Misirdə nəşr olunan “Müasir Azərbaycan hekayəsi” kitabı təqdim olundu

Misirdə nəşr olunan “Müasir Azərbaycan hekayəsi” kitabı təqdim olundu

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında ARNK yanında Tərcümə Mərkəzi ilə Misir Milli Tərcümə Mərkəzinin müştərək layihəsi əsasında ərsəyə gələn “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimat mərasimi keçirilib. Qeyd edək ki, Azərbaycan ədəbiyyatının ümumi mənzərəsini ərəb dünyasına ilk dəfə təqdim edən kitaba on doqquz Azərbaycan yazıçısının hekayəsi daxil edilib. Kitabın tərcüməçisi – Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi, doktor Əhməd Sami Elaydidir.

Tədbirdə ölkənin tanınmış ziyalıları, Azərbaycanda fəaliyyət göstərən səfirlər və  diplomatik korpusun nümayəndələri iştirak ediblər. 

Mərkəzin direktoru Afaq Məsud çıxış edərək, Mərkəzin beynəlxalq müstəvidə həyata keçirdiyi layihələrdən, ərəb dilində Misirdə ərsəyə gətirilmiş toplunun Qahirə universitetlərinə və Misir kitabxanasına yerləşdirilməsindən, eləcə də kitabın gələn il  digər ərəbdilli ölkələrdə də nəşrinin həyata keçiriləcəyindən danışıb. 

Daha sonra Fələstin dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərim, Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Adil Embarş çıxış edərək bu kitabın Azərbaycan ədəbiyyatını ərəb dünyasına tanıdacaq unikal nəşr olduğunu, Misir - Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin genişlənməsində mühüm rol oynayacağını bildiriblər.

Kitabın tərcüməsinin və tərtibatının yüksək keyfiyyətini xüsusi vurğulayan səfir cənab Nasir Əbdül Kərim bu kimi təşəbbüslərin ölkələrarası diplomatik əlaqələrə müsbət təsir göstərdiyini xüsusi qeyd edib.

Səfir Məhəmməd Adil Embarş isə bildirib ki, ərəb dilinə tərcümə olunan bu kitab üç yüz səksən milyon ərəb oxucusunun, eləcə də dünya şərqşünaslarının Azərbaycan ədəbiyyatını daha da yaxından tanıması üçün əvəzsiz mənbədir. Səfir bu təşəbbüsə görə Tərcümə Mərkəzinin direktoru Afaq Məsuda, həmçinin mükəmməl tərcüməyə görə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydiyə dərin təşəkkürünü bildirib. O, bu kitabın Tərcümə Mərkəzi və Mərakeş Səfirliyinin birgə təşkilatçılığı ilə yaxın gələcəkdə Mərakeşdə də oxuculara təqdim olunacağını bildirib.
Daha sonra filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, BDU-nun professoru, filologiya elmləri doktoru Qulu Məhərrəmli, filologiya elmləri doktoru, professor Nəsrullah Məmmədov, filologiya elmləri doktoru Paşa Kərimov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova çıxış edərək kitabın ədəbi-bədii və beynəlxalq əhəmiyyətindən danışıblar.

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.