Etimad Başkeçidin hekayəsi məşhur İsrail jurnalında

Etimad Başkeçidin hekayəsi məşhur İsrail jurnalında

İsrailin populyar “Artikl” ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Etimad Başkeçidin “Veyil dərəsi” hekayəsini nəşr edib.

Hekayənin tərcümə müəllifləri – tanınmış İsrail yazıçısı Yakov Şexter və Dövlət Tərcümə Mərkəzinin rus dili mütəxəssisi Püstə Axundovadır.

Qeyd edək ki, səhifələrində, əsasən müasir dünya ədəbiyyatına yer ayıran “Artikl” jurnalının Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq üçün yeni yaradılan “Arfa və lira” rubrikasında Azərbaycan ədəbiyyatının nümunələrinin təqdim ediləcəyi nəzərdə tutulur.

 

 

Veyil dərəsi

(hekayə)

Mən mömin quşlar və şəhid atlar barədə eşitmiş­dim. Sonra bu barədə ədəbiyyat da tapıb oxudum. Daha sonra Moskvanın ucuz kinoteatrlarından birində pop-korn ye­yə-yeyə və fanta içə-içə kinoya baxan adamlarla birgə məşhur italyan rejissoru Pazolininin «Quşlar və quş­cu­ğazlar» filmini seyr etdim və o vaxtdan yəqinləşdirdim ki, heyvanat aləmi insanlıq üçun çoxlu ibrətlərlə doludur.

Pazolininin bu filmində monaxlar xristianlığı quşla­rın arasında yaymaq üçün göndərilirlər. Monaxların səyilə qır­ğı­lar da, sərçələr də dönüb xristian olurlar. Lakin, qır­ğı­ların təbi­ətində sərçələri ovlayıb yemək var, odur ki, mö­min olduq­dan sonra da onlar bu şakərlərindən qalmırlar - xristian qırğılar xristian sərçələri yeməkdə davam edirlər.

Bilmirəm fikir vermisinizmi, bütün canlılar, xüsusən də insanlar yaşadıqları coğrafiyadan daha çox yedikləri ye­mə­yə bənzəyirlər. Londonda nəşr olunan mötəbər elmi «Foks Ltd» jurnalının 2005-ci il №7 tarixli sayında bağırsaq qurdları üzərində aparılmış bir təcrübədən söz açılır. Bur­da deyilir ki, bu qurdları, yemək verməzdən qabaq, bir müd­­dət işıqla qıcıqlandırmışlar. Bu cür təcrübələri həşə­mət­li rus fizioloqu Pavlov itlərin üzərində aparırmış. An­caq, ingilislər Pavlovdan xeyli irəli getmişlər. Onlar qurd­ların bir qismində şərti refleks yaratdıqdan sonra həmin qurd­ları öldürüb, parça-tikə eləyib şərti refleksi olmayan o biri qurdlara yedirmişlər. Nəticədə həzm-rabedən keçi­ril­miş həmcinslərinin bütün vərdişləri həmin qurdlara keç­mişdir…

Belə, canım oxucum! Sən elə bilirsən bəzi Afrika qəbi­lə­lərində insan ətini bekarçılıqdan yeyirlər? Əsla! Sadə­cə on­lar alimlərin hələ indi-indi kəşf elədikləri şeyləri lap çox­dan bilirlər və fürsət düşəndə adam əti yeməkdən qal­mır­­lar. Bəli, başqasının gücünü, təcrübəsini öz gücunə-təc­ru­bə­sinə qatmağın ən kəsə yolu məhz hannibalizmdən ke­çir. Bunu day biz demədik!

Afrikalıları bir qırağa qoyaq. Məgər yeri gəldi-gəl­mə­di öz mədəniyyətini camaatın gözünə soxmağa çalışan av­ro­pa­lı­ların arasında düşməninin ürəyini çıxarıb yeyənlər, qanını içənlər azmı olub? Mən hələ bunu bir növ prakti­ka­ya çevirmiş bir çox asiyalı sərkərdələri demirəm. Şübhə et­mi­rəm ki, bu ətə-qana yerikləmək şövqü düşmənin bütün gü­cünün, iradəsinin onun ürəyində-ciyərində və qanında cəmləşməsi barədə çox əski inanclara dayanır. El arasında cəsarətli adamlara boş yerə “ürəkli adamdır”, nə bilim “ci­yərli oğlan­dır” demirlər ki!

Bu yaxınlara kimi elə bilirdim ki, «sənin ətini ye­yə­rəm» tipli ifadələr sadəcə bir nitq ştampıdır, dilimizdə do­la­şıb-durur özüyçün. Nədən ki, hazırda, bəzi manyakları nəzərə almasaq, hərfi anlamda heç kəs heç kəsin ətini ye­mir. Amma, sən demə burda da məsələ mən fikirləşdiyim ki­­mi deyilmiş. Lap bu yaxınlarda səmavi kitablardan birin­də oxudum ki, «əgər siz bir kəsin haqqını tapdayırsınızsa və ya halal haqqına sahib çıxırsınızsa onda onun ətini ye­miş olursunuz». Nə az, nə çox!

İsa peyğəmbər öz tərəfdaşlarına çörək və çaxır ikram eləyərkən nə demişdi: “Alın, yeyin, bu mənim ətimdir, için, bu mənim qanımdır”. İndi siz deyin, yuxarıda söylədikləri­mizdən sonra İsanın bu sözlərlə nə demək istədiyi barədə teoloqların sürəkli müzakirələr aparmasına ehtiyac varmı? İsa bu sözlərlə yalnız onu demək istəmişdi ki, bilirəm, siz məni satacaqsınız, sizin üzərinizdəki haqqımı ayaqlarınızın altına salacaqsınız. Yəni, dolayısıyla, ətimi yeyib qanımı da su yerinə içəcəksiniz…Vəssalam! Yüz teoloq gəlsin, məni bu fikrimdən döndərə bilməz.

* * *

Sözü uzaqdan başladığım üçün üzr istəyirəm, əziz oxucum. Amma elə mətləblər var ki, onların haqqında söh­bəti ya bu cür aparmalısan, ya da heç aparmamalısan. Hər halda prelyudiya deyilən nəsnə də bizim icadımız deyil…

…Onda payız təzəcə girmişdi. Yadımdadır, yayın əta­ləti cəmisi beş-altı gün sürdü və birdən-birə yağışlı ha­va­lar başladı. Amma nə təhər başladı! Mən artıq üçüncü il idi ki, Kominin İnta şəhərində yaşayırdım və bilirdim ki, pa­yızın xəmiri suya doymayınca bu şəhərdə yağmurun ara­sı kəsmə­yəcək.

