Xalqlar və dillər

Xalqlar və dillər

 

Müasir dillərin çoxunun, o cümlədən ingilis, fransız, rus, alman, italyan, ispan, yunan, eləcə də Hindistanda danışılan bir çox dillərin mənşəyi 5 min il bundan əvvəl sıradan çıxmış Hind-Avropa dili sayılır. Hind-Avropa ailəsinə aid dillərdən biri də sanskrit dilidir.

Ehtimal olunur ki, Hind-Avropa xalqlarının vətəni üç çayın – Elba, Oder və Visla çaylarının hövzəsidir. Bu gün də elə dillər var ki, daha çox qədim Hind-Avropa dilini xatırladır. Onlardan biri litva dilidir.                                    

Hindistanda 350 milyondan çox adam qədim Hind-Avropa dili ilə qohum ləhcələrdə danışır. Bütövlükdə isə yer üzündə təqribən milyard yarım insan nə vaxtsa Mərkəzi Avropada yaşamış kiçik bir tayfanın danışdığı dilin bir qolunda ünsiyyət qurur.

Planetimizdə 100-ə qədər dil ailəsi var. Bunlardan ən mühümləri əsasən Avrasiya və ona qonşu rayonlarda yayılmış Hind-Avropa, sami-hami, türk, monqol, Çin-Tibet, Ural, dravid, tay, avstroasiya, avstroneziya, tunqus-mancur, Çukot- Kamçatka dil ailələridir.

Bəzi dil ailələri çox kiçikdir, hətta hər cür qohumluq əlaqəsindən məhrum, yetim dillər də var. Məsələn, Fransa və İspaniyanın sərhədindəki dağlıq ərazidə dili dünyanın heç bir xalqının dilinə oxşamayan bask xalqı yaşayır. Ehtimal ki, İspaniyaya yayılan hind-avropalılar həmin dağ rayonundan yan keçiblər, nəticədə orada danışılan qədim dil Hind-Avropa dilləri, eləcə də başqa dillərlə paralel işlənməklə, qorunub saxlanılıb.

Müxtəlif yerlərdə dünyadan fərqli səbəblərə görə "qopmuş" bir çox kiçik dil ailələri məskən salıb. Məsələn, hazırda Amerikanın Nyu-Mexiko ştatında yaşayan zuni tayfasının danışdığı dilin yer üzündə heç bir dillə qohumluğu yoxdur. Bu tayfanın başqa xalqlarla ünsiyyət qurmasına təbii əngəllər yox, adət-ənənə mane olub. Zunilər əsrlər boyu ulu babalarından qalma adətlərə riayət etməklə yaşayıblar: tam sərbəst olublar, səyahətə çıxmayıblar, başqa xalqlarla qaynayıb-qarışmayıblar, nə öz dillərini özgələrə öyrədiblər, nə də özgələrin dilini öyrəniblər.

Saxara səhrası və okeanlarla dünyadan təcrid olunmuş bir çox Afrika xalqlarının da başqa dil ailələrilə qaynayıb-qarışmayan ayrıca dili var.

Bugünkü Çinin ərazisində məskunlaşmış nəhəng əhali kütləsi, ayrı-ayrı xalqlar min illər boyu eyni torpağı becərib, yalnız ölkə içində ticarət aparıb. Buna görə orada, demək olar, hamı Çin-Tibet ailəsinə aid dillərdən birində danışır. Bu gün kiminsə haqqında "o, Çin dilində danışır" deyilirsə, bu, həmin adamın Çinin şimal ləhcəsində, yəni Pekin aksentində danışdığını göstərir.

Qırtlaq, dil və dodaqların köməyi ilə çoxlu səs çıxarmaq olur. Ancaq hər konkret dildə səslərin məhdud sayı var. Məsələn, Havay dili 16, ingilis dili 44, rus dili isə 50 səslə keçinir. Nadir dillərdə səslərin sayı 60-ı keçir. Dildəki səslərin sayını əlifbadakı hərflərin sayı ilə tutuşdursaq, eyni rəqəm alınmır. Məsələn, rus dilində 50 səs, bunun müqabilində vur-tut 33 hərf var.

