Sentyabrın 15-i Bakının daşnak-bolşevik işğalçı qüvvələrindən azad olunmasından 100 il keçir

Sentyabrın 15-i Bakının daşnak-bolşevik işğalçı qüvvələrindən azad olunmasından 100 il keçir

 

Nuru Paşadan yadigar qalan məğlubedilməzlik rəmzi

1918-ci il may ayının 28-də, olduqca mürəkkəb bir dövrdə Milli Şura Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bütün dünyaya bəyan etdi. Həmin keşməkeşli günlərdə Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Bakı şəhəri və ətraf rayonlar erməni-bolşevik qüvvələrinin işğalı altında idi. Daşnak-bolşevik qüvvəlləri 1918-ci il mart ayının son 3 günü ərzində xalqımıza qarşı tarixdə misli görünməmiş soyqırımı törətdilər. Həmişə göz yaşları ilə xatırlanan o günlərdə Bakıda, Şamaxıda, Qubada və başqa bölgələrdə 30 mindən çox azərbaycanlını amansızcasına qətlə yetirdilər. Bolşevik donuna bürünmüş ermənilər necə olursa-olsun, Bakını əldə saxlamaq istəyirdilər. Amma Azərbaycanı, onun müstəqilliyini Bakısız təsəvvür etmək mümkün deyildi. Çünki Göyçənin, Zəngəzurun, Qarabağın və başqa bölgələrin azadlığına doğru uzanan yollar Bakıdan – ölkənin paytaxtından keçirdi. Belə bir şəraitdə, özünün də ağır durumda olduğuna baxmayaraq Osmanlı dövləti Azərbaycanla 1918-ci il iyun ayında bağladığı «Dostluq və əməkdaşlıq» müqaviləsinə əsasən, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə hərbi qüvvələrini Nuru Paşanın rəhbərliyi altında ölkəmizə göndərdi.

1918-ci ilin avqust-sentyabr aylarında Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsi uğrunda qızğın döyüşlər başlanır. Göyçaydakı ilk döyüşdə daşnak-bolşevik qüvvələr məğlub olub geri çəkilir. Bakıya – ölkənin paytaxtına gedən yollardakı duman bir az seyrəlir. 1918-ci il sentyabr ayının 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu, Azərbaycan Milli Korpusu və çoxsaylı azərbaycanlı könüllü Bakıya daxil olaraq şəhəri erməni-bolşevik qüvvələrindən təmizləyir. Bakının azad edilməsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Məşhur milyonçu və tanınmış xeyriyyəçi Zeynalabdin Tağıyev ordunun şərəfinə ziyafət verir.

Bu gün xalqımızın yaddaşında Nuru Paşa ilə bağlı xoş xatirələr yaşayır. Bir çox tarixi mənbələrdə göstərilir ki, Nuru Paşa bir hərbçi kimi uğurunu Azərbaycanda əldə edib. Qardaş ölkədə qazandığı qələbələrlə təkcə Osmanlı dövlətinin deyil, Azərbaycanın da hərb tarixində və ümumən Türkiyə-Azərbaycan tarixində silinməz izlər qoyub.

Həmin günlərdə Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsində şəhər sakinlərinin də böyük fədakarlığı olub. Qoynunda böyüdüyü şəhərini azad görmək istəyən sakinlər xilaskar türk əsgərlərinə hər addımda kömək ediblər. Camaat onları öz evində saxlayaraq qonaqpərvərlik göstərib, mənəvi dəstək olublar.

Türk əsgərlərinə kömək edən, onlara ocağının başında yer göstərən insanlardan biri də İçərişəhər sakini Şıxəli Hacıyev olub. Çox xeyirxah və vətənpərvər olan Şıxəli Hacıyev 1880-ci ildə İçərişəhərdə dünyaya göz açmışdı. Sövdəgər nəslindən olan Şıxəli kişinin Bakı şəhərinin mərkəzində bir neçə yerdə qalantereya dükanları var imiş. 1918-ci ilin mart ayında ermənilərin Bakıda törətdikləri soyqırımının canlı şahidi olan Hacı Şıxəli neçə-neçə ailəni ölüm təhlükəsindən qorumuşdu. O, şəhərini azad görmək istəyirdi. Türk əsgərləri ölkənin paytaxtına daxil olanda Hacı Şıxəli onlara əlindən gələn köməyi edib, xeyirxahlığını bu xilaskarlardan əsirgəməyib. Hacı Bakını azad edən türk əsgərlərinə həssaslıqla, hörmətlə yanaşıb. Var-dövlətini şəhərimizin erməni-bolşevik dəstələrindən azad edilməsi yolunda səxavətlə xərcləyib. Xeyli müddət onları yataqla, ərzaqla təmin edib. Türk əsgərlərinə mənəvi dəstək olaraq onları döyüşə, daşnak-bolşevik qüvvələrini məhv etməyə ruhlandırıb.

Məhz belə xeyirxah və cəsarətli insanlar sayəsində Bakımız, qədim İçərişəhərimiz istilaçı qüvvələrdən azad edilib. Həm Bakı qoçularının, həm də Hacı Şıxəli kimi ləyaqətli insanların hesabına ermənilər İçərişəhərdə soyqırımı törədə bilməyiblər, İçərişəhərin küçələrinə sakinlərinin qanı tökülməyib.

