Mehdi Hüseynzadə haqqında kitab Ukraynada təqdim olundu

Mehdi Hüseynzadə haqqında kitab Ukraynada təqdim olundu

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, “Mixaylo” ləqəbi ilə tanınan əfsanəvi partizan Mehdi Hüseynzadəyə həsr olunmuş kitabın təqdimatı keçirilib.

Sloveniya yazıçısı Peter Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” adlı kitabın dilimizə tərcüməsi qəhrəmanın yubileyi münasibətilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gəlib. Təqdimatda xarici ölkələrin səfirliklərinin nümayəndələri, yazıçılar, tələbələr, müəllim və professor heyəti iştirak edib.

Tarix elmləri namizədi Oleq Kupçikin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, hələ Sloveniyada diplomatik korpusda çalışdığı zaman kitabı rus dilinə tərcümə etdirərək nəşrinə nail olub: “Mehdi Hüseynzadə Azərbaycanın şanlı tarixidir. Onun bütün dünyada tanıdılması üçün bu kitab ən gözəl vəsaitlərdən biri hesab edilir”. Səfir bildirib ki, qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan bəhs edən bu kitab gənc nəslə vətənpərvərlik ruhunun aşılanması baxımından çox əhəmiyyətlidir.

Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə Heyətinin sədri, tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsud çıxışında bildirib ki, Mehdi Hüseynzadə döyüşərkən, bəlkə də, tarixdə əbədi qalacağını ağlına gətirməyib, heç bu barədə düşünməyib, sadəcə olaraq, vətəndaşlıq, insanlıq borcunu yerinə yetirib. Kitabın milli sərvət kimi bütün dillərə, o cümlədən Ukrayna dilinə tərcümə olunmasının vacibliyini vurğulayan Afaq Məsud qeyd edib ki, əsərdə həmçinin Azərbaycanın milli-mental dəyərləri öz əksini tapıb: “Bu kitab təkcə Mehdi Hüseynzadənin qəhrəmanlığı deyil, həmçinin Azərbaycanın tanıdılması baxımından əvəzsizdir”. O, kitabın ərsəyə gəlməsinə görə səfir A.Xudiyevə təşəkkürünü bildirib.

Kitabın Azərbaycan dilinə tərcüməçisi Fərhad Abdullayev isə hərbi mövzularda tərcümə işinin məsuliyyətindən danışıb: “Bu kitabı tərcümə etmək təkcə Mehdi Hüseynzadənin deyil, müharibədə həlak olan bütün qəhrəmanlarımızın ruhu qarşısında mənəvi məsuliyyətdir”.

Azərbaycanın Milli Qəhrəmanı Mirzə Quliyev çıxışında ölkəmizin tarixən qəhrəmanları ilə tanındığını söyləyib. Bu cür əsərlərin isə gənc nəslin qəhrəman kimi böyüməsində böyük örnək olacağını vurğulayıb.

Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, gənc şair Şəhriyar del Gerani çıxışlarında Mehdi Hüseynzadənin qəhrəmanlığından danışıblar, hərbi mövzularda yeni əsərlərə ehtiyac olduğunu vurğulayıblar.

 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.