Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş “Mən tələsmirəm” və “Əyilmə!” şeirlərinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifi – Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədova, bədii redaktoru – Almaniyanın ədəbiyyatşünas alimi Kerstin Krapsdır.
Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Spruechetante” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Eduard Fridrix Mörike, Fridrix Şiller, Volfqanq Höte, Teodor Fönten, Çarlz Dikkens, Tomas Braun kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Səməd Vurğun
(1906–1956)
– Şair, dramaturq, tərcüməçi, ədəbiyyatşünas;
– Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin sədri, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifələrində çalışıb;
– “Azərbaycan”, “Ceyran”, “Komsomol”, “Aygün”, “Bulaq əfsanəsi”, “Qız qayası”, “Vaqif”, “Fərhad və Şirin”, “İnsan” kimi yüzlərlə şeir, poema və dram əsərlərinin müəllifidir;
– Azərbaycanın ilk “Xalq şairi” fəxri adına layiq görülüb.
Mən tələsmirəm
Dostlar, badələri qaldırın içək!
Gecə, ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək…
Deyirəm mehriban düşüncələrin
İsti qucağında qızınaq bir az…
Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər –
Mənim söhbətimdən yorulmaq olmaz.
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən…
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən…
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!
Sevgilim, qolunu boynuma dola!
Demə ki, yorğunam, ya qocalmışam.
Mən hələ dünyadan nə zövq almışam?
Dur, bütün aləmi gəzək qol-qola!
Yenə də fikrimin səyyar yelkəni
Dənizdən-dənizə atsa da məni,
Qorxma! Ürəkdə de: “Uğurlar ola!”
Dur, bütün aləmi gəzək qol-qola,
Sellərdən, sulardan yeyin axsamda,
Şimşəklə yanaşı göydə çaxsamda,
Nə şadlıq səyirtsin atını, nə qəm,
Heç yana, heç yerə mən tələsmirəm!
Sən də, ovçu dostum, tələsmə sən də,
Bu qəlbi dağları qoy asta aşaq.
O çay yanındakı yaşıl çəməndə
Asta addımlayıb ağır dolaşaq.
Hər gülə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm;
Nanələr, reyhanlar inciyər məndən.
Güllərin yarpağı tökülər dən-dən…
Odur ki yel olub çöldə əsmirəm,
Heç yana, heç yerə mən tələsmirəm!
Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsın… sular boyunca.
Baxım hər zərrəyə, baxım doyunca…
Ürək tərpənməyir ötərgi səsdən,
Nə çıxar bir anlıq yanan həvəsdən?
Elə zənn etmə ki, ağırlaşmışam,
Ayağı sarıqlı şikəst bir quşam…
Qoy dünya böyüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş üzündən nur yağa-yağa.
Ömrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm,
Mən tələsmirəm,
Mən tələsmirəm!
Əyilmə!
Həyat! O çox zaman görünür iyrənc,
Bu səhnədə min bir qanlı pərdə var,
Sən bu çətinliyə düşsən də, ey gənc,
İçində saxlanan qüdrətə yalvar!
Zaman! O amansız, qatil bir düşkün
Bəzən dünyaları döyər şiddətlə.
Səni də məhv etmək istərsə bir gün,
Hər şeyə qarşı çıx, həm də cürətlə.
Cürət! Odur bizi güldürən hər an,
Cürətsiz bir həyat məhv olur, inan.
İstə bu düsturu öyrənib də sən,
Ər oğlu ər kimi tab et bəlayə.
Mən bu sözlərimlə nə dedim bil sən,
Çırpın üfüqlərə, uç etilayə!
Ey gənc! Səadəti bir xəyal bilmə,
Nə olursa olsun, yalnız əyilmə!
https://www.spruechetante.de/ |
VƏ DİGƏR...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...
-
“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu – akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış...