Azərbaycan muğamının sərhəd tanımayan qüdrəti

Azərbaycan muğamının sərhəd tanımayan qüdrəti

Azərbaycanın tarixi qədər qədim olan muğam sənəti uzun illərdir ki, Avropa və digər ölkələrin xalqları tərəfindən rəğbətlə qarşılanır.

Azərbaycanla yanaşı, muğam, əsasən, İran, Pakistan, Özbəkistan, Qırğızıstan, Suriya və başqa ölkələrdə də sevilir və təbliğ olunur. Son illər Bakıda keçirilən "Muğam aləmi" beynəlxalq elmi simpoziumda nəzəriyyə ilə yanaşı, praktikaya da üstünlük verilir.

Müxtəlif ölkələrdən muğam simpoziumuna qatılan alimlər arasında alman alimlərinin muğam sənətinə maraqları diqqət çəkəndir. Alman alimlərindən Elsner Yüngerin "Muğam fenomeninin növbələşməsi", professor Raymund Fogelsin "Almaniyada etnik musiqişünaslıq kursları - muğammakam" və Kirstensen Diterin "Makam kurdi xüsusunda" məqalələri simpozium iştirakçılarının da marağına səbəb olub. Bu məqalələr arasında, əsasən, Elsner Yüngerin "Muğam fenomeninin növbələşməsi" mövzusundakı məqaləsi elmi-praktiki cəhətdən çox tutarlı və əhəmiyyətlidir.

Alman alimləri ilə yanaşı, simpoziumda iraqlı tədqiqatçının muğam sənəti haqqında söylədikləri məqamlara hörmətli akademik Vasim Məmmədəliyevin simpoziumun sonunda dediyi kimi "muğam o dərəcədə sirlidir ki, mən də bu gün daha bir yeniliyi öyrəndim" kəlməsi muğam xəzinəsinə olan maraqdan irəli gəlir.

Əlbəttə, belə məqalələr, araşdırmalar Almaniya musiqişünaslarının, musiqi ustalarının, eləcə də, adi dinləyicilərin marağına səbəb olub.

Bu baxımdan, məşhur muğam ustalarımızın xarici ölkələrdəki qastrol səfərləri Azərbaycanın və bütün Şərqin unikal musiqi sənət janrı sayılan muğamların tanınmasında xüsusi rol oynamaqdadır.

1990-cı illərin əvvəllərindən başlayaraq, dünyanın, eləcə də Almaniyanın böyük salonlarında öz ifası ilə hamını heyran edən, Almaniyanın Axen şəhərində 1999-cu ildə UNESCO mükafatına layiq görülən muğam ustamız Alim Qasımov öz ifası ilə muğamsevərlərə xidmət etməkdədir.

Onun Köln şəhərində konsert salonundakı çıxışını "WDR" radio studiyasının canlı olaraq radio vasitəsilə dünyaya yayımlaması Azərbaycan muğam sənətinə verilən ən yüksək dəyərdir.

Uzun illər Berlində fəaliyyət göstərmiş professor Firəngiz Əlizadənin "Dərviş" əsəri məhz ilk dəfə muğam üslubunda Alim Qasımov və Jo-Jo-Ma ilə birlikdə Amerikada səslənib.

Müxtəlif illərdə Almaniyanın konsert salonlarında Azərbaycan muğam sənətini ustalıqla tamaşaçılara təqdim edən Habil Əliyev, Ramiz Quliyev, Alim Qasımov öz ifaları ilə almanları və qonaqları valeh etmişlər.

Muğam musiqisinə almanların marağının əsas səbəbkarlarından biri də unudulmaz caz ustamız Vaqif Mustafazadə olub. Onun pianoda klassik musiqilərimizi muğam üstündə ifa etməsi çoxlarını heyran edib, bəzi sənətçiləri isə yaxşı mənada təəccübləndirib.

Onun davamçısı olan, Almaniyada yaşayan və ilk addımlarını Bakı ilə tərəfdaş şəhər olan Mainz şəhərində Lüdviq Yantzerin dəstəyi ilə "Frankfurt Hof" konsert salonunda atan qızı Əzizə Mustafazadə sonralar Almaniyanın və dünyanın böyük salonlarındakı çıxışları ilə sanki muğam - caz ifasına ikinci nəfəs verdi. Muğama olan maraq xaricdə, əsasən də, Almaniyada bir çox musiqi agentlikləri ilə studiyaların da diqqətindən yayınmayıb.

2003-cü ildə Mainz şəhərində keçirilən Azərbaycan mədəniyyət günlərində əsas diqqət Azərbaycan muğamına yönəlmişdi.

Alim Qasımovun konsertindən əvvəl alman və fransız mütəxəssislərin muğam sənəti haqqında məruzələri bir daha qərb alimlərinin muğam sənətinə diqqətinin təzahürü kimi qəbul olunmalıdır.

2007-ci ildə Almaniyada "Network Median" şirkətinin rəhbəri Kristian Şolzun təşəbbüsü ilə Sevda Ələkbərzadənin işıq üzü görən "Gül açdı" albomuna tərəfimdən yazılan "Xəzərdən gələn səs" önsözü alman, fransız və ingilis dillərində çap olunaraq dünya musiqisevərlərinə muğam və caz sintezi fəlsəfəsi haqqında müəyyən aydınlıq gətirdi.

