BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİ-nin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqı daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Maraqlıdır ki, Dağlıq Qarabağ məsələsinin meydana çıxması bilavasitə Kremlin ssenarisi əsasında baş tutmuşdu. İttifaq rəhbərliyi "parçala, hökmranlıq et" prinsipinə əsaslanaraq regional münaqişələr yaratmaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmaq, beləliklə, müttəfiq respublikalarda müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsini əngəlləməyə çalışırdı. Lakin bu plan SSRİ üçün bumeranq rolunu oynadı və etnik münaqişələr imperiyanın dağılmasının nəinki qarşısını ala bilmədi, hətta prosesi daha da sürətləndirdi. Ermənilər isə hələ münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar. Burada erməni lobbisinin imkanlarından da geniş istifadə edilirdi.

1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu.

1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi -1995-ci ilin yanvarından ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. Bu, artıq beynəlxalq ictimaiyyətin məsələyə soyuq münasibətinin ilk simptomları idi.

1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. May ayının 12-də BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə kifayətləndi. Bəyanatda Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunur və məcburi köçkünlərə təcili yardım göstərilməsinin zəruriliyi bildirilirdi.

Qətnamə 822

1993-cü ildə Azərbaycanın daha bir rayonu - Kəlbəcər ermənilər tərəfindən işğal edildi. Azərbaycan bu barədə BMT-yə müraciət edərək təcavüzkarın əməllərinə qiymət verilməsini xahiş etdi. Aprelin 6-da BMT TŞ sədrinin bəyanatı qəbul olundu. Lakin bu bəyanat da problemə düzgün qiymət vermirdi. Məsələ burasındadır ki, Ermənistanın işğalçılıq siyasətinə münasibət sənəddə əksini tapmamış və Kəlbəcərin işğalının guya "yerli ermənilər" tərəfindən həyata keçirildiyi vurğulanmışdı. Aprelin 30-da BMT TŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsi qəbul edildi. "BMT TŞ 822 saylı qətnaməsi" adlanan bu sənəd Təhlükəsizlik Şurası sədrinin 1993-cü il yanvarın 29-da və aprelin 6-da verdiyi bəyanatlara istinadən hazırlanmışdı. Qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi. BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin bu qətnamə də əslində, regionda sülhün əldə olunmasına stimul vermək gücündə deyildi. Əvvəla ona görə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi yalnız ümumi sözlərlə yüklənmiş və məsələyə heç bir konkret qiymət vermək məqsədinə xidmət etməmişdir. Digər tərəfdən, qətnamədə öz əksini tapmış müddəaların həyata keçirilmə mexanizmləri də göstərilməmişdi. Sənəddə Azərbaycan torpaqlarının işğal olunması faktı təsdiqlənsə də, bunun kim tərəfindən həyata keçirildiyi dəqiq göstərilmir və hərbi əməliyyatların guya "yerli ermənilər" tərəfindən reallaşdırıldığı vurğulanırdı.

 

Qətnamənin tərcüməsi:

Qətnamə 822 (1993) 30 Aprel 1993-cü il Təhlükəsizlik Şurası1,  

Dağlıq Qarabağ münaqişəsinə dair Təhlükəsizlik Şurasının Sədri tərəfindən edilən 1993-cü il 29 yanvar 1 və 6 aprel 2 tarixli bəyanatlarına əsaslanaraq, Baş Katibin 14 aprel 1993-cü il 3 tarixli məruzəsini nəzərə alaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Silahlı hərbi əməliyyatların genişlənməsini və, xüsusilə, yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu həyəcanla qeyd edərək, Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratması ilə əlaqədar narahat olaraq, Böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, xüsusilə Kəlbəcər rayonunda, fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatçılığını ifadə edərək, Regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bəyan edərək, və silahlı hərbi əməliyyatların genişlənməsinin bu proses üçün dağıdıcı nəticə verə biləcəyindən dərindən narahat olaraq,

1. Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir;

2. Münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Minsk qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkətlərdən çəkinməyə çağırır;

3. Mülki əhalinin əzablarını yüngülləşdirmək üçün regionda, xüsusilə münaqişəyə məruz qalmış rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinə çağırır, bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını yenidən təsdiq edir;

4. Baş Katibdən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Fəaliyyətdə olan Sədri, həmçinin Müşavirənin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə regionda, xüsusilə Azərbaycanın Kəlbəcər rayonunda, vəziyyətin qiymətləndirilməsini aparmağı, və Şuraya növbəti məruzəni təqdim etməyi xahiş edir; 5. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.

3205 saylı iclasda yekdilliklə qəbul edilmişdir.

 


1 S/25199. 2. S/25539. 3. Təhlükəsizlik Şurasının rəsmi hesabatları, qırx səkkizinci il, 1993-cü ilin aprel, may və iyun ayları üçün əlavə, sənəd S/25600.


VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.