Kominin eləcə adı Komidir. İnta şəhərində komi mil­lə­tindən olan adamları barmaqla saymaq olardı. Onlar da nədənsə öz milli kimliklərini biruzə verməməyə çalışır­dı­lar. İntanın yetmiş minlik əhalisinin, məmurları, müəllim­ləri-filanı nəzərə almasaq, demək olar hamısı kömür mə­dən­­lərində işləyirdilər. Bir dəfə işlədiyim şəhər qəzetində şaxtaçıların həyatı barədə öz aramızda kiçik bir hesablama aparmışdıq. Məlum olurdu ki, onlar ömürlərinin çox hissə­sini yerin altında keçirirlər. İnta mədənçiləri bir-birilərini yarızarafat-yarıciddi “siçovul” deyə çağırırdılar və bundan heç kəs incimirdi. İntalılar siçovul həyatı keçir­məyə bir növ məhkum olunmuş­dular. Zatən onların başqa növ əməklə məşğul olmaq imkan­ları da yoxdu. Bilənlər bilir ki, bu tor­paqlar qısırdır və mer-meyvə nədir, heç Allahın karto­funu da bitirmir.

İntanın nə havası havadır, nə suyu su. İşdir, nə vaxt­sa yolun bu şəhərə düşsə oranın qəbirstanlığını ziyarət et­mə­yi unutma, əziz oxucum. Ordan əldə edəcəyin təəs­sü­rat sə­nə ömürlük bəs eləyər. Bu qardaşlıq qəbirstanlığında köh­­nə SSRİ-nin bütün millətlərindən olan insanlar uyu­maq­­­dadırlar. Bunların hamısı vaxtilə buraya sürgün olun­muş «zeklər» və onların törəmələridirlər. İntalının ən çox ömr eləyəni cəmisi qırx beş-əlli il yaşayır ki, bu da qəbir daşlarının ustundəki yazılarda epitafiya əvəzi öz əksini ta­pıbdır. İnta Rusiyanın o şəhərlərindəndi ki, burada gecə düşdümü bir də altı aydan sonra səhər açılır. Bilmək istə­sən bunun elə bir romantikası-zadı yoxdur. İntalı saba­ha sağ çıxmamaq ehtimalının çox bö­yük olduğunun fərqin­də­dir və həyatından bezmiş insanların əksəriyyəti də məhz bu sabahsız gecələrdə intihar eləyirlər.

Öz həyatına qıyanların dəqiq sayını bilmək istəsən yenə də qəbirstanlığa baş çəkməlisən. Burada onlar üçün ay­rıca yer ayrılıb. Öz əcəlilə ölmüş imtiyazlılardan fərqli ola­­raq onlar bir qıraqda, necə gəldi basdırılıblar. Bir yol ka­fir sayılan intiharçıların məzarlığı isə o biri məzarlıqdan böyükdür ki, kiçik deyil.

Bu gözdən uzaq, könüldən iraq şəhərin bir özəlliyi də ondadır ki, oraya yalnız qatarla getmək mümkündür. Şə­hə­rə varid olmağın və oranı tərk etməyin başqa yolu yoxdur. Nədən ki, bütün perimetr boyu hər tərəf ucsuz-bucaqsız bataqlıqlardır. Buna görə də İnta bina olunandan bəri hələ bu şəhərin türməsindən qaçmaq xülyasına düşən məhbus ol­mayıb. Haraya kimi qaçacaqsan?

İntanın necə yer olması barədə çox uzun danışmaq olar. Ancaq mənim çərənçiliklə aram yoxdur, ona görə də yu­xarıda dediklərimlə kifayətlənmək istəyirəm. Bircə şeyi də əlavə edim ki, “İnta” sözü komi dilindən tərcümədə «qu­­­yu», «dərə» anlamı verir və bu adı kim veribsə çox dü­rüst ad verib.

* * *

Dediyim kimi o ərəfədə şıdırğı yağışlar yağırdı, hər tərəf selin-suyun içindəydi. Belə havalarda heç heyvanlar da burnunu çölə göstərmək istəmir, o ki insan ola! Şəhərin o biri başında yerləşən redaksiyaya getmək gözümə dur­muş­du. Kirayə qaldığım ev yoldan xeyli qıraqdaydı, yağış yağdısa ara yollar tamam keçilməz hala gəlirdi və buna gö­rə də dizəcən palçıq ayaqlamamağın yeganə yolu evdən kə­nara ayaq basmamaqdı. Hələ avtobusdakı basabası-filanı demirəm. Götürüb müxbir yoldaşım Pavelə zəng elədim. Onun çox uzunçu adam olduğunu bildiyimdən salamsız-kəlamsız dedim:

– Paşa, mən bu gün gələ bilməyəcəyəm, xahiş edi­rəm, mənim işlərimi də yola verəsən…

– Bilət, necə yəni gələ bilməyəcəyəm bilət, mən burda sizin üçün kiməm nax, Qrişa bilət məzuniyyətdə, Saşa nax ezamiyyətdə, sən də belə nax… Görəcəksiniz, qəzet bilət çıx­ma­yacaq nax…

Paşa hödülləyib-tökməkdəydi. Zalım oğlunun iki sö­zün­­dən biri söyüşdü. Düzdür, Paşa ağzıyırtıq adamdı, an­caq redaksiyada heç kəs onun sözünün üstünə söz söylə­mirdi. Çünki, əvvəla, o qəzetin ən qocaman işçisiydi, yaşı yetmişə yaxın olardı, ikincisi də redaksiyanın əsas sütün­la­rın­­dan biriydi, bəlkə də ən əsas sütünuydu. Odur ki, Paşa redak­si­yada özünün kirimiş «əsas sütun» taleyini yaşa­maq­­­daydı – onu nə ezamiyyətə göndərirdilər, nə məzu­niy­yət verirdilər. Baxmayaraq ki, o bizim canlı reliktimiz idi, İntada o yaşda bir-iki adam vardı, ya yoxdu, özü demiş, işi-peşəsi eşşək kimi çalışmaqdı. Ancaq, deyəsən bu cür həyat tərzindən heç onun özü də rəncidə deyildi. Arvad yox, uşaq yox, uzun həyat yolunda hamısıyla bir-bir üzülüş­müş­­dü. İndi bir beşinci ətrafı idi, bir də boğazı.

