Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nəşr olundu

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nəşr olundu

Dövlət Tərcümə Mərkəzi Azərbaycan dilinin və ədəbiyyatının böyük hamisi, əbədiyaşar milli lider Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Ana dilimizin yeni və daha təkmil orfoqrafiya lüğətini ərsəyə gətirib. Söz ehtiyatımızı milli orfoqrafiya lüğəti tarixində (1929–2021) mənbə nəşrlərdə yer almamış aydın, banbal, batağan, bişməcə, boyaçı, böv, buzxana, bükməçi, bürümə, ceviz, çaba, çağrı, çaxçur, çaxıntı, çalkeçir, çətələ, çinə, çivzə, çodar, dağçı, deşdək, dərnə, diləkçə, diriliş, dolğu, əkinti, əntiqçi, əsim, gödəkçə, görəlgə, görüntü, gözləm, guppun, gülməcə, günəşum, güvən, köçkün, kürəyəc, qamçı, qayım, qomarğa, qorqud, qovana, qurğan, qural, quralma, qurmaca, quytun, quzaq, lumu, maya, milçə, odər, olum, ora, ova, ovxam, önəm, özüm, paravan, sadaq, sağın, sarğac, silgəc, suvama, suyum, südçörəyi, sürəc, taxım, tanıtım, torumca, turan, tutağac, tutama, yadırğa, yayaq, yetənək, yorğu, uca və s. kimi minlərlə (ümumi sayı 30 000-dən çox) saf Azərbaycan sözləri, bitki, heyvan, silah, minik, alət, qurğu adları, eləcə də müasir həyatımızda geniş işləklik qazanmış anneksiya, antiterror, bioenerji, biosistem, bloger, bloq, boulinq, datakart, daycest, demarkasiya, deşifrə, destabil, detoks, dominat, dopler, eksport, ekzitpol, eleqant, elitar, emiqrant, emiqrasiya, entuziazm, erudit, eyforiya, feysbuk, flot, gid, inisial, instaqram, kardiocərrah, kseroks, login, logistika, loqo, mesencer, parfüm, ratsiyaçı, reformçu, reket, rezus, rezüme, rul, satiraçı, skalpel, skrinşot, sloqan, sosium, spot, ştrixkod, tester, tvitter, yutub, vayber, vitraj, vizaj və s. kimi terminlərlə zənginləşdirən lüğətin daha  bir əlamətdar uğuru – nəşrin Ulu Öndərin türk dünyasında zərb-məsələ çevrilmiş “Bir millət, iki dövlət” kəlamının davamı olaraq son illər ölkədə geniş işləklik qazanmış yüzlərlə türkkökənli sözlərlə dolğunlaşdırılması və nəticə etibarilə dilimizin Ana kitabının mənzərəsinin dəyişilərək ona türk dilləri qrupunun aparıcı və ümumişlək dil vəsaiti statusu qazandırmasıdır.

Lüğətin tərtib müəllifi – Xalq yazıçısı Afaq Məsud, Ön sözünün müəllifi redaksiya heyətinin üzvü – akademik Nizami Cəfərov, redaksiya heyətinin digər  üzvləri – filologiya elmləri doktoru, professor Vilayət Quliyev, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri doktoru, professor Cəlil Nağıyev, filologiya  elmləri doktoru, professor Cahangir Məmmədli, filologiya  elmləri doktoru, professor Rüstəm Kamal və filologiya üzrə fəlsəfə doktoru, dilçi-alim İsmayıl Məmmədovdur.

 

 



ÖN SÖZ

(ixtisarla)

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsudun müəllifi olduğu “Azərbaycan dilinin orfoqrafiya lüğəti” A­zər­­­­­­bay­­can lüğətçiliyi tarixində keyfiyyətcə yeni hadisədir. Və həmin yeniliyin elmi-metodoloji əsasları barədə bəhs etməzdən əvvəl Lüğətin yaranma ta­rix­çə­sini nəzərdən keçirək.

Dövlət Tərcümə Mərkəzi 2017-ci ildə uzun illərin iş təcrübəsindən, linqvistik-üslubi müşahidə və araşdırmalardan irəli gələrək ilk orfoqrafiya vəsaitini – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nü ərsəyə gətirdi. Sözlük son illərin (2004, 2013-cü illərin) orfo­qra­fiya lüğətlərinə alternativ olaraq hazırlanmış, kitabın ön sözündə bu barədə yığcam məlumat verilmişdi. Afaq Məsudun rəhbərliyi ilə lüğət yaradıcılığı işini getdikcə daha da genişləndirən Tərcümə Mərkəzi 2020-ci ildə həmin Sözlük əsasında təkmil­ləşdirilmiş növbəti nəşrini – “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni ger­çək­ləşdirdi.

