Tanınmış gürcü şairinin şeirləri Azərbaycan dilində

Tanınmış gürcü şairinin şeirləri Azərbaycan dilində

Tanınmış gürcü şairi, Çariça Tamara ədəbi mükafatı laureatı Bela Keburianın “Sayrışan şəfəqlər” (ADTM) adlı şeirlər toplusu işıq üzü görüb.

Kitaba şairin Damlaların diliylə, Tanrı”, “Düşünürəm”, “Başlayacaq” kimi 110 şeiri daxil edilib.

Şeirlərin tərcümə və ön sözünün müəllifi İmir Məmmədli, redaktoru Mahir Qarayevdir.

                

 

“Damlaların diliylə”

İmir Məmmədli

Müasir poeziyanı, daxili impuls nöqteyi-nəzərindən, şərti olaraq iki cərəyana bölmək olar, bunlardan biri rasional biliyə, digəri isə intuitiv biliyə əsaslanan şeirdir.

Bunların mahiyyətini izah etməmişdən öncə, güman ki, bu suallara cavab vermək lazımdır: bilik nədir?  Poetik təfəkkürə münasibətdə biliyin, təfəkkür yaddaşının hansı növü nəzərdə tutulur? Böyük fransız yazarı, Nobel mükafatı laureatı Andre Jid deyir ki, bu günə qədər bilik adlandırdığımız nəsnə bilik deyil, sadəcə məlumatdır, bu və ya digər hadisə barədə informasiyadır.

Bilik isə insanın şüurunda, ruhunda ömür boyu açılan laylardır. Biliyin dərinliyi də həmin layların sayı ilə ölçülə bilər.

Bu layları yalnız fəlsəfi düşüncə vasitəsilə özünüdərk  prosesi və dərin həyat təcrübəsi açır. İndi isə qayıdaq söhbətimizin əsas məğzinə.

Rasional biliyə əsaslanan şeir öz obyektini və müəllifin daxilində təlatüm edən duyğularını təsvir edir, çalışır ki, bədii təşbehlər və metaforalar vasitəsilə oxucunun zövqünə təsir etsin. Belə halda üstünlük ürəyin səsinə deyil, şüurun, idrakın sözünə verilir. Bu baxımdan Azərbaycan poeziyası epiklik dövründən sırf liriklik dövrünə qədər rasional poeziya nümunəsi sayıla bilər.

İntuitiv biliyə əsaslanan poeziyada isə vəziyyət bunun əksinədir. Burada müəllif təsvir etdiyi obyektə deyil, belə demək mümkünsə, öz axarı ilə həmin obyektin həm daxili, həm də zahiri varlığını tamam canlandıran situasiyaya istinad edir. Başqa sözlə, müəllif hadisələri qəlbinin gözüylə görür, rentgen şüasına bənzər bir nəzərə, vizuallığa üstünlük verir. Bu cür poetik nümunələr kimi yapon, Çin, müasir Avropa və yaxud modern türk şeirini xatırlamaq olar.

Bela Keburia rasional biliyə əsaslanan poetik cərəyanın parlaq nümayəndələrindəndir. Başqa sözlə desək, o, ənənəvi gürcü şeirinin sadiq davamçılarındandır. Yəqin, oxucu başa düşdü ki, ənənəvi gürcü şeiri də Azərbaycan şeiri kimi rasional biliyə əsaslanan poetik xəzinədir.

Bela xanım ədəbiyyata 80-ci illərdə gəlib. Həmin dövrdə gürcü poeziyasında 60-cı illərdə başlanan yeni deyim tərzi, yeni forma axtarışı geniş vüsət almışdı. Bu meyil gənclərdə daha güclü idi. Amma Bela Keburia ənənəvi gürcü şeirinə üstünlük verdi, yaradıcılığını ona köklədi və axıra qədər seçiminə sadiq qaldı.

          Görünür, insanın həyat qaydaları da şüuraltına çökən xislətindən irəli gəlir. Ənənəyə sadiqlik Bela xanım üçün təkcə sözə münasibətlə məhdudlaşmır. O bütün gürcü ənənələrinə, o cümlədən kökü çox dərinlərdə olan ailə ənənələrinə də sadiqdir. Bu yerdə bir haşiyə çıxmalıyam. Bir dəfə nə barədəsə söhbət edirdik. Qəflətən Belanın gözləri uzaqlara zilləndi, həmin anda gedən söhbətə heç dəxli olmayan bir kəlmə dedi, daha dəqiq desək, öz-özünə pıçıldadı: “Tanrıdan bircə şey istəyirəm, başımı Teymurun (Bela xanımın həyat yoldaşı) köksünə qoyum, onun nəfəsi gəlsin, üzümdə əbədi meh kimi gəzsin”. Batumidə, bu yağışlar şəhərində onların xudmani yuvaları var, həmin evdə o meh həmişə əsir...

          Batumi bir o qədər də böyük şəhər deyil. Amma o qədər kiçik də deyil ki, hamı bir-birini tanısın. Bela Keburianı isə bu liman şəhərində hamı tanıyır. Onunla birgə şəhərə çıxıb harasa getmək istəsən, 15 dəqiqəlik yolu çətin ki 1 saata qət eləyə biləsən. Çünki hər addımbaşı bu gözəl xanımın qənşərinə gülərüz tanışlar çıxır, salam verib hal-əhval tutur, onu bir söz adamı kimi sevdiklərini, ona qarşı rəğbət hissi duyduqlarını deyirlər. Xoşbəxtlikdən, piyada gedərkən yolda ləngimələr tez-tez baş vermir, çünki bu şəhərdə tez-tez yağış yağır:

 

Yağır, yağış yağır, dəli dalğalar

Damcıları qapıb geri qaçırlar.

Selləmə yağışdan qıçlar düzəldib

Eyvanlar yeriyib ayaq açırlar...

                                      (Yağış)

          Bir dəfə görkəmli gürcü yazıçısı Naira Qelaşvili dedi: “Mənə elə gəlir, Tanrı onu tapmışam deyənlərdən daha çox onu axtaranları sevir”.

Bela xanım üçün “yaradan və yaradılan” mövzusu yad deyil, bəlkə də, onun şeirlərinin içindən qırmızı xətt kimi keçir desək, daha düz olar:

Bu axtarış əbədidir, deyəsən,

Min bir yana çəkir yenə söz məni.

– Harda gəzim, İlahi, sən hardasan?

Cavabımda eşidirəm: – Gəz məni!

                                                (Zikr)

          Müdrik deyib, İsa məsih Vifleyemdə yüz dəfə doğulsa da, o sənin qəlbində bircə dəfə doğulmasa, xeyri yoxdur. Bela Keburianın qəlbində o çoxdan doğulub və Tanrı nurunu axtarmaqda ona daim kömək edir:

Kədərli çağlarda

Qaraydı qanım,

Göydən damcı düşdü,

Nur oldu izi...

Dedin:

– Nə qəribə yağışdı, xanım...

Dedim:

– Göz yaşıdır bu Rəbbimizin...

                                      (Damcı)

Sonda demək istədiyim isə budur: bütün gürcülər kimi Bela Keburia üçün də vətən göz bəbəyi qədər əzizdir, bax bu şeir də həmin münasibətin bariz nümunəsidir:

Baxıram...

Bilirəm...

Budur...

Burdasan...

Bulaşır üzümə göz yaşın sənin,

Bəli, nəfəsimdir sənin nəfəsin

Balanam, anamsan, ana vətənim!

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.