Dəstəyi qulağımdan aralayıb bir siqaret yandırdım, o azacıq fasilə verən kimi isə yenidən qulağıma tutdum:

– Redaktor soruşsa deyərsən ki, bərk xəstələnib, yor­ğan-döşəyin içindədir, – dedim və dərhal telefonu qa­pat­dım.

Üstündən heç beş saniyə keçməmiş telefon zəng çaldı. Pavel idi.

– Bax, sənə deyirəm, Edik – onun səsində hədələyici notlar vardı, – “Qığılcım”dan alov doğa bilər ha… bilət…

Ona sözünü tamamlamağa macal vermədim. Əlimi uzadıb telefonun şnurunu şəbəkədən ayırdım.

“Qığılcım” bizim şəhər qəzetinin adı idi. Leninin “Qı­ğılcım” ından fərqli olaraq bizim “Qığılcım”dan yüz il yüz ilə qala heç nə doğan deyildi. Bunu yəqin bilirdim. Ol­sa-ol­sa məni işdən qovacaqdılar. Bunun üçün isə mən əlim­dən gə­ləni etmişdim; neçə dəfə işə lül-qəmbər gəlmişdim, də­fə­lər­lə redaktorun üzünə qayıtmışdım, işçiləri acılamış­dım, daha nələr eləməmişdim. Fikirləşdim ki, daha doğ­ru­su özü­mü məcbur etdim fikirləşəm ki, belə yağışlı havada heç bir qığılcım alov doğura bilməz və bu məcazın mən­ti­qin­dən içimdə bir arxayınlıq yarandı. Qığılcımdan alov doğ­ma­yacaqsa, demək ki, məni də işdən qov­ma­yacaqlar. Sö­zün düzü, qəzetdən çıxmaq istəmirdim. Necə olmasa da neçə vaxtdı burda işləyirdim, üzüm öyrəşmişdi. Üstəlik yaz­maqdan başqa əlimdən bir şey gəlmirdi, kömür mədə­ninə isə acından ölsəm də düşən deyildim.

* * *

Bütün işlər bundan sonra baş verdi. Mətbəxə keçib özümə çay qoymaq istədim. Qapını aralayıb içəri adlamaq istəyəndə zil-qara bir siçovulun ayaqlarımın arasından si­vi­şib yataq otağına doğru qaçdığını gördüm. Zatən bu dün­yada siçovul kimi iyrənc bir heyvan türü tanımıram. Odur ki, eləmə tənbəllik siçovulun dalınca götürüldüm. La­kin siçovul bir an öncə harasa təpilmişdi, nə qədər axtar­dımsa fay­dası olmadı. Siçovulla bir mənzildə yaşamağı heç ağlı­ma belə gətirmirdim, ona görə də çıxıb eyvanda ehti­yat­da saxladığım tələni götürdüm, nizamlayıb çarpayımın ayaq tərəfinə qoydum. Siçovulun nəfsi çox itidir, amma o həm də həddən ziyadə hiyləgər heyvandı, biləsiniz. Onu tə­ləyə salmaq hələm-hələm iş deyil. Bu barədə bəzi bilgilərim vardı, onunçün də tələni kağız-kuğuzla maska­la­yıb yeni­dən mətbəxə qayıtdım.

Elə yenicə çaydanı qaz pilətəsinin üstünə qoy­muş­dum ki, yataq otağından bərk şaqqıltı eşidildi. Özümü ye­tirib gördüm ki, tələyə iri bir siçovul düşüb. Tələ onu düz belinin ortasından vurmuşdu, ancaq o hələ sağ idi. Az qala adam kimi çığıra-çığıra qabaq ayaqlarıyla döşəməni cır­maq­layır, hərdən qanrılıb tələni dişləməyə çalışırdı. Sonda hətta siçovul var gücünü toparlayıb tələni bir qədər öz ar­xa­sınca sürüməyə müvəffəq oldu. Lakin, bu ölüm mən­gə­nəsindən qurtulmaq artıq mümkünsüzdü. Bir azdan onun civiltisi tamam kəsildi və o, ağrıdan bir-iki dəfə də sa­ğa-sola bükülərək sakitcə canını tapşırdı.

Yalnız indi fikir verib gördüm ki, bu bayaqkı siçovul deyil. Bu, adi, boz, bayaqkından xeyli balaca bir siçovuldu. Təəcüblənməyə dəyməzdi—siçovullar elə bir məxluqdurlar ki, biri üzdədirsə, deməli, beşi-onu da gizlindədir. Bəli, bir tələylə bu işi aşırmaq çətin olacaq deyə fikirləşdim, nəsə başqa tədbir tökmək lazımdır. Olsun ki, hansısa bir ana siçovul mənzilimə yol tapıb və elə buradaca balalayıb.

Tələni ayağımın ucuyla itələyə-itələyə eyvana çıxar­dım, məhəcərdən sallanıb alt qatda yaşayan Vasya adlı iş­siz-gücsüs birisi vardı, onu səslədim: 

Vasya handan-hana, tuman-köynəkdə, donquldana-don­quldana eyvana çıxdı. Sir-sifətindən aşkar sezilirdi ki, bu saat o dərin “poxmel” dədir. Üzündən zəhər yağırdı. 

– Vasya! Vasya! Vasilii…

– Nədir, nolub yenə səhər-səhər? – Vasya zarıya-zarıya souşdu.

– Vasya, sənin pişiyin üçün əla nahar var, gəl apar.

O, daha ucadan donquldanmağa başladı:

– Mən də deyirəm görəsən nolub? Bu dəqiqə mənim pişiyimə antrekot da versən yeməz…

– Niyə? Olmaya xəstələnib?

Vasya cavab əvəzinə əlini yelləyib içəri keçdi.

Bu məsələdə ondan bu cür vecsizlik gözləmirdim. Vasya ola, canından əziz tutduğu pişiyinin yeməyindən im­tina eləyə!

