"Folklor hər bir xalqın qan yaddaşıdır"

"Folklor hər bir xalqın qan yaddaşıdır"

Xalqın şifahi yaradıcılığı kimi qəbul olunan folklorun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinə qədər gedib çıxır. Bu mənada Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərinə malik bir ölkədir.

Ədəbiyyatımızın da qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru dayanır. Mifoloji-bədii dünyagörüşünün izləri folklorda, klassik və müasir ədəbiyyatda indi də özünü büruzə verməkdədir. Folklorumuzda Azərbaycan mifologiyasının izlərini aşkar etmək olar. Mifoloji dünyagörüşünün ayrı-ayrı ünsürləri indiyəcən folklorun ovsun, alqış, qarğış, rəvayət, qodu və sayaçı mərasimi ilə bağlı mətnlərdə qorunub-saxlanılıb. Azərbaycan mifoloji mətnlərinin əksəriyyətində qədim türk mifoloji düşüncəsi aparıcı motiv kimi çıxış edir. Bu mətnlərin yaranması və onların folklor mətnlərində ünsürlər şəklində qorunub-saxlanılması ibtidai insanın təbiətə və təbiət qüvvələrinə baxışı ilə sıx əlaqədardır. Söz, hərəkət və oyun vasitəsilə təbiət qüvvələrinə təsir göstərmək arzusu ibtidai insanda mifoloi mətnlər yaratmaq və onları ifa etmək ehtiyacı yaradırdı. Onlardan "Kosa-Kosa", "Qodu-Qodu", "Novruz", "Xıdır Nəbi" və başqa mərasim nəğmələrini, həmin nəğmələri müşayiət edən rəqsləri göstərmək olar.

Azərbaycan folklorunun özəlliklərindən birini də onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Türk xalqlarının şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəldiklərini göstərir. Ortaq türk folkloruna aid dastanlar arasında "Oğuznamə"lər xüsusi silsilə təşkil edir. "Köç", "Ergenekon", "Şu", "Qayıdış" kimi dastanlarda isə prototürklərin mühüm problemləri bütöv şəkildə öz bədii-mifoloji əksini tapıb. Bu dastanların çoxu XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Mahmud Kaşğarinin "Divanu Lüğəti-t-türk" ("Türk dilinin divanı") əsərində xülasə şəklində təqdim olunub. Həmin dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü hələ də özündə saxlayır.

Azərbaycan folkloru janr zənginliyinə malikdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu nəinki bizim, qonşu xalqların da folklor və klassik ədəbiyyatına güclü təsir göstərib. Lirik janrlardan olan bayatılarda xalq həyatının və məişətinin müxtəlif tərəfləri bədii-emosional şəkildə əks etdirilib. Qədim türk xalqlarının özünəməxsus poeziyası milli vəzn hesab olunan heca və ya "barmaq" vəznində yaradılıb. Türkdilli poeziyada tarixən cinasa diqqət yetirildiyindən qafiyələri cinas təşkil edən bayatı örnəkləri də çoxdur. Bayatının formalarından biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda birinci və ikinci misralar, adətən, əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır.

Folklor janrları arxaik və çağdaş janrlar olmaqla, iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer alır. Ancaq bu bölgü şərtidir – belə ki, folklorun yaranma prosesi zaman-zaman davam etdiyindən həmin janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə edilir.

Geniş yayılmış lirik folklor janrlarından biri də xalq mahnılarıdır. Xalq mahnıları musiqi motivinə bağlı olan müxtəlif formalı poetik mətnlərdir. "Aman nənə", "Ay lolo", "Sona bülbüllər", "Süsən, sünbül" və sair xalq mahnıları indi də müğənnilərin repertuarındadır.

Azərbaycan folklorunun janrları arasında nağıllar əfsanə və rəvayətlərdən sonra epik növün ən geniş yayılmış örnəklərini təşkil edir.

Xalqın uzun əsrlər boyu əldə etdiyi təcrübələrin ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü, zərbi-məsəllər bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz edib. Bu janrın ilk örnəkləri Mahmud Kaşğarinin "Divanu lüğəti-t-türk"ündə və "Kitabi-Dədə Qorqud" kimi klassik yazılı abidələrdə özünə yer tapıb. Oğuz tayfalarının müdrikliyini ifadə edən atalar sözü topluları – "Oğuznamə"lər də Azərbaycan folklorunun qiymətli abidələrindəndir.