Lüğət ön sözdə öz missiyasını aşağıdakı şəkildə bəyan edir:

“Azərbaycan dili dünyanın ən inkişaf etmiş, zəngin dillərindən biri, eyni zamanda müstəqil Azərbaycan Respublikasının dövlət dilidir. Dilimzin saflığının qorunması və inkişafına hər zaman xüsusi önəm vermiş böyük Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

...Hər bir dilin inkişafını, düzgün istifadəsini şərtləndirən başlıca meyarlar sırasında onun söz ehtiyatının lüğət tərkibinin zənginliyi və saflığı ilə yanaşı, təsbit edilmiş orfoqrafiya qaydalarının səlisliyi, bu qaydalara əməl olunmasını özündə ehtiva edən müvafiq vasitələrin, başlıca olaraq mükəmməl orfoqrafiya lüğətinin mövcudluğu dayanır”.

Mərkəz bu nəşrdən sonra da orfoqrafiya lüğəti üzərində aparılan təkmilləşdirilmə işini davam etdirməklə kifayətlənmədi, əvvəlki lüğətlərdə buraxılmış çoxsaylı qü­­sur­­ və xətaların müəyyən edilməsi niyyəti ilə ciddi metodiki prinsiplər əsasında ayarlama işi apardı ki, bu da öz əksini 2022-ci ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxa­­rılan sözlərin təsnifatı” adlı kitabda tapdı. Daxili istifadə üçün nəzərdə tutul­­­muş kitab Nəsimi adına Dilçilik İnstitutunun 2004, 2013 və 2021-ci illərdə hazır­ladığı orfoqrafiya lüğətlərində aşkar edilmiş qüsurların müfəssəl təsnifini əks etdirir.

Təəssüf doğuran hal Dilçilik İnstitutuna məxsus orfoqrafiya lüğətlərinin nəinki 5-ci (2004), 6-cı (2013), hətta Tərcümə Mərkəzinin kəskin tənqidi iradlarından sonra işıq üzü görmüş 7-ci (2021) nəşrində aşkarlanmış eyni qüsurların aydın şəkildə müşa­hidə olunan inersiyasında qalmasıdır. Bu isə onu göstərir ki, həmin nəşrlərin müəllif kollektivi artıq adət halını almış tərtib texnikasından kənara çıxmaq, müasir tələblərə cavab verəcək mükəmməl lüğət modeli yaratmaq iqtidarında deyil.

Mərkəzin 2023-cü ildə ərsəyə gətirdiyi orfoqrafiya lüğətinin geniş ictimaiyyətə təqdim olunan yeni və daha mükəmməl nəşri üç nəzəri-metodoloji fundamentə əsaslanır ki, onlardan birincisi – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin (və Onun qurub-yaratdığı müstəqil Azərbaycan dövlətinin) həyata keçirdiyi dil siyasətidir. Həmin siyasət zəngin tarixi ənənələri olan Azərbaycan dilini həm qorumağın, həm də böyük bir xalqın mənəvi sərvəti olaraq inkişaf etdirməyin ideoloji prinsiplərini müəyyənləşdirmişdir. Əgər sözügedən dil siyasəti istər ölkədə, istərsə də onun hüdudlarından kənarda (xüsusilə dünya azərbaycanlıları arasında) böyük uğurlar qazanmasaydı, belə bir təkmil lüğət yaratmaq barədə ideya da, yəqin ki, meydana çıxmazdı.

İkinci fundament – dil haqqında elmin ümumən söz nəzəriyyəsi, eləcə də sözlük (lüğət) tərtib etmək metodları, üsulları barədə kifayət qədər mükəmməl qənaətlərdir ki, hazırkı nəşrdə həmin qənaətlər analitik təhlildən keçirilərək rəhbər tutulmuşdur.

Nəhayət, üçüncü fundament – Azərbaycanda orfoqrafiya lüğətçiliyinin heç də az zəngin olmayan ənənəsidir. Lakin 1920-ci illərin ciddi elmi-dilçilik müzakirələri əsasında tərtib olunmuş ilk orfoqrafiya lüğəti olan “İmla lüğəti”nin (1929) xeyli dərəcədə mükəmməl təcrübəsi sonrakı dövrlərdə həm siyasi rejimin təsirindən irəli gələn obyektiv, həm də peşəkarlıq səviyyəsinin aşağı düşməsinin, yaxud laqeyd­liyin nəticəsi olan subyektiv səbəblərdən, çox təəssüf ki, inkişafdan qalmışdır.

Görkəmli söz ustası Afaq Məsudun müəllifi olduğu yeni orfoqrafiya lüğəti­nin əsaslandığı nəzəri-metodoloji fundamentlər görülən dil yaradıcılığı işinin həm miqyasını, həm də keyfiyyətini parlaq şəkildə əks etdirir.

 

 

 

Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:

 
“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Baku Book Centre”

“Çıraq” kitab evi

Prezident Kitabxanası

Azərbaycan Dillər Universitetinin satış köşkü

 

 

 

 

 

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...