Azərbaycan Ordusunun Aprel zəfəri

Azərbaycan Ordusunun Aprel zəfəri

1991-ci ilin sonu, 1992-ci ilin əvvəlində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edən Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda əməliyyatlara başladı. Dağlıq Qarabağda, eləcə də Ermənistanla həmsərhəd rayonlarda azərbaycanlılar yaşayan kəndləri zəbt edən, qırğınlar, soyqırımlar törədən ermənilər Dağlıq Qarabağı və ona bitişik 7 rayonu (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın) işğal etdilər.

Beləliklə, Azərbaycan ərazilərinin 20 faizi işğal edildi, 20 mindən çox insan qətlə yetirildi. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı olmuş bir milyondan artıq insan 28 ildir ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq elementar insan haqlarından məhrum edilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.

1994-cü ildə tərəflər arasında atəşkəs elan edilməsinə baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini mütəmadi pozmaqda davam ediblər.

Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdi 2016-cı ilin aprel ayında baş verdi. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldıqda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Atəşkəs elan olunduqdan 22 il sonra ilk dəfə baş verən bu ən irihəcmli döyüşlər Aprel döyüşləri kimi tarixləşdi və Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.

Bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri həyata keçirildi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində mövqelər düşməndən azad olundu.

Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin, əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Düşmənin əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı döyüşçülərimizin şücaəti sayəsində baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbələr endirildi.

Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafındakı, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.
Erməni silahlı qüvvələri bu döyüşlərdə çoxlu sayda hərbi qulluqçu və zirehli texnika, artilleriya qurğusu itkilərinə məruz qaldı.

Düşmənin Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.

2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırıldı.

Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bu gün insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Bu məqsədlə ölkə başçısı cənab İlham Əliyev 24 yanvar 2017-ci il tarixində “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Beləliklə,  aprel zəfəri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın ordumuza olan inamını daha da artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çökdülər.

Son döyüşlər bir daha göstərdi ki, ordumuzun potensialı böyükdür. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin müjdəçisi kimi tarixə yazıldı.

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.