Cəfər Cabbarlı və Azərbaycan tərcümə məktəbi

Cəfər Cabbarlı və Azərbaycan tərcümə məktəbi

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, görkəmli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ölkədə yüksək səviyyədə qeyd olunmaqdadır.

Bu münasibətlə Azərbaycan Dövlət Tərcümə Mərkəzində də alim, yazar və tərcüməçilərin iştirakı ilə “Cəfər Cabbarlı və Azərbaycan tərcümə məktəbi” adlı dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan tərcümə sənətinin tarixindən, yüksəliş dövründən və bu mərhələdə Cəfər Cabbarlının müstəsna rolundan söz açılıb.

Dəyirmi masanın aparıcısı olan yazıçı-tərcüməçi Etimad Başkeçid bildirib ki, Cəfər Cabbarlı təkcə böyük yazıçı və dramaturq deyil, eyni zamanda tərcüməçi kimi şöhrət qazanıb: “Azərbaycanda tərcümə sənətinin əsasını qoyanlardan biri məhz C.Cabbarlı olub. O, Azərbaycanda bədii tərcümənin prinsiplərinin, metodlarının hələ lazımınca formalaşmadığı və sabitləşmədiyi bir dövrdə fəaliyyət göstərib.  Onun bu sahədəki xidmətləri, ədəbiyyatımıza bəxş etdiyi tərcümə nümunələri indi də öz bədii mükəmməlliyi ilə seçilir. Tərcümeyi-halından məlum olduğuna görə, C.Cabbarlı müxtəlif qəzet və jurnallarda peşəkar tərcüməçilik fəaliyyəti ilə məşğul olub, “Kommunist” qəzetində baş tərcüməçi vəzifəsini icra edib.

C.Cabbarlının hər birimizə məlum olan 1926-cı ildə qələmə aldığı “Tərcümə məsələsinə əhəmiyyət verilməlidir” məqaləsində qaldırdığı nəşriyyatlarda tərcümə işinə biganəlik, peşəkar tərcüməçilərin işbazlığa meyilliyi, müxtəlif sahələr üzrə tərcümə işinin yarıtmaz vəziyyəti, fikrin aydın və səlis ifadə olunmaması, dilin saflığına riayət edilməməsi və s. kimi məsələlər bu gün də aktual problemlərdəndir. Təəssüf ki, həmin dövrdən 100 ilə yaxın vaxt keçsə də, biz hələ də tərcümə sahəsində oxşar problemlərlə üzləşirik”.

Sonra professor Rüstəm Kamal C.Cabbarlını Azərbaycan milli mədəniyyətinin simvolu hesab etdiyini söyləyib: “Onun qeyri-adi istedad sahibi olması həm yaşadığı dövrdə, həm də ölümündən sonra etiraf edilib. O, 20 illik yaradıcılığında 20 pyes yazıb. 35 yaşında dünyasını dəyişən bir yazıçının kinossenariləri, poemaları, tərcümələri, nəsri və şeirləri məhz onun dahiliyindən xəbər verir. O, XX əsr Azərbaycan ədəbiyyatında mətnin konstruktoru idi. Səhnə texnikasını bilən, mizanları duyan, görə bilən dramaturq idi. Onun pyeslərini bütün zamanlarda səhnələşdirmək olar”.

Daha sonra professor Bədirxan Əhmədli Cəfər Cabbarlını tərcümə sahəsinə gətirən səbəblərdən danışıb: “C.Cabbarlı yaxşı dram əsərləri, hekayələr yazırdı. Bəs o nə üçün tərcümə sahəsinə gəldi? 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ədəbi jurnallar, qəzetlər məşhur “Bütün ölkələrin proletarlarıbirləşin!” şüarı altında çalışırdı. C.Cabbarlı müsavatçı, cümhuriyyətin stenoqrafçılarından biri olmuşdu. Bu mənada C.Cabbarlının tərcüməyə müraciəti labüd idi. Çünki 20-ci illərdə o yalnız tərcümələrdən qazandığı vəsaitlə ailəsini dolandırıb. Rus dilini çox yaxşı bilirdi, dramaturgiyaya gəlişi də dünya dramaturgiyasına dərindən bələd olmasından qaynaqlanırdı. Onun səhnə əsərlərindəki monoloq və dialoqlar Şekspir səviyyəsindədir. Tərcümə zamanı isə ərəb-fars sözlərindən mümkün qədər istifadə etmir, türk sözləri işlədirdi”.

Müzakirələr tərcüməçi Vilayət Hacıyevin çıxışı ilə davam etdirilib. O, C.Cabbarlının tərcümə işinə münasibətindən bəhs edib: “Onun üçün tərcümə təkcə fikri çatdırmaq yox, həm də söz yaradıcılığı üçün bir meydan olub. Bu mənada tərcümədən həmişə bir vasitə kimi istifadə edib.

Fikrimcə, Azərbaycan nəsrinə lirik-psixoloji məqamları da məhz C.Cabbarlı gətirib. Bu cəhətlər onun tərcümə yaradıcılığına da öz təsirini göstərib. O, tərcümə etdiyi əsərdə janrın tələblərini nəzərə alır, sözü elə seçirdi ki, dinamika itməsin. Yəni C.Cabbarlı daha çox yaradıcı tərcüməçi idi”.

Daha sonra dəyirmi masa ətrafında müzakirələr Yaşar Əliyev, Mahir N.Qarayev, Zahid  Sarıtorpaq, Əlisəmid Kür, İmir Məmmədli və digərlərinin çıxışları ilə davam edib.

Sonda söz alan Cəfər Cabbarlının nəvəsi, Tərcümə Mərkəzinin əməkdaşı Bəhlul Seyfəddinoğlu görkəmli ədibin həyat və yaradıcılığından danışaraq dəyirmi masa iştirakçılarına bu tədbirin təşkili üçün minnətdarlığını bildirib. 

 

Sevinc Fədai

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.