Tərcümə Mərkəzinin əməkdaşları Misir Milli Tərcümə Mərkəzinin direktoru ilə görüşüblər

Tərcümə Mərkəzinin əməkdaşları Misir Milli Tərcümə Mərkəzinin direktoru ilə görüşüblər

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin 46-cı Beynəlxalq Qahirə Kitab Sərgisinə ezam olunan əməkdaşları Fərid Hüseyn və Şahin Ələsgərov Misir Milli Tərcümə Mərkəzinin direktoru Ənvər Muğislə görüşüblər. Misir Milli Tərcümə Mərkəzində baş tutan görüş zamanı F.Hüseyn Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması və fəaliyyəti ilə bağlı Ə.Muğnisə məlumat verib və onları Mərkəzin bu günə qədər ərəb ədəbiyyatından edilən tərcümləri, eləcə də kataloqu ilə tanış edib. F.Hüseyn Azərbaycanda ərəb ədəbiyyatına və mədəniyyətinə olan maraqdan danışıb: “Hazırda Mərkəzimizdə Misir ədəbiyyatının görkəmli yazıçısı Nəcib Məhfuzun “Yol” və “Miramar” romanları, eləcə də hekayələri tərcümə edilir. Bundan başqa, Misir ədəbiyyatının görkəmli nümayəndələrindən sayılan Tofiq əl-Həkim, Mahmud Teymur və s. kimi yazıçıların da yaradıcılığı diqqətdən kənar qalmayacaq”.

Daha sonra Azərbaycan ədəbiyyatı antalogiyasının ərəb dilinə, eləcə də Misir ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsiylə bağlı Misir Milli Tərcümə Mərkəzinin direktoru Ə.Muğis fikirlərini bölüşüb: “46-cı Qahirə Kitab Sərgisinə Azərbaycan təmsilçisi kimi məhz Tərcümə Mərkəzinin qatılması qurumunuzun kitaba, nəşr sənətinə və tərcümə sahəsində gördüyünüz və planlaşdırdığınız işlərə yüksək diqqət və qayğının göstəricisidir. Buna görə rəhbərliyinizə və sizə təşəkkür edirəm. Azərbaycan ədəbiyyatı antalogiyasının ərəb dilinə tərcüməsi, nəşri və yayımı məsələsində bizim üçün əsas olan yazarların müəlliflik hüququnun Misir Milli Tərcümə Mərkəzinə verilməsidir. Biz də öz növbəmizdə Misir yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcüməsi məsələsinin həllində bütün mümkün köməkliyi göstərəcəyik. Bundan başqa, Misirin və Azərbaycanın nəşr edəcəyi kitabların xüsusi nəşriyyat nişanları ilə çapı da vacib məsələdir, çünki belə olduqda birgə layihəmiz kimi biz hər iki ölkədə eyni dərəcədə hüquqlara sahib ola və kitabların yayımı ilə məşğul ola bilərik. Sevindirici haldır ki, təmsil etdiyiniz qurum təkcə bədii ədəbiyyat yox, digər sahələr üzrə də tərcümə işi ilə məşğul olur. Bu da, əlbəttə ki, bizim əməkdaşlığımızın əhatə dairəsini genişləndirir. Ümid edirəm ki, əməkdaşlığımız xeyirli bəhrəsini verəcək”.

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.