– Vasya! Vasilii…

– Hə, nədir? – Vasya içəridən səsləndi.

– Bir dəqiqəliyə eşiyə çıx.!

– Hə, çıxdım, nədir? – Vasya başını qapıdan eşiyə çıxar­dı.

– Deyəsən başa düşmədin, mən sənə siçovul təklif edi­rəm, bax bu yekəlikdə, – qollarımı açıb onun pişiyindən də yekə bir siçovul təsvir elədim.

– Elə siçovullardan mənim mənzilimdə nə qədər desən var.

– Belə de! – Durduğum yerdə hirslənməyə başladım. Sanki, siçovulu gəlib aparmadığına görə Vasyanı mütləq borclu çıxarmalıydım,- bəs mənə niyə deməmisən?

O, təəccüblə üzümə baxdı:

– Necə bəyəm, sən sanitar həkimi-zadsan?

Haqlı sözə nə deyəsən? Amma, Vasya kimi birisinin sözdə məni bağlamasına da yol verə bilməzdim. Di gəl, mən tutarlı bir cavab üzərində fikirləşənə kimi o:

– Nəsə gözümə yaxşı dəymirsən, dostum, get tem­pe­ra­­turunu ölç, – deyə əlavə elədi və başını bulayaraq içəri çə­kildi.

Ürəyimdən keçdi ki, Vasyanı çağırıb əməlli-başlı acı­la­­yım, ancaq o biri qonşulardan ar elədim.

Siçovilun ölüsünü eyvanda qoyub mətbəxə qayıtdım. İştahım tamam küsmüşdü. Bir stəkan çay içib siqaret yan­dır­­dım. Deməli belə! Bircə siçovulumuz çatışmırdı. De­mək Vas­­ya­nın mənzilində də siçovul əmələ gəlib. Elə isə başqa mənzillərdə də siçovul olmamış deyil, daha bunun ora-bu­rası yoxdu. Olsun ki, siçovulların yuvasını su basıb, onlar da üzüyuxarı dırmaşıb mənzillərə soxulmalı olublar. Pən­cə­rədən eşiyə baxdım. Aramsız yağan yağışın şırıltısı sanki mə­nim fikrimi təsdiqləməkdəydi. Pəncərədən baxa-baxa fikirləşdim ki,işdən qalmağın da bax bu cür fəsadları var. Guya dincələcəkdim, ancaq gör səhərdən nəylə məş­ğu­­lam. Qamışdan düzəldilmiş kresloma yayxanıb başqa şey­lər barədə fikirləşməyə çalışdım.

 

* * *

 

Günorta saatları idi. Qapının zənginə ayılıb gördüm ki, elə kreslodaca yuxuya getmişəm. Qapını əllə də döy­mə­yə başladılar.

– Kimdir? – Oturduğum yerdən səsləndim.

– Açın, biz sanitar xidmətindənik,- qapının ardından əsə­biliklə cavab verdilər. Görünür nə vaxtdır ki, qapını dö­yürlər.

Deyəsən bu siçovul məsələsi get-gedə böyüyür. Bun­lar, lap yəqin, gəmiricilərlə mübarizə idarəsindəndirlər. An­­caq, mən axı onları çağırmamışdım. Adətən yeri-yurdu bilin­­məyən sanitar xidmətinin bu təşəbbüskarlığı bir az qə­ribə görünürdü.

Qapını açdım. Əllərində kağız-qələm, üstündə qır­mı­zı xaç işarəsi olan dava-dərman çamadanı və bu kimi şeylər tutmuş biri kişi, ikisi qadın, bir heyət dəhlizdə dayanıb göz­ləyirdi. Qapı açılar-açılmaz heyət komanda verilmiş ki­mi yerindən qopub içəri təpildi. Qadınlar dinməz-söy­lə­məz mənzilə işgüzar baxış keçirərkən, kişi yazı masamın ar­xasına oturdu və qələm-dəftərini qarşısına qoyub məni sor­ğu-suala tutmağa başladı.

– Mənzil sizindir?

– Yox, kirayənişinəm.

– Aydındır, – o dəftərinə nəsə qeyd elədi, – mənzildə neçə adam qalır?

– Tək özüm.

– Aydındır. Bəs harda işləyirsiniz? – O, sualları ve­rər­kən gözünü qələminin ucundan çəkmirdi.

– “İskra” qəzetinin muxbiriyəm,xaricdə qohumlarım yoxdur, ziyalı ailəsindənəm, heç bir partiyanın üzvü deyi­ləm, cinayət məsuliyyətinə cəlb olunmamışam, azərbay­can­lıyam, əslən Gürcüstanlıyam, sizi daha hansı məlumatlar maraqlandırır? – Get-gedə özümdən çıxmağa başlayırdım, – və bütün bunların siçovullara nə aidiyyəti var?

Kişi başını qaldırıb təəccüblə və bir qədər məyusluqla üzümə baxdı. Sonra qarşısındakı kağız parçasını götürüb havada silkələdi:

– Sən bu sualı bax, bu anketi tərtib eləyənə ver, mənə yox, – o, artıq mənə “sən” deyə müraciət eləyirdi, – buyur, buraya qol çək.

– Bu nə üçündür?

– Sənin kirayənişin qaldığın mənzildə siçovullara qarşı sanitar tədbirlərinin görüldüyü barədə aktdır, buyur qol çək.

Kağızı imzaladım. Kişi kağızı götürüb dəftərinin ara­sı­na qoydu və qadınlara doğru səsləndi:

– Qızlar, tələsin, görün hələ neçə mənzil dolaşmalıyıq.

Beləliklə mənzilimdə siçovullara qarşı «sanitar təd­biri görülmuş» oldu. “Qızlar” dan biri, ənliyi-kirşanı üzün­də qat kəsmiş yekəpər qadın mənə bərk-bərk tapşırdı ki, nə­badə onların künc-bucağa qoyduğu zəhərli preparatlara əlim­lə toxunum. Bundan başqa, mümkünsə evdə ərzaq sax­la­mamaq və daha yaxşısı, bir neçə günlüyə mənzili tərk etmək tövsiyə olunurdu. Mən onların bütün məsləhətlərinə can-başla əməl edəcəyimi bildirdim, təki məni rahat burax­sınlar deyə.

