“Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr olundu

Dövlət Tərcümə Mərkəzi dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr edib.
Kitabçada toplanan söz və ifadələr “Yolda”, “Sərhəddə”, “Hoteldə”, “Şəhərdə”, “Yeməklər və içkilər”, “Rabitə vasitələri”, “Tibbi yardım”, “Alış-veriş və xidmətlər”, “Gündəlik istifadə olunan söz və ifadələr”, “Vaxt və tarix” kimi fəsillər üzrə təqdim edilib.
Sözlüyün tərtibçisi – Mərkəzin ərəb dili üzrə mütəxəssisi Fərid Camalov, redaktorları – Bәhlul Abbasov və Şəfiqə Şəfadır.
Qeyd edək ki, nəşr ərəb ölkələrinə işgüzar və turist səfərinə gedənlər, eləcə də ərəb dilinə şifahi ünsiyyət vasitəsi ilə yiyələnmək istəyənlər üçün nəzərdə tutulub.
Kitabçanı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Center”
“Çıraq” kitab evi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü.
500-ə yaxın söz və söz birləşməsinin toplandığı kitabçadan rahat istifadə olunması üçün tərcümə edilmiş söz və söz birləşmələri transkripsiyada, yəni ərəb dilində tələffüzü latın qrafikasında verilib. Azərbaycan dilində “ö”, “ü”, “ə”, “c” və s. bu kimi xüsusi hərf və səslər olduğu kimi, ərəb dilində də bəzi hərf və səslər var ki, dilimizdə onların ekvivalenti yoxdur. Misal olaraq “dad” (ض) hərfini, pəltək “sə” (ث) və zəl” (ذ) hərflərini, böğaz hərflərindən olan “hə” (ح) və “ayn” (ع) hərflərini göstərə bilərik. “Dad” hərfinə ərəb dilindən savayı, heç bir dildə rast gəlinmədiyi səbəbdən bəzi mənbələrdə ərəb dili “luğatud-dad”, yəni “dad dili”, ərəblər isə “əhlud-dad”, yəni “dad əhli”, yaxud “natiqunə bid-dad”, yəni “dad dilində danışanlar” da adlandırılır.
Azərbaycan dilində bu gün də çox sayda ərəb və fars mənşəli sözlər istifadə olunmaqdadır. Qeyd edək ki, uzun müddət həmin sözlərin düzgün tələffüzü və yazılışı apostrof (') işarəsi ilə bildirilirdisə, bu işarə Azərbaycan dilinin yeni əlifbasında yer almaması və “ayn” (ع) hərfinin qrafik göstəricisi olan apostrofun qeyri bir işarə ilə əvəzlənməsinin mümkün olmaması, bu işarənin müvafiq sözlərin transkripsiya versiyasında işlədilməsi zərurətini şərt olaraq meydana çıxarmışdır.
Məsələn, (’ə‘zəb – أَعْزَبُ), (fil-cə:mi‘a - فِي الجَامِعَةِ), (nə‘am - نَعَمْ), (tab‘an - طَبَعَا), (sə:‘idni - سَاعِدْنِي) və s.
VƏ DİGƏR...
-
Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir”
Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Viktoriya Romero sentyabrın 26-da Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub. Görüş zamanı Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması ilə bağlı Mərkəzin həyata keçirdiyi tərcümə və nəşr layihələri, ölkələrarası ədəbi əlaqə və mübadilələrin genişləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda Latın Amerikası ədəbiyyatına olan sevgi və marağın, Mərkəzin 90-cı illərdən başlayaraq bu istiqamətdə davamlı şəkildə həyata keçirdiyi tərcümə və nəşr layihələrinin, Qabriel Qarsia Markes, Xuan Rulfo, Karlos Fuentes, Pablo Neruda, Mario Varqas Lyosa kimi dünya çaplı şair və yazıçıların ədəbi irsinin Azərbaycan oxucusuna çatdırılmasının əhəmiyyəti vurğulanıb.
-
Sertifikatlar sahiblərinə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.
-
Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində
ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.