“Zəngəzur” romanından fraqmentlər

“Zəngəzur” romanından fraqmentlər

    ADTM – tanınmış Azərbaycan yazıçısı Əyyub Abasovun 1918-1920-ci illərdə erməni silahlı qüvvələrinin Azərbaycanın qədim Zəngəzur mahalında törətdikləri qanlı qətliamların mənzərəsini əks etdirən ikicildlik “Zəngəzur” tarixi romanından hissələri təqdim edir. Əsərdən seçilmiş parçalar beynəlxalq internet məkanında yayınlanması məqsədilə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, çex, ispan və alman dillərinə çevrilərək xarici KİV-ə göndərilmişdir.

 

 

 

 


   Əyyub Abasov – yazıçı, dramaturq, jurnalist, Azərbaycanın Əməkdar İncəsənət xadimi.

   1905-ci ildə Azərbaycanın Zəngəzur mahalının Şəki kəndində (indiki Ermənistanın Sisian rayonunda) anadan olub. 1918-ci ildə general Andranik Ozanyanın başçılığı ilə erməni yaraqlılarının Zəngəzurda törətdiyi genosid nəticəsində doğmalarını itirir. 13 yaşında, qətliamdan qurtulmuş az sayda həmkəndliləri ilə Naxçıvana üz tutur, orada qohumlarının yanında yaşayır. 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra 1934–1937-ci illərdə Leninqradda (indiki Sankt-Peterburq) redaktorluq və tərcüməçilik kurslarında təhsil alır.

   1918-1920-ci illərdə ermənilərin Zəngəzurda törətdiyi qanlı qətliamların mənzərəsini əks etdirən, Andranik, Dro, Njde kimi qaniçən erməni cəlladlarının obrazlarını ustalıqla təsvir edən ikicildlik “Zəngəzur” tarixi romanını yazır.

    1957-ci ildə işıq üzü görmüş bu romanın nəşrindən az sonra – həmin ilin dekabr ayının 18-də yazıçı 52 yaşında dünyasını dəyişir.

    ADTM tarixi romandan hissələri təqdim edir.

  

 “Zəngəzur” romanından fraqmentlər


    “Qızılcıq kəndində hələ bu gecəki qədər adam olmamışdı. Evlər, küçələr, xırmanlar adamla dolmuşdu. Onlar yayın bu gözəl gecəsində kəndə qonaq deyil, ölümün pəncəsindən qurtulub gəlmişdilər. Bu adamlar dağıdılmış, yandırılmış ayrı-ayrı kəndlərdən – Ağudidən, Vağüdidən, Uruddan, Qarakilsədən gəlmişdilər. Hamısı Andronikin topunun, tüfənginin ağzından qurtarmışdı. Lakin fəlakət onları yenə izləyirdi... “bala, vay”, “bacı, vay”, “ata, vay”, “yazıq balam, qaldı”, “yurdum, komam yandı”, “çörək...” fəryadı, ürəkləri yandıran ah-nalə səsindən qulaq tutulurdu... Bu ətrafda yeməyə ot da, gicitkən də qalmayıb... Andronik qoşununu və erməni əhalisini Gorusda bir meydana toplayıb “qələbə” münasibətilə onları təbrik etmiş və demişdi: “Gördünüzmü, Türkiyədə qırılan ermənilərin intiqamını Zəngəzur müsəlmanlarından necə alıram! İndi mən qalan müsəlman kəndlərinin də daşını daş üstə qoymayacağam”.

