Şirvanşahların yadigarı

Şirvanşahların yadigarı

Daş dilində danışan tarix

Bəlkə də, hər tarixi abidə ayrı-ayrılıqda bir səsdir. Bu mənada, Şərq fəlsəfəsinin, mədəniyyətinin əsas ifadə vasitələrindən olan muğamlarda, hardasa daşların, qayaların sükutu musiqiləşir. Muğamı dinlədikcə, sanki həmin daşların tarixin o üzündən bizə çatdırmaq istədiyi sözləri eşidirik...

Şirvanşahlar Sarayı Kompleksinin həyətindəyik. UNESCO-nun Ümumdünya İrs siyahısında yer alan saray bütövlükdə ud səsini xatırladır – Dədə Qorquddan üzü bu yana tariximizin bütün ağrılarını özünün ləngərli ifasında əks etdirən ud səsini.

Bu səbəbdən də bizim üçün Şirvanşahlar sarayının həyətini, oradakı abidələri gəzmək həm də ud səsinin içində səyahət etmək anlamında idi...

Binanın əsas hissəsi 1420-ci ildə Şirvanşah Xəlilullahın göstərişi ilə tikilib. Kompleks hazırda: saray binası, divanxana, Şirvanşahların türbəsi, Şah məscidi, ovdan, hamam, Seyid Yəhya Bakuvi türbəsi və Şərq darvazasından ibarətdir. Seyid Yəhya Bakuvinin türbəsi yanında “Keyqubad məscidi” adlanan tikinti də olub. Təəssüflər olsun ki, həmin tikilinin bir hissəsinin yalnız qalıqları qalıb.

Bələdçimiz Arzu Haşımova deyir ki, hazırda dayandığımız birinci həyət divanxana və Şirvanşah ailəsinin yaşadığı baş saray binasından ibarətdir. Şah ailəsi sarayın 25 otaqlı ikinci mərtəbəsində yaşayıb. Hazırda həmin otaqlardan 15-i qorunur. 27 otaqlı birinci qat isə qulluqçular və Şirvanşah ailəsinin xidmətində duran həkimlər, rəssamlar, xəttatlar, aşpazlar üçün nəzərdə tutulubmuş. Lakin yadelli hücumları zamanı sarayın bəzi hissələri dağıldığı üçün hansı otağın hansı peşə sahibinə məxsusluğunu dəqiq demək mümkün deyil.

"Gizli cənnət", sirli günbəz

Kompleksə gələn bütün turistlər kimi, öncə baş saray binasına bitişik divanxana ilə tanış oluruq. Divanxana rəsmi qərarların qəbul olunduğu yer olub, həmçinin məhkəmə funksiyasını da həyata keçirib.

Səkkiz guşəli rоtоndаdаn ibаrət divanxana 12 tərəfli günbəzlə tаmаmlаnır. Fərziyyələrə görə, buranı Şirvanşah Fərrux Yasar özünə türbə kimi inşa etdirib. Lakin o, 1500-cü ildə Cabanı döyüşündə Səfəvilərə məğlub olduqdan sonra yandırıldığı üçün burada dəfn olunmayıb.

Divanxananın səkkizguşəli forması cənnətin səkkiz qapısına işarədir. Abidənin əsasını səkkizbucaqlı salon təşkil edir. Salonu beş tərəfdən əhatə edən, divar boyu yerləşən eyvanlar orada həmişə kölgəlik yaradıb. Divarlarda kufi xətti ilə Allahı və peyğəmbərləri mədh edən ifadələr həkk olunub.

Bir maraqlı faktı qeyd edək ki, əksər hallarda məhkəmə funksiyasını həyata keçirən divanxanaya məhkumlar xüsusi yeraltı yollarla gətirilərmiş. Ümumiyyətlə, Şirvanşahlar sarayında bu cür yeraltı yollar çoxdur. Onların bəziləri indi də sirr kimi saxlanılır. Düşmən hücumları zamanı gizli müdafiə funksiyasını həyata keçirən yeraltı yollar Bakının bir sıra abidələri ilə gizlicə "görüşür", bəziləri isə birbaşa dənizə çıxır.

Divanxanadan sonra sarayın ikinci mərtəbəsinə – vaxtilə şah ailəsinin yaşadığı otaqlara qədəm qoyuruq. Saray elə inşa edilib ki, divanxanadan birbaşa ikinci mərtəbəyə getməli oluruq. Bunun səbəbi xüsusi yer sayılan divanxananın yalnız ikinci mərtəbədə yaşayan Şirvanşah və onun ailə üzvlərinin gediş-gəlişi üçün nəzərdə tutulmasıdır. Şah ailəsinin üzvləri birinci mərtəbədəki xidmətçiləri məxsusi oyuq vasitəsilə çağırarmışlar. Həmin oyuq bu gün də qorunur. Oyuq vasitəsilə rabitə Şərqdə hökmdar – xidmətçi, hökmdar – rəiyyət münasibətini özündə əks etdirir. Həmin oyuqdan göstərişləri alan xidmətçilər onlar üçün hazırlanan üç yolla ikinci mərtəbəyə gələr və lazımi tapşırıqları yerinə yetirərmişlər.

