20 Yanvar şahidlərin yaddaşında
Azərbaycan xalqının yaddaşında silinməz izlər qoymuş qanlı 20 yanvar hadisələrindən 29 il ötür. Totalitar sovet rejiminin hərb maşınının dinc əhaliyə qarşı həyata keçirdiyi bu amansız təcavüz aktı bu gün bütün dünyada insanlığa qarşı törədilmiş ən ağır bəşəri cinayətlərdən biri kimi qəbul olunur.
Həmin gecə – 1990-cı il yanvarın 19-dan 20-nə keçən qanlı tarixi gecə sovet ordusunun xüsusi təyinatlı bölmələri və daxili qoşunları Bakıya yeridilmiş, dinc azərbaycanlılara qarşı görünməmiş qəddarlıq və vəhşiliklər törətmişdir.
Qoşunların Azərbaycana qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmışdır. Hərbçilər tərəfindən 200 mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində xeyli sayda dövlət və şəxsi əmlaklar məhv edilmişdir.
Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, təcili yardım və milis əməkdaşları olmuşdur.
Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli qətliam baş verən gün iş başında olan Azərbaycan həkimləri hadisələri belə xatırlayır:
Vüqar Yusifzadə – 1 saylı Xəstəxananın (keçmiş Semaşko adına xəstəxana) həkimi:
“20 yanvar gecəsi mən Salyan kazarması tərəfdə idim. Həmin hərbi məktəb tərəfdə dayanan tankların lyuklarında gənc əsgərlər vardı. Zabit bizə yaxınlaşdı və tanklara yol verməyimizi istədi. Biz məktəbin qarşısındakı asfaltın üzərində oturduq. O zaman əsgərlər biz tərəfə bir neçə tüstü şaşkası atdılar. Tüstü dağılanda gördük ki, bizdən 50 addımlıq məsafədə əsgərlər dayanıblar. Zabitin komandası eşidildi və avtomatlar hazır vəziyyətə gətirildi.
Əsgərlər "Ura", "İrəli" çığırtıları ilə içərisində qadınların da olduğu təxminən qırx nəfərlik dəstənin üzərinə şığıdılar. Təşviş içində qaçmağa başladıq. Arxamızca güllə səsləri eşidildi, bir neçə nəfər yaralandı. Mən kolluqların arasında gizlənə bildim və əsgərlərin yaralılara yaxınlaşıb onları avtomatın qundağı ilə necə vurduqlarını öz gözlərimlə gördüm. Beləcə yolu açdılar, sonra tanklar torpağa uzanmış insanların üstündən keçərək hərəkət etdi”.
Eldar Əliyev – Kliniki Eksperimental Cərrahiyyə İnstitutunun həkim-anestezioloqu:
“Atışma başlayan kimi, şəxsi maşını olan bir çox cərrahlarımız dərhal işə gəldilər. Yaralılar gecə saat birdən sonra xəstəxanaya gətirildi və ilk əməliyyat saat ikidə aparıldı. Bütün gecəni cərrahiyyə əməliyyatları apardıq. Səhərə yaxın öyrəndik ki, şəhərin digər mərkəzi xəstəxanalarında da vəziyyət eyni cür olub”.
Cahangir Hüseynov – Təcili Tibbi Yardım Xəstəxanasının o vaxtkı baş həkimi:
“Yanvarın 20-də xəstəxanamıza 176 yaralı gətirildi. Onların üzərində iki sutka ərzində bizim cərrahlar tərəfindən cərrahiyyə əməliyyatları aparıldı.
Elə təkcə bu fakt Sovet qoşunlarının Bakıya girməsi zamanı guya cəmi yüz nəfərin yaralanması barədə Moskvanın yaydığı rəsmi xəbərlərin yalan olduğunu göstərir.
Yaralılardan başqa, xəstəxanaya meyitlər də gətirilirdi. Yanvarın 20-də səhərə yaxın 30 meyit gətirdilər. Yaralılardan da hər gün ölən olurdu”.