***

    “1919-cu il, aprel ayının axırları idi… Malını, pulunu özü ilə aparmağa müvəffəq olmuş dövlətlilər və bəzi kəndlilər istisna olunarsa, Zəngəzur qaçqınlarının güzəranı getdikcə pisləşirdi. Minlərlə insan səfalət içində idi, onların əkməyə torpaqları, yeməyə çörəkləri, geyməyə paltarları yox idi. Boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç bir yol və imkan tapa bilmirdilər. Yaxşı yaşamaq üçün deyil, yalnız ölməmək üçün hər bir əzab-əziyyətə, təhqirə dözməyə məcbur idilər. Zəngəzur qaçqınları fəlakətli, səfalətli bir həyat içində haradansa xoşbəxtlik günəşinin doğacağını gözləyirdilər. Hamı, yandırılıb viran edilmiş də olsa, öz kəndinə, yurd-yuvasına qayıtmaq, yenidən yaşayış qurmaq həsrətində idi. Lakin daşnakların hökmranlıq etdikləri bir torpağa qayıtmaq mümkün deyildi…”

*** 

    “Deyirlər, suda boğulan əlini saman çöpünə atar. Həyat və ehtiyac başıbəlalı insanları hər işə məcbur edirdi. Kimi başqasına majgəllik edir, kimi naxır otarır, kimi yer suvarır, kimi cəhrə əyirir, yun darayır, kimi əlinə haradansa maya salıb çərçiliklə məşğul olur, kimi də dilənçilik edirdi.

    Qaçqınlardan bəziləri gəlib əyləndikləri kəndlərdən tərpənmir, “ölsək də burda öləcəyik” deyir, bəziləri də, heç olmasa, bir dəfə qarındolusu çörək tapmaq arzusu ilə kəndləri gəzib-dolaşır, münasib iş axtarırdı. O gün olmazdı ki, qaçqınlardan bu və ya digər kənddə xəstəlikdən, acından ölən olmasın. Vətənlərindən didərgin düşdükləri on ay müddətində minlərcə qaçqın yayda isitmənin, qarın yatalağının, qışda isə sətəlcəmin qurbanı olmuşdu”.

***

    “…Kəndlilər, yoxsullar! Daşnak hökuməti dövlətlilərin, məliklərin, mülkədarların hökumətidir. Daşnaklar iş başına gələndən sizin güzəranınız daha pisləşib. Kəndləri aclıq, dilənçilik əldən salıb. Daşnaklar müsəlmanlarla və gürcülərlə davanı kəsmək istəmirlər, əksinə, getdikcə qızışdırırlar. Az-çox  taxılınızı, mal-qoyununuzu əlinizdən alıb qoşuna yedirdirlər. Evdə isə külfətiniz acından ölür. Sizi cürbəcür yalan vədlərlə aldadırlar. Yoxsullar, uşaqlarının göz yaşını bir parça çörəklə qurutmaq üçün torpağını satmağa məcbur olur.  Varlılar isə  “Mənim sizə ve­rəsi artıq torpağım yoxdur. Toxumdan da borc olmaz, gedin başınızın çarəsini özünüz qılın…” – deyir”.

***

    “Erməni zabiti dedi:

    – “Ərə, a dəli musurman, lovğalanma, yava-yava danışma! Siz Zəngəzuru necə ala bilərsiniz? Bilmirsiz ki, amerikanlar və general Denikin də bizim dalımızda durub! Yəqin bilin ki, sizi Əsgərana kimi qovacayıq. Hələ Qarabağı da, Naxçıvanı da əlinizdən alacayıq!”

***

    “Qubadlı İnqilab Komitəsinin sədrinə!

    “Zəngəzurdan qaçıb sizin qəzada özlərinə yuva tapan erməni kommunistlərini və partizanlarını tezliklə mənim sərəncamıma göndərməyi sizə təklif edirəm. Əgər qayıtmasalar evləri yandırılacaq, ailələri uşaqdan qocaya kimi güllələnəcəkdir. Geri qayıdan ermənilərin sağ qalmasına söz verirəm. Q.Njde. 10 iyun 1920-ci il”.

 

***

    “Yeni-yeni torpaqlar almaq, hər iki xalq arasında milli ədavət toxumu səpmək, onları bir-birinin canına salışdırmaq məqsədilə başladıqları bu dava çox uzanmasa da, böyük zərər verdi. Hər iki tərəfdən ölənlər, yaralananlar oldu. Evlər qarət olundu, lakin erməni kəndləri dağılmadı. Əhali öz yurdundan, evindən qaçqın düşmədi”.

