“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olundu

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olundu

Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi işinin təşkili istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” işıq üzü gördü. Lüğət müasir və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na uyğun tərtib edilib.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin əvvəlki orfoqrafiya lüğətlərindən başlıca fərqli cəhətləri – yazılış qaydası əvvəlki lüğətlərdə qüsurlu, yaxud iki, bəzən üç variantda verilmiş minlərlə söz və terminlərin vahid düzgün yazılış qaydasında verilməsi, minlərlə söz quramalarından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən (ümumilikdə 54 000-ə yaxın) təmizlənərək, əvvəlki orfoqrafiya lüğətlərində yer almamış 8 000-dən çox saf Azərbaycan sözlərini, eləcə də elm, texnologiya, idman, mədəniyyət, siyasət və s. sahələrdə işləklik qazanmış terminləri özündə cəmləməsidir.

Lüğətin tərtibçisi və Ön sözünün müəllifi – Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, redaksiya heyəti – filologiya üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü, prof. Nizami Cəfərov, filologiya üzrə elmlər doktoru, prof. Vilayət Quliyev, filologiya üzrə elmlər doktoru, prof. Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktoru, prof. Cahangir Məmmədli, filologiya üzrə elmlər doktoru, prof. Cəlil Nağıyev, filologiya üzrə elmlər doktoru, prof. Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmayıl Məmmədov, nəşriyyat redaktoru – Lətafət Səmədovadır.

Kitab “Şərq-Qərb” nəşriyyatında çap edilib.

 

Ön söz

Azərbaycan dili dünyanın ən inkişaf etmiş, zəngin dillərindən biri, eyni zamanda müstəqil Azərbaycan Respublikasının dövlət dilidir. Dilimizin saflığının qorunması və inkişafına hər zaman xüsusi önəm vermiş böyük Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət dili siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Müvafiq sahənin ali tənzimləyici orqanı olan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasına rəhbərliyin bilavasitə Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilməsi, dil və tərcümə sahəsinin təkmilləşdirilməsi işinə məsul edilmiş Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yaradılması, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunda müvafiq dəyişiklik və əlavələrin edilməsinə dair məsələlərin gündəmə gətirilməsi kimi mühüm tədbirlər bu dövlət əhəmiyyətli strateji sahənin köklü şəkildə yenidən qurulması ilə yanaşı, Azərbaycan dilinin ölkədə, eləcə də onun hüdudlarından kənarda təbliğinə geniş imkanlar yaradır.

Hər bir dilin inkişafını, düzgün istifadəsini şərtləndirən başlıca meyarlar sırasında onun söz ehtiyatının, lüğət tərkibinin zənginliyi və saflığı ilə yanaşı, təsbit edilmiş orfoqrafiya qaydalarının səlisliyi, bu qaydalara əməl olunmasını özündə ehtiva edən müvafiq vəsaitlərin, başlıca olaraq, mükəmməl orfoqrafiya lüğətinin mövcudluğu dayanır. Orfoqrafiya lüğətçiliyi tariximizə nəzər saldıqda dilimizin söz ehtiyatını, düzgün yazılış qaydalarını müəyyən edən ilk orfoqrafik vəsaitin 1929-cu ildə latın əlifbasında işıq üzü görmüş “İmla lüğəti” (müəllif  V.Xuluflu) olduğunu, nəşrin 1940, 1960, 1975-ci illərdə genişləndirilərək kiril əlifbasında, 2004, 2013-cü illərdə yenidən latın əlifbasında (“Azərbaycan dilinin orfoqrafiya lüğəti” – Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu) çap edildiyini, növbəti nəşrlərdə söz ehtiyatının, ilkin olaraq müəyyən edilmiş 20 000-dən, dilin inkişaf prosesi üzrə 50 000-ə, sonrakı nəşrlərdə 75 000-ə yüksəldiyini, sonuncu beşinci və altıncı nəşrlərdə isə əvvəl 90 000-ə, daha sonra 110 000-ə çatdırıldığını izləmiş oluruq.

