Azərbaycan yazıçısı Avropa Akademiyasının üzvü seçildi

Azərbaycan yazıçısı Avropa Akademiyasının üzvü seçildi

Bakı, 30 yanvar, AZƏRTAC

1980-ci ildə Fransa Senatının sərəncamıyla Parisdə yaradılmış Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının növbəti yubiley sessiyasında Azərbaycanın Xalq yazıçısı Afaq Məsud qurumun həqiqi üzvü seçilib.

A.Məsud Akademiyanın baş direktoru, tanınmış ictimai xadim, rəssam, xanım Nikol Lemer d`Aqacionu, sessiya iştirakçılarını salamlayaraq, əsas məramı dünya elmi və ədəbiyyatı üzrə əməkdaşlığın inkişafına dəstək vermək olan bu mötəbər qurumun ümumbəşəri dəyərlərə verdiyi töhfələrdən söz açıb: “Əsrlər boyu Şərq və Qərb mədəniyyətlərinin qovşağında formalaşan, Şərqin ruhunu və ağrısını, Qərbin müasirliyini özündə birləşdirən Azərbaycan bu gün də dünya ədəbiyyatına yeni nəfəs, fərqli düşüncə sahibi olan yeni imzalar təqdim etmək iqtidarındadır”.

 

Çıxışın tam mətni

Hörmətli xanım Nikol Lömer!

Əziz dostlar, hörmətli həmkarlar!  

Hər şeydən öncə, ümumbəşəri dəyərlərin – dünya mədəniyyətinin, elm və ədəbiyyatının qorunub-saxlanması və inkişafı işinə mühüm töhfələr vermiş mötəbər Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasına üzv seçildiyim üçün şərəf duyduğumu və minnətdarlığımı bildirmək istərdim.

Kifayət qədər dərin kökləri və ədəbi ənənələri olan, dünya ədəbiyyatı xəzinəsinə Nizami Gəncəvi, Xəqani, Nəsimi, Fizuli, Xətai kimi dünyaya böyük sufi-mistik şairlər bəxş etmiş Azərbaycan ədəbiyyatının nümayəndəsi olaraq, bu yüksək toplantıda öz ölkəmi təmsil etməkdən qürur duyuram. Azərbaycanın dünya mədəniyyətinə, elminə və ədəbiyyatına  bəxş etdiyi dühalardan çox danışmaq olar. Əsrlər boyu Şərq və Qərb mədəniyyətlərinin qovşağında formalaşan, Şərqin ruhunu və ağrısını, Qərbin müasirliyini özündə birləşdirən Azərbaycan bu gün də dünya ədəbiyyatına yeni nəfəs, fərqli düşüncə sahibi olan yeni imzalar təqdim etmək iqtidarındadır. Düşünürəm, bu iş ən yüksək səviyyədə AEİƏA-nın dəstəyi ilə də davam etdiriləcək.

Məşhur Danimarka hekayəçisi Hans Xristian Andersenin “Çirkin ördək” adlı gözəl bir nağılı var. Burada yad məxluqlar dolu mühitdə təklənən, bir qədər fərqli, “əcaib” görünüşünə görə hər tərəfdən qovulan qu quşu balasının keşməkeşli həyat hekayəsi təsvir olunur. Min bir əziyyətlə özünü, həyatda yerini tapmağa çalışan balaca qu, nəhayət ki, böyüyür və günlərin bir günü sürahi boyunlu, bəyaz qu dəstəsiylə rastlaşır, onlardan biri olduğunu anlayır. Bu Akademiya mənə dünyanın ayrı-ayrı guşələrində itib-batmış balaca qu quşularını bir araya gətirən həmin bəyaz qu ailəsini xatırladır.

Bu gün mən öz dəstəsinə qovuşmuş qu quşunun sevincini yaşayıram! Qoy bu bəyaz qu ailəsi hər zaman var olsun! Ona gözəl uçuşlar və yeni-yeni uğurlar arzulayıram! 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.