şey olduğunu anlamırlar, kağızın canlılığını hiss etmirlər, əsəri şüalı internetdən oxuyarkən, müəllifin ötürdüyü duyğu və fikirlərin necə məhv olduğunu duymurlar. Bu zərərli internet asılılığı bir problem kimi Azərbaycanda da olduqca aktualdır.

– Bir halda ki, ixtisasca jurnalistsiniz, sizin bizim peşəmiz haqqında da danışmaq fürsətini əldən vermək istəməzdim. Nə vaxtsa jurnalist kimi fəaliyyət göstərmisinizmi?

– Yox, hadisələr elə cərəyan etdi ki, diplom alandan sonra “Azərbaycanfilm”in redaksiya heyətində çalışmağa başladım. Bundan sonra məni “Azərbaycantelefilm”in direktoru vəzifəsinə dəvət etdilər. Tərcümə Mərkəzi yaranandan isə orada işləməyə başladım, çünki artıq kifayət qədər tərcümələrim və əsərlərim var idi.

– Jurnalistika və ədəbiyyat… onları birləşdirən və ayıran cəhətlər hansılardır? Və bir yazıçı kimi jurnalist peşəsi Sizə nə verib?

– Jurnalistika və ədəbiyyatı birləşdirən çox cəhətlər var. Bilirsiniz ki, bir çox məşhur yazıçılar, məsələn Zolya, Markes, Delibes və s. jurnalist olublar. Hər ikisi çox yaxın sahələrdir, jurnalistika da ölkənin, insanların və hadisələrin alt qatını təftiş etməyə çalışır, ədəbiyyat da. Lakin bu məsələdə, əlbəttə, ədəbiyyatın üstünlüyü  var və bu da onun reallıqlar üzərindən yüksəlməsi, daha artıq azadlıq imkanının olmasıdır. Jurnalistdən fərqli olaraq, yazıçı real, həqiqi və hətta həyatda olmayanları da yarada bilər. Mənim də, gerçəkliklə əlaqəsi olmayan kifayət qədər əsərim var. Bu əsərlərdə hadisələr obrazların şüurunda, iç dünyasında baş verənləri təsvir edir. Jurnalistika isə sırf gerçəkliyə, reallığa söykənməlidir.

– Bilmək istərdik, Azərbaycanda müasir medianın qarşısına qoyulan bugünkü tələblər hansılardır və necə etmək olar ki, jurnalistlər öz fəaliyyətlərində azadlığı daha artıq hiss etsinlər, istədiklərini yaza, deyə bilsinlər?

– Azərbaycanda mətbuat kifayət qədər açıq və azaddır. Jurnalistlər rahatlıqla düşündüklərini həm yaza, həm deyə bilirlər. Lakin təəssüf ki, bəzən bu, «söz azadlığı» adı altında anarxiyaya, dövlətin, millətin mənəvi dəyərlərinə hörmətsizliyə, hətta təhqirə gətirib çıxarır. Amma şükür ki, belə nümunələr çox azdır. Belələri əsasən bir qrup acıqlı, imkanları ilə iddiaları tərs-mütənasib olan insanlardır ki, şəxsi uğursuzluqlarının səbəbini özlərində yox, kənarda axtarırlar. Reallıq isə budur ki, bu gün Azərbaycanda kifayət qədər proqressiv proseslər gedir, ölkə abadlaşır, sürətlə inkişaf edir. Elə bizim ədəbiyyat və tərcümə sahəsini götürək. Milli ədəbiyyatımızın dünyada təbliğ olunmasına dövlət vəsait ayırır. Bilmirəm, xaricdə belə bir başqa ölkə varmı ki, dilinə, ədəbiyyatına, mənəvi dəyərlərinə bu cür sistemli yanaşsın?

– Azərbaycan dünya mədəni irsinə də diqqət yönəldir. Bunu biz Bolqarıstanda da hiss etdik. Heydər Əliyev Fondu İkinci Bolqar xanlığının paytaxtı olmuş Veliko Tırnovodakı tarixi Trapezitsa qoruğunun bərpasına 1 milyon avrodan çox vəsait ayırdı. Onun açılışı üçün Sizin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizə təşrif buyurmuşdu. Bu aksiyaları necə dəyərləndirirsiniz?

