Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Polşanın Azərbaycandakı səfirinin səlahiyyətlərini icra edən Andjey Kneifel ilə görüşüb

Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Polşanın Azərbaycandakı səfirinin səlahiyyətlərini icra edən Andjey Kneifel ilə görüşüb

Polşanın Azərbaycandakı səfirinin səlahiyyətlərini icra edən cənab Andjey Kneifel noyabr ayının 7-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin qonağı olub. Qonağı salamlayan Afaq Məsud öncə dəvəti qəbul etdiyinə görə Andjey Kneifelə öz minnətdarlığını bildirərək, rəhbəri olduğu qurum barədə məlumat verib. Daha sonra Tərcümə Mərkəzinin bu günə qədər tərcümə və nəşr etdiyi Polşa ədəbiyyatı nümunələrindən – Nobel mükafatı laureatları Çeslav Miloşun, Vislava Şimborskanın, eləcə də digər yazıçı və şairlərin, Tadeuş Rujeviçin, Vitold Qombroviçin Azərbaycan dilinə çevrilmiş əsərlərindən söz açıb. Polşa-Azərbaycan ədəbi əlaqələrinin yeni, daha peşəkar müstəvidə qurulması, Azərbaycanın ədəbi, elmi irsinin mükəmməl bədii tərcümədə polyak dilinə tərcüməsi və Polşada nəşri, həmçinin, Polşanın dil və tərcümə ilə əlaqəli aidiyyatı qurumlarıyla iş birliklərinin yaradılması söhbətin əsas mövzusu olub. A.Məsud: “Polşanın söz sənəti tarixini, elmini Azərbaycan oxucusuna daha keyfiyyətli və əhatəli çatdırmaq, ölkələrimiz arasındakı qarşılıqlı münasibətləri daha səmərəli qurmaq üçün bu gün Mərkəzin imkanları dövlətin qayğısı və diqqəti sayəsində daha da genişlənib”.
Cənab Andjey Kneifel öz növbəsində dəvətə görə təşəkkür edib, ədəbiyyatlararası mübadilələrin xalqlar və ölkələr arasında ən davamlı və dayanaqlı münasibət olduğunu bildirərək, Azərbaycan Polşa arasındakı tarixi, siyasi, mədəni əlaqələrdən söz açıb. Polşa ədəbiyyatının Azərbaycan dilinə, Azərbaycan ədəbiyyatının, elminin polyak dilinə mükəmməl bədii səviyyədə tərcümə edilməsi istiqamətində Mərkəzlə Polşanın əlaqədar qurum və təşkilatları arasında davamlı və səmərəli iş birliklərinin qurulacağına əminliyini bildirib.
Görüşün sonunda qonağa Mərkəzin kitab və mətbu nəşrlərindən ibarət hədiyyələr təqdim olunub.

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.