Şah – rəiyyət münasibətlərinin əsas göstəricisi olan oyuğun yerləşdiyi zalda Şirvanşahlar şəcərəsini özündə əks etdirən elektron tablo quraşdırılıb. Qeyd edək ki, Şirvanşahların şəcərəsi VI əsrə gedib çıxır.

Dövlətin əsası isə, IX əsrdə – 861-ci ildə Heysam ibn Xalid tərəfindən qoyulub. Elektron lövhədə Şirvanşahlar tarixində önəmli xidmətləri olan Dərbəndilər sülaləsinin nümayəndələri – İbrahim Dərbəndi, Şirvanşah I Xəlilullah, Fərrux Yasar  kimi şahların adları diqqəti daha çox cəlb edir. Təsadüfi deyil ki, bu gün UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilən Şirvanşahlar sarayını bu sülalənin iki nümayəndəsi – Xəlilullah və Fərrux Yasar tikdirib.

Sarayın ikinci mərtəbəsindəki ən dəbdəbəli məkanlardan biri də şahın taxt-tac zalıdır. Zal özünün genişliyi, möhtəşəmliyi və xüsusi memarlıq üslubuna görə fərqlənir. Taxt-tac zalının sonradan dağıdılan günbəzi (1723-cü ildə I Pyotrun generalı Matyuşkin Bakıya gələn zaman Xəzər dənizindən top mərmiləri ilə şəhəri üç istiqamətdə atəşə tutub və nəticədə sarayın günbəzi dağıdılıb) bir zamanlar özünün füsunkar gözəlliyi ilə seçilən kaşılardan hazırlanıb. Bələdçimiz tavanda quraşdırılan virtual günbəzə diqqətlə baxmağımızı istəyir. Əvvəl heç nə anlamırıq. Gözlərimizə inanmırıq, yuxarıdakı sanki adi tavan yox, Şah Xəlilullahın altında oturduğu mavi və firuzəyi rəngdə kaşılardan salınan Şərq incisi – günbəzin özüdür. Lakin çox keçmir ki, həmin "günbəz" dağılır, bircə anın içindəcə uçur. Sən demə, tavanda quraşdırılan virtual avadanlıqlar möhtəşəm zalın günbəzinin taleyini gün ərzində xüsusi elektron effektlər vasitəsilə əks etdirir.

Artıq bir neçə ildir ki, saraya gələn turistlər gözlərini tavandan çəkmədən həm Şərq memarlıq incisini, həm də "Pyotrun qəhrəmanlığı"nı seyr edirlər.

Zalın bir küncündə vaxtilə saray musiqiçiləri tərəfindən şah üçün səsləndirilən musiqi alətləri qorunur. Bir zamanlar Şah Xəlilullahın, Fərrux Yasarın istirahəti üçün səsləndirilən sənturun, udun, qavalın səsini biz də dinlədik, elektron texnologiya vasitəsilə, xüsusi dəstəyi götürməklə virtual da olsa, XV əsr insanının mənəvi qidasına şərik olduq.

Taxt-tac zalından çıxıb, orta əsrlər Şərqinin yaşam tərzini özündə əks etdirən elektron miniatür tablonun yerləşdiyi məkana yollanırıq. Udun ağır, ləngərli, daş kitabələrdəki sirdən xəbər vermək istəyən sədasına bürünüb, xəyalən də olsa, XV əsrə gedirik. Oradakı saray həyatının, Şərq insanının yaşam tərzinin şahidinə çevrilirik. Özümüzü miniatür sənət əsərinin izləyicisi yox, iştirakçısı sanırıq.

Hər eksponat barəsində həvəslə danışan bələdçinin səsi xəyali zaman yolçuluğuna son qoyur. Ud səsini tərk edirik. Bələdçidən öyrənirik ki, sənət əsəri 1546-cı ildə təbrizli Mirzə Əli tərəfindən Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərinə çəkilən miniatürdür.

Bəli, Şirvanşahları – XV əsr Azərbaycanını ud sədası olmadan gəzmək mümkün deyil. Bu səs sanki nəqliyyat vasitəsi kimi bizi sarayın bir hücrəsindən başqa hücrəsinə aparır. XV əsrdən kənara çıxmadan hücrələri gəzirik. Qəribə auraya malik olan bu hücrələrdə Şirvanşah ailəsinin gündəlik yaşam tərzini özündə əks etdirən məişət və bəzək əşyaları, xanımların istifadə etdiyi geyim dəstləri saxlanılır. Qoca tarix bir zamanlar Şirvanşah ailəsinin geydiyi libasların, istifadə etdiyi əşyaların diliylə danışır.