Nüşabə Əsədzadə – həkim-terapevt:
“Meyitləri hamam otağına yığır, sonra morqa daşıyırdılar. Yaralıların sayı hər an artırdı. Bütün kabinetlərdə, hətta sarğı və qəbul otaqlarında da cərrahiyyə əməliyyatları aparılırdı. Çünki başqa yer yox idi. Yanvarın 20-də və sonrakı günlərdə də yaralı axını kəsilmədi”.
Ədalət Rüstəmov – Təcili Tibbi Yardım Xəstəxanasının cərrahı:
“Yanvarın 20-də gecə saat 12:30-da xəstəxanada işıqlar söndü. Biz əməliyyatları etmək üçün şam yandırmalı olduq, sonra kerosin lampası gətirdilər. Xoşbəxtlikdən, xəstəxananın generatoru vardı və tezliklə onu işə sala bildik”.
D.Hüseynov – cərrah:
“Mən 35 ildir cərrahiyyə əməliyyatları aparıram, işimlə əlaqədar çox dəhşətlər görmüşəm, amma belə yaralılarla həyatım boyu rastlaşmamışdım. Yanvarın 20-də daxil olan yaralıların nəinki daxili orqanları, hətta sümükləri də bircə güllə ilə dağılmışdı”.
Fuad Əliyev – patoloqoanatom:
“Yanvarın 20-də, günortaya yaxın bizim morqa 85 meyit gətirildi. Onların 75-i kürəyindən güllə yarası almışdı, ikisi küt alətlərlə verilən işgəncələrdən dünyasını dəyişmişdi, altısını BTR əzmişdi, ikisi isə kəsilmiş-deşilmiş yaralardan, yəni iti alətlərlə öldürülmüşdü. Ölənlərdən birinə yaxın məsafədən altı güllə vurulmuşdu. Aydın məsələdir ki, məqsəd bu dinc insanları tam məhv etmək olmuşdu”.
Fuad Abdullayev – Mirqasımov adına Xəstəxananın həkimi:
“Mən həmin gecə növbətçi idim. Gördüm ki, hərbçilər bizim tibb bacılarını və həkimləri yaralılara və ölülərə yaxın getməyə qoymur.
Xəstəxanamızın binasına yaxın olan o vaxtkı XI Qızıl Ordu abidəsinin yaxınlığında yaralı və ölü sayı çox idi, əhaliyə daha çox burada atəş açmışdılar”.
Cahangir Atakişiyev – həmin xəstəxananın həkim-uroloqu:
“Biz Fuadla cərrahiyyə şöbəsində növbə çəkirdik. Atışma başlayanda mən xəstəxananın damına qalxdım. Oradan XI Qızıl Ordu abidəsinin qarşısında dairə vurub atəş açaraq və insanları əzərək şəhərin müxtəlif yerlərinə istiqamət alan tanklar yaxşı görünürdü. Həmin abidənin qarşısında xeyli adam həlak oldu. Toplaşanlar tərəfindən tanklara bircə güllə də atılmadı. Qurbanların sayı çox idi, çünki abidənin qarşısındakı meydan böyük idi və tanklardan qaçıb gizlənməyə imkan yox idi. Tanklar uzaqlaşan kimi yaralıları xilas etməyə atıldıq. Gecə saat birin yarısından başlayaraq xəstəxanamıza yaralılar daxil olmağa başladı. Odlu silahla yaralananlardan başqa, qazla zəhərlənmə əlamətləri olan xəstələr də vardı ki, onlarda qusma, gözlərin sulanması, qanlı öskürək, boğulma halları müşahidə olunurdu. Skalpellə bir yaralının qarın nahiyəsini kəsən kimi, bütün əməliyyat otağı zəhərli qaz qoxusu ilə doldu. Məcburən əməliyyatı dayandırıb otağın havasını dəyişməli olduq. Səhərə qədər işlədik, yaralı axını yalnız səhər saat altıya yaxın səngidi.
