İnsanların inanc yeri

İnsanların inanc yeri

Sovetlər dönəmində uzun illər hər vəchlə bizləri di­nimizdən uzaqlaşdırıb əcdadlarımızın iman gətirdikləri, etiqad etdikləri pirləri, ocaqları az qala bizlərə unutdurmuşdular. Bu unutqanlığımız bizləri dinimizdən-imanımızdan ayrı salmaqla yanaşı, doğma yurd-yuvamızın tarixi keçmişinin neçə-neçə dəyərli səhifələrini də yaddaşımızdan silmişdi.

Haqqında söhbət aç­dığımız pirlər, ocaqlar tariximizin dü­nənindən soraq verir.

 Xəlifə Seyid Əhməd piri

XII–XIII əsrlərdə Ərəb xilafətinin süqutu dövründə xəlifələr tez-tez dəyişirdilər. Taxt-tacda bəzən bir həftə, hətta bir gün oturan xəlifələr olurdu. Belə xəlifələrin gözlə­rini çıxarır, ya da edam edirdilər. Bəziləri isə fürsət tapıb ölkə­dən qaçmaqla amansız cəza və təqiblərdən canını güclə qur­tara bilirdi.

İndi türbəsi Azərbaycanda pir olan Xəlifə Seyid Əhmədin hakimiyyə­tdən kənarlaşdırılmış ərəb xə­lifələrindən biri olması və təqiblərdən qaçaraq ölkəmizə pənah gətirməsi güman olunur.

Gəzən söz-söh­bətlərə görə, Xəlifə Seyid Əh­məd əvvəlcə Dağbilici kəndinin ətrafında məskən salır. Lakin dağbilicililər tərəfindən soyuq qarşılandığından bir gecə­nin içində ev-eşiyi, mal-qarası ilə birgə yoxa çıxır. Ertəsi gün kənd camaatı xəlifənin qəfil qeyb olmasından təşvişə düşüb onun ye­rini-yurdunu öyrənirlər, geri dönməsini xahiş edir­lər.

Lakin Xəlifə Seyid Əhməd bu yeni yurdundan bir daha Dağbilici kəndinə qayıtmır, kənd sa­kinlərinin günahı­nı isə belə bir şərtlə bağışlayacağını vəd edir: “Qoy mənim ev-eşi­yimin səliqə-sahmanına qulluq etmək, uçuq-söküyünü düzəltmək sizlərin savabı olsun...”

Ötən əsrin əllinci illərində Xə­lifə Seyid Əhməd babanın məq­bərəsi təmir olunarkən müxtəlif sənəd­lər tapılır. Belə mə­lum olur ki, həmin yüzilliyin 20-ci illərinə qədər Xəlifə Seyid Əhməd piri bölgədə ən müqəd­dəs ziyarətgahlardan olub. Ziyarətgah geniş torpaq, əkin-biçin sahəsinə malik imiş.

Bu niyyət piri daş və taxtadan tikilmiş bir sərdabəli otaqdan ibarətdir. Məqbə­rənin ətrafında çoxlu qəbir var. Qəbirlərin üstündəki yazılar ərəb dilindədir. Başdaşlarının torpaq­da çox dərinə getməsi, sinədaş­larının, demək olar ki, tamam batması bu qəbirlərin də, pirin də qədim tarixə malik olduğunu göstərir.

İllər, əsrlər keçdikcə Xəlifə Se­yid Əhməd babanın binə tutub məskən saldığı yurd yeri də böyü­yərək kəndə çevrilib. Bu kənd indi Xəlfələr adlanır.

 Şıxzəddin baba

Şabran-Quba bölgəsində xalq tərəfindən Şıxzəddin baba adı ilə tanınan və qəbri ziyarətga­ha çevrilən bu şəxs Gömür maha­lında, Kəlaku dağının ətəyində­ki Puçuq kəndində dəfn olunub.

Yüz illərdən bəri nəsillərdən-nəsillərə, yaddaşlardan-yaddaş­lara köçüb gələn söyləmələrə görə, Şıxzəddin babanın əcdadları Şirvanda islam dinini yayaraq onun dayaqlarına çevrilən Şam şəhərindən gəlmiş şeyxlər olub.

Məlum olan bilgilərə görə, Səfəvi hökmdarı I Şah Ab­bas XVII əsrin əvvəllərində Da­ğıstana gedərkən qoşu­nun süvari hissəsi ilə Şamaxıdan Xaltan dərəsi ilə Kotəh düzünə çıxaraq orada düşərgə salır. Axşamtərəfi şah Kəlaku dağının ətəyindən işıq gəldiyini görür. Hökmdar işıq gələn tərəfə iki əsgər yollayır. Əsgərlər mən­zilbaşına çatıb görürlər ki, nurani bir qoca şam işığında əyləşib Quranın qiraəti ilə məşğuldur.

Əsgərlər özlərini nişan verib onu şahın hüzuruna dəvət edir­lər.

Nurani qoca qiraətini yekunlaşdırıb:

– Siz gedin, mən də gəlirəm, – deyərək onları yola salır.

Düşərgəyə geri dönən əsgər­lər həmin şəxsi özlərindən qa­baq şahın hüzuruna çatmış gö­rüb mat-məəttəl qalaraq məsələni şaha ərz edirlər.

Ətraflı tanışlıq zamanı şaha məlum olur ki, qarşısındakı ali ruhani təhsili almış çox mömin bir şəxsdir. Və Şah Abbas Şıxzəddin babadan öyrə­nir ki, o hətta Allahın izni ilə mö­cüzə belə göstərməyə qadirdir. Şah ondan bir mö­cüzə göstərməyi xahiş edir. Şıx­zəddin baba da şahın qarşısında çatılmış ocaqdan yanar bir közü götürüb torpağa sancır və kö­z dərhal yaşıllaşıb yarpaq açır. Bundan sonra I Şah Abbas Gö­mür mahalında böyük bir yurd yerini ona bağışlayır.

Şirvanda Xaltanlı Tağı adı ilə tanınan el aşığı hələ iki yüz il öncə bu hümmət, səxavət sahibi, qəbri-məq­bərəsi indi pirə, ocağa çevrilən bu nurani şəxsi fəxriyyəsində belə vəsf etmişdi:

 

Şeyx Əzətdin, Şeyx İbadətdin,

Bəslədiyin dağın dabanına bax.

İbadəti-layiq, miilki-məlayiq,

Gülzar məqamının gülşəninə bax.

 

Çünki sakitliyin binasın qurdu,

Ev-otaq tikərək dayanıb durdu,

Təhvilinə keçən xoş çəmən yurdu,

Çəmən çöhrəsinin səhmanına bax.

 

Qəzada var imiş belə qüdrəti,

Xalqa zahir oldu xətir-hörməti,

Bilqeyisə bərabərdir sifəti,

 

Kəskin kəlamının ərkanına bax.

Aydın TAĞIYEV

 

 

 

 

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.