– Heydər Əliyev Fondu təhsil və mədəniyyət sahəsində müxtəlif ölkələrə göstərdiyi qayğı və yardımlarıyla bütün dünyada tanınır. Azərbaycan, onun paytaxtı Bakı həmişə beynəlmiləlçilik ənənələri ilə tanınıb və bu gün də öz ənənəsinə sadiq qalır. Biz həmişə bütün xalqlara açıq olmuşuq və hər zaman öz qonaqpərvərliyimiz və xeyirxahlığımızla onların sevgisini və rəğbətini qazanmışıq. Xristianlarla, yəhudilərlə birlikdə yaşamışıq. Bakya gəlsəniz, məscidlərlə yanaşı ucaldılan kilsələri, sinaqoqları görərsiniz. Biz hər zaman bütün dinlərə və təriqətlərə hörmətlə yanaşmışıq. Heydər Əliyev Fondu və şəxsən onun rəhbəri olan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu sahədə böyük işlər görülür. Dediyiniz bu aksiya da həmin fəaliyyətin tərkib hissəsidir.

– Demək olarmı ki, tolerantlıq sizin milli xüsusiyyətinizdir, yoxsa bu, Sovet dönəmindən qalmış mirasdır?

– Xeyr, bu, sırf Azərbaycan mentallığı, azərbaycanlı xislətidir. Biz heç zaman qonşu olduğumuz və birgə yaşadığımız insanlar arasında fərq qoymamışıq, heç bir xalqın torpaqlarına göz dikməmişik, heç zaman ölkəmizdə yaşayanları – azərbaycanlılara, ruslara, yəhudilərə, yaxud hansısa digər xalqlara ayırmamışıq.

– Yazıçı kimi hansı janrda yazmağı üstün tutursunuz və sevimli mövzunuz hansıdır?

– Düşünürəm, hər yazıçı öz janrını müəyyən qədər əsərlər yazdıqdan sonra müəyyənləşdirir. Mənə gəlincə, əsərlərimin əsaslı hissəsi psixoloji janrda yazılıb. Sürrealizm, magik realizm üslubunda yazdıqlarım da var. Sevimli mövzuya gəlincə, yalnız məni narahat edən hadisələr haqda yazmağa çalışıram. Yazıçı onu narahat edənləri,  ağrısını yaşadıqlarını vərəqə köçürür və beləcə xilas olur.

– Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəhbəri, məşhur yazıçı, dramaturq... Sizin peşənizdə dil vacib rol oynayır. Olkənizdə dilin saflığını qorumaq üçün nə kimi işlər görülür və dilin, necə deyərlər, çirklənməsinin səbəblərini nədə görürsünüz?

– Sovet dövründə dilin istifadəsinə nəzarət edən dövlət qurumları var idi. Bu qurumlar yazıçıların işinə qarışanda, onlara nə yazmaları barədə göstərişlər verəndə, nəyin nəşr olunub, nəyin olunmayacağını müəyyənləşdirəndə, əlbəttə ki, xoşagəlməz məqamlar da ortaya çıxırdı. Bu, təbii ki, ideoloji təzyiq idi. Amma bu qurumların müsbət tərəfi də var idi ki, bu da ədəbi dilin tətbiqinə vahid dövlət nəzarətinin olmasıydı. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu qurumlar bağlandı, hər şey başlı-başına buraxıldı. Beləcə hər kəs istədiyini, istədiyi şəkildə yazmağa başladı. Və bu mənfi tendensiya yalnız ədəbiyyata deyil, nəşrlər, dərsliklər və lüğətlərə də sirayət etdi. Bu sahələrdə qeyri-peşəkarlıq baş alıb getdi. Mərkəzin yaradılmasının bir əsaslı səbəbi də bu problemlərin aradan qaldırılmasına yönəlib. Bu gün Mərkəz bu sahədə kifayət qədər işlər görür. Hazırda yeni orfoqrafiya lüğəti üzərində işləyirik, onu işlənməyən ərəb, fars kəlmələrindən, süni yaradılmış sözlərdən təmizləyir, yenilərini əlavə edirik. Dilimizin kifayət qədər mükəmməl söz ehtiyatı var. Bu dil həm yaradıcılıq, həm də ünsiyyət üçün olduqca zəngin dildir. Təbii ki, dil canlıdır və əbədi donub qala bilməz. O inkişaf edir, dəyişir, zənginləşir. İndi Mərkəzdə KİV-də, televiziyada, radioda işlədilən yeni sözləri bir araya toplayacaq xüsusi proqram hazırlanır. Həmin yeni sözlər də lüğətə toplanacaq.