***

    “İkimərtəbəli evin qabağında böyük bir izdiham vardı. Öz aralarında kədərli-kədərli danışan, cır-cındalı adamlar nə isə bir xəbər gözləyirdilər. Bir xeyli keçəndən sonra 58–60 yaşlarında, ortaboylu, enlikürəkli, başı-bığı çallaşmış, rus generalı paltarında bir adam içəridən balkona çıxdı. Onu görən kimi hamı:

    – Andronik paşa! Andronik paşa! – deyə əl çaldı.

    Andronik əlini qaldırıb onların sakit olmalarına işarə etdi. Hamı sakit olub gözünü ona dikdi. Andronik dedi:

    – Qaxdaqanlar! (ermənicə qaçqın deməkdir – H.N.) Elindən, kəndindən ayrı düşmüş ermənilər! Mən sizin dərdinizi bilirəm. Yaşamağa eviniz, əkməyə torpağınız, yeməyə çörəyiniz yoxdur. Siz onları Ərdəhanda, Qarsda, Sarıqamışda qoydunuz. Burda isə sizin dərdinizə ağlayan, qeydinizə qalan yoxdur. İndi məndən kömək istəməyə gəlmisiniz. Mən əlimdən gələni eləyəcəyəm. Mən sizi bu hala salan türklərdən Türkiyədə intiqam ala bilmədimsə, Qafqazda, bax, bu Zəngəzurda alacağam. Gözləyin, o günü gözləyin! İndi evinizə gedin!

    “Bəs haçan? Biz axı dolana bilmirik!” – deyən səslər ucaldı. Andronik onların suallarına, dediklərinə fikir verməyib içəri girdi.

    Adamlar bir-birinin üzünə baxdı. Aralıqda yavaşdan və ucadan danışıqlar getdi: “Zəngəzurda kimdən intiqam alacaq? O bizə nə kömək edəcəyini demədi. Əşi, bəri gəlin. Andronik paşadan da bir şey çıxmaz...”

    “Andronik gülümsünərək:

    – O hansı hökumətdir? – dedi.

    – Ermənistan milli hökuməti.

    – Bəlkə, siz Tiflis hökuməti demək istəyirsiniz? O ki, oyuncaqdır, hökumət deyil!

    – Məncə, hərbi adamlar siyasətdə daha gözüaçıq olmalıdırlar. İndi Tiflis hökuməti yoxdur. Zaqafqaziyada üç hökumət var: menşevik, müsavat və erməni hökumətləri. Siz erməni olduğunuz üçün Ermənistan hökumətinə tabe olmalısınız. Haralı olduğunuzu, nə fəaliyyət göstərdiyinizi və haradan gəlib bura çıxdığınızı öyrənmişik. Sizin də, bizim də məqsədimiz bir olmalıdır. Mən onu demək istəyirəm ki, siz başınıza topladığınız hərbi dəstəni erməni milli qoşununa qatmalısınız. Özünüzsə bir zabit kimi erməni ordusunda xidmət etməlisiniz. Siz...

    Andronik onun sözünü kəsərək:

    – Mən sadə zabit deyiləm, cənab, generalam! – dedi.

    – Məsələ adda deyil, sizə paşa da deyirlər. Halbuki bu türk hərbi adı da erməni olduğunuz üçün sizə yaraşmır. Nə isə, bizim Zəngəzurda topladığımız qoşun hissəsinin iqamətgahı bu Gorus olacaqdır. Elə eləmək lazımdır ki, soldatlar arasında toqquşma olmasın”.

***

    “Keşiş dedi:

    – İçməmişdən qabaq iki sözüm var, – hamı gözünü ona zillədi. Keşiş davam etdi: – Pristav ağa buyurdu ki, Qafqaz xalqlarının dillərini öyrənir. Bu yaxşıdır. Amma qabaqca erməni dilini öyrənsə daha yaxşı olar. Çünki erməni dili, erməni tarixi daha qədimdir.