Mənəvi xəzinə – Seyid Yəhya Bakuvi

Daha sonra yolumuzu kompleksin ikinci həyətindən salırıq. Həyətin əsas abidəsi Şərqin böyük sufilərindən olan Seyid Yəhya Bakuvi türbəsidir. Türbə iki hissədən ibarətdir: birinci hissə böyük sufinin bir zamanlar çillədə olduğu, Allahla vəhdət məqamını yaşadığı kiçik yerüstü hücrədir. O, burada ara-sıra şəyirdləri ilə də görüşərmiş. Ömrünün son illərində isə o, tamamilə bu hücrəyə qapanıb. Bəzən həftələrlə qida da qəbul etməzmiş, hücrənin sirli mənəvi enerjisi böyük sufini yaşadarmış.

Bələdçimiz Seyid Yəhya haqqında bilgilərini bölüşür: "Şirvanşah Xəlilullahın saray alimi olan Seyid Yəhya Şamaxıda doğulub. Xəlvəti təriqətinə rəhbərlik edən Şeyx Sədrəddinin tərəfdarlarından olan Seyid Yəhya sonradan Bakıya köçüb, qısa müddətdə Şirvanşahın rəğbətini qazanıb. Ömrünün sonuna qədər sarayda yaşayıb, xeyli müridlər yetişdirib. Şərqin böyük şəhərlərindən yanına tələbələr gələrmiş. Həmin tələbələrlə həm içərisində olduğumuz türbədə, həm də bir zamanlar ona bitişik olan Keyqubad mədrəsəsində məşğul olarmış. Bakuvi vəfat etdikdən sonra saray ərazisində dəfn olunub".

Bələdçinin sözlərinə görə, türbəni ziyarət edən turistləri buradakı mistika özünə cəlb edir. Ziyarətçilər, əsasən sufilərin, dərvişlərin qeyri-adi yaşam tərzləri, onların dünyagörüşləri barəsində soruşurlar.

Şərqin böyük övliyalarından birinin burada uyumasına baxmayaraq, türbəyə sarayın baş binasına nisbətən az adamın gəldiyini müşahidə edirik. Arzu xanım deyir ki, əksər ziyarətçilərin böyük sufi haqqında məlumatı yoxdur. Odur ki, xarici turistlərlə bərabər, yerli ziyarətçilərin də bura bələdçi ilə gəlmələri vacibdir. Lakin Türkiyə və İrandan gələnlər həm türbə, həm də alim haqqında xeyli bilgilərə malikdirlər.

Seyid Yəhya Bakuvi türbəsinə bitişik Keyqubad mədrəsəsi də bir zamanlar sarayın əsas tikilisi olub. Mədrəsə Şirvanşah Xəlilullahın əmri ilə inşa edilib və dövrün bir çox əsas elmləri burada tədris olunub. Keyqubad mədrəsəsi 1918-ci ildə yanğın zamanı yanıb və indi onun yalnız bünövrəsi qalır. Mədrəsə Şərq elminə çox töhfələr verib. Böyük alim Bakuvi özünün 30-dan çox əsərini burada yazıb, xeyli müridlər, eləcə də Şirvanşahlar nəslinin son nümayəndələri burada yetişib.

İkinci həyətdə suyun altında qalan Bayıl qalasından nişanələr – epiqrafik abidələr sərgilənir. 1234-cü ildə Şirvanşah III Fəribürz tərəfindən inşa edilən Bayıl qəsri 1303-cü ildə baş verən zəlzələ zamanı suyun altında qalıb. Güclü yeraltı təkan Xəzər dənizində suyun səviyyəsini qaldırır və   uzunluğu 80, eni 40 metr olan Bayıl qəsri sulara qərq olur.

Dövrümüzə qalanın özülləri və 699 Bayıl daşı gəlib çatıb. Daşların üstündəki yazılar əsasən fars, qismən ərəb dilindədir. Tədqiqat nəticəsində aşkarlanan daşlar hazırda ikinci həyətdəki divarlarda qorunur. Bayıl daşları dörd qrupa bölünür. Birinci qrupa aid daşların üzərində mifik təsvirlər, ikincilərin üzərində heraldik işarələr, üçüncülərdə insan siması, dördüncüdə isə yazılar təsvir olunub. Hücrələrin birində Bayıl qəsrinin su içindəki maketi saxlanılır.

Sarayın bəzi yerlərindəki memarlıq nişanələri də zaman-zaman çoxlarını heyrətləndirib. XV əsrdə tikilməsinə baxmayaraq, burada müdafiə məsələlərinə çox dəqiqliklə riayət edilib. Kiçik pəncərələr elə quraşdırılıb ki, onlar həm Günəş şüalarını bərabər paylayır, həm də düşmənin hücumunu asanlıqla zərərsizləşdirir.  O pəncərədən düşmənin hücum etmək ehtimalı sıfıra bərabərdir.