İlk baxışdan 90 illik lüğətçilik tarixini əhatə edən bu statistika ana dilimizin lüğət tərkibinin həyat axarıyla dövrün tələblərinə uyğun zənginləşməsi, müxtəlif funksional üslub sahələri üzrə zəruri leksik ifadə imkanları qazanması səbəbindən irəli gələn təbii söz artımı prosesi təəssüratını yaratsa da, son lüğətlər üzərində təhlil və araşdırma işlərinə başlanılarkən mənzərənin heç də göründüyü kimi olmadığı, xüsusilə son nəşrlərdə izlənən bu aktiv artım tempinin dilimizin aşınmasına, milli-mənəvi varlığımızın aşağılanmasına

yönələn dağıdıcı proses olduğunun acı həqiqəti ilə üzləşmək məcburiyyətində qaldıq. Bu mənzərə 2004, 2013-cü illərdə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən ərsəyə gətirilmiş orfoqrafiya lüğətlərində aparılan təhlil və araşdırmalar nəticəsində özünü daha qabarıq büruzə verdi. Belə ki, əvvəlki lüğətlərdə yer almış minlərlə arxaikləşmiş, qeyri-işlək ərəb, fars sözlərinin bu nəşrlərdə də olduğu kimi saxlanıldığı, minlərlə sözün orfoqrafiya lüğəti formatına zidd olan ikili, bəzən üç variantda, yaxud tamamilə səhv yazılışda verildiyi, regional dialektlərə, loru ifadələrə gen-bol yer ayrıldığı, söz ehtiyatımızın mindən çox heç bir anlam kəsb etməyən çar-çar, car-cur, cur-cur, dız-dız, dın-dın, danq-danq, danq-dunq, vıj-vıj, vıj-qıj, zaranq-zaranq kimi səs təqlidi və onlara dair lüzumsuz törəmələrlə, eləcə də bir neçə sözdən düzəldilərək əcaib mənalar qazanmış ağızdandolma, cırtacırtetmə, cız-vızetmə, cövlanaçıxma, çəpikolma, dibdəndüşmə, dəyməağlarlıq, dır-dıretmə, ditetmə, dız-dızoynama, qalaq-qalaqoynama, əvəzedilməzsayılma, əzvayolma, fır-fırolma, gəzmələrdənolma, qəzetbasdırma, tartan-partanyazma, təyyarəçi-kişi, vəzifəgöstər­mə, yumurtayadüş­mə və s. bu kimi minlərlə söz quramalarıyla “zənginləşdirildiyi” araşdırma işlərinin  ilkin mərhələlərindən müəyyən edildi.

Yaranmış vəziyyət bu milli və dövləti məsələyə məsuliyyətli yanaşmanın vacibliyini, dilin konstitusiyası sayılan, dövlət gerbimiz, bayrağımız bərabərində milli dövlətçilik atributu olan dil qaynağı kitabımızın Azərbaycan ədəbi dilinin norma və qaydalarına müvafiq qaydada yenidən hazırlanması zərurətini gündəmə gətirdi.

Yeni orfoqrafiya lüğəti üzərində işə başlanılarkən, paralel şəkildə müxtəlif növ mətnlərin (dövlət qurumları saytları, KİV, dublyaj, təhsil, tədris, elmi-bədii nəşrlər və s.) Azərbaycan dilində tərtibi və tərcüməsi prosesində nəzərə çarpan qüsur və xətalarla bağlı təhlil və araşdırma işlərinə də start verildi. On illər boyu nəşrdən-nəşrə genişləndirilərək kütləvi istifadəyə verilmiş orfoqrafiya lüğətlərində yer alan səciyyəvi qüsur və xətaları əyani şəkildə nümayiş etdirən söz və terminlərin, səs təqlidlərinin və s. siyahıları hazırlanaraq aşağıdakı qaydada təsnifat­laşdırıldı:

