Günel İmranın hekayəsi Qazaxıstan ədəbiyyat portalında
Qazaxıstanın populyar “adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində Günel İmranın rus dilinə tərcümə olunmuş “Bayquş” hekayəsinin yayınına başlayıb.
Hekayənin rus dilinə tərcümə müəllifi – Mərkəzin rus dili mütəxəssisi İlahə Feyziyeva, bədii redaktoru – Rusiya ədəbiyyatşünas-alimi Anjela Lebedevadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “adebiportal.kz” mütəmadi olaraq səhifələrində Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Günel İmran
– 1983-cü ildə Bakıda anadan olub;
– Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur;
– 2017-ci ildə Prezident təqaüdünə layiq görülüb;
– “Məni kim öldürdü?!” (2014), “Qapqara günəş” (2015), “Maya və ifritənin büllur ürəyi” (2016), “Ömər” (2018) kitablarının müəllifidir.
Bayquş
(hekayə)
Bu əhvalatdan əvvəl güclü yağış yağmışdı.Yağış bu yerlərdə əlamətdar hadisə idi. Ona görə yox ki, buralara yağış yağmırdı, sadəcə, yağışdan sonra səmada yaranan göy qurşağı uğur rəmzi hesab edilirdi. Anlamaq olmurdu ki, əmin-amanlığın, rahatlığın hökm sürdüyü bir yerin camaatı niyə bu qədər uğur axtarmağa meyillidir. Buraların göy qurşağı rənglərinə boyanmış evləri çox geniş idi. İnsanlar da bu rənglərə uyğun – qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi libaslar geyinərdi. Çəmənliklərdə bu rənglərdə çiçəklər açar, rəngbərəng quşlar ağaclarda yuva qurardılar. Quşların cəh-cəhi adamların gülüş səsinə qarışar, səma həmişə al-əlvan olardı. Adamlar sözün hər mənasında süd gölündə üzürdülər. Ölüm bu yerlərdən çox uzaq idi. Ahıllar yüzillikləri geridə qoyar, kədər, dərd, bədbəxtlik bu yerlərdən uzaq olardı.
Həmin səhər adamlar göy qurşağını seyr etdiyi zaman qocalardan biri həyətindəki yaşı bilinməyən tut ağacının üstündə naməlum bir quş görmüşdü. Bu quş onların tanıdığı quşlara bənzəmirdi. Çox böyük idi, iti caynaqları, qarmaq kimi əyri dimdiyi vardı. Bütün şəhər bu quşu seyr etmək üçün yığışmışdı. Onun gəlişini dünənki yağış, bugünkü göy qurşağı ilə əlaqələndirirdilər. Bəli, bu yerlərə təşrif buyuran həmin o qeyri-adi quş bayquş idi. Camaat ilk dəfə gördükləri bu canlı məxluqu möcüzə, göylərin mükafatı kimi qəbul edir, evlərinin ən yaxşı təamlarını gətirib bayquşun qarşısına düzürdülər. Bayquş isə bu təamlara gözünün qırağıyla da baxmır və insanlar bundan mütəəssir olurdular. Göylərdən onlara göndərilən bu möcüzəvi varlığın qayğısını çəkə bilməsələr, lənətlənəcəklərindən, fəlakətə düçar olacaqlarından qorxurdular. Axı bu, qeyri-adi quş idi.
Nəhayət, qərara gəldilər ki, hər kəs evindəki qızıl qab-qacaqlardan gətirsin və həmin qızılları əridib quş üçün geniş qəfəs düzəltsinlər. Belə ki, bu yerlərin insanları yeməyi ancaq qızıl qabda yeyərdilər. Tezliklə yetərincə qızıl toplansa da, hər kəs qızıllarını gətirməkdə israrla davam edirdi. Əsl yarış başlanmışdı. Hamı qəfəsdə öz payının olmasını istəyirdi. Elə ailələr vardı ki, onların üzvləri kimi qab-qacaqları da çox idi. Deməli, gətirilən qızılların həcmi də hamıda eyni deyildi. Əvvəllər belə şeylərə heç vaxt diqqət etməyən insanlar indi bir-birinin qızılını, varidatını ölçməyə başlamışdı. Həmişə özlərini bərabər, bir-birilərinə tən hesab edən adamlar arasında kimdənsə üstün olmaq sevdası baş qaldırmışdı. Toplanan bütün qızıllar buranın ustad zərgərinə həvalə olundu. O bu şəhərin yeganə zərgəri idi, hamı yeməyi onun düzəltdiyi qablarda yeyərdi. İndi isə ilk dəfə ona qəfəs düzəltmək kimi məsuliyyətli bir iş tapşırılmışdı. Bu işlə hava qaralana qədər məşğul olmalı idi. Qərara gəldilər ki, qəfəs hazır olanacan uğur gətirməsi məqsədilə bu qeyri-adi quşa hər kəs öz evini göstərsin. Elə həmin məqamda ilk mübahisə başlandı. Hamı birinci olmaq istəyirdi. Mübahisə böyüyürdü. Heç vaxt bir-biriylə dalaşmayan adamların gözləri indi heç nəyi görmürdü.
Bayquş bütün evləri dolaşandan sonra bir sakin təkəbbürünü cilovlaya bilməyib quşun gördüyü ilk evi yandırdı. Evi yanan adam kimin günahkar olduğunu bilmədiyi üçün şübhələndiyi bir neçə evi yandırdı. Həmin evi yananlar da şübhələndikləri başqa adamlardan heyif çıxdılar. Beləcə, bir neçə saat ərzində şəhər od-alova büründü. Axşamacan əvvəllər heç vaxt şahidi olmadıqları çox hadisələr baş verdi. Günün sonunda qızıl qəfəs hazır oldu. Təntənəli şəkildə quşu qəfəsə yerləşdirdilər. Əslində, bu quş onlara elə yad idi ki, ona necə qulluq etməyi bilmirdilər. Bu vaxtacan işinə görə heç kimdən təmənna güdməyən zərgər düzəltdiyi qəfəsə yiyələnmək istədi:
– Qəfəsi mən düzəltmişəm, quş bundan sonra mənim evimdə yaşayacaq. Kim istəsə, ziyarətinə gələ bilər.
Adamlar bu sözü cavabsız qoyardımı? Əsla! Qoca zərgəri o qədər döydülər ki, elə qəfəsin yanındaca canını tapşırdı. Sükut və səssizlik...
Bu, gün ərzində baş verən bütün hadisələrin üstünə su kimi səpildi. Hamı çaşmışdı. Onlar meyitlə də nə etmək lazım olduğunu bilmirdilər, çünki bu şəhərdə hələ ölən olmamışdı. Bütün gecəni ortada qalmış meyitə baxdılar. Sonra gərgin keçən günün təsirindən yorulub harda gəldi yatdılar. Səhər açılanda gördülər ki, qəfəs boşdur. Kiminsə qəfəsi qəsdən, ya təsadüfən açıq qoyması sirr kimi qaldı.
Şəhər əvvəlki güzəranına qayıtmışdı. Amma adamlar daha əvvəlki kimi bir-birilərinin gözünün içinə dik baxa bilmirdilər. Şəhəri bürüyən əlvan rənglər də solmuşdu.
Bayquş isə növbəti xoşbəxt şəhərə tərəf uçurdu.
https://adebiportal.kz/ru/news/view/giunel-imran-filin__24136 |
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...