Page 2 - "Xəzər"
P. 2
EL NİTQİ
Orijinaldan tərcümə: Ü. Nəsibbəyli
Bir neçə gün əvvəl qatarla Stokholma yola düşdüm. Səhərin erkən çağı idi... Kupem nisbətən işıqlı olsa da, çöldə zil
qaranlıq idi. Yol yoldaşlarımın hərəsi bir küncdə mürgüləyirdi. Mənsə sakitcə qatarın tıqqıltısına qulaq asır, vaxtilə
Stokholmda keçirdiyim günləri xatırlayırdım. Bu şəhərə hər dəfə çətin iş dalınca gəlirdim... məsələn, imtahan vermək,
yaxud, əlyazmalarımı çap etdirmək üçün. Səfərimin bu dəfəki məqsədi isə ədəbiyyat üzrə Nobel mükafatını Əlahəzrət
Kralın əlindən qəbul etmək idi. "Yenə çətin olacaq."- mən fikirləşirdim.

Bütün payızı Varmlenddəki köhnə evimdə tənhalıq içində keçirmişdim. İndi isə xeyli insanın qarşısında çıxış etmək
lazım gələcəkdi. Tənha sığınacağımda uzun müddət həyatın səs-küyündən uzaq qaldığımdan, yenidən dünyayla üz-
üzə gəlməli olduğumu düşündükcə, vahimələnməyə bilmirdim.
Ürəyimin dərinliklərində isə bu mükafatı aldığım üçün hədsiz sevinc duyur, xoşbəxtliyimə sevinəcək insanlar
haqqında düşünməklə həyəcanımı azaltmağa çalışırdım. Yaxın dostlarım, qardaşlarım, bacılarım, ən əsası isə, evdə
kreslosuna söykənib bu günü gördüyünə sevinən anamı düşünürdüm. Sonra isə mərhum atamı xatırlayıb
qəhərləndim: o artıq sağ deyilli və mən daha onun yanına gedib, Nobel mükafatına layiq görüldüyümü xəbər verə
bilməyəcəkdim. Halbuki, mənim bu xoşbəxtliyimə ondan artıq heç kim sevinə bilməzdi. Sözə və yaradıcı insanlara
qarşı onun qədər sevgi və hörmət bəsləyən ikinci bir adam tanımıram. Kaş atam İsveç Akademiyasının, məni bu
mükafata layiq gördüyündən xəbər tuta biləydi.
Vaqonların relslərin üstü ilə zərrəcə silkələnmədən, sürüşə-sürüşə şütüdüyü uzun-uzadı sakit dəqiqələr, qaranlıq
gecələrdə qatarla səyahət edənlərə yaxşı tanışdır. Gecnin bir yarısı taqqıltı səsləri kəsilir, hər yana sakitlik çökür.
Çarxların səsi ruhu oxşayan, həzin melodiyaya çevrilir. Sanki vaqonlar relslərin və şpalların üstü ilə sürüşmək
əvəzinə, səmada süzməyə başlayır...
Kupemdə əyləşib qoca atamı düşündüyüm məqamlarda da belə bir sakitlik hökm sürürdü. Qatar o qədər yüngül və
səssiz hərəkət edirdi ki, vaqonların səmada süzmədiyinə inanmaq çətin idi.
Atamı xəyalımda canlandırıb, onunla Cənnətdə görüşdüyümü təsəvvürümə gətirməyə başladım. Qatar səmada
süzməyə davam etsə də, yol hələ uzun idi. Xəyallarım isə qatarı çoxdan geridə qoymuşdu.
...Atam, çoxlu gül-çiçəklə, quşlar və günəş şüalarıyla dolu bağın qarşısındakı eyvanda yırğalanan kresloda əyləşib
Frityof haqqında saqanı oxusa da, məni görən kimi kitabı bir kənara qoyacaq, eynəyini alnında bəndləyib ayağa
qalxacaq, mənə tərəf yeriyəcək və: "Salam, qızım, Səni gördüyümə çox şadam." - deyəcək. Ya da: "Xeyir ola, nə
əcəb gəlmisən?" və "Necəsən qızım?" Həmişəki kimi.
Sonra yeni yırğalanan kreslosunda yerini tutub gəlişimin səbəbi ilə maraqlanacaq. "Nə isə olub?" - deyə qəfildən
nigaranlıqla soruşacaq. "Yox ata." - mən cavab verəcəyəm. Elə həmin məqam da mən, xəbəri dərhal ona çatdırmaq
əvəzinə, söhbəti bir az yubatmaq, mətləbə dolayı yolla keçmək qərarına gələcəyəm: "Səndən məsləhət almağa
gəlmişəm, ata." - mən deyəcəyəm. "Boynuma düşən həddindən artıq böyük borcu qaytara bilmirəm."
"Təəssüf ki, bu məsələdə sənə kömək eləyə bilməyəcəyəm." - o deyəcək. "Vermlanddakı köhnə mülkümüzdəki kimi,
burda da puldan başqa nə istəsən var."
"Pul borclu deyiləm, ata. Borcum böyükdür."
"Başdan danış, qızım." - atam deyəcək.
"Səndən kömək istəməyə haqqım var, ata. Çünki lap əvvəldən günah səndə olub. Uşaq vaxtı bizə piano çalıb
Belmanın nəğmələrini oxuduğunu, hər qış azı iki dəfə Teqneri, Runeberqi və Anderseni oxumağa icazə verdiyini
xatırlayırsan? İlk dəfə o vaxt borca düşdüm. Mənə nağılları, qəhrəmanlar haqqında saqaları, vətəni, insanları, bütün
iztirab və sevincləriylə birlikdə həyatı sevdirdiklərinə görə onlara borcumu necə qaytaracağam?"
Atam, yırğalanan kreslosuna dirsəklənəcək, gözlərinə xoşbəxt bir ifadə çökəcək: - "Səni bu cür borca saldığıma görə
şadam." - deyəcək. "Bəlkə də haqlısan, ata, amma, məsələ bununla da bitmir. Qulaq as, gör bir, hələ nə qədər
adama borcluyam. Gəncliyində Varmlendə səyahət edib sənin üçün oraların nəğmələrini oxuyub, təlxəklik edən
   1   2   3   4   5   6   7