Qayıdıb qamış kresloma əyləşdim. Başımın içində bir uğultu, bədənimdə bir süstlük əmələ gəlmişdi. Özümü xəstəhal hiss edirdim. Birdən - birə hiss etdim ki, bu şəhərə də, içi də özüm qarışıq bu şəhərin bütün insanlarına da- ha­mıya və hər şeyə nifrət edirəm. Mən ağır, hətta bir qədər ləng təbiətli adamam. Daha doğrusu vaxtilə belə bir adam­dım. Bu lənətə gəlmiş şəhər məni hövsələsiz, özündən tez çıxan, cırtıqoz birisinə çevirmişdi. Ətrafdakılar bunu özləri üçün Qafqaz temperamenti kimi yozurdular, ancaq bunun belə olmadığı mənim özümə gün kimi aydın idi. Aydın idi ki, mən fələyin xərcinə verdiyim bu üç il müddətində han­sısa işıqlı perspektivlər uğrunda deyil, yalnız həbsxanaya, dəlixanaya düşməmək və günlərin bir günündə intihar eləməmək uğrunda mübarizə aparmaqla məşğul olmuşam. Mən artıq bütün intalılar kimi burdan çıxıb getmək, ilim-ilim itmək arzusuyla yaşayırdım. Bəlkə məni ayaqda sax­la­yan da məhz bu istək idi, başqa heç şey. Düşünə bilərsiniz ki, nə böyük arzuymuş – çıxıb getmək istəyirdin, gedəydin. Amma, axı hara gedəydim? Kəndə dönməyi heç ağlıma belə gətirmirdim. Mən kənddən dünyanı fəth etmək üçün çıxmışdım, daha əli ətəyindən uzun qayıtmaq üçün yox. Bakıda isə nə qalmağa yerim vardı, nə də heç olmasa ilk vaxt­larda mənə arxa-dayaq olacaq birisi. Qohum-qardaş hamısı it unu kimi Rusiyanın çöllərinə səpələnmişdilər…

Bir xeyli beləcə heysiz oturduqdan sonra durub tele­vi­zoru yandırdım və yatağıma uzanıb verilişləri seyr et­mə­yə başladım. Yerli kanalda şəhərin baş sanitar həkimi çıxış edirdi: “…əziz sakinlər, yuxarıda dediklərimizi nəzərə ala­raq sizin hər birinizi məsuliyyətli olmağa, əlaqədar təş­kilatların tövsiyyələrinə ciddi əməl etməyə çağırıram. Siço­vul­lar hansısa yoluxucu xəstəliyin daşıyıcısı ola bilərlər. Ona görə də onlarla bilavasitə kontaktda olmanız məsləhət de­yil. Xüsusən də uşaqlara nəzarəti gücləndirmək lazım­dır. Tələ qurmaqla və digər üsullarla siçovulları məhv et­mək qadağan olunur”. Sonra başqaları danışdılar. Siço­vul­lar günün mövzusuna çevrilmişdilər.

 

* * *

Axşam tərəfi telefonun şnurunu şəbəkəyə birləşdirib Pavelə zəng elədim.

– Paşa, işlər necədir?

– Necə olacaq bilət, şəhərdə nax siçovulların əlindən tərpənmək olmur. Sən sabah işə çıxacaqsanmı bilət?

– Sizin evdə də siçovul var?

– Əlbəttə var, nax. Sabah işə çıxacaqsan, ya yox?

– Bilmirəm, Paşa, mən hazırda bu şəhərdən çıxıb get­mək barədə düşünürəm.

– Bu barədə kim düşünmür ki? Mən, məsələn, altmış ildir bu barədə duşunurəm, bilət, – Pavel bir qədər susduq­dan sonra ərkyana əlavə etdi, – Edik, dur gəl bizə, yaxşı ya­nacağım var, Moskvadan gətiriblər.

Pavel adamın könlünü almaq istəyəndə də səsinin to­nu­nu aşağı salmırdı. Yalnız söyüşlərinə ara verirdi.

– Meylim çəkmir, Paşa, – onun bu xidmətindən imtina etdim.

– Necə yəni meylim çəkmir, sən gerçəkdən xəstə­lən­mi­sən nədi? – Onun aləmində yalnız xəstələr “yanacaq” dan imtina edə bilərdilər.

– Hə, xəstələnmişəm, – dedim.

– Neynək, dağ Məhəmmədin yanına gəlmirsə, onda Mə­­­həmməd dağın yanına getməlidir. Otur evdə, indi gə­li­rəm.

Üstündən on-beş, iyirmi dəqiqə keçməmiş Pavel artıq mənim yanımdaydı. Moskva arağından içə-içə söhbətləşib-dərdləşdik. Söhbət hərlənib-fırlanıb yenə də siçovulların üstünə gəldi. Bir ara mənim kitab rəfimi diqqətlə nəzərdən keçirdikdən sonra Pavel arağın təsirindən pörtmüş üzünü mə­nə tutdu:

– Sən Kamyunun «Taun» romanını oxumusan? – O, bu sualı elə-belə vermirdi. Kamyu bu romanda sanki bizim indiki İntanı təsvir eləyib. Xəstə siçovullar üzə çıxıb şəhər əhlini tauna yoluxdururlar, qırılan qırılır…

– Hə, – dedim, – orda təsvir olunan şəhər elə bil bi­zim şəhərdir.

– Hə! Amma, şükür Allaha, hələ ki şəhərdə ölüb-itən yoxdur.

– Hələlik yoxdur.

– Heç olmayacaq da! – Pavel növbəti araq stəkanını gil­­lədib marça-marçla xiyar turşusundan çeynəyə-çeynəyə dedi.

– Hardan bilirsən, falçısan?

O, məzəmmətedici baxışlarla məni süzdü:

– Ay, yay! Sən məni nə bilirsən, dostum? Bayaq sane­pi­demstansiyaya getmişdim, dedilər ki, siçovullarda heç bir xəstəlik aşkarlanmayıb.

– Bəs, onda bunlar niyə yuvalarından perik düşüblər?

Mən soruşduqca Pavel daha da vacib görkəm alırdı:

– Orasını heç kəs bilmir, – guya bu bilinən məsələ olsaydı Pavelin bundan mütləq xəbəri olmalıydı,- delfinlər niyə özlərini sürüylə sahilə atırlar?

