Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Gənclərinin Birinci Forumundakı çıxışı

Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Gənclərinin Birinci Forumundakı çıxışı

            Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Gənclərinin Birinci Forumundakı çıxışı

Məni bu gün forumda sevindirən cəhətlərdən biri də o oldu ki, çıxış edən bütün gənclər çox sərbəst, səlis Azərbaycan dilində danışırdılar. Bilirsiniz, bir neçə il öncə bunu görmək mümkün deyildi. Keçmiş illərin müəyyən xüsusiyyətlərinə görə Azərbaycan dili Azərbaycanda lazımi qədər inkişaf edə bilməmişdi. Doğrudur, biz buna çox çalışmışıq, 60-cı, 70-ci, 80-ci illərdə bu barədə çox səylər göstərilmişdir. Ancaq Azərbaycan dili hakim dil ola bilməmişdi. Biz Sovetlər İttifaqının tərkibində idik. Sovetlər İttifaqının ümumi dili – rus dili hakim dil idi və o vaxt valideynlərin çoxu öz övladlarını rusdilli məktəblərə qoyurdu. Bu da təbii idi, çünki geniş təhsil almaq üçün, Azərbaycandan kənara çıxmaq üçün o dildə təhsil almaq lazım idi və bunu da qınamaq olmaz. Ancaq bunlar hamısı bizim Azərbaycan dilinin tam inkişaf etməsinə müəyyən qədər maneçilik edirdi. Bir də açıq demək lazımdır, biz müstəqil dövlət deyildik, ümumi bir dövlətin dilı ilə çoxları danışırdı. Ona görə də bəzi adamlarda, təəssüf ki, öz dilinə düzgün münasibət yox idi. Mənim xatirimdədir, keçmiş komsomol qurultaylarında gənclərin çoxu, Azərbaycan dilində danışmaq istəyəndə səlis, cazibədar danışa bilmirdi. Amma bu gün burada çıxış edənlər məni heyran etdilər, bizim dilimizin zənginliyini, bu gün Azərbaycanda hakim dil olmasını nümayiş etdirdilər.

Bilirsiniz, hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini – rus dilini də, ingilis dilini də, fransız dilini, ərəb, fars dillərini də mənimsəsin, öyrənsin. Bu, lazımdır, çünki müasir dünya ölkələrinin bir-biri ilə sıx əlaqəsi bu gün və gələcəkdə insanlardan çoxlu dili bilməsini tələb edir. Mən gənclərimizə bu tövsiyəni verirəm. Amma bunlarla yanaşı, bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək, bu dildə yaxşı danışmaq, bu dili ana dili kimi duymaq, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatlıqla göstərişlər verdim ki, rusdilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin. Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini, Nəsimini, Vaqifi, Sabiri, Cəlil Məmmədquluzadəni oxuya bilməz və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tarixi bilməyəcək, onları oxuya bilməsə, bizim mədəniyyətimizi, köklərimizi bilməyəcək, milli ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları olmayacaqdır.

Mən arzu edirəm ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun. Bu gün məndə bu ümidlər daha da çoxaldı, bizim gənclərimiz bundan sonra tariximizi daha da yaxından öyrənəcək, doğma Azərbaycan dilimizi mənimsəyəcək və bunlar hamısı hər bir gənc Azərbaycan övladında yüksək vətənpərvərlik hissləri yaradacaq. Dil barəsində, mədəniyyət, milli ənənələr haqqında danışarkən eyni zamanda onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün vətəndaşlar eyni hüquqa malikdir və bütün dillərdən sərbəst istifadə olunur, olunmalıdır və gələcəkdə də istifadə olunacaqdır. Azərbaycan Azərbaycanda yaşayan bütün millətlərin doğma vətənidir. Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik.

 

Bakı şəhəri 2 fevral 1996-cı il

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.