Böyük ömrün dastanı

Böyük ömrün dastanı

“Bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Heydər Əliyev

Onu müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu adlandırırlar. Çünki dağılmaqda olan dövləti qorudu, saxladı və inkişaf etdirdi. Ölkədə sabitlik yarandı, “Əsrin müqaviləsi” imzalandı, nizami ordu formalaşmağa başladı.

Əlbəttə ki, söhbət tarixin gedişini dəyişən şəxsiyyətlərdən biri, ümummilli lider Heydər Əliyevdən gedir.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Amma müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanı sistemində çalışan Heydər Əliyev 1965-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində çalışıb, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib və respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olan Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən olub.

1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edib, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranıb. Azərbaycan xalqının tələbi ilə ölkənin o zamankı rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti olub. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib.

2003-cü il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib; Fəxri Xiyabanda dəfn olunub.

Şərqdə ilk dəfə ölüm hökmünün ləğvi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, daxili və xarici siyasətdə uğurlar, ədəbi və mədəni inkişaf, təhsil... – bir sözlə, ölkə həyatının bütün vacib sahələri Heydər Əliyev qayğısından bəhrələnib.

Onun elə təkcə mədəniyyət və incəsənətlə bağlı gördüyü işlərə nəzər salaq.

Məsələ təkcə bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak etmək, dərin və məzmunlu nitq söyləməkdə deyildi. Üstəlik, Heydər Əliyev təkcə ədəbi-mədəni proseslə maraqlanmırdı, həm də bu prosesin ilhamvericisi və çox zaman da iştirakçısı qismində çıxış edirdi. O, kadr potensialının qayğısına qalır, yeni mədəniyyət obyektlərinin açılmasına və onların maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi.

Bir sıra filmlərimizin yaranması onun şəxsi təşəbbüsü ilə bağlıdır. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin ərsəyə gəlməsində, onların sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri əvəzsizdir.

Bu gün Azərbaycanda onlarla sənət adamının – yazıçıların, şairlərin, musiqiçilərin, rəssamların, memarların ev-muzeyləri fəaliyyət göstərir. Azərbaycanda ev-muzeylərin yaradılmasının təşəbbüskarı da məhz Heydər Əliyevdir.

1937-ci ilin repressiyalarının qurbanı olmuş Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi, doğulduğu doğma Naxçıvanda torpağa tapşırılması və şairin ruhuna hörmət əlaməti olaraq orada məqbərənin ucaldılması, eləcə də Bakıda bu böyük şairin adına ev-muzeyin açılması məhz Heydər Əliyevin misilsiz xidmətidir.

Hələ sovet şovinizminin qılıncının asıb-kəsən vaxtlarında Heydər Əliyev azərbaycançılıq ideologiyasına mühüm önəm verirdi. O, qədim yazılı abidə olan “Kitabi-Dədə Qorqud”un araşdırılması və tədqiqinə geniş şərait yaratmışdı. “Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi “Kitabi-Dədə Qorqud” kimi ədəbi abidələr, Nizaminin nəhəng yaradıcılığı, Xaqaninin və Nəsiminin, Füzulinin və Vaqifin, söz sənəti bahadırlarının dahiyanə əsərləri ilə, aşıq poeziyasının həmişə canlı nümunələri ilə zəngindir”, – deyən Heydər Əliyevin təşəbbüsü ilə “Kitabi-Dədə Qorqud”un motivləri əsasında bədii film çəkildi.

Nizami, Nəsimi, Vaqif və Zakirin yubileylərinin keçirilməsi, onların heykəllərinin qoyulması, əsərlərinin nəfis şəkildə nəşri də Heydər Əliyevin adı ilə bağlıdır. Molla Pənah Vaqifin məqbərəsinin açılışı da Heydər Əliyevin şəxsi təşəbbüsü ilə baş tutdu. Onun hakimiyyəti illərində Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov və başqa klassik müəlliflərin əsərləri yeni çoxcildliklər şəklində çap olundu.

Heydər Əliyevin şəxsi təşəbbüsü və fəal müdaxiləsi ilə Moskvada, “Xudojestvennaya literatura” nəşriyyatında Nizami Gəncəvinin əsərlərinin nəfis beşcildliyi buraxıldı. Klassiklərimizin ədəbi irsinin rus dilinə və keçmiş SSRİ xalqlarının, habelə xarici ölkə xalqlarının dillərinə tərcüməsi, Azərbaycanda keçirilən dil və ədəbiyyat günləri və keçmiş sovet respublikalarında keçirilən Azərbaycan ədəbiyyatı və mədəniyyəti dekadaları yüz minlərlə adamın xalqımızın qədim mədəniyyəti, təkrarsız söz sənəti inciləri ilə tanış olmasına imkan yaratdı.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969–1982-ci illərdə respublikamızda 3677 klub, 4794 kütləvi kitabxana, 25 peşəkar teatr, 4 filarmoniya, 7 musiqi kollektivi, 123 muzey fəaliyyət göstərib. Misilsiz sənət abidələri olan “Gülüstan” və “Respublika” sarayları (hazırda Heydər Əliyev Sarayı), idman kompleksi, kondisioner zavodu, neçə-neçə inzibati və yaşayış binaları tikilib.

Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyin ilk illərindəki böhranlı vəziyyət Azərbaycan mədəniyyətinə də təsirsiz ötüşmədi. Heydər Əliyevin ölkə siyasətinə qayıdışından sonra isə bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox mədəniyyət müəssisələri təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi.

Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycanın qədim şəhərsalma ənənələrini özündə ehtiva edən İçərişəhər, Şirvanşahlar Saray Kompleksi ilə birgə YUNESKO-nun maddi irs siyahısına daxil edildi.

1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə böyük Azərbaycan şairi M.Füzulinin 500 illik yubileyi təntənə ilə qeyd edildi. Böyük Azərbaycan şairinin qardaş Türkiyədə yubiley şənlikləri keçirildi.

Məhz ulu öndərin hakimiyyəti illərində Azərbaycanda ilk filmin nümayiş etdirildiyi 2 avqust günü (1898) kino işçilərinin peşə bayramı kimi qeyd olunmağa başladı. Əgər 1994–1996-cı illərdə iki film istehsal olunmuşdusa, 1998-2000-ci illərdə dövlət sifarişi ilə dörd tammetrajlı bədii film yaradıldı.

Heydər Əliyev işinin həddindən artıq çoxluğuna, vaxtının hədsiz məhdudluğuna, vacib dövlət işləri ilə məşğul olmasına baxmayaraq, teatra gedir, yeni tamaşalara baxır, hər zaman tamaşanın sonunda səhnə arxasında sənətçilərlə görüşüb tamaşa barədə fikirlərini söyləyirdi.

Bu yazıda böyük ictimai xadim, ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyəti üçün gördüyü işlərə qısa nəzər salmağa çalışdıq. Sadaladıqlarımızı Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin bir fikri ilə yekunlaşdırmaq istərdik: “Azərbaycan bu illər ərzində həm öz vətəndaşlarına, həm də dünyaya sübut etdi ki, biz müstəqil ölkə, azad xalq kimi yaşayırıq və yaşaya bilərik!”

 

VƏ DİGƏR...