Əllərimi qaldırdım. Bu o deməkdi ki, onun verdiyi cavab məni tam qane edir.

Az qala sevincək bir stəkan araq da mən aşırdım. Biz­də qayda beləydi – kimin könlü nə qədər istəyir o qədəq içir. Sağlıq-filan demək yoxdu, eləcə «bud zdorov», vəs­sa­lam.

– Bu gün gəlib mənim mənzilimi dərmanladılar, – Pavelə daha bir yönləndirici məlumat verdim.

– Mənim mənzilimi də dərmanlayıblar, boş şeydir!

– Niyə boş şey olur?

Pavel məyusluqla köksünü ötürdü:

– Mən belə görürəm, sənin hələ çox şeylərdən xəbərin yoxdu. Ağzında siçovul deyirsən, onlar zəhərli şeyləri sən­dən də, məndən də yaxşı tanıyırlar.

Yeddiyüz qramlıq araq şüşəsi boşalmışdı. Stolun üs­tün­dəki külqabı aşıb-daşdığından biz siqaret kötük­lərini indi bu şüşəyə atırdıq.

– Bəlkə bir şüşə də götürək, – Pavel belə hallar üçün çox adi təklif səsləndirdi.

– Üz vurma, Paşa, mən daha içməyəcəyəm, – dedim, – yax­şısı budur de görüm, əgər siçovulları zəhərləmək müm­­kün deyilsə bu vur-çatdasın nə üçündür, ev-ev gəzib camaatın başını niyə xarab eləyirlər?

Paveli gic bir gulmək tutdu. O, yoğun səsilə bir xeyli hırıldadıqdan sonra sakitləşdi.

– Onlar da bir şey eləməlidirlər, ya yox?

Onun bu sözləri yadıma bir əhvalatı saldı. Birisi İrana gedibmiş. Orada ayaqyoluna dəyməli olur. İçəri girib görür ki, qapının ardında bir kişi oturub, yanında da iki aftafa var, biri ağ, digəri qırmızı. O, ağ aftafanı götürmək istə­yən­də kişi qayıdır ki, bu aftafanı götürmə, qırmızını götür. Qə­rəz, o öz işini tamamlayır, aftafanı qaytarıb yerinə qo­yar­kən fikirləşir ki, görəsən kişi niyə qoymadı ağ aftafanı gö­tür­müyə? Soruşur: «Dayı, ağ aftafanı götürməyə nədən izin vermədin?» Kişi cavab verir: «Oğul, burda oturmuşam, Mən də bir söz deyəsiyəm, ya yox?»

Bu dəfə məni gülmək tutdu. Yadıma düşdü ki, bu əhvalatı lap çoxdan Pavelə də danışmışam.

Məclisimiz sona çatdı. Pavel durub çıxmaq istəyərkən ondan acizanə bir xahişdə bulundum.

– Paşa, inciməyəsən ha, eyvanımda bir siçovul ölüsü var, xahiş edirəm onu götürüb küçədə zibil qutusuna ata­san. İnan ki, ona əlimi vurammıram, yoxsa götürüb özüm atar­dım, sənə də zəhmət olmazdı…

– Nə zəhmət, canım, – Pavel eyvana doğru yönəldi, tə­ləyə çatar – çatmaz ona sanballı bir təpik ilişdirib bayıra fır­latdı, – sən hər şeyi problemə çevirirsən, belə yaşamaq ol­maz, dostum.

Doğrudan da, siçovul ölüsündən xilas olmağın bunca sadə üsulu heç ağlıma gəlməmişdi. Paveli küçə qapısınacan ötürdüm. Burada o, yağışa çıxmağa tərəddüd eləyirmiş ki­mi bir az dayanıb-durdu, sonra səsinin gür yerinə salıb:

– Başını dimdik tut, dostum, evdə oturmaqdan bir şey çıxmaz, – dedi, – sabah saat on sıfır-sıfırda süngü kimi işdə hazır olursan, oldu?

– Oldu, Paşa, – dedim

– Danışdıq! Sabah səni siçovulları məhv etməyin ye­ganə və əvəzsiz üsuluyla tanış edəcəyəm. Gecikmə!…

Bir müddət Pavelin arxasınca baxdım. Redaksiyada onu adamayovuşmaz hesab edirdilər. Bu bəlkə də beləydi, am­ma, nədənsə mehrini mənə salmışdı və bunun nədənini heç cür kəsdirə bilmirdim. Sözün düzü, mən ruslardan o qədər də xoşlanan adam deyiləm, ancaq Pavelə məxsusi bir rəğbətim vardı. Bəlkə də elə adamayovuşmaz olduğuna görə, ya başqa səbəbə, bilmirəm.

* * *

Səhərisi gün işdə böyük bir canlanma olduğunu gör­düm. Hamı siçovulların evlərə daraşmasından danışırdı. Hət­ta, həmişə təmkinli görünən redaktorumuz da « o… bu dəhşətdir, dəhşət, görünməmiş işdir» – deyə bu otaqdan vu­rub o biri­sindən çıxır, hər kəsi siçovullar barədə söhbətə çəkməyə çalı­şır­dı. Onun sifətində qayğıdan və özünün de­diyi kimi, dəhşət­dən daha çox təntənəli bir ifadə həkk olun­muşdu. Elə bil şə­hə­rə naməlum uçan obyekt qonub. Özü də bir yox, bir neçə NUO. O, belə bir tarixi məqamı ya­xa­ladığı üçün özünü göyün yeddinci qatında hiss edirdi. Onu başa düşmək çətin deyildi. İllər uzunu heç nə baş ver­məyən şəhərdə siçovulların nizamlı yürüşünə şahid olmaq elə NUO - nu görməyə bərabər bir işdi. Məni görcək o, az qa­la pişvaz eləyirmiş kimi qabağıma yüyürdü:

– Ooo, Edik! Görürsən də nələr baş verir! Gəl görüm, gəl, – əlilə çiynimi qucaqlayaraq öz kabinetinə doğru yö­nəltdi, – heç ömründə bu qədər siçovul görmüşdün?

Mənim onun tiradasını dinləmək halım yox idi, odur ki:

– Niyə görməmişdim, görmüşdüm, – dedim.

– Doğrudan? Harda? – o, təəccüblə üzümə dikildi.

– Məgər biz siçovullar şəhərində yaşamırıq?