– Mopassan, Markes, Tomas Vulf, Xulio Kortasar, Borxes kimi böyük yazıçıları dilinizə tərcümə etmisiniz... Son illərdə sufi müəllifərinin irsinin tərcüməsinə də yaradıcılığınızda geniş yer ayırmısınız. Böyük anlamda, insan və Allah arasında ünsiyyət vasitəsi olan bu tərcümələri davam etdirəcəksinizmi? Müasir ədəbiyyatın böyük imzalarını və qədim sufiləri necə uyğunlaşdırırsınız?

– Açığını deyim, sufi mətnləri ilə tanışlıqdan sonra bədii ədəbiyyata marağımda nəsə təbəddülatlar yarandı. Hərçənd, bədii ədəbiyyat da insana çox-çox gizli mətləblərin sirrini açır. Sufi mətnləri isə bütün bunları və daha gizlində olanları qalın-qalın kitablar, romanlarla yox, bircə cümlə, ya fikirlə izah edir. Bu mətnləri mən kosmik dəhlizlərə bənzədirəm. Bu mətnlərlə işlədikcə mənən zənginləşdiyini, mükəmməlləşdiyini duyursan. Təəssüf ki, hal-hazırda bu işlə məşğul olmağa vaxtım yoxdur. Müasir ədəbiyyatın məşhur imzalarının qədim sufilərlə necə  uyğunlaşdırmağıma gəlincə, deyim ki, tərcümə etdiyim bütün böyük müəlliflərin əsərlərində qədim mətnlərdəki həmin dəyərlərin müəyyən qismi, dağınıq halda olsa da, mövcuddur.

– Bizim ədəbiyyatımızla necə, tanışsınızmı, əgər tanışsınızsa, hansı yazıçılarımız Sizə daha maraqlıdır?

– Pavel Vejinovun istedadını yüksək dəyərləndirirəm. Ancaq etiraf edim ki, əsərlərinin hamısını oxumamışam. Vejinovun əsərləri məndə böyük təəssürat yaradıb. Sofiyaya gəlməzdən öncə biz XІX  əsrin sonu – XX əsrin əvvəllərində yazıb-yaratmış bolqar yazıçı və şairlərinin siyahısını hazırladıq və dünən onu Tərcüməçilər Birliyi ilə görüşümüz zamanı təqdim etdik. Onlar bizə Azərbaycan dilinə tərcümə ediləcək bolqar yazıçı və şairlərin siyahısını tərtib edib göndərəcəklər. Bolqar yazıçıları antologiyasını hazırlamaq istəyirik, amma bunun hansı tərkibdə olacağına Bolqarıstan Tərcüməçilər və Bolqarıstan Yazıçılar Birliyi qərar verəcək. Bu akademik bir nəşr olacaq, universitetlərə, kitabxanalara paylanılacaq. Bu səbəbdən kitabda bolqar ədəbiyyatını təmsil edəcək yazıçıların düzgün seçimi vacibdir. Biz, həmçinin Azərbaycan ədəbiyyatının da bolqar dilinə tərcüməsi və Sofiyada nəşri məsələsini müzakirə etdik və bu işi birgə əməkdaşlıq çərçivəsində həyata keçirmək barədə  razılığa gəldik.

– Məlum olduğu kimi, bu gün dünyada  mənəvi tənəzzül yaşanır. Mənəviyyatın qorunması üçün yazıçılar və jurnalistlər nə edə bilərlər?

– Yazmaqdan başqa nə edə bilərlər ki? Amma bu əsərlər elə yazılmalıdır ki, oxucunu ilk cümlədən təsirləndirə, ovsunlaya, saflaşdıra, onu öz ideyalarının ardınca apara bilsin. 

 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.