Yazılışı və mənası
qüsurlu sözlər
Yazılış qaydası müxtəlif variantlarda verilmiş sözlər Dialektlər və loru ifadələr  Qeyri-işlək ərəb, fars və digər əcnəbi sözlər
abonemetr
abtürator
adamaptoblast
və s.
addama-adlama
ağırdmaq-ağrıtmaq
ağyağız-ağyanız
və s. 
adıbatmış
adıqalmış
ambıl
və s.
ab
aba
abak
və s.
Məhdud sahəvi terminlər Səs təqlidləri Söz quramaları Lüzumsuz söz hallandırmaları
abaksial
abandon
abatment
və s.
car-car
car-cur
carıltı-curultu
və s.
abırsızolma
abzasdanbaşlama abzasdanyazma
və s.
amalqamalaşdırma
amalqamalaşdırmaq
atəşləndirilmək
və s.

 

İşin davamı olaraq 2017-ci ildə yığcam ofroqrafiya vəsaiti – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” (ADTM) ərsəyə gətirildi, kitab geniş oxucu kütləsinin istifadəsinə verilsə də, ümumilikdə dövləti və milli əhəmiyyət daşıyıcısı olan nəşr üzərində iş dayandırılmadı. Mərkəzin özəl söztoplayıcı “Söz hovuzu” proqramı vasitəsilə “Açıq kitab” elektron kitabxanasında yer alan yüzlərlə ədəbi-bədii, elmi, publisistik ədəbiyyatlardan söz yığımı prosesi davam etdirildi.

Məlum olduğu kimi, statusundan, çalışdığı sahə, yaxud fəaliyyət spesifikasından asılı olmayaraq, hər bir azərbaycanlının masaüstü dil vəsaiti funksiyasını daşıyan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” elə bir mənbə olmalıdır ki, Azərbaycan ədəbi dilinin söz ehtiyatını müəyyən etdirməklə yanaşı, sözləri vahid düzgün yazılış qaydasında mükəmməl şəkildə təqdim edə bilsin. Məhz bu zərurətlə ərsəyə gətirilmiş yeni orfoqrafiya lüğətimiz müasir və qədim Azərbaycan sözlərinin, gündəlik həyatımızda işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafıya Normaları”na uyğun tərtib edilib və əvvəlki lüğətlərdən aşağıdakı xüsusiyyətləri ilə fərqlənir:

– yazılışı əvvəlki orfoqrafıya lüğətlərində iki, bəzən üç variantda verilmiş söz və terminlər vahid düzgün yazılış qaydasında verilib;

məs.: (ağırdma – ağrıtmaq) ağrıtmaq; (altın – altun) altun; (bastalama – basdalama) basdalama; (cantıraq – cantaraq) cantaraq; (çömmə    çönmə) çönmə; (eletorat    elektorat) elektorat; (ədvə    ədva    ədviyyə) ədviyyə; (əfıl    əfəl) əfəl; (katric    kartric) kartric; (kollej    kollec) kollec; (qaboy    qoboy) qoboy; (qrov    qırov) qırov; (tisək    çisək) çisək; (yornuq    yorğun) yorğun və s.;

– yazılışı səhv verilmiş minlərlə söz və terminlər düzgün yazılış qaydasında verilib;

məs.: abturator – obturator, avitexnik – aviatexnik, beta-karetinbeta-karotin, bakal – bokal, əntiqəçi    əntiqçi, farmasept    farmasevt, fazmetr –  fazometr, feldegerfeldyeger, fiktif    fiktiv, indoksikasiya    intoksikasiya, qastreloq    qastroloq, qətlan    qəltan, sıxımtı – sıxıntı və s.;

– minlərlə ərəb, fars və digər xarici sözlərdən yalnız işləkləri saxlanılıb;

məs.: abid, abgərdan, bivec, bivəfa, əcza, əczaxana, amal, badə, baməzə, qibtə, xəttat, polk, naryad, əcəm və s.;

– minlərlə lüzumsuz söz törəmələrindən yalnız semantik yükü olanlar saxlanılıb;

məs.: əbədiləşdirilmə, gərginləşdirmə, kamilləşdirmə, yaşıllaşdırma, terminləşdirmə, tarazlaşdırma, sabitləşdirilmə, sxemləşdirmə, yekunlaşdırılma, ucuzlaşdırılma və s.;

