Tərcümə Mərkəzinin nümayəndə heyəti Çexiya Milli Kitabxanasında olub

Tərcümə Mərkəzinin nümayəndə heyəti Çexiya Milli Kitabxanasında olub

Ölkəmizi Praqa Kitab Sərgisində  təmsil edən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nümayəndə heyəti bu gün Çexiya Milli Kitabxanasında olub. Milli Kitabxananın Qədim əlyazmalar və qədim nəşrlər şöbəsinin müdiri Yindrjix Marek qonaqları Nizami Gəncəvinin 1390-cı ildə xəttatlar tərəfindən üzü köçürülmüş “Yeddi gözəl” və “İsgəndərnamə”si, Cəlaləddin Ruminin XVII əsrə aid “Məsnəvi”si və digər qədim Şərq ədəbiyyatı nümunələrinin əski nüsxələri ilə tanış edib. 

Mərkəzin direktoru Afaq Məsud bu unikal nüsxələrlə yaxından tanış olmağa imkan yaratdığına görə kitabxananın rəhbərliyinə minnətdarlığını bildirib: “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin qədim əlyazmalarının Çexiya Milli Kitabxanasında qorunub saxlanılması fərəhli hadisədir. Çox istərdik ki, bu kitabxanada Azərbaycan ədəbiyyatının zəngin söz xəzinəsindən digər ədiblərin əsərlərinə də yer ayrılsın. Həmçinin bizi bu qədim kitabxananın arxivində saxlanan xəritələr və atlaslar da maraqlandırır. Biz, Azərbaycan həqiqətini, dünya kitabxanalarında saxlanan, ölkəmizin qədim ərazilərinin fiksə edildiyi xəritə və atlasları dünya ictimaiyyətinə  çatdırmaq istiqamətində iş aparırıq. Ümid edirəm ki, sizin bu qədim kitabxana ilə də, qeyd olunan istiqamətdə faydalı işlər görə biləcəyik”.

Daha sonra Mərkəzin nümayəndə heyəti, Çexiya Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Helena Provaznikova kitabxananın digər zalları ilə tanış olublar.


 

 

Qalereya

VƏ DİGƏR...