Nəsiminin qəzəllər toplusu Ukrayna Yazıçılar Birliyində təqdim olunub

Nəsiminin qəzəllər toplusu Ukrayna Yazıçılar Birliyində təqdim olunub

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Ukraynada ərsəyə gətirilmiş “І шляхом Істини постав я сам...” (Haqq yolu mən özüm oldum) kitabı Ukrayna Yazıçılar Birliyində təqdim edildi.

Tədbirdə tanınmış Ukrayna yazıçı və şairləri, elm adamları, Azərbaycanın Ukraynadakı Səfirliyinin diplomatları, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Toplantını giriş sözü ilə açan AESAL-ın (Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyası) ədəbiyyat məsələləri üzrə katibi Dmitri Çistyak Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edildiyini, bu münasibətlə Ukraynada ərsəyə gətirilmiş “І шляхом Істини постав я сам...” kitabının Nəsimi yaradıcılığını müasir dünyaya tanıdan əlamətdar töhfə olduğunu bildirib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin informasiya departamentinin rəhbəri, yazıçı Yaşar Əliyev çıxış edərək 602 il bundan əvvəl – 1417-ci ildə uzaq Suriyanın Hələb şəhərində dərisi soyulmuş halda, qan içində bu dünyadan gedən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 1369-cu ildə qədim Azərbaycan şəhəri Şamaxıda dünyaya gəlişinin 650 illiyinin indi onun vətənində milli bayram kimi qeyd olunduğunu bildirib. Vurğulayıb ki, bu əzabkeş şairin yubileyi poeziyanın təntənəsinə çevrilir: “Şairin dünyaya gəlişi və dünyadan gedişi. Amma əsl şairlər dünyadan gedirmi? İstər qan içində, dərisi soyulmuş halda, istərsə tabutu gül-çiçəklə bəzənmiş şəkildə... Nəsiminin taleyi göstərir ki, yox!.. Şairin özünü öldürmək olar, amma onun sözünü öldürmək qeyri-mümkündür. Şair sözü ölümsüzdür. Nəsiminin ölümünə fitva verənlər onun şeirlərinin guya küfrlə dolu olduğunu, bu şeirlərdə Allahın təhqir edildiyini əsas gətirirdilər. Amma Nəsiminin şeirləri Allaha sonsuz sevgiylə doluydu. Eyni zamanda, onun yaratdığı insana da. Və öz şeirlərində “ənəlhəq”, “həq mənəm, həq məndədir, həq söylərəm” deyən şair Allahı aşağılamır, əksinə, onun bir zərrəsi olan insanı ucaldırdı. Bu, o dövr idi ki, bir tərəfdən intibah yaşayan Şərq, o biri tərəfdən müharibələr içində çaxnaşır, qan gölündə boğulurdu, düşünən başlar kəsilir və o başlardan təpəciklər qurulurdu. Nəsiminin şeirləri insan həyatının dəyərdən düşdüyü, insan vücudunun döyüş atlarının ayaqları altında tapdandığı bir zamanda insana öz qiymətini anladır, onu öz seçilmişliyinə inandırırdı”.

Daha sonra Azərbaycanın Ukraynadakı Səfirliyinin müşaviri Kamal Xəlilov çıxış edərək ölkəmizdə “Nəsimi ili”nin elan olunmasını onun irsinə, yaradıcılığına verilən ən böyük dəyər adlandırıb.

“Səfirliyin dəstəyi və təşəbbüsü ilə bu il ərzində Kiyevdə Nəsiminin heykəli ucaldılıb, onun adını daşıyacaq çoxfunksiyalı binanın təməli qoyulub, bir sıra tədbirlər keçirilib. Nəsiminin şeirlərini özündə təcəssüm etdirən kitabın Ukrayna dilində çapı Nəsimi yaradıcılığının araşdırılmasına öz töhfəsini verəcək”, - deyə K.Xəlilov söyləyib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təhsil və elm şöbəsinin müdiri Etimad Muradov, bədii tərcüməçi Püstə Axundova, Ukrayna Yazıçılar Birliyinin Kiyev şəhər təşkilatının rəhbəri Mariya Morozenko, Ukraynanın Əməkdar incəsənət xadimi, dramaturq Vasili Dovjik, Ukraynanın Xalq artisti Vladimir Quba, layihənin məsul katibi Marina Qonçaruk çıxış edərək Nəsimi poeziyasını insan gözəlliyinin, ləyaqətinin tərənnümü, insan ruhunun ölüm üzərində qələbəsi kimi qiymətləndiriblər. Bildirilib ki, onun şeirlərini insanlara sevdirən, ona əsrlərboyu müxtəlif ölkələrdə, hətta qeyri-müsəlman ölkələrində də çoxlu ardıcıllar qazandıran da məhz bu idi. Çünki əsl şairlər dünyanın ayrı-ayrı dillərində yazsalar da, ruhən bir-birinə doğma və qohumdurlar. Qeyd edilib ki, doğrudan da, vicdanı büllur kimi saf, ruhu quş kimi azad və qanadlı olanlar ölümdən güclüdür. Böyük Ukrayna şairi Skovorodanın bu fikrinin təsdiqi həm onun özünün, həm də 650 illik yubileyini qeyd etdiyimiz böyük Azərbaycan şairi Nəsiminin taleyi və şeirləridir.

Mərasimin sonunda Nəsimi yaradıcılığının dünya dillərinə tərcüməsi işinə verdiyi töhfəyə görə Ukrayna şair-tərcüməçiləri – Pavel Movçan, Dmitri Çistyak, kitabın naşiri – İvan Stepuren və layihənin məsul katibi Marina Qonçaruk Mərkəzin fəxri diplomu ilə təltif ediliblər.

Qeyd edək ki, Ukraynanın nüfuzlu “Samit-kniqa” nəşriyyatında çap edilmiş kitab Nəsimi yaradıcılığını toplu halında Ukrayna oxucusuna təqdim edən ilk nəşrdir. Kitaba şairin 200-dən çox qəzəl və rübaisi, onlara dair izah və şərhlər daxil edilib.

Qalereya

VƏ DİGƏR...

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.

     

  • Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu

    Dövlət Tərcümə Mərkəzi tanınmış gürcü şairi,  Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin seçmə poetik nümunələrinin toplandığı “Min ikinci gecə” adlı şeirlər kitabını nəşr edib.