– minlərlə məhdud sahəvi termin və dərman adlarından yalnız işləkləri saxlanılıb;

məs.: amper, amplitud, akvatoriya, semantika, leksika, karotin, kovalent, sekresiya, tarif, inflyasiya, saldo, qravitasiya, ionosfer, funksiya və s.;

– mindən çox lüzumsuz səs təqlidləri və onlara aid törəmələrdən yalnız müəyyən məna kəsb edənlər saxlanılıb;

məs.: cikkilti, cingilti, çıqqıltı, dırıltı, şırıltı, tıqqıltı, taqqıltı, uğultu, gurultu, vıyıltı, qaqqıltı və s.;

– mənası anlaşılmayan qədim sözlər işləklik qazanması məqsədilə izahlarla verilib;

məs.: barmaqça (üzük), çalkeçir (məhəccər), köynəkcək (çılpaq), salaca (xərək), qulan (dayça), tirbənd (hasar),  keçənəcək (güzəran), toqqac (alət), kaha (mağara), qoxarca (zool.), kəngiz (bot.), kərənay (mus.)  və s.;

– eyni cür səslənsə də, ayrı-ayrı mənalar daşıyan söz və terminlər qısaldılmış izahlarla verilib;

məs.: abses (tibb) – absis (siyas.); apostel (hüq.) – apostol (xrist.); açıqca (aşkar) – açıqça (polq.), amplua (inc.)    ampul (tibb); atlas (xəritə)    atlaz (parça); dəfinə (xəzinə)    dəfnə (bot.); klon (genet.)    kloun (sirk)    kulon (zinət)  və s.;

– lüğətin son bölümləri – “Azərbaycan Respublikasının coğrafi adları”“Dünya üzrə coğrafi adlar” əvvəlki orfoqrafıya lüğətlərində yer almamış ölkə və şəhər adları ilə təkmilləşdirilib, “Azərbaycanın milli musiqi adları”“Azərbaycanın xalça adları” bölmələri əlavə edilib;

– və nəhayət, lüğət yuxarıda nümunələri verilmiş 40 000-ə yaxın söz quramaları, eləcə də lüzumsuz söz hallandırmalarından təmizlənərək, əvvəlki orfoqrafiya lüğətlərində yer almamış aydın, uca, önəm, qamçı, məhrək, sağın, qavram, buzlaşma, çivzə, əlkimyagər, ənsə, əntiqçi, güvən, həmmüəllif, ilginc, maya, nəmər, ödəyici, köçkün, sağalmaq, nübar, şor, ucbat, qahmar və s. kimi 9000-ə yaxın Azərbaycan sözü, eləcə də elm, mədəniyyət, texnologiya, idman, məişət, siyasət və s. sahəsində işləklik qazanmış aktuallıq, aqressiya, ambulator, antiterror, anestezioloq, deltaplan, etno-caz, filmoqrafiya, fotosessiya, xoreoqraf, manşet, salat, islamofobiya, melanxoliya, merkantil, multikulturalizm, piar, pilates, pin-kod, prelüd, publika, ironiya, seysmoloq və s. kimi terminlərlə zənginləşdirilib.

Beləliklə, Azərbaycan ədəbi dilinin lüğət tərkibi ilə bərabər, ümumişlək terminləri, eyni zamanda xalq dilindən və başqa türk dillərindən gələn alınma sözləri özündə cəmləyən yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (ADTM – 2020) istifadəçilərinin ixtiyarına hələ ki 65 min sözlə verilir. Əminik ki, yeni lüğətimiz dilimizin lüğət fondu ilə yanaşı, yazı və şifahi nitq mədəniyyətimizin təkmilləşdirilməsi işinə də öz töhfəsini verəcək. Bunu da qeyd etməyi vacib bilirik ki, Mərkəz lüğətin təkmilləşdirilməsi işini daim davam etdirəcək və bu sahədə hər bir səmərəli təklifə açıq olacaq.

 

A.Məsud

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.