Əgər bir dilin səslərini ona xas olmayan ardıcıllıqla düzsək, çətin tələffüz olunan birləşmə alınar. Məsələn, "богатствo" sözündə bir balaca yerdəyişmə eləsək, "гбвотсато" kimi deyilişi çətinlik törədən anlaşılmaz sözcük meydana çıxar. Halbuki Afrika dillərində danışan adamların belə bir sözü tələffüz etməsi asandır, çünki onlarda "qbv" birləşməsi ilə başlanan söz çoxdur. Bir çox dillərdə eyni səsin tonunu qaldırıb-endirməklə müxtəlif sözlər yaratmaq olur.

Qərbi Afrika dilində "du" sözü ucadan deyiləndə "danışmaq", alçaqdan deyiləndə isə "kədərlənmək" bildirir; orta tonda tələffüz olunan "du" sözü isə "yatmaq" mənasını verir.

Çin dilində də səs tonu (sözün hansı tonda səsləndirilməsi) çox vacibdir. Sabit yüksək tonla deyilən söz bir məna, eyni səs birləşməsinin tədricən artan tonla tələffüzü tamam başqa məna verir. Aşağı enən tonla tələffüz olunan sözün isə artıq üçüncü mənası ortaya çıxır. Çin dilində "ma" sözü "ana" deməkdir. Ancaq tələffüzün tonallığından asılı olaraq bu söz "çətənə", "at" və "söyüş" kimi mənalar da verə bilər.

Birma dili Çin dilinə qohumdur. Əgər birmalı uşaq hər hecanı bir tonda səsləndirməklə "ma, ma, ma, ma" qışqırırsa, belə qəribə məna alınır: "atı tut, quduz it qaçır".

Dildə tamamilə sadə qaydada söz yaratmaq mümkündür. Bundan ötrü bir neçə səsi götürüb onlara istədiyin mənanı vermək kifayətdir. Məsələn, ingilis yazıçısı Svift "liliput" sözünü belə yaradıb. Yaxud "quqol" sözünü götürək. Bu, 10100 kimi böyük rəqəmin rəsmi adıdır. Bir məşhur riyaziyyatçı özünün 9 yaşlı qardaşı oğlundan nəhəng rəqəmi necə adlandırmaq istədiyini soruşmasaydı, bu ad da yaranmazdı.

Dünya xalqlarının dilləri əsasən dörd sxemdən – qısa sözlər sxemi, uzun sözlər sxemi, çox uzun sözlər sxemi və söz-cümlə sxemi – biri üzərində qurulur. Çox vaxt dildə, ya da şifahi nitqdə yuxarıda göstərilən sxemlərdən hansılarsa kombinə edilir.

Məsələn, ingilis dilində bir çox dəyişilməz qısa sözlər var. Bir xeyli söz də söz birləşmələrinin köməyi ilə alınıb. Bu dildə qısa sözlərin, hətta bu sözlərin hissəciklərinin birləşməsindən yaranmış çox uzun sözlərə də rast gəlinir. İngilis dilini öyrənən əcnəbilər bu qarışıqlıqdan haqlı olaraq şikayətlənirlər.

Rus dilinə gəlincə, bu dil feili sifət və feili bağlama tərkibli tabeli mürəkkəb cümlələrdən istifadə, müxtəlif cins və hal şəkilçiləri vasitəsilə sözə məna çalarları verilməsi baxımından ingilis dilindən zəngindir. Ancaq bu üstünlüyün bir mənfi tərəfi də var. Belə ki, rus dilinin mürəkkəb qrammatika və sintaksisi əcnəbilərin bu dili qavramasını çətinləşdirir. Çox uzun sözlər sxemi üzrə qurulmuş dillərdə əsas sözlərdən birinə çoxlu heca, ayrı-ayrı səslər əlavə edilir. Məsələn, türk dilində dəyişməz qalan kök sözü götürüb, yeni hissəcikləri müəyyən ardıcıllıqla sözün sonuna əlavə edirlər. Nəticədə sözlərin uzun quyruğu əmələ gəlir. Bəzi dillərdə isə çox uzun sözlər söz kökünün qarşısına əlavələr edilməklə formalaşır.

 

"Xalqların və millətlərin psixologiyası" kitabından:

 N. Əliyeva çevirib

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.