Heç təsadüfi deyil ki, almaniyalı rejissor Peter Adlerin və ona bu işdə köməkçi olan R. Kaufmann və mənim birgə işimizin nəticəsində ərsəyə gələn "Aus von kaukasus" sənədli filminin sonluğu məhz Bakı Caz Mərkəzində S.Ələkbərzadənin ifası ilə yekunlaşdı. Almaniya və Fransanın birgə ART mədəniyyət kanalının sifarişi ilə Azərbaycanda və Gürcüstanda çəkilən bu film qədim adət-ənənələri əks etdirərək uğurla bu kanalda təqdim olundu.

Ənənəvi Bakı Caz Festivalında, 2009-cu ildə "Germany Jazz" festivalının Azərbaycanda Almaniya mədəniyyət həftələri layihəsi çərçivəsində alman caz ustalarının Florian Veher, Nies Vognam, Mattias Şrieti, Mixael Şifel və başqalarının həm fərdi, həm kollektiv, həm də Azərbaycan caz və muğam sənətçiləri ilə birgə konsertləri Bakıda, Şəkidə, Sumqayıtda uğurla keçib.

2009-cu ildə Ştutqart Konservatoriyasında professor C.J.Valterin dəstəyi və gənc bəstəkar Günay Mirzəyevanın təşəbbüsü ilə muğam üçlüyü alətlərindən kamançanın ifasında Azərbaycan qədim musiqisi tərənnüm edilib.

Ənənəvi olaraq, Azərbaycanın opera və simfonik orkestrlərinin iştirakı ilə Bavariyada keçirilən "Gut İmmling" festivalında Azərbaycan muğamının ifası da proqrama daxil olunub.

Hildeshaym şəhərində yerləşən "Dünya Musiqi Alətləri Mərkəzi" ilə yanaşı "Berlin Etnologiya Muzeyində" Nizami Gəncəvi və Mirzə Şəfi Vazehin şerləri ilə müşayiət olunan Azərbaycan musiqisinin təqdimatı Alman-Azərbaycan Cəmiyyətinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Konservatoriyası ilə birgə keçiriləcək layihələrindəndir.

Sevindirici haldır ki, Azərbaycan muğam sənətinə verilən dəyər dəfələrlə Almaniyanın aparıcı "Frankfurter Allgemeine Zeitung" qəzeti ilə bərabər digər media qurumları tərəfindən də işıqlandırılıb.

Alman-Azərbaycan Cəmiyyətinin 2015-ci ilin may ayında Bakıda "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyində keçirilən 25 illik yubileyində "Dostluq" medalına layiq görülən professor Ramiz Quliyev tarda alman musiqisini ifa edərək salonda əyləşən tanınmış alman incəsənət ustalarını heyran edib.

Professor Gülnar Abdullazadə "Hegelin musiqi estetikası" kitabında musiqinin fəlsəfi duyğularını araşdıraraq alman filosofu Şellingin musiqi bir incəsənətdir ki, özündə bir çox incəsənət sahələrini birləşdirir fikrinin izahını verir.

Dərin fəlsəfi məna daşıyan poeziyaya əsaslanan hər hansı muğamı diqqətlə dinləyərkən, Füzuli, Nəsimi, Seyid Əzim Şirvani, Vahid və başqalarının qəzəllərinin mənası üzərində düşünərkən, insan sehrli bir aləmə dalır, keçirdiyi hisslər həmin muğamın musiqi obrazlarına uyğun gəlir. Muğam musiqisi bütün hallarda bizim daxili ovqatımıza təsir edir.

Kulturoloji aspektdən də muğam mənəvi dəyərimiz kimi insanlarda ruh yüksəkliyi yaradır, onların düşüncələrində və yaradıcılığında mühüm rol oynayır.

Mütəxəssislər tərəfindən əsrlər boyu Şərqlə Qərb arasında aparılan müxtəlif araşdırmalara rəğmən, muğam musiqisinin vətəni Azərbaycan olaraq UNESCO tərəfindən də dəstəklənir. Azərbaycan mədəniyyətinə qayğı göstərən ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Bakı Bulvarında ərsəyə gələn, öz memarlıq üslubu ilə hamını heyran edən "Muğam Mərkəzi" dünya muğam mərkəzi olaraq muğamsevərlərin əziz yerinə çevrilib.

Sanki Avropa Yay Oyunlarının təqdim etmə mərasimlərində istifadə olunan cizgilər də muğam sənətini özündə əks etdirir. Muğamın təsviri incəsənətdə iz buraxması xalçaçılıq sənətinin də bəzəyidir.

Vəcihə Səmədova adına sərgi salonunda Fəxrəddin Əlinin təqdim etdiyi "Muğam möcüzələri" motivində yaratdığı rəsm əsərləri toplum halında Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə albom üslubunda nəşr olunub.

Ümumilikdə, muğam aşıq sənətinə, milli dəyərlərə söykənən ümdə bir varlıq kimi məkanından asılı olmayaraq azərbaycanlıların varlığında yaşayan incəsənətdir.

Almaniyada yaşayan azərbaycanlıların Azərbaycan televiziyası vasitəsilə səbirsizliklə izlədikləri muğam müsabiqələri, "Məclisi-Üns" verilişləri soydaşlarımızın təsəllisi olaraq bir anlığa onlara vətəndən uzaqda yaşamalarını unutdura bilən bir ecazkar səsdir.

 

Kulturologiya elmləri doktoru Çingiz ABDULLAYEV

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.