O, içini çəkə-çəkə güldü:

– Düzdür, yaşayırıq, amma söhbət əsl siçovullardan gedir.

– Hələ bilmək olmaz, əsl siçovul hansıdır, yalançı si­ço­vul hansı.

Redaktor ayağını saxlayıb çiynimi buraxdı. Deyəsən qırımımı görüb məni öz kabinetinə aparmaq fikrindən vaz keçmişdi. Əvəzində o:

– Sabahkı nömrə uçun son hadisələr barədə səndən material gözləyirəm – deyə tələbkaranə bir tərzdə elan etdi və öz yoluna təklikdə davam etdi.

Yenicə öz otağıma keçib plaşımı soyunmaq istəyir­dim ki, Pavel özünü yetirdi – Çıxarma plaşını, çıxarma, in­di gedirik!

– Nolub, hara gedirik?

– Sən siçovulları məhv etməyin yeganə və əvəzsiz üsuluyla tanış olmaq istəyirsən?

– Pis olmazdı,- deyə mızıldandım.

– Onda artıq sual vermə, get otur maşına, sovxoza gedə­cə­yik.

Gedib Pavelin özü kimi qocaman maşınına əyləşdim. Yağış ara vermədən yağmağındaydı, su maşının şüşəsin­dən sel kimi axıb yörəyə tökülürdü.

– Görüm səni filan-beşməkan olasan, müqəddəs Rusiya, – Pavel bir azdan dolayısıyla havanı yamanlaya-ya­manlaya maşına təpildi.

Maşın yavaş-yavaş yola düzəlib «sovxoz» deyilən mən­təqəyə doğru istiqamət götürdü. Sovxoz İntanın lap qurtaracağında yerləşirdi. Deyilənə görə vaxtilə burada sü­rü-sürü maral saxlayırmışlar. Amma «yeni» ruslar fürsət əldə elə­yən kimi hamısını satıb-sovublar. Heç damazlıq da saxla­ma­yıblar. İndi burada bütün işçilər adına tək bir gö­zətçi vardı, o da nəyə görə vardı, bunu heç kəs bilmirdi.

Pavel maşını sürüb uzun, enli talvarın düz qabağında saxladı. Maşından düşüb talvarın altına keçdik. Ətrafda ins-cins gözə dəymirdi. Talvarın arxa tərəfindəki divar uzunu arı yeşiklərinə bənzər, bir az ondan böyük qutular düzülmüşdü. Pavel ətrafa boylanıb bir-iki ağız:

– Qriqori, auu, Qriqori!- deyə gözətçini səslədi.

– Gəlirəm, gəlirəm,- divarın o üzündən gözətçinin bu yerlərin adamına xas olmayan nazik, civiltili səsi eşidildi.

Bir azdan onun özü də göründü. Onun əynində uzun, su keçirməyən başlıqlı plaş vardı, ayağına omba­sı­na­can rezin çəkmələr geymişdi. Qriqorinin sifəti klassik alkaş sifətiydi-çuxura düşmüş gözləri, sanki şırımlanmış alnı, batmış ovur­dları onu əzabkeş müqəddəslərə bən­zə­dirdi. O, özüylə kəsif araq, duzlanmış siyənək balığı və so­ğan iyi gətirirdi. Pavellə köhnə tanışlar kimi görüşdülər.

– Tanış ol,- Pavel əlilə məni göstərdi, Moskvadan gəlib, jurnalistdir. Yerli şəraitlə tanış olmaq istəyir.

Doğrusu, Pavelin bu gopu nə üçündü, anlamadım. Qri­qori məni başdan ayağa süzdü.

– Hörmətim var! Bəli, jurnalistlərə hörmət eləyirəm. Amma, axı, Pal Palıç, özün yaxşı bilirsən, mənə qadağan eləyiblər…

– Nolsun, məgər qadağa onu pozmaq üçün qoyul­mur? Eh, Qrişa, köpəyoğlu…

Qriqori köksünü ötürdü:

– Yox, Pal Palıç, olmaz! Rəhbərlik…Özün bilir­sən… Yoxsa burda adam əlindən tərpənmək olmaz…

– Yaxşı-yaxşı, qurtar görək, – «Pal Palıç» havada az qala gözlə görünən qoxunu dağıdırmış kimi əlini yellədi, – mən də fikirləşirdim ki, bir səninlə oturarıq, yüz-yüz içib dərdimizi dağıdarıq. Özümlə yarım litr «yanacaq» da götürmüşdüm…

Yavaş-yavaş Qriqorinin üzünün donu açıldı:

– Mən nə deyirəm ki… Amma Pal Palıç, – amanın günüdür, rəhbərlik bilməsin!

– Bilməz! Guya bilsə nə olacaqdı? Sən başla, qoy qo­na­ğımız da nəhayət bizim bu mütərəqqi texnolo­gi­yamızla tanış olsun.

Məlum oldu ki, rəhbərlik-filan boş şeymiş, Qriqori ba­­yaqdan yarım litrin davasını eləyirmiş. O, artıq söz söy­ləmə­dən qıvraq addımlarla bayaq gəldiyi yerə qayıtdı və az keç­miş geriyə döndü. Döndüyündə onun əlində uzun maşa, qol­tuğu­nda isə kustar üsulla düzəldilmiş uzunsov sandıqca vardı.

Qriqori yanımızdan ötüb divar dibindəki yeşiklərə doğru addımladı. Biz də onun arxasınca düşdük. Elə ye­şik­lərə yaxınlaşdığımızı gördük… Yeşiklərdən bir çivilti, bir səs-küy, bir həşir qopdu ki, bunu sözlə ifadə eləmək müm­kün­­süzdür. Bu, insanın beyninə, sümüyünə işləyən, tü­k­ür­pə­dici bir kokfoniyaydı – yeşiklərdəki siçovullar səs-səsə ve­­rib var güclərilə çığırışırdılar.

Pavel səsi eşidilsin deyə ağzını qulağıma yaxın­laş­dırıb bərkdən:

– Oh-ho-hoo… deyəsən siçovullar Qrişanın iyini al­dılar, – dedi, – sən hələ işin gerisini gör!..