Tibb bacılarımızdan biri yaralıları xəstəxanaya gətirən zaman odlu silahdan açılan gülləyə tuş gəlmişdi. O vaxt bizim şöbəyə 38 yaralı daxil oldu ki, onlardan da altısı əməliyyat başlanana qədər keçindi, ikisi əməliyyat zamanı öldü. Travmatologiya şöbəsinə isə həmin gecə 40 yaralı gətirmişdilər. Hamısı gənc idi, ən böyüyünün 30 yaşı vardı.
M.Qasımov – Respublika Xəstəxanasının o vaxtkı baş həkimi:
“Yanvarın 21-də xəstəxanada sarğılar, antibiotiklər, ağrıkəsicilər qurtardı. Bircə qan problemi yox idi, yanvarın 20-də səhər saatlarından başlayaraq insanlar dəstə-dəstə qanköçürmə stansiyasına axışırdılar. Bizim xəstəxanaya da qan verməyə gələnlər vardı – tibb bacıları və həkimlərimiz də çoxlu qan verdilər. Ağsu, Beyləqan, Şamaxı və respublikanın digər yerlərindən olan həmkarlarımız bizi dərman və əməliyyatlar üçün lazım olan digər tibbi ləvazimatlarla təmin etdilər. Moskvadan və SSRİ-nin digər şəhərlərindən heç bir yardım olmadı. Yanvarın 25-də reanimasiya şöbəsində o qədər yaralıdan cəmi 3 nəfər qalmış, qalanları palatalara köçürülmüşdü. Belə ki, bütün səylər ona yönəldilmişdi ki, sovet qoşunlarının ehtimal edilən yeni hücumlarına hazır olaq.
Həkimlər hesab edirdilər ki, bu ehtimal çox yüksəkdir. Yanvarın 20-də günorta üç minədək adam qan vermək üçün bizim laboratoriyaya müraciət etdi. Biz 145 nəfərdən qan götürüb, qalanlarını respublika qanköçürmə stansiyasına göndərdik”.
Soltan Əliyev – həmin xəstəxananın o vaxtkı baş həkim müavini:
“Yanvarın 20-də bölmələr üzrə növbətçilərdən başqa, həkim və tibb bacılarından ibarət 31 briqada yaratdıq: onlar bir-birini əvəz edərək gecə-gündüz xəstəxanada növbə çəkməli idilər. Bakının bütün iri xəstəxanaları bu cür iş qrafikinə keçmişdi. Biz dərman, ağrıkəsici, cərrahi əməliyyat materialları ehtiyatını artıraraq gözlənilən növbəti yaralı axınına hazır olduq. Xoşbəxtlikdən bu, baş vermədi. Amma onu da qeyd edim ki, yeni kütləvi yaralı axınının qəbuluna hazırlıq prosesi olmasaydı, bizim bir çox həkim və tibb bacılarının gördükləri dəhşətlərdən keçirdikləri stress daha da artacaqdı”.
P.S. Bu şahid ifadələrinə yalnız onu əlavə etmək olar ki, bəli, yanvarın 20-də tibb işçilərinin gözləri qarşısında baş verən hadisənin mənzərəsi o qədər dəhşətliydi ki, onları keçirdikləri psixoloji sarsıntının fəsadlarından yalnız gözlənilən növbəti yaralı axınına yüksək hazırlıq tədbirləri görmək xilas edə bilərdi.
Şirin Manafov
VƏ DİGƏR...
-
“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu – akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış...
-
Kamal Abdulla yaradıcılığı Türkiyə portallarında
Türkiyənin populyar “Detay haberler” və “Haber 232” portalı dünya ədəbiyyatından aparıcı nümunələrin işıqlandırıldığı ədəbiyyat səhifələrində Azərbaycanın Xalq yazıçısı Kamal Abdullanın...
-
Rusiya Tərcümə İnstitutu Azərbaycan kitablarını təqdim etdi
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə əməkdaşlığı ilə Rusiyada nəşr olunmuş...