Göz yaşı içində müdriklik

Kompleksin sonuncu həyətində üç tarixi tikili yerləşir: Şirvanşahların ailə türbəsi, Şah məscidi və hamam. Türbə Şirvanşah I Xəlilullahın anasının və oğlunun şərəfinə tikilib. Hazırda türbədə yeddi məzar var: başda Şirvanşahın öz məzarı, arxada isə anası və beş kiçik yaşlı övladının qəbirləri. Türbənin qəribə melanxoliyası insanı kədərləndirir. Giriş qapısının üstündəki yazılardan tutmuş, balaca məzarlara qədər hər şey sanki sənə dünyanın faniliyi haqqında nələrisə pıçıldayır.

Yuxarıda möhtəşəm taxt-tac zalı, xidmətçilərlə ünsiyyəti özlərinə yaraşdırmayıb, onları oyuqdan çağıran hökmdarlar və bu məzarlar... Elə bu sədalar altında səyahət etdiyimiz ud səsinin ağıryana naləsini daha dərindən hiss edirik:

          "Gəlimli-gedimli dünya,

          son ucu ölümlü dünya..."

Nə isə... Davam edək... Şirvanşahlar türbəsinin portalından dəhlizə keçirik. Bu dəhliz sol və sağ tərəflərindən qapı vasitəsilə kiçik otaqlarla əlaqələnib. Böyük ehtimalla bu otaqlar din xadimləri üçün ayrılıb. Dəhlizdən böyük zala keçmək mümkündür. Zalın mərkəzi günbəzlə örtülüb.

Türbədə arxeoloji qazıntılar zamanı zalda məzarların arxeoloji detallarının fraqmentləri, həmçinin Xəlilullahın ailəsinə aid bir sıra qəbirlər sonradan aşkar edilib. Arxeoloji işlərin nəticəsində taxta döşəmənin altında 5 nəfərin dəfn edildiyi sərdabə tapılıb.

Türbənin giriş qapısının üzərindəki divarda memarın adı və inşa tarixi xüsusi ornamentlərlə işlənib. İçərisində beş kiçik şahzadənin uyuduğu türbənin qapısı üzərində sağ və sol tərəflərdə böyük göz yaşı rəsmi təsvir olunub. Həmin rəsmin içərisində "bəxş edən Allaha şükürlər olsun" sözləri həkk olunub.

Şərq memarlıq sirləri

Üçüncü həyətin əsas tarixi tikilisi Şah məscididir. Məscidə yaxınlaşanda bələdçimiz deyir ki, məşhur "Sehrli xalat" filmində xan başındakı ağ örtüklə bu minarədən aşağı enir. Həmçinin bu yaxınlarda ekranlaşdırılan "Əli və Nino" filminin bəzi fraqmentləri də bu məsciddə çəkilib.

Şah məscidi iki otaq, üç giriş qapısından ibarətdir. Otaqlardan birində kişilər, digərində isə qadınlar ibadət edərmiş. Girişlərin biri məxsusi olaraq Şirvanşah üçün nəzərdə tutulub, digər ikisi isə kişilər və qadınlar üçündür. Məsciddə söhbət etdiyimiz zaman bələdçimiz eşidilən əks-sədaya diqqət yetirməyimizi istəyir. Bunun özünün də bir sirri varmış. Belə ki, məscidin dörd tərəfindəki kiçik oyuqlara memarlar xüsusi ölçüdə saxsı küplər yerləşdiriblər. Bu saxsı küplərin dar ağızları məhz məscidin içərisinə doğru istiqamətlənmiş formadadır ki, bu da akustika üçün nəzərdə tutulub.

SON və yaxud yenə də qayıdacağıq...

XV əsr abidəsini ziyarət edərkən anladıq ki, tarixin o üzündə bizim üçün darıxan bir SƏS var. Hansı ki, “tarix” deyilən nəsnənin özü də həmin SƏSdən qopub. Bayaqdan təsirində olduğumuz ud sədası da həmin SƏSin övladıdır. Bəlkə də, adına yaddaş deyilən məfhum hər insan üçün yalnız səsdən ibarətdir. Biz yaddaşımıza baş vurub qayıtdıq. Ud səsi də, demə, yaddaşdan – tarixin o üzündən qopub gəlirmiş...

         

Elmin Nuri

 

 

VƏ DİGƏR...

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.

     

  • Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu

    Dövlət Tərcümə Mərkəzi tanınmış gürcü şairi,  Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin seçmə poetik nümunələrinin toplandığı “Min ikinci gecə” adlı şeirlər kitabını nəşr edib.