Dövlət Tərcümə Mərkəzinin əməkdaşları mükafatlandırıldı
Dövlət Tərcümə Mərkəzinin 2021-ci ildə fəaliyyəti ilə fərqlənən bir qrup əməkdaşı mükafatlandırılıb.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunmuş tədbiri giriş sözü ilə açan İdarə Heyətinin sədri Afaq Məsud 2020-2021-ci illərdə qazanılan tarixi Qələbədən, böyük Zəfərdən sonra ölkədə yaranmış milli ruh yüksəlişindən, azad edilmiş bölgələrdə aparılan sürətli abadlıq və quruculuq işlərindən danışaraq, ötən ildə Mərkəzin də özfəaliyyət istiqamətləri üzrə əldə etdiyi uğurlardan – “Nizami İli”nə töhfə olaraq dahi şairin Ukrayna, Gürcüstan, Almaniya və İspaniyada işıq üzü görmüş “Leyli və Məcnun”, “Yeddi gözəl” əsərlərinin beynəlxalq ədəbiyyat müstəvisində böyük maraqla qarşılanmasından, ötən ildən nəşrinə başlanılmış “Dünya Ədəbiyyatı İnciləri” seriyasından işıq üzü görmüş Frans Kafka, Qabriel Qarsia Markes, Haynrix Böll kimi dünya şöhrətli yazıçıların əsərləri, məktub və gündəlikləri toplanmış ikicildliklərdən söz açıb.
Daha sonra Mərkəzin 2021-ci il fəaliyyəti ilə fərqlənən əməkdaşları mükafatlandırılıb. Mükafatlandırılanlar sırasında – “Xosrov və Şirin” poemasının orijinaldan filoloji tərcüməsinə görə Mərkəzin Elm, təhsil və mədəniyyət idarəsinin rəisi, yazıçı-tərcüməçi Etimad Başkeçidə, fars dili üzrə mütəxəssis Əli Şükrüyə, Nizami Gəncəvinin əsərlərinin beynəlxalq müstəvidə geniş təbliğinə görə Beynəlxalq əlaqələr üzrə müşavir Püstə Axundovaya və ispan dili üzrə mütəxəssis Aysel Əliyevaya, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı üzərində işinə görə Elmi ədəbiyyat və lüğət şöbəsinin müdiri Lətafət Səmədovaya, Nəşriyyat və poliqrafiya idarəsinin rəisi Aqil Əmrahova, İstehsalat şöbəsinin kompüter nizamlayıcısı Şahzadə İbrahimovaya, aparıcı operatorlar – Rəna Mustafayeva, Vəfa Əliyeva və Sücayət İsmayılovaya, tərcümə işinin təşkilinə görə Tərcümə və linqvistik ekspertiza idarəsinin rəisi Fərrux Rzayevə və ingilis dili üzrə mütəxəssis Nəzakət Ağayevaya, Vətən müharibəsi, Azərbaycan həqiqətləri, Azərbaycanın tarixi əraziləri mövzusunda hazırladığı videoçarxlara görə operator-fotoqraf Emil Əliyevə Mərkəzin hədiyyələri təqdim edilib.
VƏ DİGƏR...
-
“Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu
“Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:
-
“Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu
Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.
-
Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı
Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycan dilinə tərcüməsi və nəşri ərsəyə gətirilmiş “Balaca qəhrəman” (F.Dostoyevski) və “Çevenqur” (A.Platonov) kitablarının təqdimat mərasimi keçirilib...