Azərbaycan folklorunun dramatik janrları xalq oyunları və meydan tamaşaları ilə təmsil edilib. Bunların ən səciyyəvi örnəyi kimi, "Kosa-Kosa" dramını göstərmək olar. İslamın qəbulundan sonra peyğəmbər ailəsinə məxsus müqəddəslərin faciəsi mövzusunda xalq arasında geniş yayılmış şəbihlər də xalq dramlarına daxildir.
Azərbaycan folklor nümunələrinin böyük bir hissəsi xüsusi olaraq uşaqlar üçün yaradılıb. Bunlar həm lirik, həm epik, həm də dramatik növlərə məxsus örnəklərdir. Lirik növə aid janrlar layla, oxşama, nazlama, uşaq mahnıları; epik növə tapmaca, yanıltmac, qaravəlli, uşaq nağılları; dramatik növə isə uşaq oyunları və tamaşalar daxildir.

Azərbaycan folklorunun inkişaf mərhələləri arasında orta əsrlərin xüsusi yeri var. Həmin dövrdə – XVI–XVIII yüzilliklərdə dastan janrı xüsusilə geniş inkişaf edib, Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi qüdrətli sənətkarlar yetişib. Əsasən irfanla bağlı olan orta əsr məhəbbət dastanları – "Aşıq Qərib–Şahsənəm", "Əsli–Kərəm", "Abbas–Gülgəz", "Şah İsmayıl–Gülzar", "Tahir–Zöhrə", "Alıxan–Pəri", "Arzu–Qəmbər", qəhrəmanlıq dastanı "Koroğlu" bu dövrün məhsuludur. Məhəbbət dastanlarından fərqli olaraq, "Koroğlu" müxtəlif qolların toplusu olmaqla "Dədə Qorqud" dastanlarının ənənəsini davam etdirir və buna görə də epos adlanır.

Folklor örnəkləri əsas etibarilə anonim – müəllifsiz olduğundan, konkret müəllifli aşıq ədəbiyyatının Azərbaycan folklorunda xüsusi yeri var. XVI yüzillikdə əsası qoyulan və dövrümüzə qədər davam edən aşıq sənətinin ən böyük nümayəndələri "Ustad aşıqlar" adı ilə ifadə edilir. Azərbaycan aşıq sənətinin üç yüz illik ənənələri XIX əsrdə Aşıq Ələsgər (1821–1926) kimi qüdrətli xalq sənətkarının yetişməsinə təkan verib. Bu el sənətkarı özündən sonrakı aşıq ədəbiyyatının, eləcə də yazılı şeirin inkişafına böyük təsir göstərib.

Həm şifahi, həm də yazılı ədəbiyyatımızın qaynağının “Kitabi-Dədə Qorqud” dastanı olduğunu deyən folklorşünas alim, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayevin sözlərinə görə, bu əsər bütün türkdilli xalqların ədəbiyyatına təsir edən, bizi birləşdirən abidədir: “Dastanlar əvvəllər Türkiyədə çox yayılmamışdı, ancaq 1912–1915-ci illərdə Azərbaycan dastanları Türkiyədə çap edildi və yayılmağa başladı. Folklorumuzda özünəməxsus yeri olan “Koroğlu” eposu da tək Azərbaycan ədəbiyyatına yox, Türkmənistan, Türkiyə və digər türkdilli xalqların ədəbiyyatına aid edilir. Bayatılar da Türkiyə türklərinin, İraq türkmənlərinin, qaqauzların və başqa türkdilli xalqların ədəbiyyatında özünəməxus yer tutur.

Folklor dildə yaranır. Türkdilli xalqların da bir dili var – türk dili. Folklorumuz da bu dil əsasında yaranıb, bərqərar olub”.

Qəzənfər Paşayev Azərbaycan folklorunun son dövrlərdə daha böyük inkişafa nail olduğunu deyir: “Bizdə dünyada analoqu olmayan Folklor İnstitutu yaradılıb. Həmin institutda folklorun bütün janrları həm toplanır, həm nəşr olunur, həm də tədqiq edilir. XX əsrin sonlarında Aşıqlar Birliyi yaradıldı. “Aşıq Pəri” məclisi, aşıq ədəbiyyatına, aşıqların yaradıcılığına həsr edilən verilişlərimiz var.

Nə qədər ki xalq var, onun folkloru da var. Dastan və digər folklor janrları hər bir xalqın qan yaddaşıdır, onu parçalanmaqdan qoruyur, bütövlüyünü təmin edir. Ancaq təəssüf ki, dastançılıq ənənəsi get-gedə yox olur. Çünki bir vaxtlar dastanları xalq arasında yayan aşıqlar idi. İndiki aşıqlar isə bir saz havası ilə kifayətlənir”. 

 

                                                                                                 Sevinc Fədai

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.