Ümummilli Lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin 75 illik yubiley mərasimindəki çıxışı

Ümummilli Lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin 75 illik yubiley mərasimindəki çıxışı

1978-ci il aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında qəbul edilmiş respublika konstitusiyasında Heydər Əliyevin təklifi ilə Azərbaycan dilinə dövlət dili statusu verilmişdir.

Ümummilli Lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin 75 illik yubiley mərasimindəki çıxışı

Bakı Dövlət Universitetinin bütün digər xidmətləri ilə yanaşı, Azərbaycan xalqının ana dilinin inkişafındakı xidmətlərini xüsusi qeyd etməliyik. Universitet yaranarkən müəllimlərin əksəriyyəti azərbaycanlı olmamışdır. Ancaq sonrakı mərhələlərdə universitet Azərbaycanda xalqımızın ana dilinin inkişaf etməsi üçün, təbliğ olunması üçün böyük işlər görmüşdür. Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Ancaq əgər keçmişə nəzər salsaq, bu gün zəngin, yüksək mədəni səviyyədə olan, çox geniş söz ehtiyatına malik olan ədəbi, mədəni dilimiz həmişə belə olmamışdır. Onu yaradanlar olub, elmi əsasını quranlar olub, inkişaf etdirənlər olub. Bu, müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə çatdırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Bu baxımdan Bakı Dövlət Universitetinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

Bakı Dövlət Universitetinin əsas fakültələri – tarix fakültəsi, filologiya fakültəsi, fəlsəfə fakültəsi, yəni bütün bu humanitar fakültələr Azərbaycan dilinin, Azərbaycan elminin inkişafında müstəsna yer tutur.

Biz bu il dahi şairimiz Məhəmməd Füzulinin 500 illik yubileyini qeyd edirik. Fəxr edirik ki, 500 il bundan öncə Məhəmməd Füzuli öz ana dilində əsərlərini yazmışdır. Eyni zamanda onu da unutmayaq ki, elə bu əsrin əvvəlində də, ortasında da ana dilimizdə yazanlarımız çox olmuşdur. Ana dilini, Azərbaycan dilini yüksəklərə qaldırmaq istəyənlər, zənginləşdirməyə çalışanlar fədakar adamlar olublar.

Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu, təəccüb doğurdu – nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlığını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər. Mən isə onlara dedim ki, burada bir qeyri-adilik yoxdur, nahaq təəccüb edirsiniz, bu, mənim ana dilimdir və ana dilində çıxış etmək elə böyük bir qəhrəmanlıq da deyildir. Ana dilini bilməmək isə, ana dilini qiymətləndirməmək isə, şübhəsiz ki, xalq qarşısında qəbahətdir.

Xatırlatmaq istəyirəm ki, universitet həqiqəti axtaran, milli ruhu inkişaf etdirən bir ocaq, mənbə olmuşdur. Təsadüfi deyildir ki, bir də deyirəm, Azərbaycanın müstəqilliyi, milli azadlığı uğrunda mübarizə aparan insanların da çoxu burada təhsil almış, universitet divarları arasında işləmiş, fəaliyyət göstərmişlər və bu gün də göstərirlər. Ona görə də Bakı Dövlət Universitetinin Azərbaycan dilinin inkişafında, milli ruhun, milli şüurun inkişafında, vətənpərvərlik ruhunun inkişafında olan xidmətlərini bir daha xüsusi qeyd edirəm və bu gün – müstəqil Azərbaycan dövlətində, belə insanlara, belə axtarışlara öz hörmət və ehtiramımı bildirirəm.

 

 

Bakı şəhəri 26 noyabr 1994-cü il

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.