Qriqori qoltuğundakı sandıqçanı yerə qoyub onun qapağını araladı. Sandıqcada bir-birinə qısılıb titrəşən on-on beş siçovul vardı. Bu siçovullar yeşikdəkilərdən fərqli olaraq kirimişdilər, hətta Qriqori onları bir-bir götürüb yeşiklərə atanda da heç bir səs çıxarmırdılar.

Pavel qolumdan tutub yeşiklərdən birinin başına gə­­tirdi. Burada gördüyüm mənzərə, əziz, oxucum, nə vaxt­sa ağır skleroz xəstəliyinə tutulmuş olsam, yaxud reinkar­na­siyayla yenidən dünyaya doğmuş olsam belə heç zaman ya­dımdan çıxmaz… Yeşikdə, yalan olmasın, pişik boyda bir siçovul vardı. Dəf kimi tarıma çəkilmiş dərisinin tükləri tutqun havada belə bərq vururdu. O, dal ayaqlarının üs­tünə qalxıb iri bığlarını tərpədərək sanki havanı qox­la­yırdı. Əslində isə siçovul ətli boynunu əfilər kimi oynada-oy­nada yenicə yanına atılmış, ondan qat-qat balaca həm­çi­sini ən müxtəlif rakurslardan gözdən keçirməkdəydi. Qri­qo­rinin yenicə buraya atdığı siçovul isə yeşiyin bir kün­cünə qısılmışdı və astadan civildəyərək qabaq ayaqla­rıyla yeşi­yin divarlarını cırmaqlayırdı.

Bu hal uzun sürmədi. İri siçovul bir azdan ahəstəcə qabaq ayaqlarını yerə qoydu və yavaş-yavaş balacaya ya­xın­laşmağa başladı. İndi onların cəmisi bir qarış məsafə ayırırdı. Balaca siçovul artıq hərəkətdən qalmışdı, hipnoz olunmuş kimi matdım-matdım üstünə yeriyən bu nəhəngə ba­xırdı. Onun böyürləri körük kimi qalxıb-enirdi, gözləri isə az qala hədəqəsindən çıxmışdı. Bir an sonra iri siçovul qəfildən sıçrayıb onu dişlərinə götürdü, o heç süpürləş­mə­yə belə macal tapmadı. İndi iri siçovul başının qıvraq hərə­kətilə onu yerdən-yerə vurur, hərdən ağzından bura­xıb ye­nidən dişlərinə keçirdirdi. Bir azdan balaca siçovul tamam halsız­laşdı, artıq onun gücü yalnız lap astadan civildəməyə çatırdı… İri siçovul onun ölüb qurtarmasını gözləmədi, qabaq ayaqla­rıyla üstündən basıb onu yavaş-yavaş didiş­dir­məyə və… ye­mə­yə başladı.

Əziz oxucum, sənə elə gələ bilər ki mən bütün bun­ları özümdən quraşdırıram, həyatda belə şeylər olmur. An­caq məni tanıyanlar yaxşı bilir ki, mən heç də gopa basmaq həvəskarı deyiləm və bundan hansısa bir həzz anlamıram. Belə şeylər İntada olur, öz gözümlə görmüşəm.

Burda nə baş verdiyini görüncə halım pisləşdi. Mənə elə gəlirdi ki, siçovulların ağzının marçıltısını repro­duk­tor­la gücləndirib ətrafa yayırlar. Bu səsləri eşidib-duymamaq üçün qulaqlarımı tutdumsa da xeyri olmadı. Səs beynimə düşmüşdü. Daha bir söz demədən qayıdıb maşına otur­dum. Gördüklərim gözümün önündə təkrar-təkrar can­la­nın­ca, üzr istəyirəm, ürəyim bulandı və qusmağa başladım. Fikirləşdim ki, innən belə bu şəhərdə qalmaq itin öz qusdu­ğunu yeməsi kimi bir şey olacaq…

Geriyə dönərkən Pavel gördüklərimizi şövqlə şərh eləməyə başladı. Sən demə, bu rus mujikinin siçovullarla mü­barizə aparmaq üçün dəfələrlə sınaqdaq keçirtdiyi bir üsul­muş. Bu da ibarət olsun ondan ki, bir neçə siçovul tu­tub onları bir yeşiyə salırlar və uzun müddət onlara yem vermirlər. Acından bir təhər olmuş siçovullar, nəhayətdə, öz aralarından birisini seçib, didib yeyirlər. Sonra sıra ba­şqasına gəlir və beləcə sonda yalnız bir siçovul qalır. (Ba­yaq gördü­yüm yekəpər siçovul sadəcə onlardan biriymiş). Bu siçovul artıq hazır bioloji silahdır. Onun üçün siçovul ətin­dən ləziz heç nə yoxdur. Onu siçovulların çox olduğu yerə buraxırlar və o da tutub yediyini yeyir, yemədikləri isə öz canlarını götürüb aradan çıxırlar. Beləcə, zəhər­lə­mə­yə, dərmanlamaya, nə bilim, mənim kimi tələ qurmağa da heç bir ehtiyac qalmır.

…Biz şəhərə yetişəndə artıq şər qarışmışdı. Pavel danışıb yorulmuşdu, kirimişcə maşının sükanını fırladırdı. Yağışdan və qaranlıqdan oluşan həlməşik havada maşın sanki sürüşə-sürüşə gedirdi: elə bil hansısa çox sürüşkən bir müstəvinin üstündəsən, hara və nəyə getdiyini bil­mir­sən, əslində heç getmirsən də, addımların elə hey sürüşür.

– Hara gedirik? – Pavel gözünü yoldan ayırmadan soruşdu.

– Cəhənnəmə, – dedim

– Biz artıq ordayıq, dostum, dəqiqləşdir, konkret ola­raq cəhənnəmin hansı güşəsinə gedək?

Artıq dəqiqləşdirmişdim. Qətiyyətli səslə dedim:

– Vağzala sür! Burdan ən tez gedən qatara bilet al­maq istəyirəm.

Pavel heç tövrünü pozmadı. Sanki bu sözləri eşidə­cə­yini çoxdan bilirmiş. O, heç şey olmamış kimi zarafatla:

– Bir-iki xırda-para işlərim olmasaydı mən də səninlə ge­dərdim, – dedi və dərindən köksünü ötürərək maşını vağ­zala doğru yönəltdi.

 

 

 

https://sunround.com/article/?page_id=4902&fbclid

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.