Türk əsgərlərinin şəhər sakinləri tərəfindən yerlərdə belə mehriban qarşılanması xəbərləri general-mayor Nuru Paşaya da gəlib çatırmış. Tabeliyində olan əsgərlərin belə sevinclə qarşılanması onun da ürəyini açırmış. Şəhər sakinlərinə olan hörmət və rəğbətini artırırmış.

1918-ci il noyabr ayının 10-da Azərbaycan hökuməti Nuru Paşanın şərəfinə təntənəli ziyafət verib. Azərbaycan hökumətinin sədri F.X.Xoyski, Müsavat Partiyasının lideri M.Ə.Rəsulzadə çıxış edərək Nuru Paşaya və onun komandanlıq etdiyi qoşunların əsgər və zabitlərinə göstərdikləri qəhrəmanlıq və fədakarlığa görə Azərbaycan xalqı adından minnətdarlıq ediblər.

Şəhər sakinləri ilə görüşlərində Qafqaz İslam Ordusunun komandanı bu mehribanlığa görə onlara minnətdarlığını bildirirdi. Həmin gərgin günlərdə İçərişəhərə gələn Nuru Paşa sakinlərlə görüşmüş, türk əsgərlərinə göstərdiyi mehribanlığa, vətənpərvərliyə görə yadigar olaraq, üzərində Fateh Sultan Mehmetin möhürü və ay-ulduz həkk olunmuş qəməsini Hacı Şıxəliyə vermişdi. Hacı Şıxəli Nuru Paşanın ona bağışladığı qəməni ömrünün sonuna kimi iftixarla qoruyub saxlamışdı. Ölümündən sonra isə Nuru Paşanın hədiyyə etdiyi qəməni oğlu Məmməd Naib qorumuşdu. İndi isə həmin qiymətli hədiyyə Hacı Şıxəlinin nəvəsi, hazırda Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın beynəlxalq əlaqələr üzrə direktor müavini Mələk xanım Hacıyevadadır. Nuru Paşanın bağışladığı qəmə bu ailədə, bu evdə qardaşlıq və məğlubedilməzlik rəmzi kimi saxlanılır və maraqlananlara ürəkaçıqlığı ilə nümayiş etdirilir.

Nuru Paşanın 1918-ci ildə Hacı Şıxəliyə qəməsini bağışlaması haqqında məlumatı ilk dəfə onun nəvəsi Mələk xanım Hacıyevadan eşitdim. Bir əsrə yaxın yaşı olan həmin qiymətli hədiyyəni görmək üçün Mələk xanımın iş yerinə getdim. Qəməni görəndə heyrətimi gizlədə bilmədim.

Qəməyə toxunanda sanki yaddaşım oyandı. Bir vaxtlar Bakını erməni-bolşeviklərdən azad etmiş qüvvələrin komandanı olmuş general-mayor Nuru Paşanın üstündə gəzdirdiyi qəmənin üzərində indi mənim barmaqlarım gəzirdi. Doğrudan da, iftixar duyulası anlar idi. Qəməyə məğlubedilməzlik və azadlıq rəmzi kimi baxdım. Onun sahibi canı, qanı bahasına öz əsgərləri ilə ölkəmizin paytaxtı Bakı şəhərini erməni-daşnak qüvvələrindən azad edərək təzədən xalqımıza qaytarmışdı. Buna görə Azərbaycan xalqı Nuru Paşanı və qardaş türk əsgərlərini həmişə böyük ehtiramla anır, hörmətlə xatırlayır.

Mələk xanım Hacıyeva qəməylə bağlı xatirələrini çözələdi. Nənəsi Tubu xanımın danışdıqlarını dilə gətirdi:

– O illəri xatırlayan nənəm həmişə bizə danışardı ki, erməni-müsəlman qırğınında babanız bu evdə çoxlu türk döyüşçüsü saxlayırdı. O, hərbçiləri ürəkaçıqlığı ilə qəbul edir, yedirib-içirdir, döyüşmələri üçün əlindən gələn köməkliyi edirdi. Türk əsgərləri Bakını azad edəndən sonra Türkiyəyə qayıtmağa hazırlaşırdılar. Yola düşən gün babamız onlara yaxşıca bir ziyafət də verib. Türk əsgərləri bizdən göz yaşları içində ayrılıblar.

Düşünürəm ki, Nuru Paşanın Hacı Şıxəliyə qəməsini bağışlamasında da bir rəmz var. General ona başqa bir əşya da verə bilərdi. Amma görkəmli sərkərdə qəmə hədiyyə edib. Çünki qəmə döyüş ləvazimatıdı, savaş alətidir. Yəqin, general bununla demək istəyib ki, nə qədər erməni kimi düşmənimiz var, silahınızı əlinizdə hazır tutun, həmişə döyüşə hazır olun, şəhər və kəndlərinizi, torpaqlarınızı yağılardan göz bəbəyi kimi qoruyun.

Vahid MƏHƏRRƏMOV

 

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.