Nigar Həsənzadənin “Seçilmiş şeirlər” kitabı nəşr olundu

Nigar Həsənzadənin “Seçilmiş şeirlər” kitabı nəşr olundu

Dövlət Tərcümə Mərkəzi tanınmış Azərbaycan şairi Nigar Həsənzadənin “Seçilmiş şeirlər” kitabını nəşr edib. Xalq şairi Ramiz Rövşənin “Oxunan və eşidilən şeirlər” adlı ön sözü ilə təqdim olunan şeirlərin Azərbaycan dilinə tərcümə müəllifi – tanınmış şair Salam Sarvandır, redaktoru – tanınmış şair – tərcüməçi Mahir N. Qarayevdir.

 

 

 

 

 

 

OXUNAN VƏ EŞİDİLƏN ŞEİRLƏR


Şeirləri bir çox dillərə tərcümə olunmuş rusca yazan Azərbaycan şairəsi Nigar Həsənzadənin öz ana dilimizdə çıxan bu ilk kitabını necə səbirsizliklə gözlədiyini mən yaxşı bilirəm. Doğrusu, bu şeirlərin dilimizdə necə səslənəcəyi məndən ötrü də maraqlıdı. 

Səs və söz. 

Böyük alman şairi Novalis poeziyanı təsviri sənətlə musiqi arasında “keçid mərhələsi” sayırdı. Bu baxımdan, Nigarın bir-birindən gözəl və gözlənilməz təşbehlərlə, bənzətmələrlə dolu olan misraları nə qədər rəngarəngdirsə, o qədər də həmahəngdir. Nigar şeiri yalnız yazmır, həm də deyir. Onun şeirləri yalnız oxunmur, həm də eşidilir. Nigarın öz fikrini bilmirəm, amma məncə, rus poeziyasında ona ən doğma olan şairlər Svetayeva və Axmadulinadır. 

Keçən əsrdə Nigarla adaş bir gözəl şairəmiz olsa da, bu gün poeziyamız istedadlı xanımlar sarıdan heç bir korluq çəkməsə də, hansı şairənin və ya şairin onunla doğma olduğunu deməkdə, yəqin ki, çətinlik çəkərəm. Amma bu kitabdakı şeirlərin tərcüməçisi Salam Sarvanın Nigardan çox fərqli bir şair olduğunu tərəddüdsüz deyə bilərəm.

 

Çiməcək, çiməcək öz şəfəqində

Bir gecə qəflətdən ayılmış ürək.

Bütün sirlərimi bölüşdüm daha,

Bütün açarları itirdim, demək.

 

Bu sətirləri yazan Nigardan fərqli olaraq, bu sətirləri dilimizə çevirən Salam öz şeirlərində poetik sirlərini daha çox sətir altında gizlətməyi, açarını axtarıb tapmağısa oxucunun ixtiyarına buraxmağı sevir. Amma birinin sözə səxavətinə, o birinin sözə xəsisliyinə baxmayaraq hər ikisi söz sehrbazı, söz ustasıdı. 

Çoxdan deyilmiş bir fikir var ki, şeir tərcüməsi həm də yarışdı. 

Mən əvvəldən müəllifə uduzacağımı hiss elədiyim şeirlərin tərcüməsinə heç vaxt girişmirəm. Hətta o şeirləri həddən artıq sevsəm də. Və sonradan o şeirləri başqa şairlərin tərcüməsində oxuyanda bir daha özümün haqlı olduğumu görürəm.

Amma bu kitabda Salamın Nigarla yarışmaq iddiası yoxdu. Onun məqsədi ifadə tərzinə görə o qədər də sadə olmayan bu metaforik şeirlərdəki hər bir poetik ifadəni, fikri, mənanı mümkün qədər dəqiqliklə Azərbaycan oxucusuna çatdırmaqdır. Hətta bəzən bu həmin şeirlərin tərcümədə ritminə, ahənginə, musiqisinə xələl gətirsə də. 

Amma bu xırda xətalara, cüzi itkilərə baxmayaraq, məncə, bu kitab hər iki şairin – həm müəllifin, həm də tərcüməçinin ədəbi taleyində xoş bir hadisədir. Və bu xoş hadisəyə görə onların hər ikisini təbrik etmək olar. 

 

                                                                                                                                                                                 Ramiz Rövşən

 

Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:

 

“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Baku Book Centre”

“Çıraq” kitab evi

Prezident Kitabxanası

Azərbaycan Dillər Universitetinin satış köşkü.

 

VƏ DİGƏR...

  • Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir” Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir”

    Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Viktoriya Romero sentyabrın 26-da Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub. Görüş zamanı Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması ilə bağlı Mərkəzin həyata keçirdiyi tərcümə və nəşr layihələri, ölkələrarası ədəbi əlaqə və mübadilələrin genişləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda Latın Amerikası ədəbiyyatına olan sevgi və marağın, Mərkəzin 90-cı illərdən başlayaraq bu istiqamətdə davamlı şəkildə həyata keçirdiyi tərcümə və nəşr layihələrinin, Qabriel Qarsia Markes, Xuan Rulfo, Karlos Fuentes, Pablo Neruda, Mario Varqas Lyosa kimi dünya çaplı şair və yazıçıların ədəbi irsinin Azərbaycan oxucusuna çatdırılmasının əhəmiyyəti vurğulanıb.

  • Sertifikatlar sahiblərinə təqdim olundu Sertifikatlar sahiblərinə təqdim olundu

    Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

  • Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində

    ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.