    – Onu da öyrənərik, keşiş, – deyə pristav gülümsündü.

    Onun gülüşündə müəmmalı bir istehza hiss edən Mesrop pərt olaraq dedi:

    – Bəli, bəli, pristav ağa, mən isbat eləyərəm ki, erməni milləti çox qədim tarixə malikdir. Mənim dediyim budur ki, erməni dilində məktəb açılsın.”

*** 

    “Keşiş Mesropun bu sözləri erməni kilsə düşüncəsinin ifadəsidir: "Mənim millətim hamı millətlərdən alidir. Heç bir millətin tarixi ermənilərinki kimi qədim deyil. Hər daşı qaldırsan, altından bir erməni tarixi çıxar..."

***

    “Andronik birinci davada buraxdığı səhvə yol vermək istəmirdi. İkinci hücumda bütün çıxış yollarını kəsməli, heç kəsi salamat buraxmamalı idi.... Müsəlman kəndlərinin biri də

salamat qalmamalıdır”.

    “Njde dedi:

    – Keşişağa, sən bu saat Tehrana yola düşməlisən.

    – Tehrana?

    – Bəli, keşiş ağa. Səni özümə sədaqətli bir adam bilib Tehrandakı ingilis konsulunun yanına göndərirəm. Syunik hökumətinin və erməni millətinin bir nümayəndəsi kimi onunla görüşüb danış. De ki, Syunik hökuməti Zəngəzurun meşələrini, mis mədənlərini, bütün yeraltı sərvətlərini onlara verməyi vəd edir. Xüsusi qeyd et ki, Njde sizə arxalandığı üçün qırmızılara təslim olur. Bəs ingilis qoşunu niyə hərəkətə keçmir? Niyə bizi döyüş meydanında tək qoyur? Britaniya hökuməti Zaqafqaziya kimi bir incinin bolşeviklərin əlində qalmasına niyə razı olur? Sonra ingilis konsulun vasitəsilə İran hökumətinin başçıları ilə də görüş. Onlara de ki, bolşeviklər yerlərini Zaqafqaziyada bərkitsələr, İran həmişə təhlükə altında qalacaq. Qoy İran hökuməti də bizə bacardığı qədər kömək etsin...”

***

    "Bu yaxınlarda qoşunumuz hücuma keçəcək. Sərhədimizə yaxın olan müsəlman kəndlərini götürəcəyik. Planımız belədir ki, tezliklə Qarabağa girək. Vediyə, onun ətrafındakı kəndlərə yaxşı divan tutmuşuq. İndi o kəndlər də erməni qardaşlarımızın əlindədir. Ölən ölüb, sağ qalan müsəlmanlar isə İrana, Naxçıvana qaçıb”.

 

***

    “Başı qarlı, dumanlı dağlar, yaşıl otu daha öz təravətini itirib saralmış çəmənlər Zəngəzur qaçqınlarını öz qoynunda çox saxlaya bilmədi. Sanki onların fəryadını dinləməkdən yoruldu... Paltarsız, yorğan-döşəksiz, ac insanlar köçəri quşlar kimi başqa yerlərdə həyat axtarmağa getdilər. Bəzi ailələr Naxçıvan mahalına yol aldı. Bəziləri Kürdüstan, Cəbrayıl, Bərdə, Ağdam, Yevlax tərəfə üz tutdu. Bəziləri: əlsiz-ayaqsızlar, atsız, ulaqsızlar, xəstələr, yaralılar özlərinə yaxınlarda mənzil seçdilər. Onlar Minkəndə, Mollaəhmədliyə, Qarakeşişə getdilər. Orada da bir yer, sığınacaq tapa bilmədiklərindən kahalara doluşdular.

 

Əyyub Abasov

 

VƏ DİGƏR...

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.

     

  • Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu

    Dövlət Tərcümə Mərkəzi tanınmış gürcü şairi,  Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin seçmə poetik nümunələrinin toplandığı “Min ikinci gecə” adlı şeirlər kitabını nəşr edib.